Görkəmli cərrah
Professor İbrahim
Topçubaşovun 95 illiyinə
İbrahim Mustafa oğlu Topçubaşov
1924-cü il noyabrın 5-də Bakı
şəhərində anadan
olmuşdur. O, orta məktəbi bitirdikdən
sonra N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil
olub, 1946-cı ildə
oranı fərqlənmə
diplomu ilə bitirmişdir.
1950-ci ildə klinik
ordinaturanı bitirərək,
1950-1953-cü illərdə Quba rayon xəstəxanasında
cərrahiyyə şöbəsinin
müdiri vəzifəsində
çalışmışdır. Qəlbi doğma
xalqına xidmət etmək arzusu ilə döyünən İ.M.Topçubaşov bu
müddətdə həkimlik
vəzifəsini şərəflə
yerinə yetirməkdən
əlavə, rayonun ictimai həyatında da fəal iştirak
etmişdir.
Hələ tələbəlik illərindən
elmi işə böyük maraq göstərən professor İ.M.Topçubaşov
1951-ci ildə "Analgezin
keyitməsi zamanı xəstələrin sinir-psixi
duyğuları" mövzusunda
namizədlik dissertasiyası
müdafiə etmişdir. 1953-1958-ci illərdə isə Maştağa qəsəbə
xəstəxanasının cərrahiyyə şöbəsində
müdir vəzifəsində
işləmişdir.
İ.M.Topçubaşov 1958-ci ildə N.Nərimanov adına
Azərbaycan Dövlət
Tibb İnstitutunun fakültə cərrahlığı
kafedrasına dosent seçilmiş və 1963-cü
ilədək bu vəzifədə çalışmışdır.
O, 1961-ci ildə "Mədəaltı
vəzi və fater məməciyinin xərçəngi" mövzusunda
doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə etmiş,
1963-cü ildə fakültə
cərrahlığı kafedrasının
professoru seçilmişdir.
Prof. İ.M.Topçubaşov geniş dünyagörüşünə,
müstəsna istedada
və dərin zəkaya malik idi. O, gərgin əməyi
və böyük işgüzarlığı ilə
hamını valeh edirdi. Məhz bunun nəticələridir
ki, İ.M.Topçubaşov
cərrahlığın müxtəlif
sahələrində (abdominal və torakal cərrahlıqda, neyrocərrahlıqda,
urologiyada) eyni qüvvə ilə müvəffəqiyyətlə işləyirdi.
Görkəmli cərrah İ.Topçubaşov
eyni zamanda, Respublikanın həvəskar
bəstəkarlarından biri
idi. Onun bəstələdiyi
"Süfrə", "İntizar", "Anacan",
"Görüş", "Hamıdan göyçək",
"Mən həmişə
səninləyəm", "Qubalı qız",
"Söz olmasaydı",
"Ərəb qızına",
"Karvan", "Xəzərim"
və s. mahnıları
bu gün də müğənnilərimizin
repertuarını bəzəyir,
radio və televiziya ilə tez-tez transliyasiya etdirilir.
Musiqinin cərrahiyyədə tətbiqi
İbrahim Topçubaşovu
daim düşündürən
problem idi. Təbabət tarixində I dünya
müharibəsinə qədər
ilk dəfə Bexterev
musiqinin müxtəlif
xəstəliklərə təsiri
məsələlərini öyrənmişdir.
Musiqinin
cərrahiyyə otağında
(1914-cü il Keyn, Kirşner (1931) Çikaqo Universitet klinikasında (1948-1954-cü illər)
tətbiq olunması İbrahim Topçubaşovda
musiqinin cərrahiyyədə
tətbiqi ideyasını
yaradır.
Əməliyyata qədərki dövrdə
qorxu və həyacan hissini, yuxusuzluğu, ümumi narahatlığı musiqi
vasitəsilə aradan
götürməklə, əməliyyatdan
sonrakı dövrün
qənaətbəxş keçməsinə
nail olunur.
Əməliyyat otağına musiqini transliyasiya edərkən, xəstənin musiqi zövqünün nəzərə
alınması, musiqini
eşitmə diapazonu,
elektroensefaloqrafiya, elektrokardioqrafiya,
hemodinamiki göstəricilər,
tənəffüs tezliyi
və s. öyrənilmişdir.
1965-ci ilin may ayında cərrahların Moskvada keçirilən ümumittifaq
qurultayında İbrahim
Topçubaşov "Təbabət
və musiqi" mövzusunda çıxış
etmişdir. Onun mahnıları Azərbaycanda,
hətta bir sıra xarici ölkələrdə müəllifinə
şöhrət qazandırmışdır.
İ.Topçubaşov 1968-ci ildə Türkiyədə
olarkən onun "Dağlarda duman gözəldi" mahnısı
Nesrin Sipahı tərəfindən ifa olunur və müğənni həmin
mahnını İranda
yazılmış bir
valdan götürdüyünü
qeyd etmişdir.
İbrahim Topçubaşova görə təbabətlə musiqi arasında getdikcə yaxınlıq daha da artır. Müsbət musiqi emosiyası qorxaqlığı, kədəri, kinliliyi dəf edir, insana həyat eşqi, yaşamaq həvəsi verir. İbrahim Topçubaşovun musiqi əsərləri Tehranda, İstanbulda, Qahirədə və s. şəhərlərdə lentə, vala köçürülərək əbədiləşdirilmişdir.
İbrahim Topçubaşov 140 elmi əsərin, dörd monoqrafiyanın, 4 səmərələşdirici təklifin və ixtiranın, 16000-ə qədər kiçik və böyük həcmli cərrahi əməliyyatın müəllifi olmuşdur.
Moskva və Leninqrad, Bratislava, Praqa, Tokio, Roma, Budapeşt və Buxarestdə, Avstriyada, İstanbul və Ankarada, Bolqarıstanda və digər ölkələrdə Azərbaycan və keçmiş Sovet cərrahlığını dəfələrlə ləyaqətlə təmsil etmişdir. Onun 1968-ci ildə Türkiyə Səhiyyə Nazirliyinin, Ankara Tibb Universitetinin və Türkiyə onkoloji cəmiyyətinin dəvəti ilə səfəri xüsusilə yadda qalan olmuşdur.
İ.Topçubaşov Ankara, İstanbul, İzmir Universitetlərində bir ay ərzində 10 mühazirə oxumalı idi; lakin sovet səfirliyindən onun səfər müddətinin 15 gün uzadılması xahiş olunmuşdur. Türkiyə onkoloji cəmiyyətinin "Kanser habarları" jurnalının 1968-ci il noyabr nömrəsi bütünlüklə onun Türkiyədə olduğu 45 günlük fəaliyyətinə həsr olunmuşdur. Türkiyədə oxuduğu 24 mühazirənin qonorarını həmin universitetlərin cərrahiyyə klinikalarının hesabına köçürmüşdü.
Məcid bəy Doğru, Mühiddin Ülkər, İzzət Kantemir ilə 1966-cı il Tokioda keçirilən XII Ümumdünya onkoloqlar konqresində əsası qoyulan dostluq əlaqələrini bir daha möhkəmlətdi, İhsan Doğramaçı ilə dostluq əlaqələri yaratdı.
İtaliya vətəndaşlarına təmənnasız tibbi yardım göstərdiyinə görə İtaliya höküməti İ.Topçubaşovu ölkənin ən yüksək mükafatlarından biri sayılan "Haribaldi qızıl medalı" ilə təltif etmişdir.
İtaliya cərrahiyyə cəmiyyətində "Qoca adamlarda cərrahi əməliyyat zamanı risk", Florensiya Universitetində "Öd daşı xəstəliyi və şəkərli diabet", Sofiya Universitetində "Xərçəngin əmələ gəlməsində radioaktiv şüaların rolu" mövzularında mühazirələr oxumuşdur.
Professor İbrahim Topçubaşov Azərbaycan cərrahlar cəmiyyəti idarə heyətinin üzvü, Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının Rəyasət heyətinin üzvü, cərrahlıq üzrə problem komissiyasının sədri, "Eksperimental cərrahiyyə və anesteziologiya" jurnalının redaksiya Şurasının üzvü, heronto-cərrahiyyə laboratoriyasının rəhbəri idi. O, Piraqov adına Leninqrad, Vişnevski adına Moskva cərrahiyyə cəmiyyətinin üzvü, Rumıniya və Bolqarıstan cərrahiyyə cəmiyyətinin, Yan-Purkinye adına Çexoslovakiya Tibb cəmiyyətinin, Türkiyə onkoloji cəmiyyətinin fəxri üzvü idi.
Görkəmli cərrah İbrahim Topçubaşov məhsuldar yaradıcılığının coşqun vaxtında - 23 fevral 1970-ci ildə vəfat etmişdir. O, 45 il 3 ay 29 gün mənalı bir ömür yaşadı.
İbrahim Topçubaşovun parlaq, unudulmaz xatirəsi onu tanıyanların, Tibb İctimaiyyətinin, tələbələrinin xatirəsində əbədi yaşayacaq.
Fariz CAMALOV
Professor, ATU-nun III cərrahi xəstəliklər kafedrasının müdiri
Şəfa ƏLİYEV
ATU-nun III cərrahi xəstəliklər
kafedrasının dosenti, akademik
M.A.Topçubaşovun xatirə muzeyinin rəhbəri
525-ci qəzet.- 2019.- 1 noyabr.- S.11.