Praktik dilin tərcümanı: professor Musa Adilov

 

Bakı Dövlət Universiteti-100

  

Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsinə çox bağlı adamlardan biriyəm. Bəlkə ona görə ki, mən bu Universitetdə oxuduğum illərdə bitirdiyim jurnalistika ixtisası filologiya fakültəsinin nəzdində bir şöbə idi və sonralar bu şöbə filologiyadan ayrılıb özü bir fakültə olanda, doğrusu, buna mən o qədər də sevinməmişdim. Çünki o zamandan hiss etmişdm ki, jurnalistika və filologiya bir-birinə çox bağlıdır və onların bir-birindən ayrılması jurnalistika ixtisasının xeyrinə ola bilməz. Və bir də o vardı ki, filologiya fakültəsinin Şamil Qurbanov, Abdulla Abbasov, Ağamusa Axundov, Tofiq Hacıyev və bir çox digər professorları öz yaradıcılıqları ilə mətbuata çox bağlı adamlar idilər və onların əhatəsində olmağın özü bir şərəf işi idi. Filologiyanın jurnalistika ilə bağlı istedad sahiblərindən biri də professor Musa Adilov idi. Musa müəllim mətbuat dilinin elmi əsasları ətrafında tədqiqatlar aparan, hətta "Qəzet dili" kimi o dövrün fundamental kitabını ortaya qoyan bir tədqiqatçı idi.

Məni Musa Adilovla bağlayan bir hadisə oldu. Mən hələ Jurnalistika şöbəsinin IV kursunda təhsil alarkən mətbuatda dil məsələlərinə az-çox maraq göstərirdim və qəzetlərdə yol verilən dil xətaları məni narahat edirdi. Dördüncü kursun dekabr ayında - 1967-ci ildə belə bir faktla bağlı narahatlığımı bildirmək qərarına gəldim. O zaman Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində Azərbaycan humanitar elmi düşüncəsində çox qəbul edilən elmlər doktoru, professor Cəfər Cəfərov ideoloji katib vəzifəsində çalışırdı. Mən onun həm bu sahədə elmi biliyinə, həm də vəzifəsinin humanitar sahələri də əhatə etdiyinə görə mətbuatda özünü göstərən dil, üslub xətaları ilə bağlı bir tələbə məktubunu ona ünvanladım. O zamanın elmi işə təcrübəsiz bir tələbənin şagird dəftəri vərəqlərində yazdığı bu məktubda qeyd edilən bir sıra təhrif faktlarını və guya bu faktların aradan qaldırılmasına kömək edə biləcək bir neçə təklifi qeyd etmişdim.

Məktubu yola salmağımdan üç gün sonra o zaman Mərkəzi Komitədə Mətbuat şöbəsinə rəhbərlik edən istedadlı jurnalist, sonralar öz məsləhətləri ilə mənə çox xeyirxahlıq etmiş Rəşid Mahmudov fakültə rəhbərliyinə zəng edib məni yanına çağırtdırdı. Düzü, bir az narahatlıq keçirtdim: bəlkə məktub kiminsə xoşuna gəlməyib, bəlkə hansısa qəzetin dil xətalarını göstərdiyimə görə məndən narazı qalıblar... Bu fikirlərlə o zaman fakültəmizə yaxın olan Mərkəzi Komitəyə gəldim. Rəşid Mahmudov o məktubun müəllifi olduğumu bilən kimi xoş bir sifətlə hal-əhval tutdu, tələbə həyatımla maraqlandı və bir az söhbətdən sonra məni məktubu ünvanladığım Cəfər Cəfərovun yanına apardı. Cəfər müəllim deyilənə görə çox savadlı, mükəmməl bilikli, amma sərt, sözü birbaşa deyən məmur idi. Bizi qəbul etdi, o da mənim tələbə həyatımla, yerimlə, yurdumla maraqlandı və nəhayət, ona ünvanladığım şagird dəftərindəki məktubu siyirmədən çıxarıb masanın üstünə qoydu: - Məktubun çox xoşuma gəldi - dedi və əlavə etdi - söhbətimizdən hiss etdim ki, savadın yerindədi, dilimizin vəziyyəti səni maraqlandırır. Bu, çox yaxşı keyfiyyətdir, indi gedirsən dərsə, səni yenidən yanıma çağıracam...

Cəmi iki gün keçdi və Rəşid Mahmudov məni təkrar Mərkəzi Komitəyə dəvət etdi. Bu dəfə Cəfər Cəfərovun geniş otağında daha dörd nəfər yaşlı-cavan adam oturmuşdu. Onlardan biri - universitetin filologiya fakültəsinin dekanı, professor Əlövsət Abdullayevi yaxşı tanıyırdım - mənə çox doğma bir insan idi. Digərlərini Cəfər Cəfərov təqdim etdi: Məmmədağa Şirəliyev - akademik, Azərbaycan SSR Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitunun direktoru, Musa Adilov - filologiya fakültəsinin professoru, Ağababa Rzayev "Kommunist" qəzetinin redaktoru, Cəmil Əlibəyov "Azərbaycan gəncləri" qəzetinin redaktoru. Cəfər Cəfərov mənim məktubumu oxudu və kiçik müzakirədən sonra gülümsəyərək:

- Nə deyirsiniz? - soruşdu və dərhal akademik M.Şirəliyevə müraciət etdi - Məmmədağa müəllim, sizin fikriniz?

Adını elə indicə Cəfər müəllimin təqdimatından eşitdiyim Məmmədağa müəllim xoş bir təbəssümlə mənə baxdı və dedi:

- Məktubdakı faktların hamısı doğrudur, həqiqətən də, Cəfər müəllim, dilimizin korlanması ilə bağlı mətbuatda çox fakt var. Biz də akademiyada bu məsələləri ümumiləşdirmək istəyirik...

MK katibi Əlövsət müəllimin, Musa müəllimin məktub haqqında fikirlərini dinləyib bu kiçik müzakirəni yekunlaşdırdı:

- İndi xahiş edirəm, bu tələbənin təklifləri ilə bağlı mətbuatda çıxış edin və Azərbaycan dilinin qorunmasına çalışın.

Sonra elə onların yanındaca Rəşid müəllimə tapşırıq verdi:

- Universitetin rektoruna zəng edin və bu tələbəni universitetdə saxlamasını mənim adımdan xahiş edin...

Mən professor Musa Adilovu ilk dəfə həmin o qəbulda gördüm və o gündən mənə çox doğma bir adam təsiri bağışladı. Hər dəfə rastlaşanda gülümsəyə-gülümsəyə soruşurdu:

- Necəsən, səni imtahanlarda incidib eləmirlər ki?

Sonra mən universiteti bitirdim və mənim taleyimlə onsuz da lap hələ birinci kursdan maraqlanan Əlövsət Abdullayevin təklifi ilə onun kafedrasında dissertant oldum. "Azərbaycan ədəbi dilinin mətbuat üslubu" mövzusunun təsdiqi zamanı Əlövsət müəllim üzünü Musa Adilova tutdu:

- Tanıyırsan də Cahangiri - dedi - xahiş edirəm, ona elmi rəhbər olasan...

Musa müəllimlə elə o gündən rəhbər - dissertant münasibəti şəraitində elmi-tədqiqat işinə başladım. O zamandan Musa müəllimi daha yaxından tanıdım. Öyrəndim ki, o, əslən qubalıdır. 1930-cu ildə Qubanın Aydınkənd kəndində doğulub. Orta təhsilini elə bu kənddə alıb. Dil və ədəbiyyata sevgisi də elə bu məktəbdən başlayıb. 1953-cü ildə Azərbaycan Dövlət Univeristetinin filologiya faküıtəsini bitirib. 1957-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb, 1967-ci ildən Universitetdə filologiya fakültəsinə - bitirdiyi fakültəyə işə qəbul olunub. 1969-cu ildə elmlər doktoru elmi dərəcəsi alıb, 1970-ci ildə professor vəzifəsini tutub. 1991-1996-cı illərdə filologiya fakültəsinin Ümumi dilçilik kafedrasına rəhbərlik edib. Musa Adilov istər qrammatikanın sırf elmi istiqamətlərində olsun, istərsə də, mətbuatın dili olsun - tədqiqata cəlb etdiyi bu sahələrin hər birində praktik göstərcilərə üstünlük vermiş, beləliklə, XX əsrin iknici yarısı Azərbaycan dilinin işlək istiqamətlərinin epoxal vəziyyətini təhlil etmişdir. Onun tədqiqatları qeyd etdiyimiz dövrün milli dil ətrafındakı fundamental problemlərini öyrənəcək olan gələcək dil tarixçiləri üçün etibarlı bir elmi mənbədir. Özünün "Klassik ədəbiyyatımızda dil və üslub", "Məhəmməd Füzulinin üslubu və poetik dili" kimi əsərlərində ədəbi-bədii dilimizin müəyyən tarixi zaman kontekstindəki problemlərini öyrənən alimin gələcək dil tarixçiləri üçün yaratdığı əsərlərin findamentallığı da heç bir şübhə doğurmur.

Professor Musa Adilov tələbələrinə, dissertantlarına, aspirantlarına ata qayğısı, ata nəvazişi göstərən bir alim-insan idi. Mən bunu ən azı öz həyatımda, elmi rəhbərimin mənə münasibətində görmüşəm. Bu gün vaxtilə tələbəsi olmuş hansı alimi dindirirsən Musa Adilovun elmi-pedaqoji bacarığından və tələbələrinə məhəbbətindən sevgi ilə danışır. İstedadlı dilçi alim və pedaqoq, uzun müddət filologiya fakültəsinin dekanı olmuş, indi filfakın nəzdindəki Müdafiə Şurasının sədr müavini, professor Elbrus Əzizov da vaxtilə uzun müddət onunla bir yerdə işləyib. Elbrus müəllim həm yaş etibarı ilə, həm də fəaliyyət xətti üzrə mənim də müasirimdir və onun Musa müəllimə olan hörməti bizi daha çox birləşdirir.

Filologiya fakültəsi, yuxarıda da dediyim kimi, həm elmi-praktik istiqaməti, həm də müəllim kollektivi ilə mənə çox doğma bir məkandır. Elbrus müəllimlə onun çalışdığı Türkologiya kafedrasında oturmuşuq və söhbət Musa müəllimdən düşür. E.Əzizov bu insan haqqında o qədər sevgi ilə danışır ki, mən telefonumu qurub onun fikrini elektron yazıya köçürürəm. Elbrus müəllim səlis nitqi ilə belə deyir:            

"Professor Musa Adilov Azərbaycan filologiyasında əvəzolunmaz yeri olan görkəmli dilçi alimdir. Adətən hər bir alim, hər bir müəllim özünə xas olan fərdi keyfiyyətləri ilə seçilir. Bir alim kimi, bir müəllim kimi  Musa Adilov nəzəri hazırlığı, zəhmətsevərliyi və incə filoloji təhlil qabiliyyəti ilə fərqlənirdi. Musa müəllim dilçiliyin dil nəzəriyyəsi, müasir dil və üslubiyyat sahələrində ardıcıl olaraq fəaliyyət göstərmiş və dəyərli əsərləri ilə Azərbaycan dilçiliyini zənginləşdirmişdir. O, həmişə az öyrənilmiş və ya heç öyrənilməmiş, bəzən isə adi görünən mövzularda yazmış, lakin əsas olan budur ki, filologiya üçün önəmli elmi nəticələr əldə etmiş, necə deyərlər, adi ilə qeyri-adini, yəni elmi həqiqəti görməyi bacarmışdır. Görkəmli alimin "Azərbaycan dilində sintaktik təkrarlar", "Azərbaycan dilində təqlidi sözlər", "Azərbaycan dilinin semasiologiyası" (Z.Verdiyeva və F.Ağayeva ilə birlikdə) "Niyə belə deyirik", "Qanadlı sözlər" və s. kitabları, bir sıra elmi məqalələri Azərbaycan dilçiliyinin diqqətəlayiq əsərlərindən sayılır. Yadımdadır ki, ötən əsrin 70-80-ci illərində onun "Niyə belə deyirik", "Qanadlı sözlər" kitabları həm elmi ictimaiyyətin, həm də kütləvi oxucuların böyük marağına səbəb olmuşdu.

Musa müəllim güclü bədii dil duyumu olan alim idi. Onun elmi fəaliyyətində bədii dil məsələlərinin tədqiqi geniş yer tutur. Musa Adilov sənətkar və dil problemi ilə müntəzəm məşğul olmuş, görkəmli sənətkarların əsərlərinin dil və üslub xüsusiyyətlərinin elmi təhlilini vermişdir.

Bir sözlə, professor Musa Adilovun zəngin və çoxşaxəli yaradıcılığı Azərbaycan dilçiliyinin parlaq səhifələrindən biridir". Mən professor Elbrus Əzizova Musa Adilov haqqında dediyi bu dəqiq sözlərə görə çox minnətdaram.

Musa Adilovun ruhuna eyni minnətdarlığı mən mərhum Tofiq Hacıyev, Abdulla Abbasov, Təhsin Mütəllimov kimi professorlardan da çox eşitmişəm. Özümə gəldikdə isə etiraf edim ki, mənim dissertasiyamı surətlə - cəmi üç ildən də az bir vaxtda müdafiə etməyimin əsas səbəbkarı elmi rəhbərim olub. Mən tədqiqat işimlə bağlı hər hansı bir məqaləni gecikdirəndə onun xoş sifəti sərtləşərdi. Məni elə danlayırdı ki, məqaləni 3-4 günə bitirib ona rəyə verirdim. Universitet həyatında təmənnalı, dissertanta, aspiranta etinasız, "nə vecimənin kubu" prinsipi ilə yanaşan elmi rəhbərləri də çox görmüşük. Amma professor Musa Adilov şəxsən mənim dissertasiyamı cəmi altı günə oxuyub qaytardı və kafedraya müzakirəyə təqdim etdi. Əlbəttə, bir az tez, bir az gec mən müdafiə edəcəkdim. Amma Musa müəllim məni tələsdirməklə həm də elmi dərəcədən irəli gələn maaş artımını da mütləq nəzərə alırdı.

Musa müəllimlə biz dost idik. Bizi o dövrün mətbuatı da birləşdirirdi. Onun mətbuat dili haqqında silsilə məqalələri o dövrün ən mötəbər qəzetlərində - "Kommunist", "Bakı" kimi ciddi mətbuat orqanlarında dərc edilirdi.

Qeyd edim ki, klassik mətbuatımızın H.Zərdabi, M.F.Axundov, Ö.F.Nemanzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Firidun bəy Köçərli kimi korifeyləri ana dili, mətbuat dili haqqında maraqlı yazılarla vətəndaşlıq işi görmüş, bu sahədə klassik ənənə yaratmışlar. Lakin dilimizin mətbuat üslubunun fundamental şəkildə tədqiqi professor Musa Adilovun yaradıcıllığı ilə başlamışdır. Musa Adilov bizə öyrədirdi ki, ana dilinin əsas inkişafı milli mətbuatın yaranması ilə başlayır və dilin taleyi mətbuatla bağlıdır. Hətta bədii ədəbiyyatın dilə gətirdiyi yeni sözlər də öz kütləviliyinə, xalq tərəfindən qəbul olunmasına görə mətbuata borcludur. Və deyirdi ki, indi qəzetlərin, jurnalların çoxalması, bu sahəyə səriştəsiz adamların gəlməsi dilimizin inkişafını təhlükə altına ala bilər və dilin korlanması faktına çevrilə bilər. Musa Adilov - bu fikirlərin müəllifi artıq 25 ilə yaxındır ki, həyatda yoxdur. Lakin mən bəzən o böyük dilçi alimin hələ 50 il bundan əvvəl dediyi bu fikirlərin nə qədər haqlı və bu gün üçün də aktual olduğunu anlayıram. Bu günün tələmtələsik informasiya portalları, internet dünyası Azərbaycan dilini eybəcər hala salmaq cəhdinə düşən vasitələr kimi cəmiyyəti narahat etməkdədir. Ancaq çox təəssüf ki, dilimizin korlanması sahəsində at oynadan qeyri peşəkar, savadsız "jurnalistlərin" qarşısına çıxan Musa Adilovlar yox dərəcəsindədir.

Musa müəllim praktik dilçi idi. Onun əsərləri rəflərdə yatıb qalmırdı. Dilimizin bir çox istiqamətləri onun tədqiqatlarını əks etdirən populyar kitablarında öz əksini tapırdı. Alimin "Niyə belə deyirik?" adlı elmi-populyar kitabı indi də çoxlarının stolüstü kitabıdır. Musa Adilovun bu kitabı onun öz xalqına nə qədər bağlı olduğunun göstəricisidir. Bu kitabda böyük alim xalq deyimlərini, xalqdan, milli kökdən gələn dil faktlarını izah etmiş, bu tip sözlərin etimilogiyasını adi kəndlinin belə anlayacağı bir dildə bizə təqdim etmişdir. Bu bir folklor dilidir, bu bir xalqın deyimlərinin populyar etimologiyasıdır.

Musa Adilov çox nümunəvi bir ailə başçısı olub. O, öz övladlarını daha çox dəqiq elmlərə yönəldib. Varlığı ilə fəxr elədiyi qızı Gülnarəyə fizika ixtisası almağı tövsiyə etmiş və fizik qızının Kəmaləddin Qocayev kimi isdedadlı bir fizik oğlanla ailə qurmasına xeyir-dua vermişdir. Bu gün bu iki fizikin Turan adlı nəvəsi Almaniyanın güclü universitetlərindən birinin tələbəsi adını qazanıb. Bu cavan nəvə elə orta məktəbin son sinfindən informasiya texnologiyasını elmi-praktik cəhətdən yüksək səviyyədə mənimsəmiş bir gəncdir.

Musa Adilov və ailəsi. Mən bu insanı ailəsinə bağlı bir ər, bir ata kimi də yaxşı tanıyırdım. Bu yerdə sözü əziz müəllimimin yadigarı - fizika müəlliməsi, qızı Gülnarə xanıma verirəm. Gülnarə xanım deyir:

"Atam ziyalı, mömin müsəlman ailəsində böyüyüb. Ata babası axund, ana babası isə hacı olub. Əmisi və dayısı da kamil ruhani təhsili almış şəxslər olublar. Anasını erkən yaşlarında itirib. 9 yaşında olarkən atası uşağının istedadını görüb Bakıya - bacısının yanına gətirib. Beləliklə, atam bibisinin himayəsində yaşayaraq, orta təhsilini Bakıda davam etdirib. Yaşadığı maddi sıxıntı onu üzmür, əksinə, dərsdən aldığı zövq, sevinc onu daha da ruhlandırar, qol-qanad verərdi. Bir sözlə, müəllimləri onun üçün ən müqəddəs varlıq, məktəb isə qibləgah olub. Orta məktəb illərində ona gündəlik verilən yemək pulunu yığar, özünə kitab alarmış... Çox qəribədir ki, atam dəqiq fənlərə xüsusi maraq göstərib, riyaziyyatı çox sevib. Hamı da onu riyaziyyatçı kimi görürdü. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sora sənədlərini Moskvada Bauman adına Texniki İnistuta vermiş, lakin maddi vəziyyətin ağırlığı onu Bakıya qaytarmış, müəllimlərinin təkidiylə BDU-nun filologiya fakültəsinə qəbul olunmuşdur. Müəllimi, mərhum fizik Kəriş Köçərli atamın bu seçimindən bərk əsəbləşmiş "heyif mənim zəhmətimə" demişdi. Amma illər sonra həm müəllim, həm də şagird 1958-ci ildə eyni gündə namizədlik dissertasiyası müdafiə etmiş, ondan sonra K.Köçərli atamla "barışmışdı"... Görünür, bu səbəbdəndir ki, Musa Adilov genefondunun davamçıları olan övladları və nəvələri içərisində filoloqlarla yanaşı, fizik və riyaziyyatçılar da var. Həmişə deyərdi ki, ən yaxşı liriklər elə fiziklər olur.    

Atam bizə tövsiyə edirdi ki, elmin verdiyi zövqə heç nə çatmaz. Elmə yiyələnməyə can atın, siz yalnız bu yolla öz həyatınızı qura bilərsiniz".

Gülnarə xanım bu yerdə kövrəlir və daha danışa bilmir. Mən ona təsəlli verirəm:

- Mənim insanlıq və elm fəlsəfəsinin zirvəsində dayanan, praktik dilçiliyimizin tərcümanı olan belə bir elmi rəhbərim, müəllimim, nəhayət, çox sevdiyim bir dostum olub: Musa Adilov!

 

Cahangir MƏMMƏDLİ

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2019.- 1 noyabr.- S.10-11