Səcdə olunan torpağın fəryadı

 

 

Qarabağın ən gözəl guşələrindən olan qədim Kolanı obasında dünyaya göz açan, Əliağalı kəndində uşaqlığı, yeniyetməliyi  bir nağıl kimi keçən Salman Alıoğlu (Babayev) qırx ilə yaxındır, jurnalist fəaliyyəti göstərir. Qələm onun ən yaxın sirdaşı, ən vəfalı yoldaşı və ən etibarlı dostu olub, ürəyinin hökmü ilə qələmə aldığı yazılarla həmişə haqqın, ədalətin yanında dayanıb.

Bu yaxınlarda "Maarif" nəşriyyatında yazıçı-publisist Salman Alıoğlunun "Gözü yolda qalan var" kitabı işıq üzü görüb. Kitabda Qarabağın işğalından,həmin qədim yurd yerindən didərgin düşən insanların taleyindən, erməni faşizminin qəddarlığından, qarabağlıların üzləşdiyi siyasi oyunlardan və 30 ilə yaxın Ermənistanın işğalı altında inildəyən torpaqların harayından bəhs edir. Kitabda müəllifin ön söz yerinə yazdığı müraciət yurd yanğısı, torpaq itkisi, insan faciəsi haqqında bir elegiyanı xatırladır. Qəmin, qüssənin, kədərin, ağrının, qanı kəsilməyən yaranın, qəlbimizdə qabar bağlamış dərdin - Qarabağın qara bəxtindən, ağır taleyindən dil açıb danışan sözlər köz kimi adamı yandırır.

Kitab son otuz ilin hadisələrinə, Qarabağda baş qaldıran erməni faşizminin ifşasına,1991-1992-1993-cü illərdə ölkəni öz ağuşuna alan ziddiyətlərə, hadisələri öz məcrasından çıxararaq başqa səmtə yönəldən əclaf anarxiyaya, Azərbaycanın üzləşdiyi dərin uçuruma və insan talelərinə işıq salaraq oxucuya bələdçilik edir.

Kitabda müəllifin hekayələri də dərc olunub. Məcburi köçkünlüklə üzləşmiş insanların ağır taleyi obrazların dili ilə faciənin miqyasını bir daha diqqətə çatdırır.

"Gözü yolda qalan var" kitabı səcdə etdiyimiz Qarabağ torpağının fəryadını öz səhifələrinə həkk edib, ona görə də onu həyəcansız oxumaq mümkün deyil. Eyni zamanda, kitabda nikbin ruh, gələcəyə dərin inam, vətəndaşlıq mövqeyi həyati faktlarla öz əksini tapıb.

 

Çingiz TOFİQOĞLU

 

525-ci qəzet.- 2019.- 1 noyabr.- S.8.