AYB-nin Gənclər Şurası məktəblilərlə
görüş keçirib
Oktyabrın 30-da Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda AYB Gənclər
Şurasının Xətai
rayon Sədrəddin Həsənov
adına 63 saylı
tam orta məktəbin
10-cu sinif şagirdləri
ilə görüşü
baş tutub.
Görüş Xətai rayon İcra Hakimiyyəti, Xətai
rayon Bələdiyyəsi, Xətai
rayon Gənclər və
İdman idarəsi və Azərbaycan Yazıçılar Birliyinin
birgə təşkilatçılığı
ilə keçirilib. Xətai
rayon Bələdiyyəsinin üzvü Səbinə Abdullayevanın "Nəsimi
ili" çərçivəsində
"Ədəbi niyyət"
layihəsi əsasında
keçirilən tədbirdə
Gənclər Şurasının
üzvləri, İcra
Hakimiyyətinin və
Rayon Bələdiyyəsinin nümayəndələri, məktəbin
müəllim və şagird kollektivi iştirak ediblər.
AYB-nin mətbuat
katibi, şair, tədbirin aparıcısı
Xəyal Rza Gənclər Şurasının
görüşdə iştirak
edən nümayəndələrini
qonaqlara təqdim edib.
AYB-nin katibi Rəşad
Məcid çıxışında
şagirdlərin mütaliə
zövqündən, kitaba
marağından, kitabxanalardan
danışıb, bu cür görüşlərin
şagirdlər üçün
əhəmiyyətini vurğulayıb
və yenə belə tədbirlərin təşkilatına həvəslə
çalışacağını bildirib: "Biz hərdən
gənclərin kitab oxumamasından şikayətlənirik.
Bu cür tədbirlər
gənclərə ədəbi
dəyərlərimizin təbliğində
böyük rol oynayır. Bu şagirdlər üçün
Yazıçılar Birliyinin
"Natəvan" klubundakı
gənc yazarlarla görüşün xatirəsi
uzun zaman dəyərli qalacaq.
Bu otaqda böyük
yazıçıların kitab
təqdimatları, imza
günləri keçirilib.
İndi isə şagirdlərimizin
növbəti ədəbi
nəslin yazarları ilə görüşüblər".
R.Məcid AYB-nin "Gənc
Ədiblər Məktəbi"
layihəsi haqqında
da qonaq şagirdlərə məlumat
verib: "Bu yazarların
arasında "Gənc
Ədiblər Məktəbi"nin
üzvləri də
var. Biz gənc yazarları
kəşf etmək üçün bu cür layihələr düşünürük həmişə.
Elə
"4-cü Gənc Ədiblər
Məktəbi"ndə də
bu şagirdlərin yaşıdları öz yaradıcılığını təqdim edə bilir, ustad dərsləri
alırlar. Biz Yazıçılar Birliyi
olaraq gənclərlə
həmişə bu cür görüşlərə
hazırıq".
Gənclər Şurasının sədri,
şair Fərid Hüseyn şagirdləri salamlayıb, görüşün
mahiyyətindən, kitabların
onlara verə biləcək müsbət
meyarlarından söz
açıb. Ədəbiyyatın
əsl vəzifəsi
haqqında, insanlar arasındakı münasibəti
haqqında danışıb:
"10-cu sinifdə, elə
sizin yaşınızda
ilk şeirlərimi yazdım.
Sonra tələbəlik
illərində yenidən
ədəbiyyata qayıtmaq
ehtiyacı hiss etdim. Ədəbiyyatın əsl mahiyyətini
sonralar anladım.
Artıq
şeir kitablarım çap olunmuşdu, müxtəlif dillərə
tərcümə olunmuşdum.
Ancaq hələ də içimdə ədəbiyyatın
nə olduğu ilə bağlı suallar qalmışdı.
Bir gün tərcümə etdiyim Britaniya nağıllarından birində
nəhayət ədəbiyyatın
əsl missiyasını
dərk etdim".
Gənclər Şurasının üzvü,
şair Fuad Cəfərli çıxışında
kitabların iş həyatında, dostlar arasında münasibətlərə
etdiyi köməyi vurğulayıb: "Həyatınızdakı
uğurları, nəticələri
kitablar müəyyən
edəcək: oxuduğunuz
kitablar".
Şair Rəvan Cavid onun həyatında ədəbiyyatın rolundan,
mütaliə etdiyi əsərlərin həyatına
və yaradıcılığına
təsirindən danışıb.
Gənclər Şurasının katibi, yazıçı-publisist Şahanə
Müşfiq yaradıcılığa
marağından, jurnalistika
ilə ədəbiyyat
arasındakı fərqlərdən
danışmaqla çıxışına
başlayıb. Daha sonra görüşün
mövzusunu davam etdirərək kitablar və mütaliənin rolundan bəhs edib. Yerli yazarlarımıza olan marağın azlığından
şikayətlənən gənc
yazar şagirdlərə
yerli müəllifləri
mütaliə etməyi
tövsiyə edib:
"Kitab oxumaq indi dəb halını
alıb. Əlbəttə, bu, çox
gözəl tendensiyadır.
Amma özünün müsbət
nəticələrini ancaq
biz bu dəbi müsbətə istifadə
edə bilsək göstərəcəkdir. Təəssüf ki, müasir dövrdə gənclərimiz Nizamini, Nəsimini, Füzulini, Səməd Vurğunu, İsa Muğannanı, Bəxtiyar Vahabzadəni, Mövlud Süleymanlını
tanımadan Pamuklara, Kafkalara qaçırlar, onları oxuyurlar. Bizim cəmiyyəti, bizim coğrafiyanı anlamaq, bizim ədəbiyyatımızı
öyrənmək üçün
ilk öncə öz müəlliflərimizi oxumalı,
təbliğ etməliyik.
Mütaliə vərdişi olmayan
birisi ilk dəfə
Kafka oxumağa başlasa,
təbii ki, onun qazandığı sadəcə səhifə
sayı olacaq. O,
oxuduğundan heç
nə anlamayacaq. Həyat qısadır, kitablar isə çox. Deyirlər, həyatda oxunmalı olan cəmi 10 kitab var. Amma o 10 kitabı oxumaq üçün yüzlərlə,
minlərlə kitab oxumalısan. Biz də vaxt itirmədən
uşaqlığımızdan, məktəb dövründən
oxumağa başlamalıyıq
ki, heç olmasa, həyatımızın
hansısa dövründə
o kitabların bir qismini tapmış olaq. Mütaliəyə dəbdə olan,
bestseller kitablardan deyil,
nağıllardan, klassik
ədəbiyyatdan başlamaq
isə ən doğrusudur".
Xəyal Rza Şahanə Müşfiqin çıxışından
sonra "Bir qalanın sirri" filmindəki məşhur kitablarla bağlı epizodu yada salıb,
gənc ədiblərin
demək istədiyi fikirləri bir də o filmin simasında şagirdlərə
çatdırıb.
Şair
Tural Turan da çıxışında
mövzunu davam etdirib: "Biz kənddə
böyümüşük, yazıçıları, teatrı
tələbəlik zamanımızda
burada - Bakıda tanıdıq. Siz bu baxımdan
şanslısınız. Ona görə də təşəbbüskar daha
çox siz olmalısınız. Siz
can atmalısınız Yazıçılar
Birliyinə, teatrlara, konsertlərə. Kitab gündəliyiniz
olsun, mən də tuturdum. Oxuduqlarınızdan qeyd götürün.
Ümumiyyətlə, oxumursunuzsa, həvəsiniz
yoxdusa, detektiv əsərlərdən başlayın,
oxuyun".
Daha sonra görüş diskussiya şəklində davam edib. Şagirdlərdən Nərmin, Ramazan,
Ramiz, Süsən və başqaları sevdikləri əsərlərdən
söz açıb, ədəbiyyat haqqındakı
fikirlərini bölüşüblər.
Gənc yazarlardan Elvin Nuri isə şagirdlərə
ədəbiyyat dərsliklərində
olan çatışmazlıqlardan
sual verib.
Uşaqlar dərslikdə yazarların
bioqrafiyasının verilmədiyindən,
ya da çox
yığcam olmağından
şikayətləniblər.
Tədbirin sonunda bu cür
görüşlərin davamlı
keçirilməsi və
şeir günü təşkil edilməsi təklif olunub. Məktəbin müəllimləri, qonaqlar
fikri dəstəkləyiblər.
Sonda Xətai
rayon Gənclər və
İdman idarəsinin məsləhətçisi Elvin Orucov tədbirin təşkilatçılığı üçün AYB-yə
və gənc yazarlara təşəkkür
edib. İcra Hakimiyyətinin baş
məsləhətçisi Aytən Sadiqova və məktəbin "Uşaq Birliyi" təşkilatının rəhbəri
Məmmədova Aytən
də tədbir haqqında öz fikirlərini bildiriblər.
Elvin Orucov Xətai
rayon Gənclər və
İdman idarəsinin fəxri fərmanını
Xəyal Rzaya təqdim edib.
MEHRİ
525-ci qəzet.- 2019.- 1 noyabr.- S.8.