Pianoçu Leyla
Zeynalovanın Riqada böyük
uğuru
Azərbaycanlı Leyla Zeynalova gənc pianoçuların
Riqada keçirilən
VIII Beynəlxalq müsabiqəsində
birincilik qazanıb.
Onun ifaçılıq
istedadı üç
xüsusi mükafatla qeyd olunub. Leyla İ.S.Bax
musiqisinin, latviyalı
bəstəkar M.Drustenin
əsərinin ən yaxşı ifaçısı
kimi fərqlənərək,
habelə Almaniyanın
Aynbek (Einbeck) şəhərində keçiriləcək
Qış Akademiyasına
(münsiflər heyətinin
üzvü Gintaras Yanuşeviçyus tərəfindən
təsis olunan daha bir xüsusi
mükafat) dəvət
alıb.
Gənc musiqiçinin yaradıcılıq
nailiyyətləri, Riqa
müsabiqəsində çıxışı
barədə professor, Əməkdar
incəsənət xadimi
Zümrüd Dadaşzadənin
qeydlərini təqdim
edirik.
Zümrüd DADAŞZADƏ
Leyla Zeynalova, gənc olmasına baxmayaraq, musiqi ictimaiyyətinə artıq bəllidir. Nadir istedada malik bu qız Bülbül
adına orta ixtisas musiqi
məktəbində eyni
zamanda iki - violin (Fatimə İdyatullinanın
sinfi) və fortepiano (Dilarə Mirzəquliyevanın
sinfi) ixtisasları üzrə təhsil alıb. Onun qardaşı da musiqi dairələrində
tanınır: beynəlxalq
müsabiqələr laureatı
Rüstəm Zeynalov hal-hazırda Moskva Konservatoriyasının aspiranturasında,
professor Ruvim Ostrovskinin sinfində təhsilini davam etdirir.
L.Zeynalovanın adı Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin 8 oktyabr
2014-cü il tarixli sərəncamı ilə gənc istedadların "Qızıl
Kitab"ına yazılmışdır.
Prezident təqaüdçüsü
olan gənc pianoçu hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda, professor Kəmalə Neymanovanın
sinfində təhsil alır. Leyla bir sıra müsabiqələrin
- Azərbaycan ("World Harmony"; Bakı, 2017), İngiltərə
("The 10th Young pianist of the North"; Nyukasl,
2017), Almaniya (Ettlingen,
2016), Belçika (Avropa
Musiqi Pedaqoqlarının
Assosiasiyasının (EPTA) müsabiqəsi;
Brüssel, 2016), Estoniyada
(XIII Beynəlxalq "Young musician" müsabiqəsi; Tallinn, 2015; X Beynəlxalq
Şopen müsabiqəsi;
Narva, 2014) keçirilən
ifaçılıq yarışmalarının
laureatı olub, əksəriyyətində Qran-pri
mükafatına, birinci
yerə layiq görülüb. O, dəfələrlə
Yuri Başmetin rəhbərlik
etdiyi MDB və Baltikyanı ölkələrinin
Uşaq Musiqi Akademiyasının ustad dərslərində iştirak
edib. 2015-ci ildə
gənc pianoçu,
Vladimir Spivakovun təşkil
etdiyi "Moskva dostları qarşılayır"
festivalına dəvət
alıb.
2018-ci ildə L.Zeynalovanın
uğurlu fəaliyyəti
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin xüsusi mükafatı ilə qeyd olunub.
Mən Leyla ilə 2017-ci ildə Üzeyir Hacıbəyli adına
IX Beynəlxalq Musiqi festivalı çərçivəsində
məşhur pianoçu,
YUNESKO-nun "Sülh Artisti"
fəxri adına sahib
olan Eliso Bolkvadzenin ustad dərsində yaxından tanış oldum. Leylanın gürcü pianoçusunun
verdiyi tövsiyələrə
iti reaksiyası, onları ani olaraq qavramaq bacarığı, əlbəttə,
daha yetkin çalğısı mənim
diqqətimdən yayınmadı.
Riqadakı müsabiqədə Leyla iki turda
Bax, Şopen, Prokofyev, Ligeti, Drustenin əsərlərindən
ibarət üslubca rəngarəng proqram təqdim edib. Avanqardın ikinci dalğasının işarəvi simalarından
olan György Ligetinin tokkatavarı 4 saylı etüdünün
("Fanfares") ifası xüsusən
maraqlı idi. Leyla çağdaş musiqinin
mürəkkəb dilini
anlamaq bacarığı
sərgiləyərək, öz
mexanistik təkrarları
ilə bir qədər ovsunlayıcı
təsir bağışlayan,
olduqca cazibədar, dinamik bir obraz
yarada bildi. Münsiflər heyəti habelə
Leylanı latviyalı
bəstəkar Mariya Drustenin "Folk Impression II" adlı kompozisiyasının
təfsirinə görə
də mükafatlandırdı.
Zənnimcə, bu, əlamətdar
faktdır. Çünki Leyla tam yeni əsəri müəllifin
vətənində elə
poetik və duyğulu çaldı ki, latviyalı dinləyicilərin və mütəxəssislərin ürəyini
fəth edə bildi. Əlbəttə, İ.S.Bax musiqisinin
ən yaxşı ifasına görə mükafat çox önəmli olub, gənc pianoçunun kifayət qədər yüksək peşəkarlıq
səviyyəsinə dəlalət
edir. Səciyyəvidir ki, Ettlingendə
(Almaniya) Leyla Bethovenin, Nyukaslda (İngiltərə) isə
Şopen musiqisinin, başqa sözlə, hər bir pianoçunun
repertuarının əsasını
təşkil edən bəstəkarların musiqisinin
ifasına görə
xüsusi mükafat alıb. Deməli, gənc pianoçu
gözəl bir məktəb keçib.
L.Zeynalovanın müəllimi Kəmalə
Neymanovanın etiraf etdiyi kimi, Riqa
müsabiqəsinə hazırlıq
ərəfəsində onlar
məhz İ.S.Bax musiqisinin ("Yaxşı
temperasiyalı klavir"in
II cildindən h-moll prelüd
və fuqası) üzərində xüsusi
bir məsuliyyətlə
çalışıblar. Yalnız
son məqamda Leyla bir növ sərbəst
nəfəs əldə
edərək, Bax musiqisinin ruhuna nüfuz edə bilib: bu da
sonucda münsiflər
heyəti tərəfindən
layiqincə qiymətləndirilib.
Leylanın Riqadakı uğuru
məni onun yaradıcılığı ilə
daha yaxından tanış olmağa sövq etdi. Belə ki, bu gənc istedad haqqında Təhsil TV-nin çəkdiyi "Sabahın ulduzları.
Leyla Zeynalova" filmindən bəlli olur ki, Leyla nəinki
ixtisasına, həm də musiqi ədəbiyyatı və
nəzəriyyəsinə, ümumtəhsil fənlərinə
ciddi yanaşır, mütaliəni sevir.
Bəlkə elə bu səbəbdən onun təfsirləri belə dolğun və inandırıcıdır. Bir də: Leylanın
səlis azərbaycancası,
fikirlərini doğma
dildə dəqiq, sərrast ifadə etmək bacarığı
məni sözün əsl mənasında sevindirdi.
Kəmalə xanım tələbəsinin
əsas keyfiyyətləri
haqqında sualıma belə cavab verir: "Həyatda tərs, səhnədə
iradəli, bəzən
həddindən artıq
romantikdir. Musiqi Akademiyasında dərslərin
bolluğu əla qiymətlərlə oxuyan
Leylanı bir qədər əsas hədəfdən yayındırır.
Amma inanıram ki, müntəzəm, məqsədyönlü
məşğələlər nəticəsində bu zəhmətkeş tələbə
ciddi yaradıcılıq
vəzifələrinin öhdəsindən
gələ biləcək
əsl peşəkar pianoçu səviyyəsinə
yüksələcəkdir".
Musiqiçinin püxtələşməsində, əlbəttə, Kəmalə
Neymanovanın xidməti
danılmazdır. Əvvəla, Kəmalə xanım bu il 85 illiyini
qeyd etdiyimiz görkəmli sənətkar,
pedaqoq, sənətimizə
neçə-neçə mahir
pianoçu bəxş
etmiş professor Elmira Səfərovanın
ən istedadlı və müvəffəq tələbələrindən, onun layiqli davamçılarındandır.
K.Neymanova özü də
beynəlxalq müsabiqələr
laureatıdır, vaxtaşırı
konsert proqramları ilə müxtəlif festivallarda çıxış
edir. Yadımdadır:
Mstislav Rostropoviç
kimi möhtəşəm
sənətkarın Bakıda
keçirdiyi, konsertmeysterdən
mütəhərriklik tələb
edən kifayət qədər çətin
və gərgin ustad dərslərində bir çox simli alətlər ifaçılarını məhz
Kəmalə xanım
mərd-mərdanə pianoda
müşayiət etmişdir.
Onun tələbələri
ilə birgə ötən il
hazırladığı layihə
- müxtəlif kamera
heyətləri üçün
əsərlərdən ibarət
konsertlər silsiləsi
musiqi həyatımızın
əlamətdar hadisəsidir.
Beləliklə, demək
olar ki, Leylanın bəxti gətirmişdir: o, Bakı
Musiqi Akademiyasının
ən yaxşı müəllimlərindən biri
- ali peşəkar,
həssas musiqiçi
Kəmalə Neymanovanın
sinfində təhsil alır.
L.Zeynalovanın qələbəsinə tanınmış
azərbaycanlı musiqiçilər
də münasibət
bildirmişlər. Əməkdar
artist, professor Gülşən Ənnağıyeva bu hadisə ilə bağlı sevinc dolu emosiyalarını belə ifadə edir: "Bizim sənətlə məşğul
olanlar bilirlər ki, səhnədə yüksək səviyyəli
ifaçının peyda
olması bir çox cəhətlərin,
şərtlərin kompleks
halında təzahür
etməsindən asılıdır.
İstedaddan, musiqiyə sonsuz
sevgidən başqa titanik zəhmət, ailənin qayğısı,
dəstəyi və şübhəsiz, öz bilik və təcrübəsini
tələbəsinə təmənnasız
bəxş etmək iqtidarında olan müəllim tələb
olunur. Çox sevindiricidir ki, Leylanın ən ali məqsədlərə
nail olmaq üçün
bütün imkanları
var. İlk öncə
onun müəllim sarıdan bəxti gətirmişdir. Bülbül
adına məktəbdə Dilarə
Mirzəquliyeva kimi mütəxəssisdən dərs
almaq özü bir gözəl şansdır. Kəmalə Neymanova haqqında
isə xüsusi danışmaq istərdim.
Bizim Kəmalə xanımla, əgər belə demək olarsa, ümumi musiqi köklərimiz var: pedaqoqumuz Elmira Səfərovanın məktəbini
nəzərdə tuturam.
Kəmalə gözəl, müdrik,
vicdanlı (karyera ardınca qaçanların
bol olduğu praqmatik dövrümüzdə
nadir keyfiyyətdir!), tələbələrlə
məşğələlərə bütün enerjisini, qəlbinin bütün hərarətini sərf edən unikal musiqiçi və pedaqoqdur. Düşünürəm,
belə bir müəllimlə Leyla daha uca zirvələr
fəth etməyə qadirdir..."
Leylanın yaradıcılıq potensialı
göz qabağındadır. Şəksiz istedadı, musiqiyə sevgini zəhmətsevərlik
və iradəli xarakterlə uzlaşdıraraq,
Leyla hələ neçə-neçə yeni
nailiyyətə imza ata bilər. Ona akademik musiqi
ifaçılığı kimi çox çətin, amma olduqca maraqlı, ecazkar bir sahədə
uğurlar diləyirəm!
Zümrüd DADAŞZADƏ
Əməkdar incəsənət xadimi,
professor
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.18.