"Dünyanın axırı"na bir nəzər
Esse
Bu yazıda haqqında
söz açacağım
romanla yaşıdam. Müəllif
onu mən doğulan il
qələmə alıb.
Kitabdakı hadisələr isə
məndən vur-tut iki yaş böyükdür.
Bir romanın yazılma vaxtını nəzərə alsaq, deməli, mən az öncə
bir yazıçının
içərisində yaşadığı
hadisələrə, olaylara
adekvat yanaşmasını
oxudum. Necə deyərlər, isti-isti...
Özümə müharibə dövrünün
uşağı deyə
bilmərəm. Çünki Qarabağ hadisələri,
Azərbaycanın qanlı-qadalı
günləri təxminən
mən doğulan illərdə başlasa da, özümü biləndə artıq ara sakitləmiş,
vəziyyət az da olsa düzəlmiş,
fırtınalı dövr
özüylə apardığını
aparıb, səngimişdi.
Bəli,
mən və nəsildaşlarım nə
tank gördük, nə
top-tüfəng, nə
də hər gün üstümüzə
axışıb gələn
şəhid tabutları.
Anamız, atamız, baba-nənələrimiz,
böyüklərimiz o müsibətləri
yaşayanda biz hərəmiz
bir qundaqda bu yeməkdən o yeməyə keçən
zamanı yatmaqla dəyərləndirirdik. Qarnımızın aclığına gözümüzü
açıb ağlayanda
isə xəbərimiz
yox idi ki,
böyüklərimiz - fərdi
olduğumuz bu millət nələrə
ağlayır. Bəli, biz bunları
bilmirdik. Hələ onu
da bilmirdik ki, aylar keçəcək,
illər ötəcək,
biz böyüyəcəyik və böyüdükcə
millətimizin o vaxtkı
acısını, ağrısını
ya böyüklərdən,
ya kitablardan, ya da arxiv
görüntülərindən, videolentlərdən öyrənib
iliklərimizə qədər
yanacağıq.
Elə indi də yanır iliklərim, cızdağı
çıxır. Bəlkə də
onun tüstüsüdür
gözlərimi dumanlandıran,
nəmləndirən. Öz-özümə "mən günlərdir
nə oxuyuram, İlahi?" deyirəm.
Yəni bunlar həqiqətən yaşanıb, yoxsa müəllif təxəyyülünün
uydurmasıdır? Suallarım
özümə də
o qədər mənasız
görünür ki...
Bilirəm, çox yaxşı
bilirəm ki, 360 səhifədə oxuduqlarımın
hamısı, hələ
bundan dəfələrlə
betərləri yaşanıb.
Özü də uzaq keçmişdə deyil,
"burnumuzun dibində".
Bu dəfə "sənin
başın nələr
çəkməyib, ay mənim
gözəl Azərbaycanım?!"
deyib inləyirəm. Səsimdəki taqətsizliyə özümün
də yazığım
gəlir. Bir tərəfdən də düşünürəm: mən
bunları kitab səhifəsindən oxumağa
tab gətirməzkən, bu
hadisələri canlı-canlı
yaşayanlar, lap elə
həmin hadisələrin
iştirakçısı, şahidi, sonradan isə qələmə alanı olan müəllif nələr
hiss edib, hansı əzablarla üzləşib?
***
Yazıçı Aqşin Babayevin surəti dayanıb gözümün önündə. Sevimli müəllifimlə
xəyalımda söhbətləşirəm.
Həmişəki kimi gülümsəyir
mənə. Mənsə,
cavab gözləmədən,
ara vermədən
suallarımı dolu kimi yağdırıram üstünə. Və Aqşin müəllim bu dəfə düşüncəli təbəssümlə
"nə bilim, Şahanə qızım,
həyatdır da. Biz onda elə
bilirdik ki, dünyanın axırıdır.
Amma axırı olmadı dünyanın..." - deyir.
Qəfil gözüm Aqşin müəllimin kitabın üz qabığındakı
şəklinə sataşır. İllərdir tanıdığım o gülərüz
Aqşin Babayevdən əsər-əlamət yoxdur.
Sanki dünyanın dərdi
çiyinlərinə qalaqlanmış,
gözlərinə min ilin
əzabını sığdırmış,
sükutuna əsrlərlə
iztirabın, qan-qadanın
içərisində qovrulan
katinatın hayqırtısını
cəm etmiş bir insan boylanır
ordan dalğın-dalğın...
Bu fikirli adam
təkcə Aqşin Babayev deyil, həm də Sərxandır, Zeynaldır...o
dövrdə acılar,
ağrılar çəkən,
gözlərinin gördüklərinə
vicdanıyla üsyan edən yüzlərlə,
minlərlə Azərbaycan
kişisidir.
***
Aqşin Babayevın "Dünyanın
axırı" romanı
ilk dəfə 1992-ci ildə
"Gənclik" nəşriyyatında
işıq üzü
görüb. Müstəqillik
dövrü ədəbiyyatımızın
ilk irihəcmli əsərlərindən
biri olan romanda 1990-cı illər hadisələri, çürümüş,
öz bataqlığında
boğulmamaq üçün
insanları, xalqları
ayaqlarının altına
alan Sovet
rejiminin ən iyrənc üzüylə
qarşı-qarşıya qoyur
bizi.
Bu günlərdə isə roman təzədən çap edildi. Onun yeni nəşri hamımızı sevindirdi. Çünki həqiqətlərimizi elə isti-isti, ən birinci dildən yazıb dünyaya bəyan etməyin yoludur bədii ədəbiyyat. Aqşin Babayev isə bunu zamanında, hadisələrin ən qaynar vaxtında etməyi bacarmışdı. Amma bu, elə orada qalmamalı idi. Çünki elə mövzular var ki, onlar təkrar-təkrar yazılmalı, öz canlılığını qorumağı, unudulmamağı üçün xatırlanmalıdır. Zaman-zaman bu kitablar təkrar nəşr edilməli, çoxaldılmalı, oxucu miqyası genişləndirilməli, hətta başqa dillərə tərcümə olunmalıdır. "Dünyanın axırı" romanı da ikinci dəfə 27 ildən sonra yenidən çap olunarkən düşüncələrimizdə məhz bu fikirlər yenidən canlandı. Əsərin redaktoru Musa Ələkbərli, "Ön söz"ün müəllifi yazıçı Kənan Hacıdır. Kənan Hacı "Ön söz"də roman haqqında yazır: "Yazıçı romanı məhz hadisələrin baş verdiyi çağda, isti-isti qələmə alıb. Yəqin hamı mənimlə razılaşar ki, 90-cı illərin əvvəlləri ədəbiyyatın durğunluq dövrü idi, yeni əsərlər yaranmırdı, ədəbi dərgilər nəşr olunmurdu. Söz adamlarının əli qələmdən soyumuşdu. Belə bir zamanda Aqşin müəllim çevik yazıçı mövqeyi sərgilədi. "Dünyanın axırı" həm də gələcəklə bağlı düşüncə modellərinin konturlarını cızan bir romandır".
***
"Dünyanın axırı" romanı ötən əsrin sonlarında baş qaldıran erməni-müsəlman davası, Qarabağ münaqişəsi, milli mübarizənin qızışdığı zamanları və bütün bunların ağrılı nəticəsi olan 20 Yanvar hadisələrini anladır. Bəli, 20 Yanvar xalqımızın qan yaddaşıdır. Biz 30 ildir bu faciəyə ağlasaq da, digər tərəfdən fəxr edirik, xalqımızın əzmini, azadlıq arzusunu, özgürlük mübarizəsini alqışlayırıq. Amma bu qan yaddaşının görünməyən üzünü, xalqı qırğına verənlərin mənfurluqlarını, milli münaqişənin səbəb və nəticələrini və bu kimi pərdəarxası məqamları məhz sözügedən romandan oxuyuruq.
Onu da oxuyuruq ki, bıçaq sümüyə dirənən məqamlarda insanlar necə başqalaşa, əsl simalarını göstərə, öz cibləri xatirinə qonşusunu, qardaşını, hər gün üz-üzə gəldiyi, yaxşılığını gördüyü, nələrisə borclu olduğu insanları belə ayaq altına verərmiş.
Həm də oxuyuruq ki, insanı qapısının çölündəki düşmənlər deyil, evinin içindəki düşmənlər daha tez yıxırmış. Çünki evin içindəki düşmən sənin ən zəif yerlərini bəlkə səndən də yaxşı bilir. Sən ona arxalanıb kürəyini çevirdiyin vaxtda o, əlindəki bıçağını itiləyər. Axı bəzən kürəyimizdə gəzən əl sığallamaq üçün deyil, sancılacaq bıçağa ən münasib yer axtarmaq üçündür. Xalqımızın da bıçaq yeri Qarabağ imiş. Onun "kürəyini sığallayan" Sovet rejimi, erməni dığaları da məhz ordan yaraladılar.
Bəs onların dəyirmanlarına su tökən öz qoçaqlarımız, milli düşmənlərimiz? "Dünyanın axırı" romanı məhz onların ifşasıdır. Vətəninin çətin anlarından, xalqının ağır günlərindən, gərilən sinirlərdən öz xeyrinə istifadə edən nə qədər riyakar varmış, İlahi. Yalançı vətənpərvərlik maskası altında mənfəətini güdən, yaranmış xaosdan illərdir arzusunda olduğu kresloya, vəzifəyə çatmaq üçün istifadə edən, araqarışdıran, atılan qığılcımı fitnəsiylə, fəsadıyla alovlandıran, cibini düşünən nankor Rizvan kimilərdir onlar. Və nə yazıq ki, insanı məhz bu düşmənlər yandırır. Çünki bir toplumun sonunu belələri hazırlayır. Ağacı qurd içindən yeyən kimi...
***
Bu hadisələrin alovuna yanıb-kül olan bir ailəni xatırlayıram: Sərxanın
ailəsini... On illik məhbəs həyatından
sonra həyat yoldaşı Zibeydəyə,
oğlu Akifə qovuşan
Sərxan artıq pis günlərin arxada qaldığını, hər şeyin xeyirliyə doğru
dəyişəcəyini, illərdir bir
qarnı ac, bir
qarnı tox yaşayan
ailəsini başına yığıb, onlara
heç olmasa bundan sonra dinc, firavan həyat bəxş
edəcəyini düşünür.
İnsafən, bunlara cəhd də edir. Keçmiş müdiri Zeynalın rektor
keçməsi ona ümid
işığı olur. Zeynal
da onu pis
qarşılamır, yenidən sahib
çıxır, bütün maneələrə
baxmadan onu özünə
işçi götürür.
Başlayır azadlıq həyatı... Amma sən demə, ən pis günlər elə həbsxana
divarlarından çöldə imiş. Az keçmədən ölkədə
qızışan vəziyyət, hərc-mərclik, anarxiya, ermənilərin azərbaycanlıları
Qarabağdan qovduğu
xəbərləri çox ailə kimi onlara da
təsirsiz ötüşmür. Meydan hərəkatının ən aktiv üzvləri məhz gənclər, tələbələr
idi. Sərxanın oğlu
Akif, Ələkbərin oğlu
Azər kimi gənclər. Analar nə qədər narahat olsalar da, atalar bu
vəziyyətdən razı
idilər. "Oğlum
kişi kimi böyüyüb, ölkəsini,
torpağını, vətənini
müdafiə edir"
- deyirdilər. Getdikcə vəziyyət
pisləşsə də,
hələ ki, xalqın ürəyinə
pis heç nə gəlmirdi. Axı, "xalqlar dostluğu" vardı. Sovet rejimi öz
xalqına sahib çıxacaqdı.
O qoymazdı vəziyyət
belə davam eləsin. Qoymadı da...
"Sovet əsgəri
öz xalqına güllə atmaz" rahatlığını içərisində
daşıyan, böyüdən
xalq bir gecə özünü güllənin, tankın altında tapdı. Akif kimi,
Azər kimi yüzlərlə oğul
və qızlar məhz o gecə bu qırğının qurbanına çevrildi.
Bir anda qəlblər od
tutub yandı. Onlar bir gecə şəhid
oldularsa, onlardan arxaya qalanlar hər gecə, hətta hər dəqiqə şəhid oldular. Oğlunun qatillərindən intiqam almaq üçün
rus əsgərlərinin
üstünə şığıyan
Sərxan da, oğlunun, ərinin ölümlərinə dözə
bilməyib yaşadığı
evin içərisində
özünü oda verən Zibeydə də şəhid idilər. Gəlmişdi, dünyanın axırı
gəlmişdi.
O biri yanda Zeynal
vardı. İnstitut rektoru Zeynal.
Oturduğu kreslo ucbatından,
yaxşılıq elədiyi,
əl tutduğu insanların qəzəbinə,
nifrətinə tuş
gələn, ətrafındakı
haqsızlıqlara dözə
bilməyən, vicdanıyla
cəmiyyət arasında
qalan, namuslu professor.
Cavabsız sualların
məngənəsində sıxılan,
məhv olan zəmanəsinə yad insan: "Bu adamlara nə olub, görəsən?
Niyə belə eybəcərləşdi
adamlar? Niyə hər şeyi
ayaq altına atıb adamlar? Bəs insanlıq, insaf, mürvət, kişilik harda qaldı? Vaxtilə mənə yaltaqlıq edənlər canavara dönmüşdülər".
Baş verən hadisələr Zeynalın ağlına təkcə bir fikir gətirir: dünyanın axırıdır.
Yoxsa, niyə hər şey bu qədər
dəyişsin, niyə
cəmiyyət bu günə düşsün
ki? Ona görə də, o, tez-tez bu fikrin
üstünə gəlir:
dünyanın axırıdır.
Roman həm də Zeynalla ətrafının toqquşması fonunda xeyirlə şərin mübarizəsini əks etdirir. Hadisələrə seyirçi qala bilməyən professor son nəfəsinə qədər bu eybəcərliklərlə mübarizə aparır. O, bu mübarizədən qalib çıxmasa da, insanlara nümunə olmağı bacarır. İnsan onun əzabları qarşısında baş əyə-əyə bu cür vicdan sahibləri varkən dünyanın axırı hələ gəlməz deyib ümidlənir. Yox, dünyanın axırı deyildi bu, əksinə, başlanğıcı idi. Azad günlərin, firavan zamanın, daha sakit dünyanın başlanğıcı. Müəllif də romanını məhz bu nikbinliklə sonlandırır. O, oxucusuna aşılayır ki, əslində, hər son bir başlanğıcdır. Yetər ki, ümidini və mübarizə əzmini itirməyəsən. Böyüklərimizin zamanında "dünyanın axırıdır" deyib fəryad etdiyi 20 Yanvar faciəsinin Azərbaycanın azadlığının, müstəqilliyinin başlanğıcı olduğu kimi:
"- Bircə təsəlli var bu dünyada: bir tərəfdən bağlayan Allah o biri tərəfdən açır. Hər axırın əvvəli var. Hər axır nəyinsə əvvəlidir.
Vüqar kövrəldi:
- Atam həmişə deyirmiş ki, dünyanın axırıdır.
- Yox, ay
oğul. Dünyanın əvvəlidir bu. Dünyanın əvvəli! Dünyanın
əvvəlini də şəhidlər yaratdılar! Qanlı,
Şanlı tariximizin Şəhidləri!"
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.16.