İtirilmiş Xoşbəxtlik...
Zülmətlər də kor edir, gündüzlərin işığın,
Qaranlıqlar boyayır, gözlərimin
rəngini.
Bir nəfəslik can qalıb,
ruhumun həvəsindən,
Həyat çoxdan itirib, yaşamın ahəngini.
Ağrı, acı yol alır, dərdlərin ünvanına,
Gecikən xoşbəxtliklər son nəbzini
itirir.
Qəhər seli yağdırır,
gözlərimin yolları,
Hər göz yaşı sonunda gənc ömrümü bitirir.
Keçmişiylə can çəkir,
yorğun bir səssizliyim,
Havasında boğulur, uşaqlığın
nəfəsi.
İllər həsrət yağdırır,
dolan o ümidlərdən,
Kaş ki, tərk edə bilsəm, bu zindanı, qəfəsi.
Kədər qoşunları da
hücum çəkir
üstümə,
Müqavimət edəcək zərrə halım qalmayıb.
Mən çoxdan itirmişəm,
xoşbəxtliyin rəngini,
Həyata bağlayacaq bir amalım qalmayıb.
Xəyalınla Xoşbəxtəm
Asdım
ümidlərimi,
gecənin qaranlığından.
Dondurdum
arzularımı,
Ayın soyuğunda.
Bilə-bilə intihar etdirdim ürəyimi,
Kəsdim
sənli sevgimi
daşıyan damarlarımı.
Sənsizliyin mərmisi ilə
Dəlik-deşik etdim vücudumu.
Yenə
də...
Kiridə
bilmədim dərdlərimi,
Quruda bilmədim,
Sevgimin qanlı
göz yaşlarını.
Ağacdan düşən yarpaqtək,
Qurudulmağa məhkum etdim.
Unudulmayacağını bilə-bilə,
Unudulmağa məhkum etdim səni.
Basdırmağa çalışdım sevgimi,
Heç cür qaza bilmədiyim
məzarına.
Mən illərdir tutulmuşam,
Sevginin bu sağalmayacaq azarına.
O qədər möhkəm bir qıfıl vurmuşdun ki,
Aça
bilmədim ürəyimin
qapısını kimsəyə,
Sevə
bilmədim,
yalandan da olsa bir başqasını.
Eşq baxışlım...
Axtardım, şəhər-şəhər
Küçə-küçə gözlərini.
Həsrəti naxışlım...
Sürünə-sürünə
torpaqda aradım izlərini...
Meh olub hansı bir ürəkdə əsdin?
Hansı
bir ürəyi yaralayıb,
Hansı sevdanın damarın kəsdin?
Hansı bir eşqə dərman oldun?
Hansı bir sevginin ölümünə
fərman oldun?
Məndən sonra...
Mən heç vaxt tənha olmadım...
Səndən sonra...
Sağ olsun xəyalın
yalnız qoymadı
məni.
Əlimdən tutdu, gözlərimə baxdı.
Mənimlə yatıb, mənimlə qalxdı.
Üşüyərkən isitdi,
Xəyalın mənimçün
Ən dəyərli
kəs indi.
Gözlərimin yaşın qurutdu.
Sən başqa qollarda uyuyarkən,
Xəyalın məni qollarında uyutdu.
Sən başqa bir sevgi ilə
Mənsə xəyalınla ailə qurdum.
Gəlmə daha, dönmə geri.
Toxunma sənli sevgimi
doya-doya yaşadığım
xəyal dünyama...
Xəyalın məni səndən
çox sevdi...
Mən xəyalınla xoşbəxtəm...
Əslində, mən bədbəxtəm...
Boşluqlardan Var Olan
Boşluqlardan var olan
bir dünya ötür ayaqlarımın
altından,
Zamanın eyniadlı kəsiyində
Bir həyat keçir başımın üstündən...
Mənsə ən böyük
boşluq olaraq
Asılı qalmışam havadan...
Vücudumun sol tərəfinə ağırlıq
Gətirən dərdlər tərəfindən
Çəkilirəm dünyanın dorağacına...
Küskün bir payıza qurban gedir
Arzularımın baharı...
Bahabiçilməz, müdhiş bir
kədəri
Qoynuna alır
Həyatın amansız axarı...
Sığala həsrət gəncliyimin
Dolaşıq saçlarında ilişib
qalır
Gələcəyə dair qurduğum xəyallarım
Zaman ötür...
Daralır min bir ümidlə
Keçmişə boylanan
həsrətlərin nəfəsi...
Və ölür...
Ölür əlləri havada
Dili daima duada olan
Bir körpə, məsum qızcığazın
Xoşbəxtliyə dair var olan həvəsi...
Həmin Qadın Deyiləm
Nə sən həmin o adam, nə
mən həmin qadınam,
Boynu bükük
ümidlər ruhunu təslim edib.
Qarşılaşsaq döyünməz
birgə vuran qəlbimiz,
Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.
Yaşadığım ünvan da daha həminki
deyil,
Daha xatirələr
də canlanmayır gözümdə.
Varlığınla var olan o qadından əsər yox,
Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.
Bircə-bircə xəyallar uçuruma
adlayır,
Zaman da taleyimə kəm biçəcək soydadır.
Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam,
Qaniçən yoxluğunun qaranlığı
boydadır.
Dağıldı Addımlarım Ayrılığın
Üstünə
İncinmiş duyğularım daha
büküb boynunu,
Gizlənib qəlb evimin soyuq künc bucağında.
Həsrətinə sarılıb, axtarıram
kölgəni,
Axtarıram bu eşqin kül
olmuş ocağında.
Yollar da yorğun düşüb, həsrət
qalıb izinə,
Yollar da ağrı çəkir,
yadların addımından.
Heçmi göynəmir adam, sol yanının
qibləsi,
Bu qədər asanmıydı
vaz keçmək qadınından.
Sığınır gecələrim zülmətlərin
qoynuna.
Göz yaşım
sığal çəkir
sevgimizin büstünə.
Yoxluğun kədər biçdi,
ömrün qara donuna,
Dağıldı addımlarım ayrılığın
üstünə.
Özümlə Söhbət
Nədir
bu həsrət seli üz tutub
taleyimə,
Boğulur sevdiklərim, gözlərimin
yaşında.
Xoşbəxtliyin yolunu itirdinsə
bir kərə,
Aramağa gərək yox, dünyanın o başında.
Dizin-dizin
sürünmə, keçmişin
qucağına,
Dizlərin qan çanağı, ovucların yaradır.
Qəbul
eyləməz səni
o isti ocağına,
Bəs indi gedəcəyin, son ünvanın
haradır?
Çırpdığın o qapılar daha bağlı üzünə,
Qucaqla taleyinin
qara rəngli aynasın.
Bu günədək yananın
anan, bacın, qardaşın,
Bundan sonra özünün, özün
tutarsan yasın.
O ölmüş ümidlərin
kabusları qorxudar,
Taleyinin qarası bərq vurar bənizində.
Günəş doğar çoxunun
qismətinə yenidən,
Səninsə gəmilərin batar qəm dənizində.
Kimsəsiz Daxma Kimi...
Kimsəsiz bir daxmayam,
Qapanmışam özümə.
Xəyalları toz basıb,
Görünmürlər gözümə.
Uçub
sevgi çatısı,
Məhəbbəti üşüdür.
Hayqırtımı sadəcə,
Yalnızlığım eşidir.
Payız
keçib üstündən,
Xəzanına bürünüb.
Uçuq,
sökük bu daxma,
Hey bahara sürünür.
Bütün yollar qapanıb,
Təklik sarıb dörd yanı.
Bitəcəkmi görəsən,
Bu daxmanın üsyanı?
Yanan Xatirələr
Göz yaşımla islanıb, sənsizliyin səkisi,
Yağış kimi yağıram, sən getdiyin yollara.
Nə qədər ah çəkirəm,
necə qarğış
edirəm,
Xəyanətli əlinlə sarıldığın
qollara.
Buz tutmuş kirpiyimdə həsrətinin göz yaşı,
Yuxu axır
gözümdən, gözlərim
qapanmayır.
Asıram
gecələri, qaranlığın
boynundan,
Gecələr sona yetir, sabahlar
oyanmayır.
Yanır
hələ qəlbimdə
sən adlı xatirələr,
Sol yanımda kül
olub, qanıma qarışırsan.
Sən boyda bir zülmətdə
boğulur yazıq ruhum,
Yenə də zülmətinlə
canıma qarışırsan.
Səni İstəyirəm...
Bir
parça ümid istəyirəm
saçlarını erkən tökən gəncliyimə...
Anamın qucağını istəyirəm
bütün qorxularımı dəf etsin
qaytarsın məni
uşaqlığıma, dincliyimə...
Örpəyin altda gizlətdiyi
ağ tüklərin sayı qədər
xoşbəxtlik istəyirəm
qarşıdan gələn yaşlarıma...
Zindan olan gəncliyimə
azadlıq istəyirəm
Yerin, göyün hakimindən...
Sinəmdə cəm olan dərdlərimə
şəfa istəyirəm
ən savadlı
ən möhtəşəm həkimindən...
Bir də
bir də səni istəyirəm...
Xəyallarıma kölgə salan,
Röyalarımda gerçək olan,
Hər dəfə susqunluğumda
özü boyda fəryad olan,
səni istəyirəm adam...
səni...
Qəmər
SÖZAY
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.21.