Mənəvi missiya daşıyıcısı

 

 

Bu gün tanınmış telejurnalist, BDU-nun professoru Qulu Məhərrəmlinin 65 yaşı tamam olur. Bu münasibətlə "Kredo" qəzetinin "Qulu Məhərrəmli-65" adlı xüsusi buraxılışı nəşr olunub.

 

Xüsusi buraxılışda tanınmış elm və sənət adamlarının, yazıçı və jurnalistlərin yubilyar haqqında müxtəlif illərdə qələmə aldıqları yazıları toplanıb.

Yubiley münasibəti ilə həmkarımızı təbrik edir, professor Gülrux Əlibəylinin onun haqqında yazdığı və xüsusi buraxılışda dərc olunmuş "Mənəvi missiya daşıyıcısı" adlı yazısını oxuculara təqdim edirik.

Elə adamlar var ki, ekranda davamlı görürsən, amma səndə heç bir təəssürat yaratmır: danışır, amma nə səsi, nə sözü, nə üzü bir məna ifadə edir. Adamlar da var, ekranda bircə dəfə görüb azacıq dinləməyin kifayətdir ki, səni dərhal ovsunlasın. Qulu Məhərrəmli məni ekrandan ovsunlamş insanlardandır, onu ekrandakı cazibəsinə görə tanımışam. Sonra şəxsən tanış olub məmləkətin mətbuat aləmində belə bir kamil qələm sahibinin varlığına  sevinmişəm.

Onun fərqliliyi ilk dəfə xəbərlər verilişində diqqətimi cəlb etmişdi. Onda gecə efirə çıxan xəbər buraxılışına "1000 saniyə" adı qoymuşdular və pis də səslənmirdi. Təxminən 10-15 dəqiqə çəkən xəbərlər həm məzmununa, həm də aparıcısının fərqli performansına görə mənim üçün çox yeni idi. Kamera qarşısında sərbəst duruş, özünəəminlik ifadə edən görünüş, danışıq və xəbərlərin oxunuş tərzi, intonasiya, səsin tembri, xəbərləri çatdırma forması, sərbəstlik - hər şey bu televiziya üçün yeni görünürdü. Sanki ekranda müxtəlif maskaların arxasından tam səmimi, özünə hədsiz inam nümayiş etdirən bir həqiqi sima görünürdü.

Qulu müəllimi bir də yetkin xəbər aparıcısı kimi 1993-cü ilin qızmar yayında, əsas xəbərlərdə, az sonra isə ciddi bir analitik və siyasi şərhçi kimi "7 gün" proqramında gördüm. Sonuncu veriliş, ümumiyyətlə, mənə Azərbaycan televiziyasında yeni veriliş biçini kimi göründü. Belə formatı yalnız Qulu Məhərrəmli kimi ekran yaradıcılığına dərindən bələd olan, məzmunu fərqli qatlarda təqdim etməyi bacaran yüksək dərəcədə kreativ adam bacara bilərdi. Mən bu cazibədar kreativliyi onun "Təfsilat" adlanan müəllif proqramında da gördüm.    Qulu Məhərrəmlinin konseptual düşüncəsi, mövzuya elmi-publisistik yanaşma tərzi, süjet qurma və detalları ümumi struktura incə bir şəkildə yönəltməklə problemi açma bacarığı, sözlə təsvirin kontrapunktundan bəhrələnmə ustalığı, aydın müəllif üslubu, tamaşaçını inandıraraq öz cazibəsində saxlama məharəti onu televiziya tariximizin əsl novator, parlaq və yaddaqalan simasına çevirmişdir.

Mən aparıcı kimi Q.Məhərrəmlinin uğurunu təkcə onun ekranda tamaşaçını cəlb edib doğmalıq hissi yaranan görünüşündə deyil, həm də yapışıqlı, ürəyə yatan fərqli danışıq səsində görürəm. Onun xüsusi tembri ilə fərqlənən o gözəl səsi də elə bil adamın ürəyinə məlhəm kimi yayılır. Mən belə səsləri yalnız BBC, "Alman dalğası", "Azadlıq" radiolarında eşitmişəm. Artıq bu gün milyonlara tanış olan o məxmər səs mənim şüurumda fərqli bir mövqe qazanıb. Bu səsdə mən bir ciddilik, həlimlik,  inam, sevgi və xoş ovqat görürəm. Hər dəfə biz Qulu müəllimlə telefonda danışanda da mən eyni hissləri yaşayıram. Kim nə deyir-desin, səs - insanın obrazıdır, çünki onun daxili aləmini açır, adamın bənzərsizliyini, səmimiyyətini nümayiş etdirir. Qulu müəllim kimi adamlar yaşa dolduqca səsləri bir az da zənginləşir, çalarları gözəlləşir, dolğunlaşır, daha mənalı, daha cazibədar, daha təravətli olur.

Fikir verin, Qulu Məhərrəmli TV yaradıcılığında, ümumi jurnalistikada, publisistikada, elmdə hara, hansı işə qol qoyursa, hansı sahəyə müraciət edilsə, hamısında ciddi uğurlar qazanıb. Məsələn, AzTV tarixində ilk plüralistik tok-şou olan "Gerçəkliy"i xatırlayın, yaxud TV tariximizin ən uğurlu layihələrindən olan, Q.Məhərrəmlinin yaradıb-formalaşdırdığı, bir zərgər kimi cilaladığı "Səhər" proqramına baxın. Bunlar həqiqi peşəkarlığın göstəriciləridir. Bu gün elmi ictimaiyyətin jurnalistika və dilçilik sahəsində nüfuzlu söz sahibi kimi tanıdığı professor Qulu Məhərrəmlinin qələmindən çıxmış qiymətli əsərləri nəzərdən keçirin. O, çalışdığı televiziya və radionun fundamental tarixini yazıb, teleradio yaradıcılığının nəzəri əsaslarını işləyib, ekran-efirin bədii-estetik problemlərini araşdırıb, ortaya "Televiziya haqqında etüdlər", "Radio dalğalarında", "Audiovizual nitq", "Televiziya və radio tamaşaları" və s. kimi ciddi əsərlər qoyub. Professor Q.Məhərrəmli ölkədə siyasi publisistikanı və onun elmini yaradan ciddi alimlərimizdən biridir. Onun dilçilik, xüsusən lüğətçilik (leksikoqrafiya) sahəsində gördüyü işlər ayrıca bir tədqiqatın mövzusudur, amma bunu mütləq qeyd etməliyəm ki, professor Qulu Məhərrəmli Azərbaycanda jurnalistikanın sovet ideologiyasından azad, həqiqi və yeni konseptual nəzəri əsaslarını yaratmış böyük alimdir.

***

Bütöv şəxsiyyət kimi tanıdığım Qulu Məhərrəmli mənim üçün daha çox həqiqi ziyalılıq, mənəvi zənginlik və ləyaqət nümunəsidir. O, bir çox mənalarda dəyərdir, mənəvi missiya daşıyıcısıdır. Bu gün mənəvi yoxsulluqdan əziyyət çəkən cəmiyyətimizdə əsən küləklərdən, dəyişən şəraitlərdən asılı olmayaraq mənəvi prinsiplərlə yaşayan Qulu Məhərrəmli kimi şəxsiyyətlərin olması çox önəmlidir. Onun kimi adamlar bu narahat dünyamızda özlərinin mənəvi-intellektual uğurları ilə bizləri təəccübləndirir və insan ləyaqətinin, nəfsə hakim kəsilməyən mənlik hissinin diri qalmasının yenə də güc mənbəyi olduğunu göstərirlər. İdeallaşdırmaq istəmirəm, ammu bunu da deməliyəm ki, Q.Məhərrəmli iliyinə kimi mənəviyyat adamıdır. Onun həyat yoluna, göz qabağında olan yaradıcı və ictimai fəaliyyətinə, çətin situasiyalardakı müdrik, ağayana və təmkinli davranışlarına baxdıqca  bu şəxsiyyətin mənəvi gücünün, azadlığının və daxili səfərbərliyinin ləyaqətdən qaynaqlandığını duymaq çətin olmur. Cəmiyyətdə əksəriyyətin yalnız ağ-qara rənglərlə düşündüyü bir vaxtda Q.Məhərrəmli kimi cazibədar şəxsiyyətlərin heç bir emosiyaya yol vermədən öz sakit etirazları ilə mənəvi həyatımıza fərqli çalarlar qatması çox gözəldir.

Mənim üçün etiraz etməyi bacaran insan milli ruhun və milli xarakterin daşıyıcısı, öz xalqının həqiqi təmsilçisidir. Onu diletantlığa etiraz edə bildiyi üçün, mənəviyyatsızlığa "yox" dediyi üçün, haqsızlığa səssiz qalmadığı üçün çox sevirəm. 1998-ci ildə AzTV-nin vəzifəli şəxslərini ekrana çıxarıb siyasi opponentləri söydürəndə məhz Qulu Məhərrəmli buna etiraz etdi. Verilişdə professoru bir müğənni ilə əvəz edənlərə yalnız o "yox" deyə bildi. Kimisə vəzifədə saxlamaq üçün Mətbuat Şurasının nizamnaməsini dəyişəndə tək-tük etiraz edənlərdən biri məhz Qulu müəllim oldu. 2011-ci ildə BDU-da ziyalı mühiti ilə qarşıdurmaya əvvəlcə Qulu Məhərrəmli, sonra isə akademik Cəlal Əliyev etiraz etdilər. Məncə, yalnız ruhən azad, daxilən yetkin, təhlükələri duyan, özünə güvənən, xalqını, dövlətini sevən bir adam naqisliklərə bu dərəcədə canyanğısı ilə etiraz səsini ucalda bilər.

Mən Qulu Məhərrəmli kimi azad düşüncəli, içərisində məcburən yaşadığı çirkli mühitin eybəcərliklərini qəbul etməyən, axına qoşulmayan davranışları ilə bu qorxulu axına etirazını bildirməyi bacaran adamları həmişə dahi island yazıçısı H.Laksnesin yaratdığı Knut obrazına bənzədirəm. Böyük yazıçının "Çəpər üstə quş" hekayəsinin qəhrəmanı olan Knut tövbəetmə üçün yanına gəlmiş keşişi rədd edir, "dünyanı yalan və məkr yuyub aparır" deyir və çəpər üstə qonmuş azad quşları göstərərək "mən sizin axmaq moizələrinizə deyil, o azad quşların mahnısına inanıram" deyir. Bəli, Q.Məhərrəmli kimi azad və müstəqil düşüncəli insanlar öz həyatını və davranışlarını hansısa yalan və mənasız moizələr əsasında deyil, dərin ağlının, sağlam məntiqinin əsasında qurur.

***

Qəribədir, Azərbaycan yenidən müstəqilliyini qazananda ən dinamik proseslər bu sahədə gedirdi. Mətbuat səhifələrində yalanın, pafosun yerini həqiqət tutmağa başlayırdı. Qəzet səhifələri, sanki bir mənəviyyat süzgəcinə çevrilmişdi. Televiziya ekranlarından da həqiqətin səsi gəlməyə başlamışdı. Bütün bunlar cəmiyyətə mənəvi güc verir, insanları ruhlandırırdı. Amma nə qədər qəribə olsa da, son illərdə mətbuat da, televiziyalar da bu işin əksini görməyə başlayıb. Tarixi nihilizm, ədəbi şəxsiyyətlərə hücum cəmiyyətin nüfuzlu adamlarını gözdən salmaq, dəyərləri tapdalamaq, sanki bir siyasətə çevrilib. Məsləkindən dönən, mənəvi metamorfozaya uğrayan nə qədər adam ortaya çıxıb. Təəssüf ki, bunların arasında söz adamları və jurnalistlər daha çoxdur. Bax belə bir "mənəvi qasırğa" şəraitində Qulu Məhərrəmli kimi millətin taleyinə biganə olmayan mətbuat adamları öz səslərini ucaldırlar. Ona görə də bu məqamı xüsusi qabartmaq istəyirəm ki, həyatında və yaradıcılığında güclü  ictimai etiraz notları Q.Məhərrəmlinin şəxsi  iddiaları deyil, onun narahat ürəyinin döyüntüləri, təmiz vicdanının səsidir, bir ziyalının harayıdır.

Təkcə "Ayna"dakı sanballı yazılarını nəzərdən keçirmək kifayətdir ki, onun yaşadığımız narahat dünyanın, çağdaş dövrümüzün, düşünən insanının, günümüzün mənəvi-psixoloji mənzərəsini necə ustalıqla cızmasının şahidi olasan. Bu yazılar mənim belə bir qənaətimi təsdiq edir ki, bu gün bəşəriyyət həqiqətən günah içərisində yaşayır. İnsani hisslər heyvani hisslərlə əvəz olunur. Təmiz, ülvi, ilahi hisslər, sanki  boynubükük bənövşəyə dönərək  bu natəmiz dünyadan gizlənmək üçün kol dibi axtarır. Bu, böyük dərddir və Q.Məhərrəmli bu dərdləri yazmaqla, həmçinin, özünün zəngin mənəviyyatı, dürüstlüyü, ləyaqəti və sınmazlığı ilə, naqisliklərə, yalanlara qarşı şahanə duruşu ilə daim yüksəklərdə qalmağı bacaran bir qələm sahibi olduğunu sübut edir.

***

Qulu Məhərrəmli parlaq vətəndaş mövqeyi olan ictimai xadimdir, mənim üçün, həm də adı böyük hərflərlə yazılan əsl ziyalıdır. Yaşadığımız bu narahat dünyada, çətin zəmanədə, bəzən labirintlərində azıb-qaldığımız həyat yollarında insanlara ümid verən, öz davranışları onları ruhlandıran şəxsiyyətdir. O, ilk növbədə  mənəvi missiyanın daşıyıcısıdır və bu missiyanı gerçəkləşdirmək üçün Tanrı ona böyük ürək, tükənməz enerji və daxili güc verib. Biz yalnız bu böyük İNSANA "yolun həmişə açıq olsun" deyə bilərik.

Gülrux ƏLİBƏYLİ

Professor

 

525-ci qəzet.- 2019.- 2 noyabr.- S.20.