Səməd Vurğun və Səmədoğlular Məti Osmanoğlunun təfsirində   

 

 

Ədəbiyyatşünas Məti Osmanoğlunun "Ocaq yeri" kitabı Səməd Vurğun ocağına həsr olunub. Müəllifin də qeyd etdiyi kimi, Səməd Vurğun və oğulları Azərbaycan ədəbiyyatı tarixində fərqli yer tuturlar və kitabın üstünlüyü ondadır ki, müəllif bu fərqliliyi tam miqyası ilə müəyyənləşdirə, təqdim edə bilmişdir.

Kitabın Səməd Vurğuna həsr olunmuş bölməsi "Komsomol poeması": təhkiyə, müəllif və oxucu" adlanır.

M.Osmanoğlu bu əsərə müraciətinin səbəbini, məqalənin məqsədini belə göstərir: "Bizim qeydlərimizin yaranmasında başlıca  səbəblərdən biri əsəri zamandan-zamana  daşıyan poetik sistemin, həmin sistemin bir  hissəsi olan təhkiyədə müəllif obrazının iştirakının təhlilidir"...

Bu yanaşma tək ədəbiyyat tarixi baxımından deyil, həm də nəzəriyyə baxımından  dəyərlidir. Çünki müəllif  "Komsomol  poeması"nı tam fərqli rakursdan təqdim edə bilmişdir. Məqalədə müəllif istər XX əsrin,  istərsə də XXI əsrin söz adamının əsərə münasibətini təhlil süzgəcindən keçirir. XX  əsrdə bu poema sovet quruluşunu tərənnüm edən əsər kimi qəbul olunurdusa, XXI əsrdə  ona antisovet əsəri kimi yanaşılır. Məqalədə göstərilir ki, "Səməd Vurğunun sağlığında şairin "Komsomol poeması" sinfi mübarizəni, kəndin kollektivləşməsini, kolxoz quruculuğunu, komsomol hərəkatını tərənnüm edən əsər kimi təbliğ edilirdi". Sonra müəllif Mir Cəlalın şairin ölmündən 4 il sonra yazılmış "Yeni şeirimizin manifesti"  adlı irihəcmli məqaləsinə istinad edir və göstərir ki, Mir Cəlal da "Komsomol poeması"nı sovet siyasi və ictimai sisteminin tərəfində olan, onu müdafiə edən bir əsər kimi qiymətləndirib...

Qoyduğu məsələlərin şərhində güclü  sistemliliyə əsaslanan, təsvir, təhlilləri bir-biri ilə qırılmaz əlaqədə olub və bir-birini tamamlayan M.Osmanoğlu göstərir ki, 1960-cı illərin sonunda "Komsomol"un qarşısında daha bir perspektiv açıldı - əsər tamaşaçı ilə "kino dilində", ancaq fərqli  mətləblərdən danışdı. "Yeddi oğul istərəm"  filminin dünyaya gəlişi Azərbaycan  kinosunun son dərəcədə maraqlı hadisəsi  olmaqla yanaşı, S.Vurğun yaradıcılığının dərk və təqdim olunmasına da yeni bir yanaşma gətirdi". 

Müəllif XXI əsrin nüfuzlu söz adamının - Ramiz Rövşənin "Komsomol poeması"na  münasibətinə istinad edərək əsər haqqında müasir zamanın düşüncəsini önə gətirir. Ramiz Rövşən yazır: "Əslində, o dövrün ən antisovet əsərini nə Müşfiq, nə Cavid, nə də  Əhməd Cavad, məhz Səməd Vurğun  yazmışdı və bu, məşhur "Komsomol poeması" idi... Bircə şeyi deyim ki, "Komsomol poeması"nın qiyməti təkcə  onun antisovetliyində deyil, bu əsər Füzulinin "Leyli və Məcnun"undan sonra  yazılı ədəbiyyatımızda ən gözəl sevgi poemasıdır. Bu əsərin bir cüt qəhrəmanı - Cəlalla Humay isə milli poeziyamızda Leyliylə Məcnundan sonra ən məşhur bir  cüt nakam sevgili obrazıdır. Belə xoşbəxtlik  isə, hər böyük şairin bəxtinə düşmür". Bu fikirlər sərrast deyilməklə yanaşı, ədəbiyyatşünaslıq üçün də yeni yanaşma təklif edir.

Müəllifin "Komsomol poeması"na həsr etdiyi əksər başlıqların adı göstərir ki,  məqalədə qoyulan məsələlər ədəbiyyat nəzəriyyəsinin aktual mövzularıdır. Məsələn, məqalənin maraqlı bölümlərindən biri "Janrın yaddaşı" adlanır. Müəllif çox doğru olaraq göstərir ki, "Bədii yaradıcılıqda sözün şüuraltı hərəkətini  tənzimləyən daha bir mühüm amil də əsərin janrıdır. Yəni janrın poetik tələbləri yaradıcı insanı özünün belə dərk etmədiyi bir qüvvənin hökmü altında janrın qanunları ilə hesablaşmağa, həmin qanunları yerinə   yetirməyə vadar edir". Janr baxımından   yanaşmada S.Vurğun əsəri mənzum roman  kimi yazmışdır. Bu da şairin qarşısına çətinliklər qoymuşdur. Və bu cəhət   M.Osmanoğlunun diqqətindən yayınmır.   O yazır: "Həyatın epik mənzərəsinin nəzmlə   verilməsi mətnin lirik düşüncə ilə epik  düşüncə arasında tərəddüdlərinə səbəb olurdu".

Məqalədə "Komsomol  poeması" müxtəlif   kontekstlərdən təqdim olunmuşdur. Maraq  doğuran başlıqlardan biri "Estetik sistemin transformasiyanın tarixi" adlanır. Burada müəllif "Komsomol poeması"nın estetik sistemini Puşkinin "Yevgeni Onegin"  poemasının estetik sistemi ilə müqayisə   etmişdir. Müəllifin qənaətinə görə, hər ikisi mənzum roman olan bu əsərləri janr və janrın yaddaşı baxımından eyni müstəvidə təhlil etmək üçün daha ciddi əsaslar mövcuddur. Müəllif bunu S.Vurğunun öz sözləri ilə təsdiqləyir. S.Vurğun yazırdı: "Yevgeni Onegin"in tərcüməsi üzərində işin mənə nə verdiyini yalnız sonralar bütünlüklə başa düşdüm. Bu əsər bir şair kimi sonralar mənim qarşımda "Komsomol", "Vaqif",  "Xanlar" kimi əsərlərimdə həyata keçirdiyim fikirlərimdə geniş bədii imkanlar açdı. "Onegin"i tərcümə edərkən mən inandım ki, mənzum şəkildə də xalq həyatını  bütün rəngarəngliyi ilə inikas etdirən geniş epik, realist əsərlər yazmaq mümkündür".

"Ocaq yeri" kitabının ikinci bölməsi "Biz gəldi-gedərik... sən yaşa, Yusif Səmədoğlu" adlanır. Məqalənin adı S.Vurğunun "Komsomol poeması"ndakı "Biz gəldi-gedərik, sən yaşa, dünya" misrasından götürülüb. Bu yazı, fikrimcə, Məti Osmanoğlunun tərcümeyi-halının tərkib  hissəsidir. Məqalədə Y.Səmədoğlunun "Qətl günü", yarımçıq qalmış "Deyilənlər gəldi  başa" romanı, "Yeddi oğul istərəm"in   meydana gəlməsi şəraiti və s. haqqında  maraqlı məlumatlar vardır. Müəllif tamamilə  doğru olaraq bu fikirdədir ki, "Ədəbiyyat  tarixində hər yazıçıdan Yusif  Səmədoğlunun əsərləri sayda əsər qalsa, biz çox zəngin olarıq". M.Osmanoğlu  ədəbiyyatımızın ən maraqlı  şəxsiyyətlərindən hesab etdiyi Yusif  Səmədoğlunu yaxşı tanıdığından onun haqqında əsaslı və orijinal fikirlər söyləyə  bilmişdir: "Yusifin bütün əsərlərində onun öz obrazını görmək mümkündür. Bu  mənada, Yusif Səmədoğlu yaradıcılığı ilə şəxsiyyəti tam üst-üstə düşən yazıçı idi".

Müəllifin maraqlı mülahizələrindən biri   diqqəti S.Vurğunun poeziyası ilə Y.Səmədoğlunun nəsrini bağlayan amillərə yönəltməsidir. 

Kitabda Vaqif Səmədoğluya həsr olunmuş iki məqalə - "Sözsüz nəğmə" , "Onun şair taleyini şeiri yazdı" verilmişdir.

"Sözsüz nəğmə" 2002-ci ildə, yəni  V.Səmədoğlunun sağlığında yazılmışdır. M.Osmanoğlunun bu məqaləsi Vaqif Səmədoğlu haqqında yazılmış orijinal  məqalələrdəndir. Çünki müəllif şairin poeziyasının dərinliklərinə baş vura bilir. Yazını oxuyanda bir daha əmin olursan ki, Vaqif Səmədoğlunun yaratdığı obrazları ənənəvi model, üsullarla dərk etmək çox çətindir: "Vaqif Səmədoğlunun şeirlərinin  birmənalı qavranılması və yozumu   mümkün deyil. Bu, onun şeirlərinin təbiətindən irəli gəlir. Vaqifin şeirləri  asanlıqla tutula bilməyən anım, assosiativ  təsir genişliyinə görə əlamətdardır. Klassik  musiqinin sözlə dərki və izahı çətin olduğu  kimi, Vaqif Səmədoğlunun şeirlərinin də  sözlə dərk və şərh olunması olduqca  mürəkkəb və çətindir". 

V.Səmədoğlunun obrazlar aləmi - ayrılıq,  ölüm, azadlıq, tənhalıq... onun yaradıcılığında spesifiklik yaradır. M.Osmanoğlu bu cəhətə xüsusi diqqəti çəkmişdir: "V.Səmədoğlunun əksər şeirləri təkcə oxucu ilə yox, həm də şairin özü ilə, öz dünyasında yaratdığı obrazlarla - ölümlə,  ayrılıqla, azadlıqla ünsiyyətdir, daxili mükalimədir".

V.Səmədoğlunun yaradıcılığında Allaha müraciətlərin, Allahla ünsiyyətin xüsusi yeri var. Məqalə müəllifinin qənaətinə görə, Vaqifin yaradıcılığında "Allah bizim inam və etiqad etdiyimiz varlıqdan fərqli bir  obrazdır. Vaqifin tapındığı, dərdləşdiyi Allah onun özünün yaratdığı bədii obrazdır. V.Səmədoğlu şeirlərində bizim etiqad etdiyimiz, dinimizin bizə tanıtdığı ulu qüvvə  ilə deyil, özünün yaratmış olduğu Allahla danışır".

Vaqif Səmədoğlunun yaradıcılığında insan  mühüm yer tutur. Çünki Vaqif insanın (insanlığın!) şairidir. "V.Səmədoğlu poeziyası öz təbiətinə görə, "təmiz ədəbiyyat"dır, "siyasi lirika"ya sığmır" deyən müəllif Vaqif yaradıcılığında insan  konseptinə diqqəti çəkməklə qalmamış,  həm də onun ağrının şairi olmasını   vurğulayır: "Vaqif Səmədoğlu bölünmənin,  birləşmənin yox, ağrının şairidir. O, dövlətin, torpağın, bayrağın yox, insanın şairidir. Vaqif Səmədoğlu dinin, inamın, əqidənin, ideyanın, ideologiyanın deyil, yenə məhz insanın şairidir".

"Onun şair taleyini şeiri yazdı" məqaləsi  kitabın ən təsirli hissəsidir. Bu məqalədə müəllif Vaqif Səmədoğlunun qeyri-adi  məzarüstü abidəsindən danışır. Bildiyimiz  kimi, Vaqif Səmədoğlunun məzarının  üstündə nə başdaşı, nə də heykəl var. Yerə  döşənmiş qara mərmərdən birinin üzərinə şairin "Mən burdayam, İlahi" müraciəti yazılıb.

Məzarıma

Nə baş daşı qoyun,

heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...

Bu misraları Vaqif Səmədoğlu hələ gəncliyində yazmışdır. M.Osmanoğlunun dediyi kimi, çox nadir hallarda şeir şairin taleyini yazır, şairin iqbalına, qədərinə, yazısına çevrilir...

Vaqif yaradıcılığında ölüm başlıca motivdir.  Məti Osmanoğlu göstərir ki, "Vaqif  yaradıcılığında ölüm zamanın sərhədidir. Şairin poetik təqdimatında ölüm insanın yaşadığı həyatla həyatın bitdiyi an arasında təmas nöqtəsidir. Vaqifin poeziyasının ruhu isə həmin təmas nöqtəsinin həyat tərəfindədir"...

Məti Osmanoğlunun "Ocaq yeri" kitabı indi cismən dünyada olmayan S.Vurğun,  Y.Səmədoğlu və V.Səmədoğlu haqqında bu qənaəti yaradır ki, əsl sənət sönməz  ocaqdır: sonra gələn nəsillərə işıq və istilik ötürür.

 

Qismət CƏFƏROV

BDU-nun magistrantı

 

525-ci qəzet.- 2019.- 2 noyabr.- S.19.