Arif Hüseynovun
"Kitab qrafikası": keçmişdən
gələn səda
Oktyabrın 30-da "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin
"Kitab qrafikası"
qalereyasında Xalq rəssamı Arif Hüseynovun "Kitab qrafikası" fərdi sərgisinin təqdimatı
keçirilib.
Böyük Azərbaycan şairi, mütəffəkir İmadəddin
Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgidə "Arif Hüseynov - Qrafika" kitabının
təqdimatı da gerçəkləşib.
Qalereyaya girəndə gözümə
inanmadım. Ədəbi-mədəni tədbirlərdə qələbəliyə öyrəşmədiyimdən
salondakı izdiham məni çox təəccübləndirmişdi. Gözlərim istər-istəməz
tanış sima axtardı. Kimlər yoxdu ki... Yazıçı-dramaturq
Aqşin Babayev, Xalq artisti İlham
Namiq Kamal, Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov, Yazıçılar
Birliyinin mətbuat katibi Xəyal Rza, professor Qəzənfər
Paşayev, Xalq yazıçısı Natiq
Rəsulzadə, Türkiyə
səfirliyinin mədəniyyət
müşaviri İrfan
Çiftçi, sənətşünas
Ziyadxan Xəlilov...
Salamlaşıb sərgiyə daldım. Bəli, "tamaşa etmək" birləşməsi sərginin
gözəlliyi, dərinliyini
ifadə etməkdə
acizdi. Belə sərgiyə məhz
dalmaq lazımdı.
Amma çətin ki, rəssamlıq həvəskarı
olanlar dalmaqla da bu ümmanın
dibinə enə bilələr. Çünki qarşılarında İmadəddin
Nəsimi kimi düha, Arif Hüseynov kimi sənətkar var. Açığı,
ilk dəfə bu səpgidə bir sərgiyə tamaşa edirdim. Düşünmürəm ki, ən azı Azərbaycanda daha əvvəl belə sərgi olsun. Arif Hüseynovun xüsusiyyətlərindən
biri də elə budu, axı. Orijinallıq...
"Onun müxtəlif
vaxtlarda Bakıda nümayiş olunan fərdi "Qarabağnamə
- tarixin səhifələri",
"Azərbaycan nağılları",
"Hophopnamə" kimi
sərgiləri hərəsi
bir epopeyaya bərabərdir" - fikrindəyəm.
Sərgiyə tamaşa etməyə başım qarışdığından
tədbirin nə vaxt başladığından
xəbər tutmamışdım. Salonda adamların
seyrəkləşdiyinin fərqinə
varanda təqdimatın
başlamasından xeyli
vaxt keçirdi.
Təqdimat zalına keçəndə
Ziyadxan Xəlilov çıxış edirdi.
Sənətşünas həm də
75 illik yubileyini qeyd edən Xalq rəssamının yaradıcılığı barədə
geniş danışdı.
Onun rəngkarlıq üslubundan,
sənətə, rəssamlığa
baxış bucağından
söz açdı.
Qeyd etdi ki, qocaman
rəssam yaradıcılıq
baxımından hələ
gəncdir, enerjilidir.
Daha sonra söz alan Natiq
Rəsulzadə sözünə
yubiley təbriki ilə başladı. Arif Hüseynovla tanışlığının
tarixçəsindən, Bakıda,
eləcə də digər ölkələrdə
anşlaqla qarşılanan
sərgilərindən söz
açdı, rəssam
kimi özünəməxsus
üslubundan danışdı.
Çıxışçılar dəyişdikcə diqqətimi
Arif Hüseynova yönəldirdim. Hamısını çox diqqətlə
dinləyir, təvazökarlıqla
gülümsəyir, bəzən
də situasiyadan asılı olaraq qımışırdı. İlk baxışdan inanmaq çətindi. Bu boyda yaradıcılıq xəzinəsini həmin bu qarabuğdayı, balacaboy, təvazökar kişimi yaradıb?
Adam bu boyda istedadla necə belə canayaxın, təvazökar, hətta bəzən uşaq kimi sadədil ola bilər?
Fikirdən ayrılanda İlham Namiq Kamal çıxış edirdi. Özünəməxsus yumşaq, rəvan səsiylə salonu ələ almışdı. Hamı bir nəfər kimi, cınqırını çıxarmadan ona qulaq asırdı. Sükutu pozan bir o idi, bir də fotoaparatın şaqqıltısı.
Daha sonra İrfan Çiftçi, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev çıxış edərək təbriklərə qoşuldu.
Sonda söz yubilyara verildi. Sərgi iştirakçılarına təşəkkürünü bildirən Arif Hüseynov onun üçün əlamətdar olan belə bir gündə sevənlərinin, sənət dostlarının əhatəsində olmaqdan məmnunluğunu ifadə etdi. "Kitab qrafikası" qalereyası ilə də bağlı planlarının olduğunu nəzərə çatdıran rəssam bildirdi ki, sözügedən məkanda gənc rəssamların əsərləri nümayiş olunacaq, onların tamaşaçılarla, sənətsevərlərlə bir araya gəlmələrinə şərait yaradılacaq.
Tədbirin rəsmi hissəsi Arif Hüseynovun çıxışıyla başa çatdı. Rəssam iştirakçıları sərgiyə baxmağa dəvət etdi. İmkan tapıb onunla bir neçə kəlmə danışa bildik: "Bu sərgi kitab qrafikası janrında işlədiyim əsərlərdən ibarətdir. Əsasən də yeni işlərimdən təşkil olunub. Bir ziyalı, rəssam kimi, "Nəsimi ili"nə əlimdən gələn qədər töhfə verməyə çalışmışam. Düşünürəm ki, maraqla qarşılanacaq. Bundan başqa qeyd edim ki, Kitab qalereyasında sırf kitab qrafikası ilə məşğul olan gənc rəssamlar toplanacaqlar, naşirlərlə görüşlər təşkil ediləcək. Qalereyanın strateji hədəfləri var. Müstəqil Azərbaycanın adını, Azərbaycan kitabını dünyaya çıxarmaq, dünyada brend halına gətirmək".
Rəssama təşəkkür edib təbriklərimi çatdırır, ətrafıma göz gəzdirirəm. Yaxınlıqda İlham Namiq Kamal var. Həmişəki kimi təbəssümlə salamlayır. Qısa açıqlama verməyi xahiş edirəm: "Arif Hüseynov mənim dəyərli dostlarımdandır. Gənclik illərindən çiyin-çiyinəyik. O rəssamlıqda özünü sınayıb, mən teatrda. Bu günə qədər bir çox sərgisində iştirak etmişəm. Hər sərgisi də özünəməxsus, səsgətirən olub. Arif Hüseynov böyük rəssam olmaqla yanaşı, əsl torpaq adamıdır. Olduğu kimidir, səmimidir. Xalq tərəfindən çox sevilməyinin bir səbəbi də elə budur".
Xalq artistiylə sağollaşanda kimsə əlini çiynimə qoyur. İrfan Çiftçidir. Görüşürük. Bir az söhbətləşəndən sonra telefonunu çıxarıb şəklimizi çəkir:
- Bayaqdan sən hamını çəkirsən, qoy mən də bizi çəkim.
Gülürük.
Reportaj üçün kiçik açıqlama istəyirəm. Əvvəlcə razılaşmır:
- Bayaq demək istədiklərimin hamısını dedim.
- Amma bu, məxsusi
olacaq, axı.
Gülüb razılaşır.
"Arif Hüseynovu
artıq uzun illərdir, tanıyıram. Yaradıcılığını da yaxından
izləyirəm. "Kitab qrafikası" sərgisinin bir neçə orijinal tərəfi var. Birincisi, Azərbaycanda buna bənzər sərgiyə
rast gəlməmişəm.
İkincisi, sovet dövründə
kitab rəssamlığı
ayrıca janr kimi inkişaf etmişdi, önəmli qəbul edilirdi. Amma indi arxa plana
düşüb, daha çox qrafik-dizaynerlərin
köməyindən istifadə
olunur, digitallaşıb.
Arif Hüseynov bu sərgiylə həmin janrı yenidən dirçəldib. Üçüncü məsələ isə yanaşmadır. Məsələn hazırda Afaq Məsudun "Hekayələr"
kitabına çəkilmiş
illüstrasiyanın qarşısında
dayanmışıq. Arif Hüseynov
300 səhifəlik kitabı
1 səhifədə, 1 kətan
parçası üzərində
ifadə edib".
İrfan Çiftçi
önəmli nüansa toxunmuşdu.
Arif Hüseynov az qala unudulmaqda olan bir sənət
növünə yenidən can verib bu sərgiylə. Sərgi
həm də keçmişdən, incəsənət tariximizin dünənindən,
keçmişindən gələn sədadı. İnanaq, arzulayaq ki, rəssam hələ çox
möhtəşəm işə, əsərə can verəcək.
Cavid
QƏDİR
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.17.