1926-27-ci illərin
"Molla Nəsrəddin" jurnalında Naxçıvan
VƏ YA
HACI MƏHƏMMƏD QURDUN AĞZINI NECƏ BAĞLATDIRDI
Hüseyn
Ələkbər oğlu Əsgərov 1955-ci il
dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar
kəndində anadan olub. 1977-ci ildə ADU-nun jurnalistika
fakültəsini bitirdikdən sonra bir il
"Şərq qapısı"qəzetində, 23 il
Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində
işləyib.
Həmin
müddətdə 4 il "Xalq qəzeti"nin
Naxçıvan MR üzrə müxbiri olub. 2001-ci
ildən 2011-ci ilədək Naxçıvan MR Ali Məclisində
mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun
baş müşaviridir. Hazırda
Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin
rəhbəridir.
Qəzet və jurnallarda mütəmadi olaraq publisistik
yazıları dərc olunur."Araz", "Yeni səslər"
almanaxları,
"Heraklın 13-cü
qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə"
(2014-cü il), "Naxçıvan səhiyyəsi inkişaf
və tərəqqi yollarında" (2015-ci il),
"Gülüşlərin cingildəsin saz kimi" (2017-ci
il), "Biz necə mütaliə edirik" (2017-ci il) adlı
kitabları oxuculara təqdim
edilib. H.Əsgərovun milli mətbuatımızın
parlaq nümunəsi olan "Molla Nəsrəddin"
jurnalı haqqında əhatəli tədqiqatını
oxucularımıza təqdim edirik.
(Əvvəli
ötən sayımızda)
Jurnalın "Yetim" ləqəbli müxbiri məhsuldarlığı
ilə diqqət çəkir. Jurnalın əksər nömrələrində
onun imzası ilə yazılar var. Ustadı Mirzə Cəlidən
bəhrələnən "Yetim"in yazılarında
satirik maneralar, kinayələr sarkazm səviyyəsinə
qalxır. O, tiplərin üzərinə birbaşa hücuma
keçir, onları yolda, evdə, həyətdə, meydanda
yaxalayır, onlara özünəxas şəkildə
yanaşır. Tənqid hədəfləri də
bu yanaşma tərzindən yayına bilmirlər. Müxbirin "Qurd ağzı bağlamaq"
felyetonu isə artıq sadəcə tənqid deyil, satirik kinayə
və qəzəb, satirik eyham və ifşa, satirik faciə və
lənətdir. Müəllifin dediyinə
görə, neçə illərdir ki, qəzetlərdə
yazırlar ki, filan kooperativ qulluqçusu, yaxud filan xidmətçi
idarənin bu qədər pulunu yeyib dağıdıb. Rüşvətxorluğa və korrupsiyaya
qarşı mübarizə tədbirləri bir səmərə
vermir. Nə qədər tutasan, nə qədər
doldurasan türməyə. Təzə gələn də
uzağı bir ilə səbr eləyib ikinci il girişir idarənin
pullarına. "Yetim" məsləhət görür ki, belələrini
türməyə bassalar, Ordubadda adam qalmaz,
çünki xırda yerdir, əhalisi azdır. Yaxşısı budur ki, bir adamı ki vəzifəyə
təyin eləyirlər, əvvəlcə gətirsinlər
Ordubadda Hacı Məhəmmədin üstünə, dua
yazdırıb ağzını bağlatdırsınlar ki,
idarənin pul-parasını yeyib tələf eləməsin.
Çünki Hacının bu işdə zəngin
səriştəsi var. Belə ki, qurd ağzı duası
oxumaqla qonşusu Səfərin itmiş qoyunlarını qurdun
ağzından o qoruyub. Səfər də
sabahısı günü qoyunlarını sağ-salamatca
öz samanlığında tapıb.
Müxbir bu sınanmış metodun bütün idarələrdə
tətbiqini məsləhət görür. Əmin edir
ki, o zaman idarə müdiri qazamat təhlükəsindən
qurtular və ailəsi başsız qalmaz (22 yanvar 1927, ¹4).
"Fəaliyyətlər"də
"Cünun" Ordubad və Vənənd şirkətlərinin
baramaçıları aldadaraq
kilosunu 30 manata alıb, oradaca fövrən 45 manata ərbab
Rzayevə satıb qazandıqlarından (¹30),
"Ordubaddan"
başlıqlı yazıda "Məhzun" isə
mollallar arasında yaranmış intriqalardan bəhs edir. Ordubadlıların bir qrupu Tiflisə gedərkən
Ağ Seyidin oğlu bu günlərdə mərsiyə oxumaq
üçün Qarabağa yollanıb. Camaatı necə ağladıbsa,
onu 4 at, 24 qoyun, 8 keçi, 20 pud yağ, 10
dağarcıq motal, 60 pud buğda, 300 manat pulla yola
salıblar. Oğlu Mirhadini isə pişik
balası ilə sevindiriblər (1927, ¹38").
22-ci nömrədə "Məyus" ona görə məyusdur
ki, şəhərdə qonaqlıq olduğundan məruzəçi
kənddə keçirilən Şuralaşma bayramına getməyib. İstəmir yazsın ki,
kommunxoz müdiri elə dəm idi ki, teatrda özgənin
arvadını öpüb sonra üzr istədi. Yaxud maarif
xadimlərinin ölkə şöbə müdirinin içib
başı gicəlləndiyindən yıxıldığını,
qolu yaralı olduğundan bağlatmaq
üçün camaat görməsin deyə xəstəxanaya
gecə getdiyini yazmadığından məyusdur.
Jurnal
Culfadan da yan keçməyib
Şərqlə Qərbin qovşağında yerləşən
Culfa geostrateji mövqeyinə görə həmişə
böyük dövlətlərin maraq dairəsində olub. 1727-ci ildə
Çulfa rayonunun ərazisi bir neçə nahiyədən
ibarət idi. Culfa isə kənd kimi Dərəşam
nahiyəsinə daxil edilib. 1926-cı ildə
dairə mərkəzinə, 1930-cu ildə rayona çevrilib.
Rayon mərkəzi 1949-cu ilə kimi Əbrəqunus
olub. Dəmiryolunun çəkilməsi Culfanın əhəmiyyətini
artırıb, 1900-1905-ci illər ərzində Culfa şəhərində
yerləşən vağzal tipli dəmiryol stansiyası
inşa edilib, 1908-ci
ildən istifadəyə verilib. Stansiya 1908-ci ildən
Uluxanlı-Culfa, 1915-ci ildən Təbriz-Culfa, 1941-ci ildən
isə Mincivan-Culfa xətləri üzərində fəaliyyət
göstərib.
Bu il 190 illiyi tamam olan Gömrük İdarəsi
də bölgənin inkişafında mühüm rol
oynayıb. Vaxtilə İrandan Gürcüstana,
Şirvana və Dağıstana gedən karvan yolları da
Culfadan keçib, bu şəhər orta əsrlərdə
dünya ipək ticarətinin mərkəzlərindən
sayılıb. Tarixi sənədlərdə
göstərilir ki, XVI əsrin II yarısında Culfa tacirləri
Venetsiya, Marsel, Amsterdam kimi Avropanın böyük sənaye və
ticarət mərkəzləri ilə geniş əlaqələr
qurublar.
Jurnal zaman-zaman bu gömrük məntəqəsindən
özünəməxsus şəkildə bəhs etmiş,
nöqsanları hədəfə almışdır. Çunki Mirzə
Cəlil və digər mollanəsrəddinçilər bu
gömrükxanadan çox keçmişdilər. Hər keçid onların təəssüratında
müəyyən izlər buraxıb. Bu təəssüratlar
isə felyetonlarda, karikaturalarda öz əksini
tapmışdır.
Bu karikaturada ağır, bürokratik axtarış əməliyyatlarından
sonra gömrüyü keçənlərin sevinci təsvir olunub.
Tənqidi
yazıların birinə göndərilmiş cavab məktubunun
ədəbi priyom kimi astarı üzündən betərdir:
"Bizim Culfa gömrükxanasından irəlidə giley
yazmışdınız, ona görə lazım bildim ki, xəbər
verəm: ondan bu yana dəxi işlər hamısı nizam və
qərar ilədir, hətta fərraşbaşı da heç
kəsdən zor və güclə pul almır, hərdənbir
istəsə dilənçilik qərarı ilə
yalvarıb-yaxarıb rus və firəng müsafirlərindən
səlamətlik alır, müsəlmanlardan heç onu da
almır. Dəxi nigaran olma” (1908, ¹21).
Jurnalın
1927-ci il 18-ci nömrəsi Azərbaycanın
7 illik şuralaşma gününə həsr edilib. Amma səhifələrinə
yerləşdirən yazılar şuralaşmanın
uğurlarından yox, fəsadlarından xəbər verir. Məsələn,
Şura hökumətinin Culfa Gömrük İdarəsinə
müdir təyin etdiyi Leonidovun balaca ağ
iti üçün idarənin içində bir stol
ayrılmışdır.
"İtbaz müdir" sərlövhəli yazıda
da həmin Leonidovdan bəhs olunur. Belə ki, o, iclasa da itlərlə
birgə gedir,orada hürdürər və
qızları güldürməklə özü də
gülər. "Bacıoğlu" Mollaya
yazır ki, əgər Bakı itbazlarına da bu
küçüklərdən lazım olsa, Culfa
gömrükxanasının müdiri Leonidova müraciət
etsinlər (1927, ¹14).
Yeri gəlmişkən, jurnal özgə millətlərdən
olub belə idarələrə rəhbərlik edən digər
qudurğanları da oxuculara tanıdır. Belə ki, işçi-kəndli
klubunda axşamlar radioya qulaq asmaq üçün doktor
Benqilyanın iti üçün xüsusi bir stol
ayrılıb. Heç kəsin o stulda
oturmağa ixtiyarı yoxdur (¹23).
Belə itoynadan müdirlərin gömrük yoxlamaları da müsafirləri incik salırdı. Məsələn, Ordubadın Bilov (indiki Biləv) kəndindən Kərbəla ziyarətinə gedənlərdən bir neçəsi qayıdıb gömrüyü keçəndə tutulmuşlar. Gətirdikləri çit, bez alıb və digər şeylərini əllərindən almışlar, ancaq müqəddəs möhür, təsbeh və xurmalarını özlərinə qaytarmışlarsa da, onları da xidmətçilər murdar əllərilə əlləşdirib murdarlamışlar. Allah əcr versin (1927, ¹19).
Məcmuənin 1927-ci il 15-ci nömrəsində "Bacıoğlu"nun "Türkcə xoşuna gəlməyir?" adlı yazısındakı sual dövlət qulluğunda vəzifə tutan Araks xanıma ünvanlanıb. Araks Culfa dairə icraiyyə komitəsinin hesabdarıdır. Türk yazısından xoşu gəlməyən bu zat təsərrüfat şöbəsi müdiri tərəfindən türkcə verilən hesabatları min bəhanə ilə qəbul etmir. Lakin sonradan təsərrüfat şöbəsinə gələn yeni hesabdar yazıları türkcə yazmasını tələb edib. Bu isə Araks xanımı qəzəbləndirib. Hətta martın 15-də türkcə yazılan müqavilənaməni görüb artıq dərəcədə əsəbiləşibdir. İndi hər dəfə hesabat hazırladıqca narahat olaraq donquldanır.
"Bacıoğlu" özgə millətdən olub yerli xalqı anlamayan, onun dilinə, dininə, adət-ənənəsinə xor baxan belə məmurların iş başına gətirilməsini lənətləyir və yerli kadrların iş başına gətirilməsini zəruru sayaraq yazısını kinayəli bir sonluqla bitirir: "Hər halda nə qədər ki, bu kimi xanımlar var, gərək buxalteriyamız da, müqavilənamələrimiz də türkcə xayır, rusca olsun".
Özgə millətlərdən olanların iş başına gətirilməsi yerli kadr arasında işsizliyə səbəb olduğu "Culfa stasyonunda" (1927, ¹9) adlı replikada da öz əksini tapır. "Müsafir" yazır ki, Naxçıvan ölkəsi Culfa dəmiryol stansiyasında bir çox intizamsızlıqlar olur. Bunun da səbəbi bir çox işsizlərin stansiyaya toplaşaraq hammallıq etmələridir.
Bu hammallar hər gecə saat 12-də gələn qatarı qarşılayır və qatar dayanar-dayanmaz vaqon içərilərinə girərək sərnişinlərin əşyalarını düşürmək və mehmanxanaya aparmaq iltimasını edirlər. Belə ki, işsizlər burada hammallıq etmək üçün rəqabətə girməli olurlar. Bəzən elə olur ki, sərnişinin bir çamadanına beş-altı hammal sahib olub onu daşımaq üçün mübahisəyə girişirlər.
"Mehdi" 1927-ci ilin 37-ci nömrəsində Molla əmiyə "Hətərən-pətərən" xəbərlər göndərib. Xəbərlərdə bildirilir ki, Nəcəfi-Əşrəfdə müctəhid olan Mir Mustafa ağanın oğlu o dövrdə yaşadığı Culfadan qatarla atasının doğulduğu Xok kəndinə varid olub. Yeddi para kəndin əhalisi böyük, balaca, arvad, qız, kişi ayaqyalın başıaçıq ağanın görüşünə gəliblər. Ağa on gün Xokda qalıb. Əlini o qədər öpüblər ki, əlinin üstündə yara əmələ gəlib. Ağa Culfaya qayıdanda Naxçıvan dəmiryol vağzalında Hacı Şeyx Kərəmin oğlu ilə möhkəm konyak içəndən sonra Culfaya yola düşüb getdi və özü ilə də 2 min manat pul apardı, hansı ki, kəndçilər ağaya bəxş etmişdilər.
"Molla Nəsrəddin"də Culfanın dünəni belə idi. İndi o günlərdən illər, qərinələr keçib. Azərbaycan 20-ci əsrin sonunda yenidən öz müstəqilliyinə qovuşandan sonra Culfa rayonu inkişafının yüksəliş dövrünü yaşayır. Jurnalın haqqında bəhs etdiyi Culfa gömrük İdarəsinin yaranmasının 190 yaşı tamam olur. İndi bu kömrükxana müstəqil Azərbaycan dövlətinə, onun inkişafına xidmət edir.
"Mən heç yerdə Şərur camaatı kimi xalis məhəbbətli və mömin müsəlman tapa bilmərəm".
Əvvəlcə dövrün Şəruru ilə tanış olaq. "Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi" adlı sənəddə 1921-ci ildə Naxçıvan SSR-in Şərur qəzasının tərkibində də 3 rayonun adı çəkilir. Bunlar Şahtaxtı, Baş Noraşen və Sədərək rayonları idi. Baş Noraşen (Cəlilkənd) rayonunun mərkəzi Baş Noraşen (indiki Cəlilkənd) idi. Tərkibinə 1 stansiya və 55 kənd daxil idi. 1929-cu ildə əsassız olaraq Ermənistan SSR-ə verilmiş Oğbin və Xaçik kəndləri bu dövrdə məhz bu rayonun tərkibində olmuşdur. O zaman yaradılmış Sədərək rayonu bugünkü Sədərək rayonuna nisbətən daha geniş əraziləri əhatə etmiş və tərkibində 37 yaşayış məntəqəsinin adı çəkilmişdir ki, bunlardan 1-i qəsəbə, 2-si stansiya, 34-ü isə kənddir.
(Ardı var)
Hüseyn
ƏSGƏROV
Naxçıvan
Muxtar Respublikasının Əməkdar jurnalisti
metbuat1950@box.az
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.23.