Tüdorların uğurları və
bədbəxtliklər seriyası
(Əvvəli
ötən şənbə sayımızda)
Kral,
Fişerin ona qarşı olan hərəkətlərinə
biganə qalmadı, Anna Boleynlə nikahının əleyhinə
olduğuna və kralın ingilis kilsəsinin ali
başçısı olmasına kəskin etiraz etdiyinə
görə Con Fişer 1535-ci ildə edam edildi. Ona
görə də Fişer şəhid hesab olunur. Anna Boleyn də yepiskopa nifrət edirdi və onun kəsilmiş
başının özünə gətirilməsini tələb
etmişdi. Lakin bu qadının da kral əri kimi
Fişerə olan ədalətsiz münasibəti heç də
cavabsız qalmadı, bir il sonra öz ərinə
xəyanət ittihamı ilə onun da boynu vuruldu.
Fişerin
sənədi imzalamadan imtina etdiyinə görə Meri
yazırdı ki: "Kral VIII Henri demişdi ki, onun öz
möhürü və imzası vardır və bu, nə
Fişerin möhürü, nə də qolu deyildir. Bu, çox qorxulu idi, bizi sarsıtmışdı.
Anna Boleyn öz Heverinə getmişdi və Katerina
bütün günü dua edirdi. Hamı
danışır ki, əziz Con Fişer istisna olmaqla, hər kəs
fərqli bir şey deyir. Fişer isə
deyir ki, Katerinanın nikahı düzgündür, qanunidir,
hamı bilir ki, bu, belə olmuşdur və o, heç vaxt fərqli
bir şey deməyəcəkdir. Mən
düşünürəm ki, Harri o qadına xoş gəlmək
üçün bu ailəni dağıdacaqdır".
Marqaret İngiltərədən hədiyyələr
aldı. Sonra da Meridən məktub gəldi. Bir hadisə isə hər şeyin sonu demək idi.
Meri yazırdı: "O, ona (Anna Boleyni nəzərdə tutur
- müəllif) məndən irəli getməyə icazə verdi. Meggi, o, məndən qabaqda
gedirdi. Atasının isə heç bir
günahı yoxdur, Tomas Boleyn tacın yaxşı nökəridir.
Harri onu Ormond qrafı etmişdir. O, həm
də Viltşayə qrafıdır. Onun oğlu
vikont Roçford adlanmışdır. Mərasim
ağası məni stol arxasında, Harri və
Anna Boleynin (indi o, Ledi Annadır) yanında oturtmağa
apardı. Mən çox təhqir olunmuşdum.
Mən oturan kimi qız mənə xörək
göndərdi. Harri də bunları
müşahidə edirdi, heç nə demirdi, nə onu
dayandırır, nə də həvəsləndirirdi. Qız isə mənə gülürdü. Mən özümə qulluq edir və
özümü xörəyi yeyən kimi göstərirdim.
Harri mənə, öz doğma bacısına
belə münasibətdən dəli olmalı idi. O,
öz fahişəsini arvadından başda qoymuşdu, məndən
də yuxarıda qoymuşdu - bu qız isə mənim
qulluqçu qızım idi. Mən
düşündüm ki, mənə hörmət göstərilməməsindən
öləcəyəm.
Katerina deyir ki, o düşünür ki, Anna Boleyn qərara
gəlmişdir ki, Harrini islahata uğramış dinə
keçirsin və o vaxt o, Papanın məsləhətinə
və ya kilsənin qanunlarına ehtiyac duyulmayacaqdır, kral
yalnız öz vicdanının ona dediyinə əməl edəcəkdir. Onun
inandığının hamısı bundadır, bu isə
Lüteranlıqdır. Lakin o, görən,
hansı vicdana malikdir?"
Ceyms isə artıq böyük krala çevrilmişdi. Anası lorda dedi: "Bu
göstərir ki, siz öz xalqınıza hörmət
edirsiniz".
1530-cu
ilin qışı
Stirlinq qəsrində yaşayan Ceyms gənc qadın olan
Marqaret Erskinə xüsusi diqqət göstərirdi. Anası ona
deyirdi ki, sən Stirlinqdə maskasız qalanda, tacir
arvadlarını öpə bilməzsən, çünki sən
kralsan. Ceyms güldü: "Eh, mən isə
öpüşlərimi kəsməyəcəyəm".
"Ceyms, sən öpüşməyi
dayandırmalısan. Sən İngiltərənin timsalında
görməlisən ki, kral qadına münasibətdə
özünü necə bir narahatlığa
salmışdır".
O dedi:
"Mən narahatlığa girməyəcəyəm. Marqaretə vurulmuşam. Lakin həm
də Elizabet mənə xoş gəlir".
"Elizabet kimdir?" "Bir neçə
Elizabet var. Tam kral olandan sonra həmin qızla evlənəcəyəm.
Evlənəcəyim qız heç də mənim
dayım qızı printsessa Meri olmayacaqdır".
Harri öz qızı Merini (Mariyanı) sevirdi. Kralın
nikahı pozulsa da, qız bastard adlanmayacaqdı. Əgər anası kraliça olmasa da, printsessa Meri
öz titulunu saxlayacaqdır. Axı
atası onu sevirdi.
Artıq Katerina Şotlandiyanı dağıtmağa ordu
göndərən əvvəlki kraliça deyildi. Zaman
Şotlandiyanın çiçəyinin iştirakı olmadan
belə onu əzmişdi.
Bacısı
Meri yazırdı:
"Sən eşidəcəksən ki, Tomas Uolsi
dustaqlıqda ölmüşdür. Harri öz köhnə
dostunun ölməsindən ağrı keçirdi. Əlbəttə, heç kəs heç vaxt
krallığı Uolsi kimi idarə etməmişdir. Elə
bir adam yoxdur ki, onun yerini tuta bilsin.
Katerina əzab çəkməkdən xəstədir, mən
də xəstəyəm. Mən Harri barədə
təşviş keçirirəm, görən, sonra nə
baş verəcəkdir?"
Alihəzrət İngiltərə kralı qərara
almışdır ki, Müqəddəs Ata (Papa) İngiltərə
kilsəsini idarə edə bilmir. Yepiskop Fişer bununla
heç vaxt hesablaşmayacaqdır. O, Papaya itaət etmək
barədə öz andına sadiqdir. Bəs kilsə
ilə nə baş verəcəkdir? Heç
də hər bir keşiş razılaşmayacaqdır. VIII Henri hazırlaşırdı ki, onu Ali
Başçı kimi qəbul etməkdən imtina edənlərə
nə lazımdırsa, onu da etsin. Bəs
monastırlar üçün nə baş verəcəkdir?
Yepiskop Fişer İngiltərəni tərk etməli
idi. Lakin o, Katerinanı heç vaxt tərk etməyəcəkdir.
Bu ilin mühüm hadisələrindən biri də
ödənilən böyük girov məbləği
hesabına Fransa kralı I Fransiskin övladlarının
İspaniyadakı məhbəsdən azad olunmaları idi. Dofin Fransisk
artıq 13, Henri isə 11 yaşında idi. 6 il sonra Fransisk vəfat etdiyindən, dofinlik
Henriyə keçmiş və 1547-ci ildə atası
öldüyündən, o, kral taxt-tacına yiyələnmişdi.
1532-ci
ilin yayı
Meri
Londondakı Saffolk sarayından Marqaretə yazırdı:
"Əziz bacı.
Anna Boleyni dəstəkləyənlər deyirlər ki,
onun ailəsi xeyli dərəcədə dözülən
olmayana çevrilmişdir. O, kraliça otaqlarındakı iqamətgahı
götürdü və ona əsl kraliça kimi qulluq edilir. Sən təsəvvür edə bilərsən ki,
onun Katerinanın kürsüsündə oturduğunu,
Katerinanın çarpayısında yatdığını
görəndə mən nə hiss edirəm. İndi də o, göstəriş vermişdir ki,
Katerinanın daş-qaşları kral xəzinəsindən
ona gətirilsin ki, onları lazım gələndə geyinə
bilsin. Tac daş-qaşlarını,
- elə bil ki, o, artıq kraliça kimi taclanmışdır.
Sən
qızıl zənciri boynuna sala bilərsən və bu
qızıl, qızın çox ağ rəngdəki
budundan başqa hansısa bir dəyişiklik etməyəcəkdir.
İndi Harriyə başqaları təsir göstərir,
onlar kralın qulağına və diqqətinə sahibdirlər. Harri indi
Çarlza və mənə qarşı qəzəblidir və
mən bilmirəm ki, biz nə etməliyik.
Deyirlər
ki, Tomas Mor lord-kansler vəzifəsindən
istefaya gedəcəkdir. Çünki o,
özünü məcbur edə bilməmişdir ki, and
içsin ki, Harri, həqiqətən də, Kilsənin
başçısıdır".
1532-ci
ilin payızı
Meri
Vesthorn hollundan bacısına yazırdı:
"Harri Fransaya yenidən səfər etmək
üçün hazırlaşır, bunun üçün
paltar, daş-qaş və rıtsar döyüşləri
üçün lazım olan şeylər hazırlanır ki,
Fransa kralı Fransiskə təsir göstərə bilsin. Mən həqiqi
kraliçanın yerini tutan biabırçı bir qadınla
birlikdə Fransaya üzmək istəmirəm.
Harri Katerinanı özü ilə götürmək barədə
fikirləşmir də. O, əvvəlki arvadını hətta bu il ərzində görməmişdir. Harri və Çarlz məndən xahiş edirdilər,
mənimsə ürəyim daşa dönmüşdü və
o qız mənə yemək üçün xörək
göndərəndə mən özümü elə göstərdim
ki, yeyirəm. Ancaq bu vaxt mədəm onu
geri qaytarırdı.
On ay idi ki, mən Katerinanı görmürdüm. Mən, həqiqətən,
hiss edirdim ki, Harri onu öldürmüşdür. Elə bil
ki, kral kraliçanı edam edə bilər.
İstənilən halda mən Fransaya qadın Anna ilə
getməyəcəyəm. Mən eşitmişəm
ki, saray ledilərindən heç kəs onu
salamlamayacaqdır. O, Harrinin məşuqəsidir. Belə söhbətlər gəzir ki, Harri onun
bacısı, gəlini və anası ilə, onların
üçü ilə də intim yaxınlıqda olmuşdur.
Onlara bütün ətraf, İngiltərə
nifrət edir. Allaha şükür etmək olardı ki,
kraliçanın yerində oturan bu qadını görməmişdən
əvvəl adam ölməli olaydı.
Şotlandiyanın gənc kralı Ceyms isə fransız
kralının qızına evlənmək istəyir. Bu isə
Harrinin xoşuna gəlmir. O istəmir ki, Fransa
Şotlandiyanın işlərinə qarışsın".
İngiltərə kralının Fransaya səfəri
Anna Boleynin planına daxil idi, o, İspaniya ilə münasibətlərin
daha da pisləşməsinə və Fransa ilə əməkdaşlığın
möhkəmlənməsinə çalışırdı,
axı o özü Fransa sarayında yaşamışdı. Lakin səfərin
gedişində onun gözləmədiyi bir problem meydana
çıxdı, Fransa kralı I Fransisk İngiltərə
sarayına aidiyyəti olmayan və əxlaqı müəyyən
şübhələr mövzusu olan bu qızı qəbul etməkdən
imtina etdi. Hiyləgər Anna
fırıldağa əl atdı və iki kralın
qarşısında üzünü örtərək rəqs
etdi. Rəqs çox xoşuna gəldiyindən
I Fransisk Anna Boleyni təbrik etdi və əvvəlki soyuq
münasibət yoxa çıxdı.
VIII Henri Anna Boleynə 1533-cü ilin əvvəlində
gizli evləndi, bu vaxt Anna atıq hamilə idi. Sentyabr
ayında Anna Boleyn krala gözlənilən oğlan varisi əvəzinə
Elizabeti doğdu. Buna görə hamı məyus
olmuşdu, axı Annanın hökmən varis
doğacağına ümid edirdilər. Lakin
həmin qız - Elizabet İngiltərənin gələcəkdə
ən qüdrətli və məşhur kraliçası
olacaq, dünyada dövlətinin nüfuzunu görünməmiş
səviyyəyə qaldıracaqdı.
Anna sarayda özünü çox sərbəst
aparırdı. Bununla yanaşı, nikahdan az sonra
hiss etmişdi ki, Henrinin arvadı olmaq elə də sadə məsələ
deyildir. Lakin xarakterini də dəyişmirdi.
Bir dəfə Henrinin dostu olan saray əyanına demişdi ki,
əgər kralın başına bir iş gəlsə, ona
evlənərmi? Sarayda olan qadınlar bu sözləri
eşidib, səhərisi günü krala xəbər
vermişdilər. Annanı öz
qardaşı ilə intim yaxınlıq etməsi barədə
də söz-söhbətlər gəzirdi. Xəyanətə
və zinakarlığa görə beş
nəfər və Annanın özü həbs edildi.
1536-cı ilin mayında Anna edam edildi,
ittiham olunan digər beş nəfər də eyni taleyi
yaşamalı oldu. Tarixdə ilk dəfə idi ki, İngiltərədə
kraliça edam olunmuşdu.
Anna kralın gələcəkdə ölməsi və
özünün əyana ərə gedəcəyi perspektivinə
işarə edərkən öz xarakterinə, rıtsar
kodeksinə uyğun olaraq hərəkət etmişdi və
özünə məxsus olan iradə gücünün də
qurbanı oldu.
Göründüyü
kimi, kralın Annaya olan dəlicəsinə sevgisi uzun çəkmədi,
sevgi əsasında bağlanan izdivac yalnız üç ildən
bir az artıq ömür sürdü.
VIII Henrinin sonrakı izdivacları da uğurlu olmadı. 1536-cı ildə
o, rıtsar turnirində yıxılıb ağır yara
aldıqdan sonra ömrünün qalan hissəsini müxtəlif
xəstəliklərlə mübarizədə keçirdi və
1547-ci ildə hökmranlığının 38-ci ilində vəfat
etdi. Ondan yaddaşlarda yaxşıdan
çox, pis xatirələr qaldı.
1533-cü
ilin yazı
Harri
özü Marqaretə Yeni il münasibətilə
məktub yazdı və bacısı məktubu Edinburqdakı
Holiruudhauz sarayında aldı.
"Bacı, böyük həzlə sənə
yazıram, deyim ki, mən Markiza Pembrouka, Ledi Annaya evlənmişəm. Ledi
şübhə olunmayan ləyaqətə və reputasiyaya
malikdir. Mənim arvadım olmağa razılaşdı,
belə ki, mənim keçmiş ittifaqım nikah deyildi, -
bununla indi hər bir alim razılaşır. Kraliça
Anna iyun ayında taclanacaqdır. Dul Uels
printsessası ilə sakitcə kənd yerində
yaşayacaqdır. Onun qızı Ledi Meri
hörmət olunan ledi olmaqla, kraliçanın otaqlarına
xidmət edəcəkdir".
1536-cü ilin yanvarında Katerina Araqonlu vəfat
etmişdi. Son iki ildə o, kralla görüşməmişdi.
Ölümündən altı gün əvvəl
Henriyə məktub yazıb, onu çox sevdiyni,
bağışladığını yazırdı və
özünün də bağışlanmasını
xahiş edirdi. Lakin kral öz
keçmiş arvadına cavab vermədi.
Katerinanı bədbəxtliyə düşməsində
xüsusi rol oynayan Anna Boleynin də xoşbəxtliyi uzun
sürmədi.
Dörd ay sonra o, edam olunmaqla həyatdan
getdi. Katerinaya çoxları yas saxladı, Anna
Boleynə görə isə kimnsə kədərlənməsi
hiss olunmadı. Katerina Araqonlunun
ölümündən xeyli sonra da onun qəbrinin üstünə
adamlar kraliçanın möhürünün simvolu olan nar gətirib
qoyurdular.
1533-cü
ilin yayı
Marqaretin
rəqibi və bacısı, onun düşməni və dostu
olan Katerina ölümündən hələ üç il əvvəl öz məğrurluğunda bu
axırıncı talesizliklə üzləşmişdi. O,
yenidən kasıb idi, necə ki, nə vaxtlarsa o, köhnə
balıqdan hazırlanmış xörəyi yeyirdi.
Onun mənəvi atası olan yepiskop Fişer ev dustağı idi, Katerinanın qızı da anasından ayrı saxlanırdı. Ledi Meriyə öz anasını görməyə icazə verilmirdi, kraliça Anna Boleynə deyilməsə, o, hətta saraya da gələ bilməzdi. O isə öz anasının qızı idi, bunu etmək istəmirdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.22.