Xumar Qədimova "Neylərəm"
layihəsini təqdim etdi
Bu gün "AzərKitab"da
Əməkdar artist Xumar
Qədimovanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin
"Neylərəm" qəzəlinə
həsr olunmuş kompozisiya və klipinin təqdimatı keçirilib.
Təqdimatda millət vəkilləri, tanınmış ədəbiyyat
və mədəniyyət
xadimləri və
media nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə mətbuata
açıqlamasında Əməkdar
artist layihənin yaranmasından
bəhs edib: "Mənim yaradıcılığımda
hər zaman klassiklərin xüsusi yeri olub. Nəsimi də
olmazsa olmazdı.
"Neylərəm" qəzəli mənim illərdir sevdiyim qəzəl idi. Ümumiyyətlə, Nəsimi ruhu,
Nəsimi fəlsəfəsi
mənə çox yaxındır. Əslində, Məhəmməd Hüseyn
Şəhriyarın "Yar
qasidi" şeiri üzərində işləyirdim.
Amma bu ilin Prezidentimiz
tərəfindən "Nəsimi
İli" elan olunması bizim Nəsimiylə bağlı
planlarımizı tezləşdirdi.
Və düşünürəm ki,
çox möhtəşəm
əsər ortaya qoya bildik.
Əsər əslində, özü-
özünü təqdim
etdi. İnternetə yerləşdirən andan böyük marağa səbəb oldu. Bu təqdimatın
keçirilməsinə gərək
görməsəm də,
dəyərli ədəbiyyat
adamları, millət vəkilləri belə məsləhət gördülər
ki, keçirmək lazımdır. Buna görə hər kəsə təşəkkür
edirəm".
X.Qədimova Nəsiminin 650 illik
yubileyi münasibətiylə
həmkarlarının hazırladıqları
digər mahnılarla bağlı suala isə belə cavab verib: "Hər kəs sağ olsun.
Amma birmənalı qarşılanmayacağını bilsəm də, deməliyəm ki, "Nəsimi ili"nə
möhürü məhz
"Neylərəm" layihəsi
vurdu". Daha sonra tədbir
başlayıb.
Təqdimatı giriş sözüylə
açan Azərbaycan
Yazıçılar Birliyinin
katibi, şair, publisist, tədbirin aparıcısı Rəşad
Məcid sözlərinə
"Neylərəm" qəzəlinin
ilk beytiylə başlayıb:
"Bilirsiniz ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev dahi şair Nəsiminin 650 illik yubileyi münasibətiylə
bu ili "Nəsimi ili" elan etdi. Mədəniyyət nümayəndələri, sənətçilər,
aidiyyatı qurumlar bu ilə öz
töhfələrini veriblər.
Tədbirin ideyası millət
vəkili Əflatun Amaşovdan gəldi.
Digər
dəyərli şairlərimiz
də bu ideyaya dəstək oldular".
Millət
vəkili, Mətbuat Şurasının sədri
Əflatun Amaşov təqdim olunan layihəni Nəsiminin yubileyinə ən yaxşı töhfə kimi dəyərləndirib:
"Rəşad Məcid
sosial şəbəkədə
"Neylərəm" klipini
paylaşmışdı. Mən Xumar
xanımın yaradıcılığını
izləyən biri kimi bu klipi
də çox bəyəndim. Məncə, Nəsiminin 650 illik yubileyinə ən yaxşı töhfə məhz bu layihədir.
Öyrəndim ki, klipin təqdimatı olmayıb. Ona görə də
təqdimat keçirilməsini
təklif etdim. Bu layihə münasibətiylə
təbrik edirəm".
Xalq şairi Ramiz Rövşən Xumar Qədimovanın musiqisinin
Nəsimi ruhuna doğmalığından bəhs
edib: "Nəsimi Şərqin böyük şairidir. Nəsimi sözün ucalığı,
insan ruhunun təntənəsi deməkdir.
Xumar xanımın ifasında ruhların vəhdəti
var. Musiqi Nəsimi ruhunu ifadə edib. İfa da çox gözəldir".
Xalq şairi Nəriman Həsənzadə insanın bu musiqidən və bu şeirdən doymadığını deyib: "Nəsimi tamamilə başqa dünyadır. Təəssüf ki, biz onu istədiyimiz kimi yaya bilməmişik. Bu layihə çox uğurlu layihədir. Çox sağ olun".
Əməkdar jurnalist Flora Xəlilzadə Xumar Qədimovanın səsini ruhunun qidası adlandırıb: "Bu ifa isə Xumar xanımın yaradıcılığının yeni nəfəsidir. O, burada muğam oxuyur. Və o muğamı o qədər gözəl oxuyur ki, valeh olmamaq mümkün deyil".
Millət vəkili, yazıçı Aqil Abbas Xumar Qədimovanın sənətini sevdiyini deyib: "Başqa insanlar da Nəsimidən oxudular. Hərə öz başa düşdüyü tərzdə. Xumar xanım isə möhür vurdu".
Daha sonra çıxışçılardan akademik Teymur Kərimli, şair Yusif Nəğməkar, aktyor, bədii-qiraətçi Səfa Mehdi və başqaları layihə münasibətiylə Əməkdar artisti təbrik ediblər.
Sonda çıxış edən müğənni hər kəsə öz təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.13.