Musa Yaqubu
oxuyarkən...
("İndi bildim nağıldı..."
Bakı, 2017)
(esse)
"Üz-üzə dayanıb
ömrün çağları..."
O tayda gündoğan, bu tayda qürub...
Üz-üzə dayanıb ömrün çağları.
O tayda yamyaşıl bağça-bağ durub,
Bu tayda yel vurur köhnə bağları.
Musa Yaqubun poeziyası
dünya kimi açıq mətndir.
Şairin şeiri bu dünyanın
sahmana salınmış
təbiətidir. Yəni şairin təbiəti
vəhşi dünyanın
redaktə olunmuş variantıdır.
Şairin şeirini təbiətin özü qədər ciddi bir redaktor
sanki öz süzgəcindən keçirib
sonra işıq üzünə (kağıza)
çıxarmağa rəva
bilib.
***
"Burax məni, çıxım gedim azadlığa..."
Quş quşlayan, ov ovlayan
Öz mülkündə hökmlü
xan,
Fətəli xan, İbrahim xan, Ağası xan
Çəkişmədən didişmədən,
"Mənəm", "mənəm"
mərəzindən,
Bir-birini
yox eyləmək həvəsindən
Yəni
ölüm qərəzindən
Burax məni,
Çıxım gedim azadlığa.
Azadlıq həsrəti heç bir zaman bu
dərəcədə bir
misraya sığmamışdı.
Könül xoşluğunun əzablı
hicranı bu boyda görükməmişdi.
Hər şeydən
əl çəkib mağaraya sığınmaq
arzusu bu qədər hissedilər olmamışdı.
"Səndən ötən
mənə dəydi, məndən ötən sənə dəydi. Məndən, səndən ötən zərbə, Vətən,
Vətən, sənə
dəydi" - ictimai müstəvidən şəxsi
müstəviyə qədər
uzanan əzabın səmimiyyətini bu iki şair (Məmməd Araz və Musa Yaqub) qədər ustalıqla ifadə edən yoxdur.
Və bir də uzaq əsrlərin
dibindən azadlıq eşqilə dolu bir səs gəlir
qulağıma - "...müqəyyəd
oldu ol azad
gördüyün könlüm".
***
"Bu payızın dərdi götürüb məni..."
İlk yarpaq tökümlü o üryan budaq,
Soyusa havalar, necə dözəcək?!
Bir daha leyləyi qayıtmayacaq
O tənha yuvalar necə dözəcək?!
... Bu payızın dərdi götürüb məni...
Bu şeirlərin sahibi
ancaq misralar müəllifi deyil. Onun duyumunun
ifadələrini bəzi
şişirdilmişlər kimi kompüterlərin künc-bucağından, itirilmiş
yaddaş qırıntılarından
tapa bilməzsən - bunlar yalnız və yalnız onun özünə məxsusdur.
Musa Yaqub sözlərin
deyil, rənglərin şairidir. Onun yaratdıqları sanki rəngli televizorda olan kimidir. Füzuli, Cavid, Müşfiq...
Payızdısa, sən payızın rəngini görürsən,
əsəbdisə əsəbin
rəngini, heyranlıqdısa
heyranlığın rəngini,
minnətdarlıqdırsa minnətdarlığın
rəngini, bütövlükdə
- gözəlliyin rəngini
görürsən. Səmimiyyətin, tənhalığın, kədərin,
sevincin rəngini görürsən. Bir də
Vətənin rəngini
görürsən - səması
ilə, meşəsi ilə, bulağı, çayı, gölləri,
quşları, maralları,
ceyranları ilə bir yerdə.
***
"Bu dünya nə
gözəl olur, Allahım!"
Bu dünya nə gözəl olur Allahım...
... Misal, cüt durnanın işıqlı
göldən
Uçub dan yerinə qalxmağı kimi.
Bir həzin yağışın
sübhün gözündən
Baharlı çəmənə yağmağı kimi...
Bu səmimi təəccüb
kimə məxsusdur - dünyalar görmüş
bir fikir və söz sahibinə, yoxsa bir uşağa?!
Bir din-iman sahibinə, yoxsa bir zövq və
səfa əhlinə?!
Öz gözünə özü də inanmayan, təəccüb içində şübhə və marağı, heyranlıq və minnətdarlığı, borc və günahı sığışdıra bilən bir dərvişə, yoxsa sözün şəhdi-şövqi ilə həmzəban olan şairə, yoxsa Buynuz deyilən bir cənnətməkandan təkcə ətrafına deyil, təkcə sevgili Azərbaycana deyil, bütün dünyaya baxa bilən, baxmaq azdır, dünyanı görə bilən Musa Yaqubamı?! Amma bu üçü də bir Allah bəndəsində cəm olmayıbmı?! Dərviş - Şair - Musa Yaqub. Elədir, cəm olub.
Onu oxuduqca
təəccübünün həddi-hüdudu olmur.
Heyranlığının, sevginin, minnətdarlığının
da həmçinin.
Kamal
ABDULLA
ADU-nun rektoru, akademik
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.11.