UNEC-də "Elm həftəsi"
Beş gün, beş aktual mövzu
müzakirə olunub
Azərbaycan Dövlət İqtisad Universitetində
(UNEC) oktyabrın 21-dən 25-dək "Elm həftəsi"
keçirilib.
"Elm həftəsi" çərçivəsində 5
gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin -
Avropa İqtisadiyyatı Mərkəzinin, Ermənistan
İqtisadiyyatını Araşdırma, Səhiyyə
İqtisadiyyatı Tədqiqat, Ekonofizika Tədqiqat və Rəqəmsal
İqtisadiyyat Tədqiqat Mərkəzlərinin hər birində
profilinə uyğun olaraq aktual mövzulara həsr olunan
müzakirələr aparılıb.
"Elm həftəsi" çərçivəsində
ilk tədbir UNEC Avropa İqtisadiyyatı Mərkəzi ilə
təşkil olunub.
Tədbirdə çıxış edən rektor,
professor Ədalət Muradov UNEC-in tədqiqatyönümlü
universitetə çevrilməsi istiqamətində
görülən işlərdən söz açıb. UNEC-də elmi jurnalların
təsis edildiyini, elmi tədqiqatları stimullaşdırmaq məqsədilə
4 ilə yaxındır tətbiq edilən Differensial Əmək
Haqqı Sistemində göstəricilərn 70%-nin elmi fəaliyyətlə
bağlı olduğunu, nüfuzlu elmi jurnallarda çap olunan
məqalələrə görə 4000 manatadək
qonorarın təyin edildiyini bildirib. Professor
Ədalət Muradov UNEC-də müəllimlərin iki qrupa -
pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər
və tədqiqatçı müəllimlərə
ayrıldığını diqqətə
çatdırıb. Tədqiqatçı
müəllimlərin əmək haqqının digərlərinə
nisbətən 50% artacağını vurğulayıb. UNEC-də müxtəlif elmi tədqiqat istiqamətləri
üzrə ixtisaslaşmış tədqiqat mərkəzlərinin
yaradıldığından söz açan rektor, əsas məqsədin
tədqiqat potensialı olan şəxsləri aşkarlamaq,
eyni zamanda, xaricdə yaşayan azərbaycanlı alimləri
UNEC-də həyata keçirilən tədqiqatlara cəlb etmə
olduğunu deyib.
Rektor bildirib ki, belə tədqiqat mərkəzlərindən
biri də UNEC Avropa İqtisadiyyatı Mərkəzidir. Mərkəzin
rəhbəri Elxan Riçard Sadiq-Zadə isə
çıxışı zamanı deyib ki, Qərbi Avropada ətraf
mühit probleminin yaranma səbəblərini açıqlayan
məruzəçi sənayeləşmə və qlobal iqlim
dəyişməsini əsas faktorlar kimi göstərib. Alim problemin inkişaf etmiş və inkişaf etməkdə
olan ölkələrə təsirini riyazi və iqtisadi modellər
əsasında təhlil edib. Bildirib ki,
qlobal dəyişiklik daha çox inkişaf etməkdə olan
tropik ölkələrə təsir edəcək.
E.Sadiq-Zadə təbii qazın emissiyasından, Azərbaycanın
təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi
layihəsinin əhəmiyyətindən söz açıb. Bildirib ki,
Balkan ölkələrinin qazlaşdırılması məhz
həmin layihəyə əsasən aparılacaq.
Təqdimatdan sonra iştirakçıların ekologiya ilə
iqtisadiyyatın qarşılıqlı əlaqələri,
"holland sindromu"nun iqtisadiyyata təsiri, elektromobillik,
elektrik enerjisinin tətbiqinin artırılmasının ətraf
mühitə təsiri və digər sualları
cavablandırılıb.
"Elm həftəsi" çərçivəsində
"Ermənistanın zəif, Azərbaycanın güclü
iqtisadiyyatı: təhlilin nəticələri"
mövzusunda növbəti tədbir təşkil olunub.
Tədbirdə çıxış edən rektor
Ədalət Muradov bildirib ki, Ermənistanın mövcud
iqtisadi durumunu və gələcək iqtisadi
inkişafını araşdırmaq və müvafiq dövlət
qurumlarını və ictimaiyyəti bu barədə məlumatlandırmaqdır. Ermənistan
iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından müqayisəolunmaz
dərəcədə zəif olduğunu bildirən Ədalət
Muradov Prezident İlham Əliyevin bütün dünyaya bəyan
etdiyi "Qarabağ Azərbaycandır!" tezisinin tədqiqatlarda
əsas tutulacağını diqqətə
çatdırıb.
UNEC Ermənistan
İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri,
Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri)
Ermənişünaslıq bölümünün rəhbəri,
professor Qafar Mehdiyev Ermənistan iqtisadiyyatı ilə
bağlı araşdırmaların aparılması
ideyasını alqışladığını bildirib. Ermənistanın iqtisadiyyatının öyrənilməsinin
vacibliyindən danışan mərkəz rəhbəri
iqtisadiyyatın tarixinə qısa nəzər saldı.
Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES)
tikintisinə diqqət çəkən məruzəçi,
ölkə enerjisinin 40 faizini təmin edən AES-in istismar
müddətinin başa çatdığını, lakin ermənilərin
süni şəkildə bu stansiyanın fəaliyyətini
davam etdirməyə çalışdıqlarını
bildirib. Q.Mehdiyev Ermənistanın Dağlıq Qarabağ və
Azərbaycanın digər rayonlarının işğalı
nəticəsində regionda reallaşdırılan
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars
kimi irimiqyaslı beynəlxalq layihələrdən kənarda
qaldığını, kredit ödəmə qabiliyyəti
olmadığı üçün iqtisadi əməkdaşlıq
edə bilmədiyini bildirən professor, Ermənistan
iqtisadiyyatının 75 faizinin Rusiyanın payına
düşdüyünü deyib.
Çıxışdan sonra mövzu ilə bağlı
suallar cavablandırılıb.
Millət vəkili Flora Qasımova Ermənistan
iqtisadiyyatının araşdırılmasının
vacibliyindən danışıb. UNEC-in böyük elmi
potensialı ilə bu istiqamətdə böyük töhfələr
vericəyini və ictimaiyyətə həqiqətlərin
çatdırılacağını vurğulayıb.
Tədbir müzakirələrlə davam edib. "Humanitar fənlər"
kafedrasının müdiri, professor Vəkil
Həsənov ermənilərin vaxtilə Azərbaycanda
böyük iqtisadi gücə sahib olduqlarını diqqətə
çatdıraraq, onların sonradan bu güc sayəsində
Azərbaycana qarşı soyqırımı və
işğalçılıq siyasəti həyata
keçirdiklərini bildirib,
"Trend"
İnformasiya agentliyinin baş direktorunun müavini Arzu
Nağıyev Ermənistan əhalisinin orta əmək
haqqının məbləğini, işsizlik faizini və
Rusiyadan hər il əldə etdiyi gəlirləri,
UNEC-in prorektoru, professor Sakit Yaqubov bəzi inkişaf göstəricilərini
açıqlayıb.
Müzakirələrdən sonra təkliflər səsləndirilib.
UNEC-də "Elm həftəsi" çərçivəsində
növbəti tədbir UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat
Mərkəzində təşkil olunub.
Tədbirdə
UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin
professor-müəllim heyəti ilə yanaşı, İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru
Zaur Əliyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədr
müavini, millət vəkili Musa Quliyev, tibbi sığorta
üzrə mütəxəssislər və digər qonaqlar
iştirak ediblər.
Rektor UNEC-də elmin müxtəlif istiqamətləri
üzrə araşdırmalar aparan 30-dan çox tədqiqat mərkəzinin
fəaliyyət göstərdiyini diqqətə
çatdıraraq, UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat
Mərkəzinin yaradılmasının əsas məqsədindən
söz açıb. Bildirib ki, məqsədimiz 2020-ci ildə
ölkədə tətbiq olunacaq icbari tibbi sığorta ilə
bağlı müvafiq qurumların yanında olmaq, onlara bu sahədə
araşdırmaların aparılması və hesabatların
hazırlanması istiqamətində xidmət göstərməkdir.
Ölkədə bu sahədə mütəxəssis
çatışmazlığının olduğunu və tədqiqatların
aparılmadığını deyən Ədalət Muradov,
UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində
təcrübəli ekspertlər tərəfindən real
sektorda baş verən problemlərin araşdırılaraq, həmin
problemlərə elmi baxışların ortaya
qoyulacağını bildirib.
Rektor son 5 ildə UNEC-də 602 gənc müəllimin
işə qəbul olunduğunu diqqətə
çatdıraraq mərkəzin rəhbəri, "Beynəlxalq
iqtisadiyyat" kafedrasının müəllimi Mirsahib Eminovun
da məhz həmin gənclərdən olduğunu deyib.
Təqdimatdan sonra iştirakçıların səhiyyənin
maliyyələşdirilməsi mexanizmləri, maliyyə mənbələri,
dövlət büdcəsindən icbari sığortaya
ayrılan vəsaitin məbləği, adambaşına
düşən tibbi sığorta xərcləri və
mövzu ilə bağlı digər sualları
cavablandırılıb.
Millət vəkili Musa Quliyev icbari tibbi
sığortanın qarşılaşa biləcəyi problemlərdən
və onların həlli yollarından danışıb. Tibbi
texnologiyaların inkişafı nəticəsində
dünyada səhiyyə xərclərinin
artdığını deyən millət vəkili, Azərbaycanda
və digər ölkələrdə adambaşına
düşən səhiyyə xərclərinin
miqdarını açıqlayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin direktoru Zaur Əliyev UNEC Səhiyyə
İqtisadiyyatı Tədqiqat Mərkəzinin
yaradılmasının əhəmiyyətindən
danışıb. Ölkədə səhiyyə xərcləri
ilə bağlı dəqiq məlumatların əldə edilməsində
çatışmazlıqların olduğunu bildirib. Z.Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat
Mərkəzində bu istiqamətdə faydalı elmi
araşdırmaların aparılacağına əminliyini ifadə
edib.
Sonda
rektor Ədalət Muradov UNEC Səhiyyə İqtisadiyyatı
Tədqiqat Mərkəzində icbari tibbi sığorta ilə
bağlı vahid məlumat və statistik baza
formlaşdırılacağını, mərkəzin ekspertlərindən
ibarət işçi qrupu tərəfindən icbari tibbi
sığortanın uğurla tətbiq olunduğu postsosialist
ölkələrdə bu sistemin tətbiqi zamanı üzləşdikləri
problemlər və onların aradan qaldırılması
yolları ilə bağlı kitabçanın
hazırlanacağını bildirib. Həmçinin,
UNEC-in müəllim və tələbələrindən ibarət
"İcbari tibbi sığorta" elçilər
komandasının formalaşdırılacağını və
regionlarda maarifləndirici tədbirlərin
aparılacağını qeyd edib. Rektor Tədqiqat
Mərkəzi tərəfindən ölkədə icbari tibbi
sığortanın tətbiqindən sonra tibbi xidmətin
keyfiyyətinin monitorinq sisteminin və maliyyə vəsaitlərinin
səmərəliliyi ilə bağlı diaqnostik sistemin
yaradılacağını diqqətə çatdırıb.
İcbari tibbi sığortaya cəlb olunan əməkdaşlara
UNEC Eksterndə distant təlimlərin keçirilməsinin
vacibliyini vurğulayıb.
UNEC-də
dördüncü tədbir "Bir kəmər bir yol: Azərbaycan
iqtisadiyyatı üçün nələr vəd edir?"
mövzusuna həsr olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə
"Elm həftəsi" çərçivəsində
elmi fəaliyyəti canlandırmaq məqsədilə
yaradılan ixtisaslaşmış tədqiqat mərkəzlərinin
seminarlarının keçirildiyini bildirib. Bugünkü
tədbirin "Bir kəmər bir yol" mövzusuna həsr
olunduğunu deyən rektor, bu layıhənin Azərbaycan
iqtisadiyyatına böyük töhfələr verə biləcəyini
deyib. Bunun üçün "Bir kəmər bir
yol" layihəsi ilə bağlı ciddi tədqiqatlara
ehtiyac olduğunu diqqətə çatdıran Ədalət
Muradov tədbirin UNEC-in Rəqəmsal İqtisadiyyat Tədqiqat
Mərkəzinin və "Rəqəmsal iqtisadiyyat və
İKT" kafedrasının təşəbbüsü ilə
təşkil olunduğunu qeyd edib.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri,
akademik Ziyad Səmədzadə UNEC-də iqtisadiyyatın və
elmin aktual mövzularına həsr olunan müzakirələrin
aparıldığını və tədqiqatların
genişləndirildiyini bildirib. Müzakirə olunan
mövzunun əhəmiyyətini diqqətə
çatdıran akademik, Qədim İpək Yolunun bərpası
ilə bağlı 90-cı illərin əvvəllərində
onun rəhbərliyi ilə aparılan tədqiqatlardan söz
açıb. Azərbaycanın qlobal
dünya iqtisadiyyatında ən böyük layihə
sayılan "Bir Kəmər Bir Yol" layihəsinin fəal
iştirakçı olduğunu bildirən komitə sədri,
bu kimi layihələrin ilk növbədə ölkənin
milli maraqlarına xidmət etdiyini vurğulayıb. Çinin əldə etdiyi iqtisadi uğurda məhz həmin
milli maraqların qorunduğunu bildirib.
Millət vəkili Tahir Mirkişili mövzunun
aktuallığına diqqət çəkərək, layihənin
iqtisadi və geosiyası tərəflərindən
danışıb. Bu gün ən geniş ticarətin Avropa
və Asiya arasında aparıldığını deyən
millət vəkili, dünya iqtisadiyyatının həcmini
artırmaq üçün ölkələr arasında əlaqələrin
genişləndirilməsinə ehtiyac olduğunu bildirib.
Millət vəkili Çinin irəli sürdüyü layihənin
həm maliyyə, həm də əhatəlilik
baxımından çox böyük olduğunu, 65 ölkəni
əhatə edən layihəyə təxminən 4 trilyon
dollara qədər vəsaitin qoyulmasının nəzərdə
tutulduğunu deyib. "Bir kəmər Bir yol" layihəsində
6 marşrutdan yalnız birinin Azərbaycandan keçdiyini və
Azərbaycanın layihənin yükdaşımalarında ən
zəngin "dəhlizə" malik olduğunu diqqətə
çatdırıb. Azərbaycan-Çin münasibətlərinin
yüksələn xətt üzrə qarşılıqlı
inkişaf etdiyini və hər iki ölkə arasında xarici
ticarət dövriyyəsinin son 9 ayda 2,4 dəfə
artdığını deyən millət vəkili Azərbaycanın
informasiya tranzitində də maraqlı olduğunu bildirib. T.Mirkişili ölkənin "Bir kəmər bir
yol" layihəsində mərkəzi rola sahib olması
üçün insan kapitalına ehtiyac olduğunu
vurğulayıb. O, universitetlərin kadr
hazırlığında aparıcı rol
oynadığını və UNEC-in bu istiqamətdə
güclü elmi potensialının olduğunu qeyd edib.
"Bir kəmər
bir yol" Alyansı Baş katibinin elm və texnologiyalar
üzrə müavini Li Renying çıxış edərək,
UNEC-in təşəbbüsü ilə keçirilən tədbirin
"Bir kəmər bir yol" layihəsində Azərbaycanın
və Çinin iqtisadi maraqlarının öyrənilməsi
baxımından əhəmiyyətli olduğunu bildirib. Azərbaycanlı və çinli alimlərin əməkdaşlıq
istiqamətində araşdırmalar aparmasına və
yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac
olduğunu diqqətə çatdıran L.Renying unversitetlərin
bu baxımdan böyük rol oynadığını diqqətə
çatdırıb. Sonra çinli alim
"Bir kəmər bir yol" layihəsinin məqsədi və
perspektivləri barədə təqdimatla
çıxış edib.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.10.