1926-27-ci illərin "Molla Nəsrəddin"
jurnalında Naxçıvan
VƏ YA
HACI MƏHƏMMƏD QURDUN AĞZINI NECƏ BAĞLATDIRDI
Hüseyn
Ələkbər oğlu Əsgərov 1955-ci il
dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar
kəndində anadan olub.
1977-ci ildə
ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra bir il "Şərq qapısı" qəzetində,
23 il Naxçıvan MR Dövlət Teleradio Verilişləri
Komitəsində işləyib. Həmin müddətdə 4 il "Xalq qəzeti"nin Naxçıvan MR
üzrə müxbiri olub. 2001-ci ildən 2011-ci
ilədək Naxçıvan MR Ali Məclisində mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun
baş müşaviridir. Hazırda
Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin
rəhbəridir.
Qəzet və jurnallarda mütəmadi olaraq publisistik
yazıları dərc olunur."Araz", "Yeni səslər"
almanaxları,
"Heraklın 13-cü
qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə"
(2014-cü il), "Naxçıvan səhiyyəsi inkişaf
və tərəqqi yollarında" (2015-ci il),
"Gülüşlərin cingildəsin saz kimi" (2017-ci
il), "Biz necə mütaliə edirik" (2017-ci il) adlı
kitabları oxuculara təqdim
edilib. H.Əsgərovun milli mətbuatımızın
parlaq nümunəsi olan "Molla Nəsrəddin"
jurnalı haqqında əhatəli tədqiqatını
oxucularımıza təqdim edirik.
(Əvvəli
ötən sayımızda)
"Molla Nəsrəddin"in satira aeroplanı bir ucu
Qroznıdan, bir ucu Kəlkəttədən tutmuş
böyük bir coğrafi ərazilərdən keçərkən
Şərura da öz desantlarını yendirmiş, müxbir
məntəqələri təşkil etmişdir. Jurnalın
Yengicədəki məntəqəsindən "Mehdi"
1927-ci ilin 37-ci nömrəsində Molla əmiyə "Hətərən-pətərən"
xəbərlər göndərib. Birinci
budur ki, Şərurun ispalkomu Mütəllim əhaliyə
olmazın zülmünü eləyib. Arvadbazlığı
o yerə çatıb ki, bir-iki dəfə döyülərək
xurd-xəşil olub. Müxbir Molla əmisinədən
xahiş edir ki, bir təhər eləyib o vələdüznanın
Şərurda bir daha xidmətə buraxmamasına nail olsun,
yazıqdır bu kəndçilər. Yazını
oxuduqca oxucunun gözü qarşısında ispalkom əvəzinə
bir qudurğan surəti yaranır, beləsi isə əvvəl-axır
məhvə məhkumdur.
İkincisi, Nəcəfi-Əşrəfdə müctəhid
olan Mir Mustafa ağanın oğlu Culfadan qatarla atasının
doğulduğu Xok kəndinə varid olub. Yeddi para kəndin əhalisi
böyük, balaca, arvad, qız, kişi
ayaqyalın başıaçıq ağanın
görüşünə gəliblər. Ağa
on gün Xokda qaldı. Əlini o qədər
öpmüşdülər ki, əlinin üstü yara idi.
Ağa Culfaya qayıdanda Naxçıvan dəmiryol
vağzalında Hacı Şeyx Kərəmin oğlu ilə
möhkəm konyak içəndən sonra vətəninə
yola düşüb getdi və özü ilə də 2 min
manat pul apardı, hansı ki, kəndçilər ağaya bəxş
etmişdilər.
Üçüncü də budur ki, şərurlu
Ağa Quliyevdən Əmirovun etdiyi iddianı xalq məhkəməsi
atkaz etdi.
Bu nə məhkəməymiş, cavabını
26-cı nömrədə tapdıq. Deməli, bir nəfər
firqəçi restoranda toy eləyib, restorana çatacaq 211
manatı verməyib. Restorançı da bunu verib məhkəməyə,
üstəlik, "Mehdi"ni də
şahid çağırıb. "Mehdi"
Molla əmisindən soruşur ki, firqəçinin əleyhinə
şahidlik eləsə, firqəçi onu Naxçıvandan
sürgün eləyəcək, lehinə də insafı yol
vermir. Çünki o toyda o qədər
içib ki, piyan olub. İndi durum necə
deyim ki, günahkar firqəçidir?
Sovet hakimiyyətinin ilk onilliyində maddi-texniki
bazanın olmaması, həkim
çatışmazlığı səhiyyə sistemində
ciddi problemlər yaratmışdı. Naxçıvan və Şərur qəzalarında
bir sıra xəstəliklərlə yanaşı, qanlı
ishal, qızılca, malyariya keçmişdə hər il yüzlərlə adamı, xüsusən
uşaq və hamilə qadınları məhv edirdi. Əhali arasında malyariya Naxçıvan qəzasına
nisbətən Şərur qəzasında daha geniş
yayılmışdı. Jurnal bu məsələyə 4
dekabr 1926-cı il nömrəsində
öz münasibətini bildirir. Yazır ki qanuna görə,
bir kişi bir idarənin
başçısı olanda, onun arvad-uşağı həmin
idarədə qulluq edə bilməz. Amma Şərurdakı
Qızdırma Stansiyasının (GEM) böyüyünün arvadı da
yanında işləyir. Ayda bir aləm pul
alır. Nə var, nə yox,
qızdırmalıları qeyd edir. Arvad
çox xoşrəftarlıdır. Belə
ki, bir mığ-mığ xanımı çılpaq
qolundan sancanda, xanım kəndlilərin üstünə
acıqlanır, guya ki, xanımın qolunu yazıq
qızdırmalı kəndli dişləyibdir. Kəndlilər onun üzünü görməmək
üçün həkimxanaya getməyib gəçək
yağdan-zaddan içirlər. Yekə
qulluqçular gələndə isə xanım ayağa
qalxıb altına stul çəkir, tez də yola salır.
Belələri də elə bilir ki, xanım
hamı ilə yaxşı rəftar eləyir. Daha
mığ-mığ məsələsini yadlarına
salmırlar...
Mən bu
sətirləri yazarkən qulağımda "Molla Nəsrəddin"in
Şərur müxbiri "Avara"nın
hənirtisi gəlir. Pıçıldayır ki, ayə, bə
mənim 29-cu nömrədə çap olunan "And
içdi" felyetonumdan niyə bəhs etmirsən? Vərəqlədim və həmin yazını
tapdım. Kaş tapmayaydım. Çünki "Avara" "Yengicədən"
sərlövhəli yazıda o kənddən bircə kəlmə
də bəhs etməyib. Oradan çox
yaxınlıqda olan, mənim doğulub boya-başa
çatdığım Şəhriyar kəndinin bostanına
daş atıb. Mən kəndin
ağsaqqallarından eşitmişdim ki, o zaman Şərur qəzasının
ən mötəbər mollalarından olan Hacı Şeyx Həbib
ağa icarə etdiyi kəndlərdə moizə oxuyub, Şəhriyar
kəndinə çatanda isə and içib ki, bu kənddə
mərsiyə deməyəcək. And içib qəsəm
elədiyindən deməyib də. Məhərrəmliyi
Maxtada, Axəmətdə, Qorçuluda, Şorkənddə
keçirib, Şəhriyara heç yan da baxmayıb. Bu səbəbdən də məhərrəmlikdə
kənd camaatında dini natamamlılıq sindromu yaranıb və
bu hal uzun illər davam edib.
"Avara"nın yazısını oxuyandan sonra Şeyxin
hikkəsinin səbəbini tapdım. Məlun
oldu ki, Şəhriyarda hansısa bir dinsiz qələm əhli
"Molla Nəsrəddin" jurnalında Şeyxi məsxərəyə
qoydub və Hacı Şeyx Həbib ağa bu səbəbdən
qəzəbnak olub.
Həmin
"Avara" onu da yazır ki, Yengicə kənd təsərrüfatı
kredt şirkəti Yengicə meydançasının
qarşısında olan xaraba binanın təmirinə
başlayıb hələ qurtarmır (Müxbir kəndin bu il
təmir olunub tarixi abidələr sırasına qoşulan
hamamını nəzərdə tutur). Bilmirəm, buranın
işi başlayanda hansı bədqədəm adam
işin üstə çıxıb, çünki yay,
qış, payız iş qurtarmır. Soruşanda
cavabı budur ki, 5 ildir ki, Yengicə məktəbi təmiri
başlanılıb, o, nə vaxt qurtarsa, bu da onda
qurtaracaqdır. Az qala bir il olar ki,
para buraxılıb Yengicədə səhiyyə şöbəsi
üçün olan bina təmir olunsun, o, hələ
başlanmayıb, o, qurtaranda bu da qurtaracaq. Yaz var, qış
var, nə tələsik iş var (1927, ¹31).
"Yengicədən" daha bir xəbər isə
poçt-rabitə işləri barəsindədir. Belə ki,
Zaqafqaziya poçt-teleqraf idarəsi, Naxçıvan Daxiliyyə
Komissarlığı və Şərur dairə icraiyyə
komitəsinin qərarına baxmayaraq, Yengicə Kənd
Şurası kənddə poçt şöbəsinin
açılmasını aydan-aya təxirə salır. Görünür, onların özləri təxirə
salınmalıdır.
1927-ci
ilin 31-ci nömrəsində "Molla Nəsrəddin Şərur qəzasında
hörmətli yazıçı
Eloğlu ilə dərdləşir. Eloğlunun
yazdığına görə, Şərur qəzasında
torpaq bölünəndə toprağı çox olan
dövlətlilər və mollalar kəndlilərə deyirdilər
ki, xalqın toprağı halaldırmı siz onları talan edirsiniz,
nə xəbərdir.
"Molla
Nəsrəddin" cavab verir: "Əzizim Eloğlu! Sən
bilmirsənmi ki, müftəxorlar və qarnıyoğunlar
heç vaxt bərabərliyə razı ola
bilməzlər?
Yeri gəlmişkən
jurnalın hörmətlə yanaşdığı
Eloğlu kimdirsə, tədqiqatçılar tərəfindən
oxuculara tanıdılmalıdır. Bu, həm də
yubileyini qeyd etdiyimiz Mirzə Cəlil irsinə ehtiramın ifadəsi
olardı.
Torpaq
bölgüsü mövzusu jurnalın 1927-ci il
36-cı nömrəsində də davam etdirilir. "Son peşmançılıq fayda verməz"
adlı yazıda bildirilir ki, Şərur qəzasında torpaq
bölgüsü aparılarkən bəzi kəndlərin
torpağı ayrı kəndlərin payına
düşüb. Torpaq sahibləri
paylarına düşən torpağa görə
peşmandırlar. Çünki şəriət
özgə torpağını haram buyurub.
Junalın
1927-ci il 4-cü nömrəsində isə
"İki müxbir" bir cümlə ilə azyaşlı
qızların ərə verilməsinə satirik münasibət
bildirir: "Naxçıvan ölkəsi Baş Noraşen
dairəsi Mahmud kəndində qızları 13 yaşında ərə
verirlər. Hər kəsin meyli olsa, buyura bilər.
Ancaq kişinin yaşı 50-dən artıq
olmamalıdır".
Qıvraq və Şərur kəndlilərindən bir
neçə nəfəri Xorasan ziyarətinə gedərkən
yolda quldurlar tərəfindən soyulur. Üstəlik,
hökumət adamları da quldurların əvəzinə
bunları həbs edirlər. "Dağlı"
sual edir ki, bu mömin müsəlmanlar ki, bu qədər zəhmətə
və borca, üstəlik, həbsə düşüblər,
onlara məşədi demək olar, ya yox?
Molla cavab verir ki, bunlara nəinki məşədi, hələ
lap məşədinin məşədisi də demək olar
(¹9).
Adam gərək
işinin ustası ola. Necə ki,
"Mastır" adlı yazısında həmin
"usta"nın ünvanını
göstərir. Şahtaxtı dəmiryolunda bir
mastır var, belə mastır heç yerdə tapılmaz.
Adı Ərtünovdur. Əlinin
altında olan fəhlələrlə çox yaxşı rəftar
edir. Belə ki, bir fəhlə qalmayıb
ki, Ərtünov ona söyüb üstünə hürməmiş
olsun. Hətta bir neçə fəhləni
qapmışdır (¹22).
Molla əmi, aradan gör neçə illər
keçib, həmin naxələflər hələ də
üstümüzə hürməyə davam edir.
"Mığmığa"nın qələmə aldığı
"Köçmürəm" monoloqu isə Şərur qəzasının
alim mollası Şeyx Həmidə məxsusdur. Şeyx
bütün istəkli müştərilərinə xəbər
verir ki, Şərurdan bir qədər para toplayandan sonra Dərələyəzə
getməyi yalandır. Mən heç yerdə
Şərur camaatı kimi xalis məhəbbətli və
mömin müsəlman tapa bilmərəm. Atın yaxşısını, pendirin təzəsini,
südün üzü tutulmamışını,
yağın safını, buğdanın təmizini, siğənin
gözəlini, cavanını mollaya vermək adəti Şərurdan
başqa heç yerdə qalmamışdır. Nə qədər
ömrüm vardır Şərur mömin müsəlmanları
içində qalıb gündə beş
vaxt xudavənd aləmə ibadətimi eləyəcəyəm.
And olsun çağırdığıma, hökumət
qovalasa da getmərəm. Xalq yığılıb üzümə
tüpürsə də, getmərəm. Çünki
keçən gecə aləmi-röyada həzrəti
gördüm. Buyurdular ki, mənim bu
uzunqulaq ümmətimin içindən məbada
çıxıb bir tərəfə gedəsən (1927, ¹31).
... Molla əmi!
Sən Şəruru belə
görmüşdün, beləcə də təsvir etmisən.
Artıq o
dövrdən illər, qərinələr keçib. Bu günün Şəruru bir ayrı Şərurdur.
O mübürək qədəmlərini bu yerlərə
bassan, sinəsindən Arpaçayı, ətəyindən
Araz keçən bu qədim diyarda yeniləşmə və
yüksəlişin, sabaha daha dərin inam və ümidin
şahidi olarsan. İnsan əlinin zəhməti
ilə hüsnünə minbir sığal çəkilən
bu qədim diyar indi özünün ən gözəl
günlərini yaşayır, yaradır və onun
övladları daha xoş sabahlara doğru inamla
addımlayırlar.
Sənət,
ədəbiyyat, estetik problemlər barədə satirik-nəzəri
düşüncələr
Jurnalda az-az rast gəlinən, ancaq maraq doğuran mövzulardan biri də sənət, ədəbiyyat, estetik problemlər barədə satirik-nəzəri düşüncələrin əks olunmasıdır. Bu baxımdan 24 oktyabr 1926-cı il tarixli 43-cü sayında "15 sənəlik yubiley" felyetonu maraq doğurur. Naxçıvan Türk Hökumət Teatrının baş rejissorunun 15 illik yubileyinə qatılan "Naxçıvanlı" ayamalı müxbir sual verir ki, bəyəm teatrın ayaq rejissoru var ki, baş rejissoru da olsun. Rejissor xüsusi adamlar vasitəsilə səhnəyə çıxarılanda xalq baxır ki, kim, kim? Ayda bir dəfə teatr olanda oynayırdı ha - Həsən, o. Camat məəttəl qalır ki, bu, necə işdi axı, bu, anadan olub 1896-cı ildə. Yekəlib... 1917-ci ilə qədər oxuyub. Sonra nələr qayırıb, onda işimiz yox. Belə-belə hesablayıb hamısını da aktyorluğuna çıxanda yenə 15 il eləmir, 9 il edir.
Müxbir sual verir ki, ay Molla əmi, bəlkə bu hesablama ali riyaziyyata daxildir? Siz bunu həll edin görün, bəlkə də 15 il edər?
Yaxud 1927-ci ilin 37-ci nömrəsində Naxçıvandan belə bir teleqraf xəbəri verilir: "Hökumət teatrının təmiri nəfinə verilən müsamirədə xor oxuyan qızlara on min kəlmə "səsini yeyim" və "səsinə vurulmuşam" ədəbiyyatı hədiyyə edildi".
Sərxoşlardan biri, hansı ki adı "Şərq qapısı" və "Yeni fikir" qəzetlərində zikr olunub, gedib teatra, "Əsli və Kərəm" tamaşasında nə hoqqa çıxarıbsa, hamı bunun tamaşasına baxıb, nəticədə Kərəm rolunu oynayan artistin səsi batıb, "Şikəsteyi-fars", "Mahur hindi", "Bayatı kürdi" və "Şikəstə"ni şikəst eləyərək böyük bir əriştə aşı meydana çıxarıb.
"Məhzun" yazır ki, Ordubad klubunun qiraətxanasında iki ədəd stol örtüyünü dörd-beş müdir görsə də, birinin də rəhmi gəlməyib ki, onları yudurtsun. Odur ki, adam görəndə qusmağı gəlir. Klub da ki açılmaz. Açılanda qəzet yox, kitab yox. Dörd-beş qadın toplaşıb yun əyirir. Əsas odur ki, təsərrüfat inkişaf eləsin...
"Molla Nəsrəddin" jurnalının həmişəyaşar ənənələri, mübariz mollanəsrəddinçilik təlimi bu gün müstəqil Azərbaycanın tərəqqisinə etibarlı dəstək, sabaha gedən yollarına işıq salır. Deməli, mollanəsrəddinçilik təlimi davam edir. Müasir Azərbaycan ədəbiyyatında tənqidi-realist meyllər, satira, vətəndaşlıq cəsarəti, dərin milli düşüncə, Azərbaycançılıq məfkurəsi yaşadıqca, "Molla Nəsrəddin" ənənələri də, mollanəsrəddinçilik təlimi də yaşamaqda davam edəcəkdir.
1-8 oktyabr, 2019-cu il
Hüseyn
ƏSGƏROV
Naxçıvan
Muxtar Respublikasının Əməkdar jurnalisti
metbuat1950@box.az
525-ci qəzet.- 2019.- 6 noyabr.- S.22.