Alban Klodu
layiqincə tanıyaq...
Bəhmən Mirzə Qacarın, axır
ki, bir övladı Tapıldı!
Neçə
gündür ki, Bakı ictimaiyyəti şəhərimizin bir
qonağı - Hacı Zeynalabdin Tağıyevin kötükcəsi
Alban Klod adlı bir gəncin Fransadan öz baba yurdana gəlişi
ilə bağlı xəbərləri maraqla izləyir.
Düzü, bu gəncin mənə Votsap vasitəsilə məktub yazıb şəxsən görüşmək arzusunu
bildirməsindən əvvəl
təəccübləndim, səbəbini bildikdə heyrətləndim, daha sonra isə çox-çox təsirləndim. Alban yazırdı ki, mənim adımı intetnetdə rastlaşdığı
bir məlumatdan öyrənib, daha dəqiq, Bərdədə
Qacarlarla bağlı yazdığım bir məqalə ilə bağlı eşidib və Bakıya səfəri ərəfəsində
məni axtarmağa başlayıb. Hələ Fransada
ikən Diaspora Komitəsinin
sədrinə müraciət
edib və Mirvari adlı bir xanım vasitəsilə telefonumu tapıb. Görüşə vaxt qoyduq.
Daha sonra Diaspora və digər təşkilatlardan
da zənglər gəlməyə başladı
və Klodun görüşmək arzusunu
çatdırdılar. Nəhayət, bu gün çalışdığım
AMEA Şərqşünaslıq institutunda Albanla görüşdük və
bu xoş simalı, gülərüz,
mehriban, son dərəcə
səmimi gəncin dediyi ilk cümlələrdən
az qala
şoka düşdüm.
Məlum oldu ki, mənim vaxtilə FB səhifələrində,
daha sonra "525-ci qəzet"də dərc
olunmuş "Bəhmən
Mirzə Qacar, hanı sənin övladların?!" adlı
məqaləmin sərlövhəsi
onun diqqətini cəlb edib, yazını qismən tərcümə etdirib və nəslinin ana tərəfdən həm də Bəhmən Mirzə Qacar ailəsinə mənsubluğunu bildiyi üçün bu "çağırışa" cavab verməyi özünə borc bilib!
Əhsən belə Övlada!!!
Bu çox ləyaqətli
gənc Bəhmən Mirzə Qacar, Mirzə Fətəli Axundov və Hacı Zeynalabdin Tağıyev kimi Azərbaycan xalqının
üç böyük
nəslinin qanını
özündə birləşdirir. 25 yaşlı Alban Klod öz səcərəsinə
yaxşı bələddir
və Fransadakı Azərbaycan əsilli bütün qohumlarını
da tanıyır.
Söhbət zamanı
telefonunda bir çox yeni, orijinal ailə şəkilləri göstərdi,
onlar haqda maraqlı məlumatlar verdi. Bu marağın kökündə
onun öz ailə hekayətlərinə
şəxsi münasibəti,
öyrənmək həvəsi
və təşəbbüsü
ilə yanaşı, peşəkar tarixçi olması faktoru da durur və
sözsüz ki, böyük rol oynayır. Qərara aldıq ki, ünsiyyətimizi davam etdirək, şəkillərlə
bölüşək, bəzi
faktları dəqiqləşdirək,
gələn səfərində
(2020-ci ilin martı
nəzərdə tutulur)
isə mütləq Bərdəyə gedək
və ulu babasının türbəsini
birlikdə ziyarət edək. Alban bu
səfərində vaxtın
həmin ziyarətə
imkan vermədiyinə
çox təəssüflənirdi.
İnstitutumuzun direktoru Gövhər
xanım Baxşəliyeva
da qonağımız
haqda xəbər tutanda Klodu rəsmi
deyil, öz övladı kimi çox səmimi qarşıladı, bağrına
basdı, babası, səcərəsi haqda xoş sözlər dedi, Klodun Bərdə
ilə bağlı söhbətini eşidəndə
özünün də
əslən Bərdədən
olduğunu və bu bölgədən Milli Məclisə deputat seçildiyini bildirdi, onu şəxsən
Bərdəyə dəvət
etdi. Eyni zamanda, Kloda
gələcəkdə Şərqşünaslıq
institutinda Qacarlar və Tağıyev ailəsinin tarixi ilə bağlı elmi mövzu götürməyi tövsiyə
etdi və institut əməkdaşlarının
bu işdə ona tam mənada yardımçı olacağını
bildirdi.
Klod çox işıqlı,
mədəni, son dərəcə
müsbət auralı
və ünsiyyətə
çox açıq
bir gəncdir, 3 il əvvəl İranda olub, Qacarlara məxsus sarayları gəzib, Fransadakı bəzi qohumlarının əlində
iranlı pasportu olsa da, özlərini
azərbaycanlı bildiklərini
xatırlayır və
hətta Xosrov Mirzə Qacarın Türkiyədə yeni pasport almayıb Azərbaycan Xalq Cümhuriyyətinin pasportu
ilə yaşadığını
söyləyərək bu
pasportun surətinin şəklini də bizə nümayiş etdirdi. Bu gənc Azərbaycan Cümhuriyyəti
haqda bilikləri ilə bizi heyrətləndirdi,
AXC ordusunun zabiti olmuş Mansur Qacarla bağlı eşitdiyi xatirələri danışanda,
mən Mansur Qacarın
1918-ci il mart hadisələri zamanı ermənilər tərəfindən
əsir götürüldüyü,
bu haqda ifadə verdiyini bildirdim, kitabımdan həmin sənədləri
və Mansur Qacarın
şəklini ona göstərdim. Çox təsirləndi və
Mansur Qacar, onun buradakı ailəsi, övladları haqda daha geniş məlumat yığmaq istədiyini bildirdi. Qərar verdik ki, bu
mövzunu daha geniş araşdıraq.
Alban Klod Azərbaycana, Azərbaycan tarixinə olduqca bağlı, istiqanlı bir gənc olmaqla bu məhəbbətini Fransadakı digər qohumlarından, o cümlədən,
anası tərəfdən
dayı saydığı
70 yaşlı Daniel Qacardan
aldığını bildirdi.
Bu görüşümüzdə
iştirak və tərcüməçilik edən
tarixçi Nigar xanım Gözəlova ona gələn dəfə dayısı ilə birlikdə gəlməyi təklif edəndə Alban Klod belə bir fikirləri
olduğunu söylədi.
Belə ki, dayısı ona tapşırıb: “- Hələ
sən get, xəbər
gətir, sonra Azərbaycana birlikdə gedərik" .
Beləliklə, yaxın zamanlarda
ölkəmizə Fransadan
ən azı 2 nəfər Qacar nəslinin nümayəndəsinin
səfəri və onların Bərdədə
Bəhmən Mirzənin
bu gün acınacaqlı vəziyyətdə
olan türbəsini ziyarət edəcəyi gözlənilir. Mənim bu yazımı oxumuş dostların xatirindədirsə, Bəhmən
Mirzənin 69 övladından
qol-budaq açan və bu gün
sayı yüzlərlə
ölçülən insanlara
məhz bu məzarın təmiri ilə bağlı simvolik müraciət etmişdim, çünki bu türbə Dövlət tərəfindən
qorunur və onun abadlığı məsələsi ilə də ilk növbədə
müvafiq dövlət
qurumu məşğul
olmalıdır. Amma o yazıdan
sonra nəinki dövlət tərəfindən,
heç Qacar nəslinin Azərbaycandakı
saysız nümayəndələrindən
də heç bir xəbər çıxmadığından, düzü, çox məyus olmuşdum.
Bu ilin yayında Bərdədə olarkən
bir daha həmin türbəni ziyarət etdim və qəbrin üst qatındakı çatların daha da dərinləşdiyini gördüm, müvafiq orqanlara zəng etdik, yenə nəticəsiz...
İndi nə edək? Ümidimizi yeganə
olaraq çağırışımızı
ciddi almış və Fransadan durub gəlmiş bu 25 yaşlı ailə təəssübkeşi
Qacar Övladına -
Alban Kloda bağlayaqmı?
Yeri gəlmişkən,
Alban mənim yazımın
tənqidi məzmunundan
xəbərdardır, elə
bu mövqeyə görə məni çox "sevdiyini" və görüşmək
istədiyini bildirdi. Azərbaycana ilk səfərinin təəssüratını
və görüşümüzün
xoş ovqatını
pozmamaq üçün
mən bu barədə dərinə
getmədim. Amma məsələ bununla bitmədi axı! 70 yaşlı Daniel Qacar və Alban Klod bir də
Bakıya gələndə
və Bərdəyə
səfər edəndə
hər halda xəcalət çəkməmək
və rüsvay olmamaq üçün bəlkə türbənin
təmiri məsələsini
o vaxtadək özümüz
həll edək?
Axı bu gün Qacarların Azərbaycan dövləti olduğu kimi iddialar qarşısında Şimalı Azərbaycanı
bu sülalə ilə bağlayan
yeganə şəcərənin başçısının
- Bəhmən Mirzə Qacarın özü
tərəfdən inşa edilmiş
türbəsinin divarlarındakı suvaqların kif atması, qəbrinin şüşə
örtüyünün hava
çəkməsi, məzarının torpaq
ust qatının çat
verməsi hansı məntiqə sığar? Tarixilik,
varislik, irsə sahiblik,
ənənələrə hörmət, ləyaqət hissi, qeyrət ... Daha
hansı keyfiyyətlərə səslənək, daha hansı ölkələrdə Qacar övladları axtaraq
ki, cəmi 2000-3000 manat
tutacaq bu təmir işi axır ki, görülsün?!
Solmaz
Rüstəmova-TOHİDİ
Tarix
elmləri doktoru
525-ci qəzet.- 2019.- 6 noyabr.- S.21.