Zəmanəmizin "Qabusnamə"si
İnsan
həftədə iki kitab oxumaqla 50 ildə beş minə
yaxın kitab oxuya bilər. Elə olur ki, hər
hansı bir kitabı nəinki oxuduğuna, hətta vərəqləyərkən itirdiyin
vaxta heyfin gəlir. Odur ki, adamın
əlinə ürəyinə
yatan, zövqünə
oxşayan, düşünməyə
sövq edən bir kitab düşəndə
sevinir.
"Qəribə dünya"
kitabı məni bu baxımdan artıqlaması ilə qane etdi. Bu çox maraqlı və ibrətamiz hekayətlərlə dolu olan kitab "Qabusnamə" təsiri bağışladı. Bu günə kimi şəxsən tanımadığım
müəllifin iki-üç
il bundan
əvvəl "Sirli
dünya" adlı kitabını oxumuşdum.
Yüksək elmi səviyyədə
yazılan kitab arıların həyatından
bəhs edirdi. Maraqlandım.
Məlum oldu ki, Nəsib Bayramoğlu Mingəçevirdə
ədəbi prosesin inkişafına təkan verən ali
savadlı ziyalıdır.
Azərbaycan Dövlət Universitetini
bitirib. Yazar
"Qəribə dünya"
və "Sirli dünya" kitabları ilə bərabər,
"Boyunduruq", "Arı
və demokratiya",
"Mingəçevirdə qalan ömür" (əslən Qəbələdən
olan Nəsib Bayramoğlu Mingəçevirə
təyinatla göndərilibmiş),
"Yuvalar", "Tənha
məzar", "Yazdım
- yazdılar" kimi kitabların müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Qəribə dünya"
əsəri özünüdərkə,
mənəvi saflığa,
kamilliyə səsləyir. Əsər həyatın
hər üzünü
görmüş, mütəmadi
mütaliə edən,
erudisiyalı, müdrik
bir qələm sahibinin təfəkkürünün
məhsuludur - desək
səhv etmərik.
Nə gizlədim,
hər əsər adamı düşünməyə
vadar etmir. "Qəribə dünya"dakı
mühakimələr, qəribə
əhvalatlar, rəvayətlər,
hekayələr, novellalar
insanı dərindən
düşünməyə, həyata yeni gözlə baxmağa, həyatın mənasını,
həyatda insanın cavabdehlik missiyasını
anlamağa, götür-qoy
etməyə sövq edir. Əsər bütövlükdə yenilik ideyaları ilə zəngindir. Mənə görə bu təmənnasız xidmətdir,
fədakarlıqdır.
Nəsib Bayramoğlunun dünyaya qəribə baxışı,
fikri ifadə etməkdə özünəməxsus
yazı üslubu vardır. Mətləbi aydın və
orijinaldır. Vaxtilə
bu kitabın çapına sevimli şairimiz Məmməd Aslan çox maraqlı və yığcam ön söz yazmışdı:
"Müəllifin bu
kitabının əsas
qəhrəmanları; təbir
caizsə, boyun əyməyə məhkum
olunmuş adamlardır.
Onlar həyat keşməkeşlərinin
qəhrəmanlarıdır. Ən başlıcası, bu qəhrəmanları Nəsib
düşünüb yaratmayıb.
Həyatın özünün yaratdığı zavallılardır.
Xalq arasında
dürlü-dürlü hekayələr,
hekayətlər yaşayır. Bunlar ovqatlar arasında, söhbətlər əsnasında
soydaşlarımızın karına gəlir,
məqamında bir fikir dartmasına bir nöqtə kimi son qoyulur. Elə olur ki, başlanılan
söz-söhbətlər unudulur,
bu araya girmiş hekayətlər yenidən yaddaşlara yazılır, populyarlıq
qazanır.
Maraqlı əhvalatlar və qəribə hekayələr
burada adlı hekayələrdən daha çoxdur. Təkrara dəyər ki,
bunlar xalqın olduğu qədər də müəllifindir.
... Nəsib Bayramoğlu bu hekayələri bayatı toplamalarında olduğu kimi asanca yazıya
köçürmür; onların
məğzini götürüb
ətə-qana doldurur,
bir çox hallarda fikri davam etdirir, mətləbin üstə
mətləb qoyur.
Canlı
xalq dilinin şəhdi-şəkəri ilə
hekayələri çimizdirir".
Təbiət şairi Məmməd Aslan mətləbi o qədər dəqiq ifadə edib ki, bu kiçik
yazıda onun fikirlərinə bol-bol yer vermək zorunda qaldım. Ruhu şad olsun!
Açığını deyim ki, "Qəribə dünya"
kitabının hər
səhifəsini vərəqlədikcə
gözlərim önündə
müdriklik mücəssəməsi,
dünya şöhrətli
"Kəlilə və
Dimnə", xüsusən
də "Qabusnamə"
canlanırdı. Müəllifin müşahidə qabiliyyəti qeyri-adi dərəcədə güclü
və cəlbedicidir.
Maraqlı odur ki, bu hekayələri, möcüzəyə bənzər
əhvalatları oxuduqca,
indiki nəslin ağlına sığmayan,
lakin yaxın keçmişdə baş
verən real hadisələr
göz önünə
gəlir:
"Yağ talonu,
dondurulmuş ət (insanlar təzə ət üzünə həsrət qalmışdı. Yağ hər
ailəyə talonlarla
verilirdi), şəriətdən
xəbəri olmayan yarımçıq mollalar
və həkimlər
(müəllif belələrini
dinin və insanların düşməni
kimi təsvir edib), pambıq, üzüm, süd planını iki yüz faiz yerinə
yetirmək, bir inəkdən iki bala almaq öhdəliyi,
sovet dönəmində
bəlaya çevrilmiş
danoslar-imzasız məktublar
və s.
Bu ibrətamiz hekayətlərdə,
qəribə əhvalatlarda
lovğalıq, xəsislik,
şöhrətpərəstlik, xeyirxahlıq, var-dövlətə
hərislik, sadəlik,
təvazökarlıq, heyvanlara
münasibət, siyasətlə
bağlı məsələlər,
yekəxanalıq, qanmazlıq,
adət-ənənələr, qarınqululuq, mərdlik, acgözlük, gözütoxluq,
ailə münasibətləri,
tənbəllik, laqeydlik,
gopçuluq, ovçuluqla
bağlı maraqlı
hekayətlər və
s. müəllifin ədəbi
tədqiqat obyektinə
çevrilir.
Lakin müəllif
nəticə çıxarmağa
müdaxilə etmədən
onu oxucunun mühakiməsinə verir. Heç
vaxt demir; bu yaxşıdır, bu pisdir. Qoy oxucu
özü nəticə
çıxarsın - deyir.
Burada xeyli sayda Şəki və şəkililərlə bağlı orijinal hekayətlər vardır. Yaxşı olardı ki, ən maraqlı, duzlu-məzəli, insanı dərindən düşündürən bu Şəki hekayətlərini yaradan şəkililərin lətifələrinə, hekayətlərinə bir fəsil ayrılaydı. Şəkililər seçilməyə layiqdirlər.
Lətifələr, hekayətlər müdriklik əlamətidir. Müdriklik
isə ilahidən gələn, hər adama
qismət olmayan ən qiymətli nemətdir.
Müdrikliyi heç
nəynən almaq mümkün
deyil. Lakin insan mütaliə ilə, həyatın
keşməkeşlərindən ibrət götürərək
müdrikliyini artıra bilir.
Nəsib Bayramoğlunun "Qəribə
dünya"sı insanları çox gərəkli
olan müdrikliyə yönəltmək
gücündədir. "Qəribə dünya"
müdriklik məktəbidir.
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2019.- 6 noyabr.- S.17.