Görkəmli tibb xadimi Mürsəl Qarayevin
100 illiyi qeyd edilib
Tədbirdə yubilyara həsr olunmuş
"Doktor Qarayev" xatirə kitabının və "Cərrah"
sənədli filminin təqdimatı olub
Noyabrın 4-də Azərbaycan Tibb Universitetində (ATU) görkəmli
tibb xadimi, ötən əsrin
60-cı illərində Azərbaycan
Səhiyyə Nazirliyinin
baş cərrahı işləmiş Mürsəl
Qarayevin 100 illiyi münasibətilə tədbir
keçirilib.
Azərbaycan Tibb Universitetinin
təşkilatçılığı ilə gerçəkləşən
tədbirin iştirakçıları
əvvəlcə Bakı
şəhəri 2 saylı
Uşaq klinik xəstəxanasının qarşısında
Mürsəl Qarayevin atası - ilk azərbaycanlı
pediatr, Əməkdar
elm xadimi Əbülfəz
Qarayevin abidəsini ziyarət edib, abidənin önünə
tər çiçəklər
düzüblər.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən
yubiley tədbirində
dövlət və hökumət rəsmiləri
- Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev, Səhiyyə naziri Oqtay Şirəliyev,
Mədəniyyət naziri
Əbülfəs Qarayev,
Gənclər və İdman naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova, Fövqəladə
Hallar nazirinin birinci müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, elm, mədəniyyət,
ədəbiyyat xadimləri,
ATU-nun professor-müəllim, tələbə heyəti,
Abşeron rayonu Fatmayı kəndinin ağsaqqalları və
media nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış
edərək qonaqları
salamlayıb. O, Mürsəl
Qarayevin həyat və fəaliyyəti haqqında danışarkən
qeyd edib ki, tarixdə elə şəxsiyyətlər
var, həmişə yadda qalır. Belə insanlardan biri də 1919-cu il noyabrın
4-də Bakının Fatmayı
kəndində məşhur
həkim-pediatr Əbülfəz
Qarayevin və Sona xanım İskəndər qızının
ailəsində anadan olmuş Mürsəl Qarayevdir. Rektor bildirib ki, Mürsəl Qarayev Azərbaycan tibb elmində çoxprofilli cərrah kimi böyük nüfuz sahibi, cərrahiyyə tariximizdə ən savadlı və peşəkar insanlardan biri olub. 1938-ci ildə Azərbaycan
Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika
fakültəsinə daxil
olan Mürsəl Qarayev 1942-ci ildə Sovet Ordusu sıralarına
hərbi xidmətə
çağırılır. Qafqaz Cəbhəsi 65-ci xüsusi
motoatıcı briqadasının
seçmə-qəbul məntəqəsində
ordinator-cərrah işləyir.
Döyüşlərin birində yaralanır
və bir müddət müalicə
olunandan sonra
1943-cü ilin avqust ayından müharibənin
sonuna qədər orduda 482-ci Tibb-sanitar batalyonunda cərrah kimi xidmət edir. Kursk dairəsi
döyüşlərində hərbi eşelonun baş həkimi olur. Budapeşt ətrafındakı döyüşlərdə daha
bir dəfə yaralanır, tibb xidməti kapitanı kimi ordudan tərxis
olunur. "Döyüşdə cəsurluğa
görə", "Qafqazın
müdafiəsinə görə",
"Almaniya üzərində
Qələbəyə görə"
medalları ilə təltif edilir.
Sonradan cərrah
kimi fəaliyyətini
davam etdirən Mürsəl Qarayev
1960-1964-cü illərdə Səhiyyə Nazirliyinin baş cərrahı işləyir. Namizədlik və doktorluq
dissertasiyalarını müdafiə
edir.
5000-dən
artıq cərrahiyyə
əməliyyatı edən
doktor Qarayevin son iş yeri o vaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunun "Travmatologiya,
ortopediya və hərbi səhra cərrahiyyəsi" kafedrasında
dosent vəzifəsi olub. Görkəmli tibb xadimi
1975-ci ildə vəfat
edib.
Çıxışdan sonra əlləri hər zaman insanlara şəfa bəxş edən Mürsəl Qarayevə həsr edilmiş "Cərrah" sənədli
filmi nümayiş olunub.
Filmdə cərrahın peşə
yoldaşlarının, dostlarının,
ailə üzvləri
və tələbələrinin
xatirələri yer alıb. Xalq rəssamı
Tahir Salahov, akademiklər Vasim Məmmədəliyev, Cəmil
Əliyev, tibb xidməti general-leytenantı
Faiq Tağızadə,
Mürsəl Qarayevin ailə üzvləri və yaxınları - nazir Əbülfəs Qarayev, qardaşı övladları Fərəc
Qarayev, Züleyxa Qarayeva, nəvələri
unudulmaz şəxsiyyət
haqqında düşüncələrini
bölüşüblər. Film doktor Qarayevlə
tanışlığı olmayan insanların təsəvvüründə belə
onun işıqlı simasını yaradır.
Tədbirin davamında çıxış
edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Mürsəl Qarayev virtuoz cərrah idi: "Cərrahiyyə elminin bütün sahələrinə
dərindən bələd
olan Mürsəl Qarayev neçə-neçə
cərrahlar nəslinə
nümunə olub. Onun belə peşəkar cərrah kimi yetişməsində ilk təcrübəsinin
müharibə dövrünə
təsadüf etməsi
də rol oynayıb. Çünki cərrahların yetişməsi üçün
müharibələrin rolu
böyükdür. Müharibə elə bir yerdir
ki, cərrah kimsədən məsləhət
almadan, vaxt itirmədən qərar verməyə məcburdur.
O da cəbhədə,
ağır şəraitdə
əməliyyatlar edərkən
çox vaxt təkbaşına qərar
verməyə məcbur
olurdu. Təbii ki, digər
mühüm səbəb
onun tanınmış
pediatr Əbülfəz
Qarayevin ailəsində
doğulması idi.
Mürsəl müəllim öz
ailəsinin içərisindən
başlayaraq, çox
gözəl məktəb
keçib və daha çox hərbi-səhra cərrahı
kimi tanınırdı.
Zamanında Mürsəl müəllim
çox tanınmış,
əhali arasında əfsanələşmiş insane idi. Hətta o, doktorluq dissertasiyasını
müdafiə etmədiyi
zamanlarda belə, biz onu professor kimi qəbul edib tanıyırdıq".
Əhliman Əmiraslanov cərrahla bağlı xatirələrini
də bölüşüb.
Mürsəl Qarayevin yaxın qohumu - Xalq artisti,
kinorejissor Oqtay Mirqasımov çıxışı
zamanı filmin yaradıcı heyətinə
təşəkkür edib. Bildirib ki,
belə sənədli
filmlərin çəkilməsi
Azərbaycan xalqının
həyatında mühüm
rol oynayan ziyalıların xatirəsinin
yaşadılması və
gənc nəslə çatdırılması baxımından
böyük əhəmiyyətə
malikdir. O, Azərbaycanın
elm, mədəniyyət tarixinə
töhfələr vermiş
Qarayevlər və Mirqasımovlar nəslinin davamçısı olmasından
qürur duyduğunu dilə gətirib. Vurğulayıb ki, Mürsəl Qarayev onun üçün həmişə nümunə
və parlaq bir obraz olub:
"O, çox gözütox
insan idi, çox məğrur, mərhəmətli və
sadə idi. Başını asanlıqla əyməzdi,
amma xəstələrin
yanında hər zaman başı aşağı dayanardı.
O, hərbçi olaraq,
döyüşkən, inadkar,
dönməz ruha sahib
idi. Mən onu hər zaman özümə örnək bilmişəm,
onunla hər zaman fəxr etmişəm".
Fövqəladə Hallar nazirinin birinci müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə xatirələrini bölüşərək, Mürsəl Qarayevin müəllim kimi gözəl xüsusiyyətlərindən söz açıb. Bildirib ki, o, öz nəslinin parlaq təmsilçisi idi: "Azərbaycan cərrahlıq məktəbinin qızıl nəslinin nümayəndəsi olan Mürsəl müəllim ən çətin, çıxılmaz vəziyyətlərdə belə hökmən bir çıxış yolu tapırdı. Böyük məktəb keçən cərrah qeyri-peşəkarlığa qarşı sərt bir şəxsiyyət idi. Görünür, müharibəni keçməsi, hərbi-səhra cərrahlığı təcrübəsi onda tez və qeyri-adi çıxış yolları tapmaq vərdişi yaratmışdı".
Daha sonra "Doktor Qarayev" kitabının müəllifi və filmin ssenari müəlliflərindən olan tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu çıxış edib. O, filmin ərsəyə gəlməsi, həmçinin, tərtibçisi olduğu "Doktor Qarayev" kitabı ilə bağlı düşüncələrini bölüşüb: "Hər bir ailə kiçik bir cəmiyyət, miniatürdə xalq deməkdir. Mən 15 il öncə - Mürsəl Qarayevin 85 illik yubileyində onun həyatını, fəaliyyətini araşdırıb, kitab kimi işləyərkən Qarayevlər ailəsinə daha da yaxın oldum və onların uzun bir dövrdə cəmiyyətimizə nə qədər faydalı şəxsiyyətlər yetişdirdiyinin şahidi oldum. Qarayevlər ailəsinin bu ənənəsi hələ də davam edir. İndi də bu nəslin nümayəndələri yorulmadan Azərbaycana, onun dövlətçiliyinə və xalqın rifahına xidmət edirlər".
O vurğulayıb ki, Mürsəl Qarayev həyatını ləyaqətlə, peşəsini sevə-sevə yaşayıb: "O hesab edirdi ki, həkim mütləq vətənpərvər və gözütox olmalıdır. Heç nədən qorxmamalıdır. Gənc həmkarları ilə zəngin təcrübəsini bölüşər, gənclər də onunla tez-tez məsləhətləşərdilər. "Mürsəl" adının qarşısındakı etimoloji izah onun "rəsul" sözü ilə eyni kökdən olduğunu deyir. Mürsəlin "seçilmiş", "xilaskar", "elçi", "göndərilən" mənalarını ortaya qoyur. Belə olmasaydı, onun etdiyi 5 mindən artıq uğurlu cərrahiyyə əməliyyatı nə idi bəs? Xəstələr onunla söhbətdən sonra əməliyyata qorxusuz girirdilər.
Mürsəl Qarayev musiqini çox sevir, ifa da edirdi, müharibədən sonra aldığı kontuziya sonradan onu musiqi ilə məşğul olmaqdan ayırmışdı. Ancaq onun bir ədəbiyyatçı, yazar ustalığına, dilinə vaqif olmasını mən bəzi elmi qeydlərindən və məktublarından hiss etdim ki, bunu, yəqin, çox az adam bilir".
S.Babullaoğlu filmin yaradıcı heyətinə, ssenari müəlliflərindən biri və həm də ekran əsərinin rejissoru olan Əməkdar artist Rafiq Haşımova, operator Rüfət Süleymanova təşəkkürünü ünvanlayıb.
Tədbirin sonunda Mürsəl Qarayevin ailəsi adından onun oğlu, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib. O, tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək vurğulayıb ki, ölkəmizdə tanınmış elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ənənəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mürsəl Qarayevin yubileyinin keçirilməsi ölkə rəhbərliyinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin görkəmli insanlarının xatirəsinə diqqət və hörmətinin təzahürüdür.
Əbülfəs Qarayev təqdim olunan filmin və kitabın müəlliflərinə təşəkkür edib. Bildirib ki, hər bir xalqın görkəmli nümayəndələrinin tarixdə qalması üçün incəsənətin, mədəniyyətin böyük rolu var: "Kitabda və filmdə yaddaqalan anlar, xatirələr yer alıb, atamın fəaliyyəti əks olunub. Filmi izlədikcə, orada səslənən fikirləri eşitdikcə bir daha əmin oluruq ki, bu insan həyatını hədər yaşamayıb".
Sonda tədbir iştirakçılarına Səlim Babullaoğlunun "Doktor Qarayev" xatirə kitabı hədiyyə edilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 6 noyabr.- S.11.