"Təpəgöz"ləşən fəryad

 

 

1971-ci ildə Muğan mahalının Nəriman kəndində dünyaya göz açıb. İlk təhsilini doğulduğu kənddə alıb. 1983-cü ildən ailəsi ilə birlikdə Muğanın Parsabad şəhərinə köçüb. Ali təhsilini 1991-ci ildə bitirdiyi Təbriz Universitetinin fars dili və ədəbiyyatı fakültəsində alıb.

Bədii yaradıcılığa 16 yaşında başlayıb. İlk şeiri ("Vətən") "İslami birlik" həftəliyində dərc olunub. O, həm də araşdırmaçı və tərcüməçi kimi tanınıb. Bir sıra tanınmış türk müəlliflərinin əsərlərini fars dilinə çevirib. Çoxlu sayda kitabları və məqalələri dərc olunub.

 

İçimin dərinliyində

boğur qarışqaların nəfəsi məni,

darıxıram

xinovlanmış sükutuma,

amma sənin səsin

kirpiklərinin altında gizlənmiş.

Dünən

şeirimdə bir kəlmə yatmışdır

eyni ilə kirpiklərinin altında

mürgüləyən fəryad kimi,

sonra, o fəryad

"təpəgöz"ləşdi,

harınlaşdı,

bütün röyaları uddu

sevgimiz

uyumayan qayalarda qaldı:

- Havax görüşə bilərik sevdiciyim?

 

Hə! Ara vermədən deyim kı:

Bu gün Dədə Qorqud gəlmişdi bizə,

"Basat"ı da özü ilə gətirmişdi;

Sən, gördüm gözəlləşmişdin,

kirpiklərin açıldıqda,

gözlərin daha da axıcı idi...

Kirpiklərinin qatında

sonsuz səsləri

gizlətmək olardı

 

Yasalarda yaşanmamış həyat

 

Nazim Hikmətin nisgilli yaşayışı üçün   

mən

qarış-qarış damarımda

həp səsini duydum.

"Bursa" dustağının cızığından

Həyatın əllərini öpmək:

yasalar həbs eləməklə yaşamaqda,

                        doğrudan da...

Ah həyat,

sayaq , ötmür.

Barmaqlıqlara əsnəyən ömür

üz-üzə baxıb gülənlər;

aclıq günləri keçirənlər

ömründən uzun dustağını yaşayanlar.

Ölülər:

Həyatda dustaqda 

            Uc-bucaqsız duzlaqda

sən küləklərin dilində;

duyuram dirçəlişin kimliyini onda mən.

sən gələndə

yel kükrəmir.

zaman 

Sil-süpür edir keçmişini,

irəli gedir dabanqırma.

uyxular payız kimi solur,

duyu ram dirçəlişin kimliyini onda mən.

kükrədiyin külək harmonya verir

daşların gövdəsinə

qaranlıq yaraşıqsız dirək,

ozansız şeir

şeirsiz ozan.

dayandırın yağışı

sükutu yumasın.

                       

Buradan bağırtı ötür.

quşlar da oxuyur:

"bağır,

   bağır,

            bağırıyorum,

koşun, kurşun əritməyə çağırıyorum..."

Bu sözlər:

Gülər üzlər, bir külək tək kükrər:

"Dağlarla, dalğalarla, dağ gibi dalğalarla,

dalğa gibi dağ-lar-la"

mən, qarış-qarış damarımda

ömürdən uzun bir dustaq

yasalarda

yaşanmamış bir həyat duydum.

 

Barmaqlar

 

Barmaqların

odda cılalanmış qılıncdır sanki.

Parçalayır parça-parça

            güvəndiyim ərliyimi.

Didir didim-didim,

      tərpəndiyim yerin üzünü.

Ötdüyüm yolları da qazır

                                   bu barmaqlar.

 

Könlüm azır,

yırtıcı bir qurd olur.

İti bir barmağa dönür

                        sənə bənzər.

Barmaq olub

xıncır bütün ərlikləri

                        xıncım-xıncım,    

odda cılalanmış qılınc kimi...

Əllərin ürəyimdə tərpənir

Yuxusuzluqdan,

Yorğunluqdan,

Pozğunluqdanmı əsnəyirsən?

Düşünmürəm.

Çoxdur sənin könüldaşın

Əllərini qoyma ürəyinin başına;

 

Əllərin Ürəyimdə tərpənir,

 

Gözlərin Yuxumda qışqırır,

Ürəyini sıxma,

Ki yerləşim

Ürəyinin vüqarında

Axıram mən...

Həyatın axımıyla

Axa-axa,

İçin-için...

nlüm əyilir bənövşə tək,

Ürəyim sıxılır

Sıxıldıqca kiçilirəm,

O qədər kiçilirəm,

Qarışqalar da ötür başımın üstündən

O qədər kiçilirəm,

Vüqarımın da başı əyilir

Gecələr tükənmir,

Alnım isə

Bayquşun yuvasıdır.

Əllərinsə

Ürəyimdə tərpənir

Gözlərin yuxumda qışqırır.

 

Haraya gedir bu həyat?

 

Haraya gedir görəsən,

Bu durumda

Bu həyat?

Qorumaqla da olmur,

Sevdanı yaşamaq.

Uzanır yalaqlıq,

İlğımlı nərdivanla

Dimdikləyir quşlar

Dayğaların izini...

Günəş: bir sıldırım qaya

Arxasında sıra duran göyərtilər

Ölümlü-dirimli yuxularda

Bəlkə də.

Hər addımda sanki

İllərin qoxumuş izi var.

Bu izlərdə:

Qoxumuş əllər,

Çürümüş dillər

Bu dillərdə:

Boğulmuş həyat

Bu durumda bu həyatın:

"Sağ olsun" sədası gəlsin

Bu bir sevinc,

Bu bir nisgil.

Haraya gedir görəsən,

Bu durumda bu həyat?

dənizdə bir sevinc,

damlada bir arzu

Səssiz-səmirsiz hıçqırtıdır

Bu həyat

Bəbəklərində iz qoyan

bu baxışların tozunda

haraya gedir görəsən,

bu həyat

bu durumda...

yaşamaq...

 

 

Hümmət ŞAHBAZİ

 

525-ci qəzet.- 2019.- 8 noyabr.- S.15.