Erkən itirdiyimiz ədəbi düha – Cəfər Cabbarlı
Böyük dramaturqun ölümü
ilə bağlı maraqlı məqamlara bir nəzər
Dahilərin həyatı kimi ölümləri də həmişə
ictimaiyyətin, xalqın diqqət mərkəzində olur. Belə
böyük şəxsiyyətlərdən biri də Cəfər
Cabbarlıdır. O, çox nadir istedad sahibi,
böyük dramaturq, nasir, şair və ictimai xadim idi. Hələ
Azərbaycan Cümhuriyyəti ərəfəsində
"Ədirnənin fəthi", "Trablis müharibəsi"
kimi əsərlər yazmışdı. Həmin
əsərlərdə milli müstəqillik ideyaları,
istiqlal mübarizələri ön plana çəkilmişdi.
Sovet hakimiyyəti qurulduqdan sonra bir sıra böyük sənətkarlarımız
kimi C.Cabbarlının çətin günləri
başladı.
Sosialist inqilabının nəzəriyyəçiləri
yazıçıların yaradıcılığına
böyük məhdudiyyətlər qoydu. İstedadı,
enerjisi aşıb-daşan Cəfər Cabbarlı
üçün bu şəraitdə yazıb-yaratmaq çox
ağır idi. 20-ci illərdə iki dəfə
həbs olunmuşdu. Hər dəfə də
böyük çətinliklər hesabına həbsdən
çıxa bilmişdi. Hər bir əsəri
yeni ədəbi mübahisələrə səbəb olur,
böyük sənətkara ağır ittihamlar irəli
sürürdülər. Bütün
bunlara baxmayaraq, Cəfər Cabbarlı
yazıb-yaradırdı, xalqı, milləti üçün
böyük mənəvi sərvətlər yaratmağa can atırdı.
Heç kəsin gözləmədiyi halda, 1934-cü
ilin axırıncı günündə Cəfər
Cabbarlı qəflətən vəfat etdi. Elə həmin
gündən indiyə kimi onun ölümü ətrafında
söz-söhbətlər səngimək bilmir.
Ədibin
həyat yoldaşı Sona Cabbarlı öz xatirələrində
yazır: "1934-cü ilin dekabrın 27-si idi. Axşam saat
5-6 olardı... Cəfərin iki nəfər
kinostudiya işçisi ilə gəldiyini gördüm.
Onun köynəyinin yaxası açıq,
qalstuku və papağı əlində idi. Üzündə-gözlərində
ağır bir əzginlik hiss olunurdu. Bərk həyəcanlandım:
- Cəfər,
sənə nə olub, yaxanı niyə açmırsan?
- Yox, yox,
narahat olma, kino-fabrikada yıxılmışdım, bir az özümü itirdim. Dərman
verdilər keçdi.
Yarım saata həkim gəldi, müayinə etdi. Ürəyinə
qulaq asdı. Onun dediyinə görə Cəfərə
bir balaca soyuq dəymişdi. Üç
gün evdən çıxmamalı idi. Həkimi yola
salarkən, Cəfərin ürəyinin vəziyyətini
soruşdum...
- Qorxulu
bir şey yoxdur, ürəyi bir balaca "pereboy" verir, -
dedi.
Ayağa qalxandan sonra gərək onu rentgenə
salaq".
Cəfər Cabbarlının həyat yoldaşı Sona
Cabbarlı xatirələrində yazır ki, gecə saat 4-də
oyananda gördüm, Cəfərin yanağında iki damla
yaş donub qalıb, o, artıq ölmüşdü.
Həmin
vaxt Yazıçılar İttifaqının sədri olan
M.K.Ələkbərli "Dönüş"lərin müəllifini
itirdik" adlı məqaləsində göstərir:
"Ayın 30-da istirahət günü saat 4-də mən telefona
çağırıldım. Müsahibim Cəfər
idi. Danışığımızın
mövzusu onun yeni yazmış olduğu "Bakı"
novellası idi. Yoldaş Bağırovun
tapşırığı üzrə "Pravda" qəzetəsi
üçün yazılmış və ədəbiyyatımızda
bu ana qədər görünməmiş dərəcədə
orijinal olan bu əsəri yoldaş Bağırov və
yoldaş Hüseyn Rəhmanov (o vaxt Xalq Komissarlar Sovetinin sədri
olub - M.M.) oxumaq istədiklərindən onlarla
görüşmək və arzularına əməl etmək
təmənnasında olduğunu bildirdi. Ayın
31-də səhər saat 10-da görüşərək Mərkəzi
Komitəyə və Xalq Komissarları Şurasına gedəcəkdik.
Bu telefon söhbətindən yalnız 12 saat
keçmişdi. Gecə saat 4 idi. Təkrar telefon səsləndi. Yarı
yuxulu yataqdan qalxdım. Məni
çağıran Cəfərin evindən
danışırdı. Cəfərin ciddi
xəstə olduğunu bildirərək doktor
çağırmağımı tələb edirdi,
qulağıma telefonda o evdən özünü itirmişlərin
narahatçılığını andıran səslər
çatdı. Dərhal təbibləri səfərbərliyə
almağa başladım. 10 dəqiqə keçər-keçməz
- "Təbib gəlir", - deyə Cəfərin evinə
bir daha telefon etdim:
- Gecdir, artıq Cəfər yoxdur. Cəfər öldü... - dedilər".
M.C.Bağırov Cabbarlını nə üçün
yanına çağırmışdı? Bu görüşün həyəcanı,
qorxusu, təlaşı dramaturqun səhhətinin pisləşməsinə
səbəb ola bilərdimi? Bununla
bağlı bəzi məqamlara diqqət yetirmək gərəkdir.
Ədibin
müəmmalı ölümü ilə bağlı bir
mülahizə də onun yaşıdı və dostu, gizli
"Müsavat"da birgə
çalışdığı, 1923-cü ildə iki aya qədər
birgə həbsdə olduğu, 1927-ci ildə 3 il azadlıqdan
məhrum edilmiş və ömrünün sonunadək
mühacirətdə yaşamış Əbdül Vahab Yurdsevərə
məxsusdur. O, "Azərbaycan dram ədiblərindən Cəfər
Cabbarlı" məqaləsində yazırdı:
"Böyük ədib... Həqarətə dayanmayaraq 1934 sənəsində
Moskvada toplanan ədəbiyyatçılar konqresində Sovet
zimamdarlarının üzünə qarşı:
"Sifarişlə sənət olmaz!" - deyə
hayqırmışdı. Cəfərin bu
sözləri sonradan dünya mətbuatına əks etmiş
və kəndisinə qarşı Sovet təzyiqlərini bir
qat daha artırmışdır. Hadisəyə
yaxından vaqif olanlara görə Cəfər Moskva ədəbi
konqresindən sonra, çox şiddətli basqı və
işgəncələrə məruz qalmış və
bunlara dayanmayaraq kendi odasına çekilmiş və intihar
etmişdir".
"Cabbarlının
intihar etməsi üçün əsas var idimi?
"Sifarişlə sənət olmaz" - fikrinə görə
1934-cü ildə sənətkarı intihar həddinə
çatdıra biləcək real zəmin mövcud idimi?
- bu fikirlər də Asif Rüstəmliyə
məxsusdur.
Doğrudur, intihar versiyası heç bir əsasa
söykənmir. Ancaq bir məsələ indiyə kimi
açıq qalır. Görəsən,
cabbarlışünaslar indiyə kimi dramaturqun sovet
yazıçılarının I qurultayındakı
çıxışına niyə diqqət yetirməyiblər?
Əbdül Vahab Yurdsevərin sözlərini də
qəribçiliyə salmaq olmaz. Onun bu
sözlərini oxuyandan sonra Cəfər Cabbarlının Sovet
yazıçılarının I qurultayındakı
çıxışını tapıb oxudum.
Dramaturqun Sovet Yazıçılarının 1-ci
qurultayında çıxışı doğrudan da o
dövr üçün kəskin, proletar ədəbiyyatının,
marksist ədəbi təndqidin eybəcərliklərini,
siyasi-ideoloji mahiyyətini üzə çıxaran elmi-ədəbi
sənəddir. C.Cabbarlı çıxışında deyib:
"Adamların canlı insan dilində adi,
anlaşıqlı, dolaşıqsız dildə
danışdığı pyeslər qeyri proletar əsərləri
adlandırılırdı. Ağacların
başı aşağı, kökü yuxarı
qoyulmadığı tamaşaları isə proletar
yaradıcılıq metodolojisinə yabançı
sayılırdı".
Bütün bunlar ədəbi
yaradıcılığı ideya və bədii həyəcandan
məhrum etməyə və onu süni yaradılmış
mexaniki qanunlara tabe etməyə gətirirdi.
Sovet hökümətinin qılıncının ən
kəsərli dövründə paytaxtda bir türk oğlunun
heç kəsdən, hətta Stalin diktaturasının
amansız qadağalarından çəkinmədən
reallığı, həqiqəti üsyankarcasına söyləməsi
keçən əsrin 30-cu illərində qeyri-adi hadisə
idi. Mirzəbala Məmmədzadənin sözləri yəqin
ki, həqiqətə daha çox uyğundur.
Sovet Yazıçılarının 1-ci
qurultayının gedişini 1934-cü ildə bütün
dünya mətbuatı diqqətlə izləyirdi. İclas
salonundakı hər bir çıxış xarici ölkələrdə
böyük disku-ssiyalara səbəb olurdu. Söhbət
marksist estetikanın
nəzəri əsaslarının
hazırlanmasından gedirdi. Şübhəsiz,
C.Cabbarlının bir qədər emosional, həm də həqiqətə
söykənən bu çıxışı da, müxtəlif
informasiya kanalları ilə dünyanın hər yerinə
yayılıb və ölümünün son aylarında o,
ciddi təzyiqlərə, basqınlara məruz qalıb. Yoxsa M.C.Bağırovun nə marağı var idi ki,
dramaturqu yanına çağırıb onun novellasını
oxuyurdu və yaxud həmin novellanın "Pravda" qəzetində
dərc olunmasına cəhd edirdi?
Görünür, C.Cabbarlının qurultaydakı çıxışına görə sovet rəhbərliyi tərəfindən M.C.Bağırov da sıxışdırılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Yazıçı ağır stress, emosional hallar keçirməli olub. O, rəhmətə gedən günün səhəri M.C.Bağırovun qəbuluna getməliymiş. M.C.Bağırovun qəzəbi tutanda qəbuluna gələnlərlə necə rəftar etdiyini çoxları yaxşı bilirdi.
C.Cabbarlının Sovet Yazıçılarının 1-ci qurultayındakı çıxışı təsadüfi deyildi. Marksist tənqidçilər və onu gözügötürməyən, istedadına qibtə edən yazıçı dostları sənətkarı rahat buraxmırdı. O, Sovet mətbuatında ciddi tənqidlərlə üzləşmişdi. Müsavat höküməti ilə bağlı olmasını tez-tez ona xatırladırdılar. Sovet hakimiyyəti illərində yazılmış "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə" pyesinin müəllifini "burjua yazıçısı" hesab edirdilər.
Hətta M.K.Ələkbərli o dövrlərdə yazırdı: "Cabbarlı birdən-birə bizim şura yazıçımız olmadı. Bir zaman millətçilik ruhuna tutulmuş idi ki, çətin və ciddi mübarizədə bizə tərəf gəldi". Sovet Yazıçılarının 1-ci qurultayında da C.Cabbarlının əyləşdiyi salonda M.K.Ələkbərli demişdi ki, bu yazıçı proletariatın təsiri altında ideoloji və siyasi cəbhədən yenidən qurulma yoluna düşmüşdür.
"Bizə tərəf gəlirdi" - ifadəsi Mırzə Cəlil də, Ə.Haqverdiyev də, C.Cabbarlı da vəfat edəndə tabutları qarşısında söylənmişdi və yaxud mətbuatda səsləndirilmişdi.
Cəfər Cabbarlının proletar ədəbiyyatına və onun estetik əsəslarına etiraz etməsinin kökündə nə dayanırdı? Bu məsələyə toxunmadan 30-cu illər represiyasının əsl mahiyyətini açıqlamaq mümkün deyil. Sosialist inqilabı qələbə çalandan sonra onun ideoloqları proletariatın sinfi mübarizə metodunu ədəbiyyata gətirdilər. Yəni bizim sinfimizdən olmayanlar bizim düşmənimizdir. Hətta proletar diktaturasının baniləri açıqca elan etdilər ki, düşmən təslim olmayanda onu məhv edərlər.
Ötən əsrin 20-ci illərinin əvvələrində rus inqilabının istedadlı nəzəriyyəçilərdən bəziləri bu cəfəng marksist tezisin yaxın müddətdə qırğınlara, repressiyalara gətirib çıxaracağını deyirdilər. Özü də bunu siyasi uzaqgörənliklə söyləyirdilər. Trotski yazırdı ki, sənət öz yolunu özü yaratmalıdır. Marksizmin metodu sənətin metodu deyildir. Kommunistlər ədəbiyyatla məşğul olmamalıdır, onların işi tənqid etməkdir.
Trotski bu kəskin fikrində tək deyildi. Buxarin, Zinovyev
kimi inqilabçılar, Voronski, Pereverzev, Piksakov, Kubikov kimi nəzəriyyəçilər
də onları müdafiə edirdi. Azərbaycan ədəbi
tənqidində və ədəbiyyatşünaslığında,
milli ədəbi tarixi prosesdə də onlarla həmfikir
olanlar az deyildi. Azərbaycanda
B.Çobanzadə, Ə.Cavad, C.Cabbarlı, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev və başqaları da bu məlum həqiqəti
dərk edir və kəskin etirazlarını bildirirdilər. Həmin şəxsiyyətlərin əksəriyyətini
30-cu illərdə aradan götürdülər. Bəziləri infarkdan öldü, bəziləri
baş götürüb ölkədən qaçdılar.
Onların Azərbaycandakı tərəfdarları
da 30-cu illərin represiyalarından yayına bilmədi.
M.C.Bağırov
AK(b) F-nın 12-ci qurultayındakı məruzəsində
demişdi ki, ədəbiyyat cəbhəsində zəif cəhətlərdən
biri bu vaxtadək marksist tənqidinin bədii ədəbiyyatın
inkişaf tempindən geridə qalmasından ibarətdir.
M.C.Bağırovun marksist tənqidi daha kəskin
olmağa çağırdığı bir dövrdə
C.Cabbarlı onun nöqsanlarından, kəskinliyindən
danışırdı. Əlbəttə, bu cür çıxışlardan
sonra onun ciddi təzyiqlərlə üzləşməsi təbii
idi.
Şübhəsiz ki, C.Cabbarlı 30-cu illər
represiyasının ilk qurbanlarından idi. Bəzən
deyirlər ki, o, 37-ci ilə qədər yaşaya bilsəydi,
repressiyalardan bəlkə də salamat çıxa bilərdi.
C.Cabbarlının qəfil ölümü onu gələcək
ağır məhkəmə ittihamları ilə üzləşməkdən
"xilas etdi".
Məhəmmədəli
MUSTAFAYEV
Filologiya
elmlərı doktoru, professor
525-ci qəzet.- 2019.- 8 noyabr.- S.14.