Ekran-efir dilinin görkəmli
tədqiqatçısı
Bir jurnalistin
sözə həssaslığını
onlarca dilçi həssaslığına bərabər
tutmaq olar. Bəzən bir
jurnalistin dil duyumunu yüzlərlə psixoloq duyumu ilə müqayisə etmək mümkündür.
Eləcə də bəzi
hallarda bir jurnalist fikrinin dərinliyini neçə-neçə
politoloq düşüncəsinin
dərinliyi ilə müqayisə etmək olar. Belə paralelləri bir çox elm sahələri
ilə də aparmaq mümkündür:
riyaziyyat, tarix, sosiologiya və s.
Təbii ki, belə müqayisələrə,
əvvəla, dil və təfəkkürümüzün
imkanları yol açır, çünki
dil sadaladığımız
bütün elm sahələrinin
açarıdır, hər
cür fikrin ifadəçisidir. Belə düşünməyə ikinci səbəb isə səviyyəli bir jurnalistin ensiklopedik biliyə sahib olması, həyatımızın
bütün sahələrindən
baş çıxara
bilməsidir. Bu iki səbəbin vəhdəti - mükəmməl
bir jurnalistin tükənməz enerji ilə dilimizin incəliklərinə varması,
onun açılmayan qatlarına nüfuz etməsi isə dilçiliyimizin böyük
bir uğurudur. Və bu gün dilçiliyimizi
deyilən prizmadan təmsil edən parlaq bir ad var
- Qulu Məhərrəmli.
Bu ad daşıdığı
bir çox işıqlı mənaları,
cazibədar mahiyyəti
ilə, nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından
kənarda da çoxlarına tanışdır.
Lakin mən burada uzun illər
Azərbaycan ədəbi
dilinin yeni tətbiq sahələrini
- kino, TV, radio nitqinin öyrənilməsinə qiymətli
töhfələr vermiş
dilçi alim, professor Qulu Məhərrəmlidən
bəhs etmək istəyirəm.
Dilimizə mətbuatın müstəvisindən
baxan çox mütəxəssislərimiz olub. Lakin dil-nitq
təzahürü prizmasından
audiovizual baxışlar
yeni bir istiqamət və işlənməsi uzun vaxt tələb edən yeni bir yoldur. Bu yolun təməl
daşlarını düzmək,
onu daha qısa bir zamanda
və keyfiyyətlə
başa gətirmək
Q.Məhərrəmlinin üzərinə
düşüb. Bir tərəfdən
parlaq jurnalistlik fəaliyyəti ilə məşğul olmaq, görkəmli teleaparıcı,
şərhçi, publisist
kimi nüfuz qazanmaq, digər tərəfdən alim kimi dilçilikdə yeni istiqamətlərdə
araşdırmalar aparmaq
insandan böyük enerji və vaxt tələb edir. Bu baxımdan
Qulu müəllimin yaradıcılıq yoluna
nəzər saldıqda
mənə elə gəlir ki, onun üçün zaman birin ikiyə
nisbətindədir. Jurnalistika və
diliçilik sahəsində
bir-birinin ardınca yazdığı elmi əsərləri, nəşr
etdirdiyi kitabları gözdən keçirdikcə
onun təfəkkürünün
dərinliyinə, tükənməz
enerjisinə, zamanı
necə idarə etdiyinə heyran olmaya bilmirsən. Burada məsələ heç kitabların sayında və zamanda da deyil, Qulu
müəllimin elmi fəaliyyətinin çoxşaxəliliyində,
hər yeni mövzuda orijinal fikirlər söyləməsində,
tədqiqatçı alim
kimi, yeni düşüncələrə yol açmasındadır.
Əslində, Qulu müəllimin bir jurnalist olaraq, dil problemlərini tədqiq etməsində təəccüblü heç nə yoxdur. Dil jurnalistin əsas silahıdır, bu silahı bacarıqla işlədən bir söz sahibi kimi, Qulu müəllim öz elmi yaradıcılığına çətin, amma xeyli orijinal bir istiqamət seçib: radionun, televiziyanin, kinonun, ümumiyyətlə, kütləvi kommunikasiyanın dil problemlərinin tədqiqi. Bu sahələrin hər birini ayrılıqda araşdıran Qulu müəllim, həm də problemlərini öyrəndiyi sahələrin başqalarına da öyrədilməsi, toplanan biliklərin tədrisi, təbliği, populyar mövzulara çevrilməsi üçün sanballı monoqrafiyalar yazır, ayrıca dərslik, dərs vəsaitləri və izahlı lüğətlər ortaya çıxarır. Təkcə onun "Audiovizual nitq" (2000) kitabını nəzərdən keçirmək kifayətdir ki, bir azərbaycanlı alimin yeni dil situasiyası tələb edən sahədə dünya elmi ilə səsləşən nəzəri fikir və düşüncələrini görəsən, Q.Məhərrəmli jurnalistika, sənətşünaslıq və dilçiliyə dair tədqiqatlarında bu sahələrin ya heç toxunmadığı, ya qismən bəhs etdiyi, ya da "yanlış" olaraq düşünüldüyü məsələlərdən bəhs etmişdir. Həmin tədqiqatların hər birində zahirən bir istiqamət seçilsə də (məs., "Jurnalistikanın əsasları"; "Televiziya haqqında etüdlər", "Televiziya dili"; "Radiodramaturgiya dili", "Radioteatr dəvət edir"; "Kütləvi kommunikasiya və dil"), mahiyyət etibarilə hər birində çarpaz bir qarşılıq var: jurnalistika - dilçilik və dilçilik- jurnalistika vəhdəti. Yəni Qulu müəllimin hər hansı problemi müxtəlif rakurslardan araşdıraraq, dolğun fikirləri ilə üzə çıxarsa da, onun üçün dəyişməz bir gerçəklik var: KİV və dilçıliyin ayrılmaz tədqiqat sahələri olması. Onun araşdırmalarının əsas elmi ağırlığı da bundadır ki, kino, televiziya və radionun dilindəki paradiqmalar müxtəlif elm sahələrinin qovşağında incələnir. Yaradıcılığı birbaşa ekran-efirlə bağlı olan Q.Məhərrəmli elmi araşdırmalarında dilin yalnız kommunikasiyanın yeni sahələrində tətbiqinin özəlliyini, qrammatik, uslubi tərəflərini üzə çıxarmır. Həm də situasiyadan çıxış edərək dilin sosial-psixoloji və kulturoloji qatlarına da işıq salır.
Prof. Qulu Məhərrəmlinin elmi yaradıcılığında göstərilən istiqamət üzrə ən qiymətli cəhətlərdən biri onun dil proseslərini kino, televiziya və radionun audiovizual təbiətindən çıxış edərək araşdırmasıdır. Çünki ekran-efir dilini ayrılıqda götürülmüş predmet kimi araşdırmaq istənilən nəticəni vermir. Buradakı dil situativdir və ekran-efirin texnoloji təbiəti ilə sıx bağlıdır. Bu texnologiyada (xüsusən televiziyada) nə varsa, Qulu müəllimin təfəkküründə - nəzəri baxışlarında və praktik müşahidələrində bunlar bir DİL faktıdır. Məsələn, televiziyanın teatrla, kino ilə və radio ilə "qohumluq" əlaqələri, eyni zamanda, onlardan fərqli cəhətləri, yaxud plan, kadr, panoram və s. kimi ifadə vasitələri sırf dil kontekstində təhlil olunur. Bu araşdırmalardan bir daha aydın olur ki, TV-yə (həm də radioya) gələn dil yalnız səsli və ya yazılı ünsiyyət vasitəsi deyildir, bu dil söz, təsvir və səs effektlərinin qeyri-adi sintezi, yeni məna yaradan vəhdətidir. Söz və ekranın qarşılıqlı əlaqəsi, bədii ədəbiyyatdakı sözlə ekrandakı söz arasında prinsipial fərqlər, yeni dil şəraitində ədəbi normalar və nitq mədəniyyəti problemləri kimi məsələlər Qulu müəllimin dilçilik sahəsində elmi araşdırmalarının əsas istiqamətləridir. O, jurnalistika nəzəriyyəsi, medianın ümumi problemləri, teleradio yaradıcılığının özəllikləri ilə bağlı araşdırmalarında da dil problemini daim diqqət mərkəzində saxlayır.
Bu tədqiqatların içərisində dilçiliyimiz üçün ən dəyərli elmi nailiyyət, deyərdim ki, dil və nitq məsələlərinin geniş kontekstdə ayırd edilməsidir. Onun araşdırmalarında kitab dili, yazılı dil, şifahi nitq terminləri, şifahi nitqlə məişət nitqi anlayışlarının, danışıq dili ilə şifahi dil ifadələrinin fərqli cəhətləri linqvistik aspektdən dəqiq incələnir, televiziya və radio nitqinin öz normaları ilə məhz şifahi ədəbi dilin bir qolu olduğu qənaətinə gəlinir. Və deyək ki, bütün bunların timsalında "Nə zaman dil, nə zaman nitq?" - sualının elmi-məntiqi cavabı da elə Qulu müəllimin dərin təfəkküründən süzülmüşdür. "Audiovizual nitq", "Televiziya dili" adlı monoqrafiyalarında bu sualla bərabər, ekran dilinin bazasında nitq və danışıq dili, dilin audiovizual təbiəti, söz və təsvir kimi dilin mürəkkəb, fəlsəfi məsələləri də həmin mühüm sualın dərinliyində öz izahını tapmışdır.
Beləliklə, qətiyyətlə deyə bilərik ki, Qulu müəllim öz zəngin yaradıcılığı boyu bir fenomen olaraq istər bilavasitə dillə bağlı "Televiziya nitqi və ədəbi tələffüz", "Televiziya dili", "Kütləvi kommunikasiya və dil", "Radio verilişlərinin dili və üslubu" adlı sanballı elmi tədqiqatlarında, istərsə də bilvasitə dillə bağlı olmayan "Radio dərsləri", "Radio dalğalarında", "Mediada debatlar" kimi əsərlərində öz dilçi mövqeyini cəsarətlə ifadə etmişdir. Bu və digər əsərlərində dil nəzəriyyəsi, tətbiqi dilçilik, eləcə də dilin sosiolinqvistik məsələləri, lüğətçilik, nitq mədəniyyəti, ədəbi dilin leksik və qrammatik xüsusiyyətləri kimi vacib sahələr yeni rakursdan araşdırılmışdır. Bütün bu cəhətlərinə görə də Musa Adilov, Ağamusa Axundov, Müseyib Məmmədov, Şirməmməd Hüseynov, Kamal Abdulla, Nizami Cəfərov, Rafael Hüseynov, Nizaməddin Şəmsizadə kimi görkəmli alimlər Q.Məhərrəmlinin elmi yaradıcılığını yüksək qiymətləndirmişlər.
Jurnalistikamızın ləyaqətli təmsilçisi, televiziya aparıcısı, siyasi şərhçi, publisist kimi məşhur olan Qulu Məhərrəmli bizim üçün isə, həm də həqiqi bir dilşünasdır. Bu istiqamətin bir çox sahələrinin hərtərəfli, dərin bilicisi, həqiqi alimdir: - jurnalistikamızın həssas dilçisi.
Nahidə
HƏSƏNOVA
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 8 noyabr.- S.12.