Bəxtiyar Aslanın danışan hekayələri
Öncə korrektoru oldum, sonra oxucusu və
daha sonra Bəxtiyar Aslan hekayələrinin qəhrəmanı. Oxuduqca və
duyduqca yaşamın hər halında eşqi arayan bir obraza çevrilirsən.
"Üç əqrəb zamanı"nı əlimə alıb çəkilirəm kütlə
səs-küyündən bir
kənara, öz daxili dünyama ... Öz hekayələrini danışan Bəxtiyar Aslan hər kəsin qəlbinin dərinliyinə enə, hər kəsin sarı siminə toxuna bilir. Bu hekayələrdə eşq
öz duyğusu və düşüncəsi
ilə həyatın hər anındadır -
"Mirzənin dərəsi"ndə,
o kimsəsizlikdə eşqə
susayanda da, "Qorxunun aynasında" qorxularınla üzləşdiyin
anda da, "Yasəmən yanğını"nın
küllüyündə eşq
ilə tutuşanda da, lacivərd səmada "Lacivərd"
gözlü sevgilini xatırlayanda da, "Ölüm və mavi quş" üzünün sahilinə
qonanda da, "Üç əqrəb zamanı"nda qara əqrəblərlə ölüm-qalım
mücadiləsi verərkən
də səninlədir.
Həqiqətən, "eşq də
belə bir şey deyilmi" ki, hər anda,
hər halda sənin həyatında, zehnində, düşüncələrində
və duyğularındadır.
Bənzərsiz metaforalar, sürrealist təsvirlər, poetik nəsr üslubu tək yaşanılan eşqi tərənnüm
etmək ətrafında
cəmləşir. Bəxtiyar Aslan
hekayələrinin daha
bir uğurlu cəhəti cavablı, yaxud cavabsız suallarıdır. Bəxtiyar Aslan
sualları ilə oxucusunu hekayələrində
tərənnüm etdiyi
eşq tələsinə
salır. Bu hekayələrdə
eşq sadəcə
hiss və duyğularını
təlatümə gətirmir,
o, həm də həyatı öyrənməyə
kömək edir Bu məqsədlə, ədib
daha çox təsir altında saxlamaq, daha dərindən sarsmaq, onun hiss və duyğularına toxunmaq üçün ritorik suallardan istifadə edir. Hadisələrin tam ortasında, həyatın
müxtəlif oyunları
sırasında qəfildən
bir sual səslənir: "Eşq
də belə bir şey deyilmi?". Bir anlıq nəfəsini
dərib düşünürsən.
Düşünür və eşqi
anırsan. Eşq
şərabından məst
olduğun günləri
də xatırlayırsan,
bütün sevinclərini
bir anda yox edən o eşqi də... Axı suallar həqiqətə aparan ən yaxşı bələdçidir.
"Mirzənin dərəsi"
hekayəsində eşqin
nə olduğuna dair suallar içində
boğulan aşiq onlarla həm də öz kədərini ifadə edir: "Eşq belə bir şeydir,
eləmi? Susduqca yaşayan, amma
söz olmaq üçün çırpınan,
qarşısında dayanılmaz
bir sel kimi
çağlayan? İçimdəki
o seli, dünyanı qabağına qatıb bir top kimi yumalayan
seli necə həbs edə bilərəm? Mənə bunun elmini niyə öyrətmədin?
Niyə öyrədən
olmadı?... Mən səhrada hər qum
dənəsində bir
kainat yerləşdirməyəmi
məhkum edildim? Eşq belə bir şeydirmi,
Tanrının özünü
imkansızın aynasında
göstərməsidirmi?" Anlayırsan ki, eşqin var olduğu anda hər şey - o mücadilələr, həyat
uğrunda, mal-dövlət
uğrunda verilən o
savaşlar necə də mənasızmış...
Ədibin "insan intihar
edərkən öz obrazınamı qıyır?"
sualı necə tükürpədir və
düşündürürsə, "Tanrının o qədər
yaratdığı şeylər
arasından bir həqiqəti tapıb ona inanmaq mümkün
ikən niyə zehnimizdə meydana gətirdiyimiz obrazlara daha çox inanar və bağlanarıq?" sualı
ilə tanrının
varlığı sorğuya
alınır.
Bəxtiyar Aslanın hekayələrində
qəhrəman sürrealist
xarakter də ala bilər, real, əlçatan
da ola
bilər, lap müdaxiləsiz
qala da bilər
Şərif qardaş
obrazı kimi. "Qorxunun aynasında"
adlı hekayəsində
bütün qorxularını
yedəyinə alıb
aparan, qorxuları ilə üzləşdikcə
qorxusuzluğa çatan
qəhrəman qorxusuz
yaşamağın mənasız
bir məcra aldığını bilərək
yenə qorxu axtarır. Bu axtarışında
da eşqi anımsayır: "İnsan
belədi, itirdiyi şeyi hərdən illərcə axtarır, axtarmaq məcburiyyətində
qalır. Eşq də belə
bir şey deyilmi, Şərif qardaş?" Nənəsinin danışdığı qorxulu
hekayələrdəki qışın
şaxta-boranında uşaqları
heybəsinə alıb
aparan eybəcər qarı da onu
qorxutmur, gecənin zil qaranlığında qəbiristanlıqda kürəyini
oxşayan külək
də, öz zehninin uydurduğu ölülərin məzarlarından
qalxması süjeti də, qurdların cəsədləri parçalaması
da - heç nə, onu qorxutmur.
Çünki o, uşaqlıqdan bəri qorxduğu itin bir təbəssümü
ilə qorxusunu üstələmişdi.
Bəxtiyar Aslan "Yasəmən
yanğını" hekayəsində
eşq yanğısını
dadaraq, hələ də yanaraq, eşqə susayaraq necə gözəl təsvir edir: "Eşq atəşini sadəcə sözlərin
susdurduğunu sanırdım.
Yazdıqca artdı yanğım.
Yazaraq gözəlləşdirdiyim birini
sevməyə başladım
bir müddət sonra. İnsan nədən yazarsa,
onu gözəlləşdirər.
Gözəlləşdirmək üçün yazar çünki".
Yaza-yaza yüngülləşdiyini
sandığın kədərin
yazdıqca necə də artır, yaxud yaza-yaza bitirmək, birdəfəlik
öldürmək istədiyin
eşqin yazdıqca sanki yenidən cana gəlir
və daha da böyüyür. Yazaraq obrazlaşdırma, həyatı
obrazlaşdıraraq yaşatma,
əlbəttə, peşəkar
yazıçı işidir.
"Mən adi
hekayəçiyəm", "yazmaq obrazlaşdırmaqdır.
Və yazılan hər şey bilavasitə obrazdır". "Bəlkə hər şeyi burada bitirməliyəm. Uzağı bir
hekayə deyilmi?" özünün hekayə
yazdığını elə
hekayənin içərisində
vermək, oxucusuna bildirmək Bəxtiyar Aslan hekayələrinə
başqa bir ovqat qatır. Oxucu bilir ki,
onunla həmsöhbət
olan, ona hekayələrini danışan
bir hekayəçi
var. Ancaq onun hisslərinə və düşüncələrinə şirin təhkiyəsi, şeiranə deyim tərzi ilə necə təsir edirsə, sanki həmdərdi ilə söhbətləşir, onun
yaşanmışlarını dinləyir və özününkülərini xatırlayır.
"Yasəmən yanğını" hekayəsində bir yanğında hər şeyini, ən qiymətli əşyalarını, hekayələrini və xatirələrini itirmiş birinin kədəri ilə hər gün nakam eşq atəşi ilə yanan bir hekayəçi qarşılaşdırılır. Bəlkə, bir yanğın olsa, tamam kül etsə xatirələri, hicran duyğusunu birdəfəlik alıb aparsa deyirsən. Ancaq "xatirələrin qoxusu" varsa, bir yasəmən, bir bayğın çöl nərgizi onu xatırladırsa ... yanğının uzun sürəcəyini bəllidir.
Arada fiziki ayrılığın belə qopara bilmədiyi bir düyün, bir bağ varsa, sevgili necə unudular?! Qışın soyuğundan daha betər üşüdər ayrılıq! Huri eşqinin alovu vücudunu tamamilə sarsa da, üşüdər. Qar aşiqə ilk tanışlıq anını, ilk dəfə o gün - qar yağan gün vurulduğunu xatırladır. "Qar və düyün" hekayəsində sarsılmaz tellərlə sevgisinə bağlanan və çarəsizlik içində çırpınan bir aşiqin hüznü kədərli bir dillə ifadə edilir. Öz dərdini keçmişə, bir də qayıtmayacaq keçmişə göndərmək istəməsi də olduqca təsirlidir: "İçimdə nə varsa çox keçmişə, bitmiş bir keçmişə göndərəcəyəm. Yaşamaqdan qorxduğum bir şey mənim əvəzimdə keçmişdə yaşanıb bitmiş olacaq... Tale bir daha təkrarlanarmı?" Kimin keçmişdə qalmasını istədiyi kədəri yoxdur ki?! Bəxtiyar Aslan bu hekayəsi ilə də sarı simə toxunur.
Göylərin lacivərdi qadının lacivərd gözlərinə necə də bənzəyir?! Hər şeyin mümkün olduğu həyatda onun dönüşünün mümkünsüzlüyü paradoksu "Lacivərd" hekayəsinə hakimdir. Gəlməyəcəyinə heç vaxt inanmayan, hər zaman yolunu gözləyən, hər an onu anımsayan bir aşiq yenə inləyir. Bu dəfə "Lacivərd" hekayəsində... O lacivərd gözlərdə hər şey başlar və hər şey bitər...
Zehnini, düşüncələrini tamamilə ələ keçirmiş sevgilini bir köpük kimi bir anda yox etmək istəyi və yaxud köpük kimi bir anda sönəcəyinə ümid etmək hissi necə güclüdür "Köpük" hekayəsində... Ayrılıq yükünü heybədəki duz yükü tək daşımaq necə əzablıdır və necə dözülməzdir "Aramızda danışan" hekayəsində əksini tapır. Qara, yaxud boz qanadları ilə deyil, mavi quştək ölüm mələyinin can almağa gəlməsi xüsusi həssaslıqla "Ölüm və mavi quş" hekayəsində işlənib. Hekayə o qədər güclü təəssürat yaradır ki, bundan sonra ölüm mələyini qara geyimini, boz qanadlarını çıxarıb səma mavisinə bürünür. Bir mavi quş tək aparır bu dünyadan...
"Eşq də belə bir şeydir. İnsan bir sevgilidən çox öz içində yaşatdığı, meydana gətirdiyi, böyütdüyü sevimli obrazına aşiqdir" - deyən Bəxtiyar Aslan öz sevgilərini və sevgililərini ideallaşdıran və gerçəkliklə üzləşə bilməyənlərə sanki xitab edir. O, dəlicəsinə aşiq olduğun kəs obrazdır sadəcə, gerçək deyil. Sən onun obrazına aşiqsən. Sənin özünün yaratdığın obraza. İnsan öz yaratdıqlarını daha çox sevər. Nəinki gerçəkdə var olanı.
Öz Leylasından qarşılıq ala bilməyən aşiq ağlında Leyla varkən, "Məni Leyla olaraq təsvir elə" deyən birini öpməsi, anlıq fuque vəziyyəti yaşaması motivi "Leyla və güzgüdəki füqur" hekayəsində izlənilir. Eşqin çərçivələrdən kənar olduğunu deyən qəhrəmanın özünə haqq qazandırması "eşqdə hər yol mübahdır" deyimi ilə üst-üstə düşür: "Başqa birini öpərək Leyladan intiqam almanın qəbul olunası bir şey olmadığını düşünə bilərəm, amma eşqdə yaşanan hansı şey qəbul olunasıdır ki?"
Fərqli zamanların üç qara əqrəbi üç fərqli vaxt aralığında sevgililər arasındakı münasibətin əyani göstəricisidir "Üç əqrəb zamanı" hekayəsində. Birinci qara əqrəbi öldürən, ikinci gəlişində qarşısında aciz qalan və onu gözləyən, onu arzulayan, ölərkən sarılmaq istəyən, qara əqrəbin üçüncü gəlişində ölümü arzulayan bir aşiqin iniltisi var hekayədə... "Eşq... Sən... Boşluq... Kainatın mənası olmalıdır. Bir ulduz toqquşsa... Əqrəb ulduzu deyə bir şey olmalıdır... Qanadları əqrəbin ayaqları kimi... Qaranlıq bir ulduz... Sənin kimi... Sevdikcə əridən, yox edən, udan... Mən səndəmi yox olacağam?" - "Üç əqrəb zamanı" hekayəsində yer alan tezis, sözsüz ki, kitabdakı hekayələrin ümumi ruhuna uyğun gəlir və sanki ilk işarə verir. Bu səbəbdən, Bəxtiyar Aslanın 15 hekayəsinin toplandığı bu kitabın "Üç əqrəb zamanı" adlandırılması təsadüfi ola bilməz.
Sualları ilə insanı
öz-özüylə tək buraxan, hekayələri
ilə hər kəsin hiss və
düşüncələrinə sirayət etməyi bacaran yazıçıya eşqi
bu qədər dərindən duyaraq təsvir etmək, yaşamaq
və yaşatmaq sirrini
kim öyrətdi ona?!
Təhminə
VƏLİYEVA
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat
tarixi və publisistika şöbəsinin kiçik elmi
işçisi
valiyevatahmina@gmail.com
525-ci qəzet.- 2019.- 8 noyabr.- S.10.