İradə Tuncayın hikməti
və yaxud hikmətin İradəsi
"Mənə görə insanların əsl mahiyyətini anlamaq üçün, bəşər tarixində yerini tam dəqiq ifadə etmək üçün onların fəlsəfəsinə varmaq lazım. Tarixdə heç kimi birmənalı qarşılamayıblar - kiməsə sitayiş yeri olan, bir başqası üçün küfr yeri də ola bilər. Amma hər kəsə maraqlıdısa bu insan - deməli, tarix onundu. Münasibətdən asılı olmayaraq".
İradə TUNCAY
"İnsan var - dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var - divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var - şüşə kimidir, dünyanı sənə göstərməyə çalışır; insan da var - ayna kimidir, səni özünə göstərir", - deyir Əbu Turxan.
Mən dərya kimi, ayna kimi bir insandan
danışıram sizə. Əlbəttə, onun haqqında
danışanlar, söz deyənlər, məqalə yazanlar,
müsahibə alanlar və dindirib nəsə öyrənməyə can atanlar,
verilişə dəvət edib cəmiyyəti,
reallığı, istər lap keçmişə baxışı
onun aynasından görmək istəyənlər çoxdur. Bunun əsas səbəbi nədir, bilmirəm, bu
haqda düşünən olubmu, ya yox, düşünənlər
nə qənaətə gəliblər, bunu necə ifadə
edirlər? Hər kəs
heyranlığını, sevgisini, rəğbətini
özünəməxsus bir ifadə forması ilə izah etməyə
çalışır. Əlbəttə, bu heyranlıq
onun dərinliyinədir, amma heyranları hamısı onu dərindən
tanıyırmı, - bilmirəm.
Bəs onda bu qeyri-müəyyən heyranlıqların
kökündə nə durur?! Burdan tərəddüd etmədən
deyə bilərəm - İradə Tuncayın hikməti!
"Dilədiyinə hikmət verir, hikmət verilənə
isə çox xeyir verilmiş deməkdir. Və bunu ancaq üstün
ağıllılar anlar (2:269)", - deyir müqəddəs
kitabımız. İradə Tuncaya müəyyən və deyək
ki, izahını doğru-düzgün təsvir edə bilmədiyimiz
sevginin kökündə onu oxumaq, öyrənmək, onun əqlinin
hikmətinə dalmaq istəyi durur! Bu qənaəti
niyə cəsarətlə səsləndirirəm, onu da deyim.
Onu həyatda dinləmədən, eşitmədən, görmədən,
13 il qabaq yazılarında tanıdım.
2007-ci ildən... İllərdir, abunəçisi
olduğum "525-ci qəzet"ə hər şənbə
gəlişini necə səbrsizliklə gözləmək
duyğusunu təsvir etmək mümkünsüz olduğu
üçün, etmirəm. Bir onu deyə
bilirəm ki, bir şənbə görməyəndə gələn
şənbəyədək o tutqu daha şiddətlənir,
ruhsuz kimin gəzib dolanırdım. Filosof
deyir, boşluq varsa, o, hökmən doldurulmalıdır.
Su kimi içirdim, hava kimi nəfəs kimi
udurdum bu düşüncələri. Gözümün
önündə yazarın və yazısında boylanan surətlərin,
hadisələrin obrazı canlanırdı. Bu hikmət məni özünə çəkdikcə
çəkirdi. Sonralar hikmət haqqında kitablar
oxuduqca və eyni zamanda, sevgili publisist yazarımın məqalələrini
vaxt-bivaxt oxuduqca məni 13 il əvvəl
özünə çəkib bağlayan sehri anlamağa
başladım. Hikmət və onun yazıları arasında
paralellər,
üstədüşmələr tapdıqca bu
doğmalığın ruhca yaşı olduğunu anladım.
Belə
bir özəlliyə oxuduqlarım, bildiklərimdən
C.Nehrunun "Ümumdünya tarixinə nəzər" əsərində
qızına məktublarında rast gəlmişdim: İradə
Tuncayın da silsilə publisistik yazılarının hərəsi
bir həyat hadisəsi kimi özünün süjet xətti
olan, müstəqil həyatlı əsər çəkisində
hikmət yükü daşıyaraq mənəvi
qızına, oğluna - yetişən nəslə yaddaş
aynasıdır və həm də mənəvi valideyn
olmağı tam haqq edərək. Əlbəttə,
intellektinə, ziyalılığına, dərin və hərtərəfli
biliyinə, müqayisəli tarixi təfəkkürünə,
Azərbaycan mədəniyyət və mətbuatındakı
missiyasına, ən nəhayət, daşıdığı
şəcərəsinə görə. İradə
Tuncayın təsvir eləməyə
çalışdığım bu mövqeyi oxucuda təsəvvür
yaratmasın ki, bəlkə, gəlişi, səslənişi
gözəl sözlər deyirəm.
Bir
neçə il əvvəl növbəti
tarixi statusunda tarixi akademik səviyyədə tədris edən
tarixçi professor belə bir şərh yazdı:
"İradə xanım, tarixi siz yazasınız kaş, sizdən
oxuyaq!"
"Sarı
odalar"ın ön sözündən oxuyuram: "Bir dəfə
polkovnik rütbəli ziyalı bir hərbçi mənə zəng
edərək "Yoldaş Çe" yazısına görə İradə
Tuncaya təşəkkürünü
çatdırmağımı xahiş etmişdi. Və bildirmişdi ki, Çe Gevara haqqında
bütöv bir kitab oxumaqdansa, həmin məqaləni oxumaq
daha faydalıdır".
Dilin hikmət potensialında elmi-ədəbi
düşüncədən yaranan fikirlər, qanadlı ifadələr
- aforizmlərin yeri məlumdur. Aforizmlərin bir qismi əgər
fikirlərdən nəticə kimi hasil olursa, bir qismi də
düşüncənin açilmamış, konkretləşməmiş
variantlarıdır. İkincilər adətən
dialoq, səmimi söhbət xarakterlidir. Hansısa
bir bəlli, konsentrasiya olunmuş fikri-hikmətin sözlə
şaxələnmiş halıdır. İradə
Tuncay aforizmlərinin daha böyük qismi ikincilərdəndir.
Onun hikmətləri nəticə kimi
ortalığa çıxır. Əlbəttə,
İradə Tuncay məxsusi olaraq aforizm söyləməyi
qarşıya məqsəd qoymur, sadəcə onun
düşüncələrinin, demək istədiklərinin
ideya yükü o qədər böyükdür ki,
ayrı-ayrı məsələrə münasibəti aforizm,
bəzən də cilalanmış hikmət səviyyəsində
üzə çıxır.
İradə Tuncay bizə məlum olan publisist-yazarlardan bəlkə
də, yeganəsidir ki, təfəkkürü eyni zamanda, zəngin
etnoqrafik potensiala, həm də müasir publisistik
"diplomatiya"ya malikdir və analitizimlə naturalizmin bu
cür üzvü vəhdəti yalnız ona məxsusdur.
Onun digər bir özəlliyi - yazı dilinin
yaratdığı fərqdir. Əlbəttə, bu
da heç təsadüfi deyil. İradə
Tuncay hikmətinin bir mənbəyi də Məmməd Araz fəlsəfi
dünyasıdır. Bir sözlə ifadə etsək, bu
qədər imzanın içində fərqlənən onun
özünəməxsus səsidir, İradə Tuncay səsidir!
Səs
dedim! Səslər var - salon titrədir,
Çaydan, çöldən uzaq... kağızın
üstə.
Soruşan
olmur ki, bu kitab nədir -
On ildir çevrilib ağızı üstdə...
(Məmməd
Araz)
İradə Tuncayı oxumaq üçün, səsini
eşitmək üçün onun mətninə qayıdaq. Onu elə ən
dürüst şəkildə nişan verən,
bəlirləyən də mətnidir.
Onun
aforizmlər dünyası mənəviyat, tale, gözəllik,
ailə, qadın, kişi, dostluq, tarix, cəmiyyət, şəxsiyyət,
dövlət, vətən, millət, azadlıq, həqiqət,
söz, ruh-bədən kimi bir-birindən təzadla fərqlənən
müstəviləri əhatə etməklə oxucusunu
özünə həm bir insan, vətəndaş kimi
tanıdır, onun insanlıq pilləsindəki məqamını
ona göstərir, həyat eşqini, əbədi-əzəli
xoşbəxtlik anlayışına ağıllı
baxış formalaşdırır, doğruları və
gerçəkləri ilə qarşılaşdırır,
azadlıq çərçivələrini bəlirləyir, mənliyini,
özünə gedən yolun tarixi məntəqələrini
bir-bir göstərir, bununla həm onun mənəviyyatını
qarşısına güzgü kimi qoyur, bu güzgüdə
özünə baxmağa və düşünməyə təşviq
edir, həm də
düşüncəsini gərəkən səviyyəyə
yüksəltməyə YOL olur. Başqa
sözlə, İradə Tuncayın aforizmləri, səmimi
söhbətləri oxucunu özünə tanıdır.
Özü yol haqqında belə deyir: "İnsan varsa, yol da
var. Əslində, bizim həyatımızın anlamı
yoldur və o yol heç vaxt bitmir. Əgər
yol bitəcəksə, deməli, hər şey məhv
olacaq".
"Yol romanı"nı oxuduqca görürsən,
onun dediyi yol ilə insan öz "mən"inə tarixin
qatlarını keçərək yönlənir". Romandan
çıxan əsasən nəticələrdən biri də
budur ki, istənilən uzaqlıqlar öz yaxınlarına
qayıtmaqdan ötrüdür.
O,
İnsanın öz məninə, tarixinə biganəliyi
ağrıyla, Mirzə Cəlil sarkazmı ilə sanki səhifə
üzərində tonqal qaladır, oxucu bu düşüncələrin
içinə düşərək ruhən alovlanır,
yanır. İradə Tuncay hikmətinin
gücü də bundadır, yanıb öz külündən
Simurq quşu kimi dirilməyə sövq edir dinləyicisini.
Milli varlığımıza tarix rakursundan
sağlam dünyagörüş formalaşdırır,
doğrunu yanlışdan ayıra bilən baxış
cilalayır. Və bunu tarixin müxtəlif mərhələlərindəki
üzdə bilinən hadisələrin iç
üzünü açmaqla xatırladır. Axı tarix təkrarlanır,
həm də iki halda: ibrət götürəndə -
yaxşı məqamlar, götürməyəndə pis məqamlar
təkrar olunur. Həm də bu xatırlatmalar tək
tarix müstəvisində deyil, mənəviyyat müstəvisində
də geniş şəbəkə yaradır. Bu
baxımdan İradə Tuncay fəlsəfəsi həm də
mənəviyyat fəlsəfəsidir: milli fərd və onun
mənəviyyatı bəşəri fərd müstəvisində
aydınlanır. Özü bu barədə deyir: "Mən
bu gün nə qədər xatırlatmalar elədim. Yəqin
ki, izlədiyiniz bu proseslərin içərisində öz həyatınıza
tanış gələn nə qədər epizodlar gördüz. Yəni
hər zaman eyni proseslər gedir".
İradə Tuncaya görə, insan idealı həqiqət
uğrunda dar ağacının üstünə gedən bir məfhumdur,
yəni insanlar üçün çarmıxa gedə bilmək
bacarığıdır. Bu məqamda onu hökmən qeyd edim
ki, onun publisistikasının,
yaradıcılığının nəhəngliyi ondadır
ki, min illərlə ölçülən bəşəri mədəniyyəti
özündə tarixi inkişaf məntiqi ilə ehtiva edir. Onun təfəkküründə buddizmin də,
iudaizmin də, xristianlığın da, islamın fəlsəfi-estetik
anlayışları milli mədəniyyətimizin idrak prinsipləri
baxımından şərh olunur. Bir müsahibədə
suallara verilən cavabdan da aydın olur ki, dinin əsas
obrazlarından olan
peyğəmbərləri, ədəbi, tarixi şəxsiyyətlər
kimi təqdim edir.
İradə Tuncayda insan, şəxsiyyət, Mən
iç-içədir. "Elə ən çətini
özünü tanımaqdır". "Həyat
eşqi elə həyat eşqidir, onun əsası və yaxud
qeyriəsası yoxdur. Fikir verin, insan
ölgün bir gözə baxmaq istəməz. Mənə elə gəlir ki, həyat eşqi, əslində,
sevgidən qaynaqlanır. Ümumiyyətlə,
bütün dünya sevgi prinsipinin üzərində
qurulub".
Düşüncə
adamlarının hər kəs öz sevgisi qədərdir,
insan dünyada bədəni qədər deyil, ürəyi qədər
yet tutur kimi sevgi haqqında fikirləri ilə İradə
Tuncayın sevgisi həmahəngdir: "İnsan qəlbi isə
ən böyük müəmma. Bu labirintdə azmaq
ehtimalı da var... Bu miqyas nə qədər
genişdirsə, sən də o boydasan. Kainat
böyüklüyündə də ola bilərsən, ürəyinin
fiziki qabaritləri boyda da..."
Sevgi və
xoşbəxtlik anlayışları bir-birinin səbəb-nəticəsi
kimi çıxış edir: "Bir ömür xoşbəxt
insan olmur, bu, nisbi bir məfhumdur. Yəni insanın daha
çox özünü xoşbəxt hiss etdiyi anlar olur. Bu da, təbii ki, həmin zamanla və məqamla daha
çox bağlıdır. Səni əhatə edən toplumun,
mühitin böyük əksəriyyəti xoşbəxtlik
hissini yaşaya bilmirsə, sənin hər şeyin olsa belə,
onların içərisində xoşbəxt ola
bilmirsən. Onların düşüncələri,
hissləri, duyğuları səndə öz əksini
tapır. Mən həmişə deyirəm
ki, bədbəxtlər içərisində xoşbəxt
olmaq mümkün deyil". Mühit və xoşbəxtlik
anlayışı "Ölən istəklərimiz",
"Qınamayın İsgəndəri", "Desəm
dilim yanar", "Bir də ömrümüzə qayıtmaz
bu gün" yazılarından
çıxan nəticə odur ki, "İnsan o vaxt
xoşbəxt olur ki, iç dünyası ilə içində
yaşadığı dünya uyğun gəlsin".
Tale, həyat, ölüm müstəvisində onun
baxışları deyim ki, könülə müəmmalı
bir hüzur verir. Varlıq və yoxluq üzərində qurulan,
yaşanan həyat onun baxışında: "Yoxlar var həyatımızda,
var. Yoxdan Var edən
pay verib bizə. Var ola bilmək
üçün yoxluğa öyrəşmək gərəkli".
Bu fikirlərlə o, Türk fəlsəfi
fikrində bərqərar olmuş düşüncələri
təsdiqləyir. Bəli, "dünya onu
anlayanlarındır. Özünü dərk
etmək üçün dünyanı dərk etməlisən".
Dünya
ilə tamlıq İradə Tuncaya görə, mülli
müstəvidə cərəyan edir və boşluqlarının
doldurulmasından başlanır: "İtki
sözünün ağırlığını anlaya biləcəyiksə,
yaşamağa, var olmağa da bir o qədər
şansımız olacaq. Nələri, kimləri
itirdiyimizin fərqinə vara biləcəyiksə, bu
boşluqları doldurmaq arzusu da olacaq. Bu savaş
olmalıdır - var olmaq savaşı! Ən böyük
döyüşümüz isə
qarşımızdadır... Özümüzə
qalib gəlsək, o biri döyüş öz-özünə
həll olunacaq". "İnam, iradə
və əzm əllə toxunulan, gözlə görünən
silah deyil". Göründüyü kimi,
varoluş yazar-publisistə görə, fəlsəfi həqiqətlə
bağlıdır.
Ümumiyyətlə,
İradə Tuncay hadisələrə münasibətində
öz fərqini, doğrularını daha çox fəlsəfi
həqiqətlərə bağlılığı ilə əlaqələndirir:
"...filosofların, din kitablarının bəşəriyyətə
aid dediyi o doğrulardan çox şey əxz eləyirəm...
Bəlkə də, ona görə insanlar mənə
cəzb olunurlar.
Dostluq, İradə Tuncaya görə, öz ruhu ilə
ittifaqa əsaslanan dostluqdur.
"İnsanlar arasında görünməz bağlar var. Ruh yaxınlığı olan adamları axtarıb tapmaq eşqi var. Belə olmasaydı, yaşaya bilməzdik". "Görünür, kimləysə iltibat, rabitə qurmağın ən vacib şərti də elə budu. Qəlbləri oxumağı bacarmaq". "Düşünürəm ki, görmək üçün göz şərt deyil, insanın şüuru görməlidir, qəlbi, ürəyi görməlidir. Ətrafımızda nə qədər gözlü korlar var".
Ruh-bədən ittifaqı İradə Tuncayda var-dövlət anlayışı ilə eyni müstəvidə açılır: "İnsanın ruhu nəyə köklənirsə, cismi də onun dalınca yönlənir". "Biz ruh aclığının nə qədər qorxulu olduğunu anlamağımızdandır, qarnımız doysa da, gözümüz doymur. Bir toplum olaraq birinci dərdimiz budur - içimizin boşluğu. Qalan dərdlərin hamısının başlanğıcı, mənbəyi budur".
Tarixə ən uzun ekskursiyaları olan
yazılar "Sarı odalar"da şərti olaraq
"Tarix" başlığı ilə verilir. Bu
yazıların bir çoxunda yazılarında tarixi
mövzularda aforizmlərin çox geniş mənzərəsi
açılır: "Tarix daha böyük şəxsiyyətlərin
iradəsinin nəticəsidir". "İnqilablar tarixin lokomativləridir". "Hər bir qlobal hadisənin içində
kiçik insan taleləri var". "Əgər
cəmiyyət sarsıntı keçirirsə, heç kəs
bundan kənarda qala bilməz". "Yalanın
üstündə qurulmuş hər şey dağılmağa
məhkumdur". "Keçmişi
xatırlamadan gələcəyə baxmaq olmur". "Tarixi hadisələr də insan taleyinə bənzəyir".
"Könül təqvimi də gündəlik təqvimə
bənzəyir: işğal günləri çox, xoş
günləri də elə-belə..." "Kiçik bir
qığılcım böyük bir üsyana səbəb ola bilər" və sairə.
Dövlət,
millət, vətən, anlayışları da tarix ətrafında
dövr edir: "Bu, tarixi həqiqətdir ki, bəzən
dövlətsiz də xalqların, millətlərin
mövcudiyyəti davam edə bilir. Amma
xalqsız, millətsiz dövlət olmur". "Vətənpərvər gənc
anlayışını hesablamaq, ölçmək
üçün heç bir aparat icad olunmayıb. Tarixi bilmədən, hardan, nələrdən
keçib gəldiyini bilmədən nəyəsə
bağlanmaq da mümkün deyil". "Düşüncə
tarixinin yaranması başqa tarixlərin yaranmasına da təkan
verir".
Həqiqət,
azadlıq, haqq-ədalət, mərhəmət haqqında
fikirləri yetkin, oluşmuş aforizmlərdir:
"İstisnalar ümumi mənzərəni dəyişmir".
"Danışılan yalanların
böyüklüyü həqiqətin mahiyyətini
kiçiltmir". "Öz vətəndaşlarıyla
qorxu dilində danışan rejimlərin sonu yoxdur". "Qorxaqlıq insan övladının ən
böyük eyibidir" və s.
Gözəlliyin
hikməti də zəkadan doğur: "Əgər bir insan
böyük mətləbləri öz daxilində həll edə
və həyata doğru-düzgün baxa bilirsə, o insan
özünün gəncliyini qoruyub saxlayır, içindəki
uşağı ölməyə qoymur, müdrikləşir və
müdrikləşdikcə də içindəki o
uşağın qədrini bilir. Gözəllik
insanın içindən gəlir. İnsanın daxili
böyük bir kainatdır, öz ayı, planetləri,
ulduzları ilə..."
Ailə,
qadın, kişi mövzusu bir dəyərlər,
ənənələr və gerçəkliklər fonunda
düşündürməyə cəlb etdirir. "Mən və Sən" bu baxımdan çox təsirlidir.
Bununla yanaşı, "İki
sevgi", "Qadın həyatından fraqmentlər",
"İt dəftəri", "Ay Ölkəsi",
"Sarı odalar", "Güllər
açılsın" və digər yazılarında
heç də çılpaqlıqlarına bilə-bilə
toxunmaq istəmədiyimiz, əksinə, pafosla təqdim etmək
istədiyimiz şəkildə deyil, realda olduğu kimi, necədir,
elə də təqdim edilir.
İradə
Tuncaya görə, insan dünyası üç təməl
üzərində qərar tutur: söz, zəka, əməl. Onun sözü ruhdan başlayır. "Səsin
də ruhu var... Elə səslər var ki, onlarla
böyük bir insan kütləsini orduya çevirmək olar,
bütün ölkəni səfərbər eləmək
olar". Onun səs, söz dünyası daha çox fəlsəfəylə
iç-içədir: "Duyğular sənətdə,
ağıl - elmdə, ruh - fəlsəfədə
özünü ifadə edir".
İradə Tuncay söz dünyasını
öz dünyamdan ayırmadığım üçün,
başqa sözlə, düşüncə dünyamın
maddi əsaslarından biri olduğu üçün onun
yaradıcılığından seçdiyim fikirlərini hər
kəslə bölüşmək istəyirəm. Amma ən
yaxşı nitq vaxtında bitən nitqdir. İradə
Tuncayın hikməti həyat fəlsəfəsindən
doğaraq praktik şüurun, parlaq zəkanın ifadəsidir. Bu zəka
işığında dərinliyimizə enib səsimizi dinləməyə
dəyər. Özümüzə gedən yolu tapmağa
kömək edər. Yetər ki, enək və dinləyək,
"həqiqət insandan başlamır, insan həqiqətdən
başlanır".
Mehriban SƏRDAROVA
525-ci qəzet.- 2019.- 8 noyabr.- S.9;13.