Yazıçı İlqar Kamil oxucuları ilə görüşdü

 

 

Rusiya Federasiyasında yaşayan azərbaycanlı yazıçı, psixoloq İlqar Kamillə oxucularının görüşü baş tutdu. Uzun zamandır gözlənilən görüş "Libraff" kitab mağazasında keçirildi. Görüşdə tanınmış ədəbiyyat incəsənət xadimləri, oxucular media nümayəndələri iştirak edirdilər.

Tədbirdən öncə yazıçı sevincini həyəcanını biz media nümayəndələri ilə bölüşdü: "Bizim oxucularla görüşümüz həmişə birtərəfli olub. Mən yazmışam, onlar oxuyublar. Bu dəfə isə belə qərar verdik ki, vətənə gəlmişkən biz onlarla görüşək, indi onlar danışsın, biz dinləyək. Bu, mənim oxucularımla ilk görüşümdür. Gələn hər kəsə təşəkkür edirəm".

Tədbiri giriş sözü ilə açan fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mail Yaqub İlqar Kamilin yazdığı şeirlərdən, əsərlərdən, o cümlədən, romanlardan söz açaraq, dedi ki, onun yaradıcılığı zəngin, eyni zamanda çoxşaxəlidir: "Mən onun iki romanını, şeirlərini oxumuşam bu barədə çox düşünmüşəm ki, İlqar Kamil fenomeni niyə yaranıb? Sonralar onun elə öz yaradıcılığı bu sualıma cavab tapmağıma kömək olub. Biz bu zamana kimi düşünürdük ki, görəsən, Azərbaycanda gənclərin oxuyacağı ədəbiyyatın yaranması mümkündürmü? Bunu İlqar Kamil sübut elədi. O, ortaya fakt qoydu, bunun mümkünlüyünü praktikayla göstərdi. Göstərdi ki, Azərbaycan oxucusu yaxşını pisdən ayırmağa qadirdir. Onun şeirləri daha çox romantik üslubdadır, Nazim Hikmətin şeirlərinə bənzəyir. Onun hər bir yazısı bir əsərdir. İstər böyük romanları olsun, istər kiçik esseləri. Onun qısa məqalələrinin hərəsi bir kitabdır. Onun yazılarının içərisində irfan da var, fəlsəfə , psixologiya da".

Yazıçı İlqar Kamil görüş zamanı oxucularının suallarını cavablandırdı, müxtəlif mövzuda onlarla fikir mübadiləsi apardı.

Görüşün ilk sualı ilə yazıçıya müraciət edən mən oldum. Oxucular onu uzaq məsafədən özünü görmədən, yazılarıyla tanıyıb seviblər. Oxucuların düşüncəsində İlqar Kamil obrazı çoxdan vardı. Bəs görəsən, oxucuları haqqında yazıçı düşünür, onları necə tanıyır?

Yazıçı sualıma cavab olaraq dedi ki, oxucularla bir-birini düşüncə üzərindən tanıdıqlarından hər ikisi çox şanslıdırlar: "Ən doğru təqdimat düşüncə üzərindən olan təqdimatdı. Bu, qısa müddətli bir şey deyil. Bəzi oxucularımla on ilə yaxındır ki, virtual ünsiyyətimiz var. Bu davamlı ünsiyyət nəticəsində bu qənaətə gəlmişik ki, çox ləyaqətli, dəyərli, savadlı, açıq fikirli oxucularımız var. Bəzən insanlar deyər ki, siz niyə belə gözəl yazırsınız? Qarşı tərəfdən çox şey asılıdır. Baxır sən kimə yazırsan, kim üçün yazırsan. Bu mənada oxuculardan çox şey asılıdır. Oxucusuz yazıçı bir heçdir. Əgər yazıçı yaxşı yazırsa, deməli, yaxşı da oxucusu var. Bu baxımdan özümü çox şanslı hesab edirəm, oxucularımdan razıyam".

Görüşdə İlqar Kamil yeni layihəsindən söz açdı. "Yaşamaq sənəti" adlanan layihənin cəmiyyətimizə, xüsusən gənclərimizə çox faydalı olacağına inandığını dedi: "Məncə, bəşəriyyətin ən vacib işidir yaşamaq sənəti. Mənim bir prinsipim var ki, mənə aid olmayan, məlumatım, bilgim olmayan heç bir mövzudan heç yazmaram, o haqda suala cavab vermərəm. O şeylər haqqında ki, yazıram, deməli, onu duyuram. Bir dəfə yazılarımdan birində yazmışdım ki, əlimizdə olanlarla xoşbəxt olmaq mümkündür. Yetməyən ustalıqdır, yaşamaq sənətidir. Bu, olduqca geniş mövzudur. "Yaşamaq sənəti" layihəmiz esselərdən ibarətdir. Artıq daimi oxucuları da var. Düşündük ki, bunu seminar formatında da hazırlayaq. Slaydlarla, canlı ünsiyyətlə bunu insanlara çatdıraq. Mən Rusiyaya qayıdandan sonra dostlarımızla birgə "Yaşamaq sənəti-2" layihəsini seminar şəklində həyata keçirəcəyik. Bu, silsilə seminarlar olur. Əgər insanlar yaşamaq sənətini bilsələr, onlar üçün həyat daha asan olacaq. Yaşamaq üçün yaş mühüm deyil. Sizə 70 yaşında insan göstərə bilərik ki, o, 70 ildə yaşamayıb, sadəcə mövcud olub, çünki yaşamaq sənətini bilmir. Çox təəssüf ki, heç bir məktəbdə bizə yaşamaq sənətini öyrətməyiblər. Biz sadəcə böyüklərimizdən eşitdiyimiz pərakəndə cümlələrlə bunu özlüyümüzdə yaratmışıq. indi konsepsiya şəklinə salaraq "Yaşamaq sənəti" adı altında dünya insanına təqdim etmək niyyətindəyik. Xüsusən, Şərq insanı üçün vacib bir mövzudur. Mən arzu edirəm ki, Allah ömür versin, biz bu layihənin həm yazılı, həm seminar variantını insanlara təqdim edək. İnanıram ki, bununla insanların həyatları xeyli halda yüngülləşmiş olacaq".

Görüşdə qiraətçi, şair Xəzər Süleymanlı İlqar Kamilin şeirlərindən səsləndirdi. Sonda yazıçı qonaqlar üçün kitablarını imzaladı.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 8 noyabr.- S.8.