Səməd Vurğun
yaradıcılığı "Ədəbiyyat məcmuəsi"nin
XI cildində
Azərbaycan
SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
və Dil İnstitutunun əsərlərinin XI cildi 1957-ci ildə
çap olunub.
Jurnalın həmin nömrəsi doqquz məqalə və
iki yazıdan ibarətdir. Yazılardan biri
sayaçı sözlərindən seçmələr və
S.Ə.Şirvaninin çap olunmamış bir müxəmməsidir.
Jurnalın ilk üç məqaləsi Səməd
Vurğuna həsr edilib. Bunlar Mirzə İbrahimovun
"Səməd Vurğunun həyatı və
yaradıcılığı haqqında", Mirzəağa
Quluzadənin "Səməd Vurğun qabaqcıl, realist ədəbiyyat
uğrunda mübarizədə" və Qasım Qasımzadənin
"Səməd Vurğun yaradıcılığında beynəlmiləlçilik"
məqalələridir. Hər üç məqalədə
Səməd Vurğuna öz dövrünün
reallıqları çərçivəsində obyektiv
münasibət bildirilib. Jurnalın 1957-ci
ildə nəşr olunduğunu nəzərə alsaq, o məqalələrin
şairin ölümündən sonra işıq üzü
gördüyünü söyləmək olar. Məqalələrin yazılma illəri barəsində
həmin nömrədə hər hansı bir mənbə
yoxdur.
Məcmuə Mirzə İbrahimovun "Səməd
Vurğunun həyatı və yaradıcılığı
haqqında" məqaləsi ilə başlayır. Məqalənin
ilk sətirlərindən şairin həyatı şeirlərinin
fonunda canlandırılır. Onun
uşaqlıq və gənclik illəri "Şairin
andı", "Raport" şeirlərindəki bilgilərlə
təqdim olunur. "Komsomol mənə nə verdi" xatirəsi təhlilə cəlb edilərək
həyati gerçəkliklər Səməd Vurğunun öz
qeydləri əsasında süzgəcdən keçirilir.
Mirzə İbrahimov şairin gənclik illəri haqqında
yazır: "Sonradan texnikumda oxuduğu zaman Lev Tolstoyun fəlsəfəsi,
"Leyli və Məcnun" əfsanəsi də ondakı xəyalpərvərliyi
gücləndirmiş, yanıqlı duyğularını
artırmışdır". Sitatda göstərilən
cəhətlər şairin əsərləri təhlil
edildikcə də əksini tapır. Sosialist
realizminin gerçəklikləri əhatəsində Səməd
Vurğunun öz xəyalpərvərliyinə sahib çıxa
bilməsi vurğulanır. Bunun kökləri belə
göstərilir: "Səməd Vurğunun uşaqlıq və
ilk gənclik illəri üçün əhəmiyyəti
olan bir cəhət də onun xalq ədəbiyyatı və
musiqisinə olan sönməz marağı və məhəbbətidir".
Səməd Vurğunun
yaradıcılığını həyatı ilə vəhdətdə
saf-çürük edən Mirzə İbrahimov şairin ilk
qələm təcrübəsi dövrünün tez bitdiyini,
lap gənclik illərindən ciddi əsərlərlə diqqət
çəkdiyini xüsusilə qabardır. Həmin diqqəti
çəkməyə səbəb olan əsərlərə
münasibət bildirərkən belə nəticəyə gəlir
ki, Səməd Vurğun novatorluğu ilə
seçilmişdi. Tədqiqatçı, şairin
mövzularında yenilik deyərkən "kənd lövhələri
ilə yanaşı, sənaye mənzərələrinin də
əks olunması, fəhlə sinfi mövzusunun diqqət mərkəzinə
çəkilməsi"ni nəzərdə
tutur. Öz dövrü üçün
aktuallıq kəsb edən bu yanaşma müstəqil Azərbaycan
ədəbiyyatının prinsipləri baxımından qəbul
edilməyə də bilər. Amma məsələnin
kökündə o dayanır ki, Səməd Vurğun həmin
mövzuları çox ustalıqla işləmiş, Mirzə
İbrahimov da mətnə əsasən düzgün
münasibət bildirmişdi.
Mirzə İbrahimov şairin məşhur olan əksər
şeirlərinə obyektiv münasibət sərgiləyərkən
onlara da mövcud "izm"in verdiyi imkanlar daxilində
yanaşıb.
Məsələn, ən sevilən şeiri haqqında
yazır: "Səməd Vurğun yeni dünyanın
mübariz yaradıcıları olan fəhlələrin
böyük tarixi rolunu "Azərbaycan" şeirində
yüksək ilham və sənətkarlıqla tərənnüm
edən birinci şairlərimizdəndir". Bu
şeir haqqında deyilmiş "yüksək ilham və sənətkarlıqla
tərənnüm" fikirlərini qeyd-şərtsiz qəbul
etmək olar. Lakin həmin şeirdə
"fəhlələrin böyük tarixi rolunu" təsdiq
etməkdə çətinlik çəkirəm. Bununla belə, tədqiqatçı, şairin
ümumi yaradıcılığını nəzərdə
tutaraq deyəndə ki, "O, qəhrəman fəhlə və
kolxozçularımızın, mühəndis, müəllim,
həkim, şəfqət bacısı, rəssam, kompozitor və
əsgərlərimizin parlaq obrazlarını yaratmışdır"
- bu fikirlərlə mübahisəyə əsas qalmır.
Mirzə İbrahimov şairin şeirlərini yalnız məhdud
dairədə, tərənnüm çərçivəsində
incələmir, onun etiraz ruhlu əsərlərini də təhlil
edir. "Dikənli sözlər" şeirində
xainliyi və xəbisliyi təmsil edənləri tənqid etməsini
nəzərə çatdırır. Satirik şeirlərindən
"Çil toyuğun yumurtası", "İncə
xanım", "Karyerist", "Xeyirə şərə
yaramaz" kimi əsərlərinin tənqid hədəflərini
göstərir.
Tədqiqatçı, həmçinin, Səməd
Vurğunu Azərbaycan sovet şeirində poema janrının
böyük yaradıcısı adlandırır. Belə qənaətə
gəlir ki, "Poemalarda Səməd Vurğun real həyat səhnələrini
və insan xarakterlərini fəlsəfi idrakla təsvir edir,
hadisə və hərəkətlərin daxili mənasını,
tarixi əhəmiyyətini açır".
Mirzə İbrahimov S.Vurğunun pyesləri haqqında da
özünəməxsus tezislər irəli sürür. Onun
"Vaqif", "Xanlar", "Fərhad və
Şirin" kimi dramlarını yüksək bədiilik
nümunəsi hesab edir.
Məcmuədə
yer alan növbəti məqalə Mirzəağa
Quluzadənin "Səməd Vurğun qabaqcıl, realist ədəbiyyat
uğrunda mübarizədə" məqaləsidir. Bu məqalədə Səməd Vurğunun ədəbi-tənqidi
görüşləri, məqalələri, məruzə və
çıxışları elmi müstəvidə
araşdırılmışdır. Səməd
Vurğunun folklor, dünya ədəbiyyatı, ümumiyyətlə,
ədəbiyyat tarixçiliyi mövzularında mətnləri
tədqiq edilmişdir. Onun öz fikirlərindən
diqqətçəkən sitatlar gətirilmişdir. Məsələn,
"Koroğlu" dastanı haqqında şairin orijinal fikirləri
ilə tanış olaq: "Eposda qəhrəmanlarımızın
həmişə qalib təsvir olunduğu qoy bizi təəccübləndirməsin.
Bu, heç təsadüfi deyildir. Hər bir xalq öz qəhrəmanlarının
simasında özünü ifadə etmişdir və heç
bir xalq özünü məğlub görmək istəmir".
Səməd Vurğuna məxsus bu fikirlər həm
konkret Azərbaycan ədəbi arenası üçün, həm
də ümumdünya ədəbi mühiti üçün
keçərlidir. Lakin diqqət çəkən
odur ki, şair hər bir xalqın özünü qalib
görmək istəyini məhz bir türk dastanının
timsalında bəyan etmişdir.
Mirzəağa Quluzadə Səməd Vurğunun elmi-nəzəri
məqalə və məruzələrinə də münasibət
bildirib.
Müəllif Nizami Gəncəvinin türk şairi kimi təbliğatında
Səməd Vurğunun apardığı mübarizəni ümumiləşdirərək
belə qənaətə gəlir: "Hələ 1939-cu ildə
"Pravda"da çap etdirdiyi məqaləsində o,
Nizamini Azərbaycanın şifahi xalq poeziyasının və
klassik ədəbiyyatın ən yaxşı ənənələrinə
sadiq, qüdrətli söz sənəti ilə Azərbaycan ədəbiyyatını
zənginləşdirən dahi şair kimi qiymətləndirir".
Məqalədə diqqət çəkən məqamlardan
biri şairin ədəbiyyatşünaslıq mövqeyinə
münasibət bildirilməsidir. Bu barədə Mirzəağa Quluzadə
belə bir ümumiləşdirmə aparır: "Səməd
Vurğun bəzi yazıçıların formalizmə gedib
çıxmalarını onların həyatdan
uzaqlaşmaları ilə izah edir və çox doğru olaraq
qeyd edir ki, Azərbaycanın ən böyük
yazıçılarının sənətində formalizm qətiyyən
olmamışdır". Bundan başqa, onun xəlqilik
termininə münasibəti, əsərlərdə həmin
terminin təzahürünün əksinin ifadəsi ilə
bağlı Səməd Vurğunun mülahizələrinə
də münasibət bildirilmişdir. Məqalədə
yazılır ki, "Xəlqilik məsələsi ilə əlaqədar
olaraq o, Hüseyn Cavidi tənqid edirdi. Lakin
Səməd Vurğunun tənqidində sənətkara
böyük hörmət, qayğı ifadə olunur. O,
1936-cı ildə yazır ki, "Biz Hüseyn Cavid
yaradıcılığından istifadə etmiş və edəcəyik.
Hüseyn Cavidin yaradıcılığında
biz şairlər üçün öyrənməli şeylər
çoxdur. Lakin Hüseyn Cavidin
yaradıcılığı bizim Azərbaycan xalqı ilə,
onun tarixi ilə, onun taleyi ilə bağlı deyildir. Mənsub olduğu xalqın həyatı ilə
bağlanmamaq, onun keçmişinə və
hal-hazırına aid əsər yazmamaq, bu gün yeni dünya
quruculuğu işində öndə gedən
xalqımızın varlığını əsərlərində
əks etdirməmək, böyük, olduqca böyük
nöqsandır". Sitat
özlüyündə müasir dövrdə Səməd
Vurğun və Hüseyn Cavid qarşıdurmasına müəyyən
aydınlıq gətirir. Belə ki, Səməd
Vurğunun Hüseyn Cavidə qarşı hər hansı bir kəskin
münasibəti görünmür, bir az da diqqət yetirsək
görərik ki, Səməd Vurğunun qeyd etdiyi
"çatışmazlıqlar" doğrudan da, Cavid yaradıcılığında
nəzərə çarpmır. "Mənsub
olduğu xalqın həyatı ilə bağlanmamaq" ifadəsinə
belə münasibət bildirmək olar ki, Cavid təfəkkürü
üçün mənsub olduğu xalq anlayışı
türklük idi. Bu mövzu isə onun
yaradıcılığından mərkəzi xətt kimi
keçir. Konkret Azərbaycanın o
dövr üçün müasir sayılan həyatına
müraciət etməməsi isə başa düşülən
bir mövqedir, Səməd Vurğunun da ondan belə bir
mövqe ilə çıxış etməsini istəməsi
normal haldır.
Ümumiyyətlə, Mirzəağa Quluzadənin məqaləsində
Səməd Vurğunun elmi və bədii düşüncə
tərzinə mətnə istinadən münasibət diqqəti
çəkir.
Bu, onun göstəricisidir ki, müəllif
Vurğun irsini sadəcə dövrün diktəsi əsasında
yox, mətnlərin ona verdiyi imkanlar daxilində
araşdırmışdır. Bəhs
etdiyimiz məqalədə S.Vurğunun öz məqalələrində
bədii dil, üslub məsələlərinə çox əhəmiyyət
verməsi də tədqiq olunmuşdur.
Məcmunənin həmin sayında eyni mövzuda yazılmış orijinal məqalələrdən biri də Qasım Qasımzadənin "Səməd Vurğun yaradıcılığında beynəlmiləlçilik" məqaləsidir. Məqalənin adı sovet ideologiyasının əsas sütunlarından olan beynəlmiləlçiliyi ehtiva etsə də, müəllifin yanaşmasında Səməd Vurğunun bəşəriliyi də önə çıxarılmışdır. Qasım Qasımzadə yazanda ki, "Səməd Vurğun yaradıcılığında bəşər mədəniyyətinin böyük simalarına həsr olunan şeirlər tam bir silsilə təşkil edir" - bu fikirlərin həqiqət tərəfi ilə birgə, dünyəvi əhatəsi də nəzərdən qaçmır. Bununla belə məqalədə öz dövrü üçün aktuallıq kəsb edən "xalqlar dostluğu" təbliğatının izləri də hiss olunur.
Tədqiqatçı beynəlmiləlçilik şüarına uyğun əsər kimi "Vaqif" dramını misal gətirir. Qafqaz xalqlarının Qacara qarşı mübarizəsini təsvir edərkən sovet dövrünün ideologiyasına əsaslanır: "Pyesdə gürcü, erməni və azərbaycanlıların hərbi əməkdaşlığı onların mənəvi birlikləri ilə ayrılmaz surətdə bağlı göstərilir". Gətirilən sitat 1957-ci ildə çap olunmuş məqalə üçün münasib sayıla bilər. Bu, həm də həmin dövrdə azərbaycanlıların Qafqaz xalqlarının birliyinə inandırılmasının bariz nümunəsidir. Qarşılığında isə ermənilər antitürk vərdişlərindən əl çəkməyiblər. Bu gün klassik irs araşdırılarkən diqqət yetirilməli olan məsələ bu tipli məsələlərdir. Yoxsa iki nəhəng yazar olan Cavid və Vurğunun qarşılaşdırılması milli birliyi pozmaqdan başqa heç nəyə xidmət edə bilməz.
Məqalədə beynəlmiləlçilik təbliğatının nümunəsi kimi "Xanlar" pyesinin təhlilində oxuyuruq: "Bakı burjuaziyasının tədbiri ilə xaincəsinə öldürülən Xanların dəfn mərasimi əsərdə internasionalizmin çox gözəl bədii nümayişi olaraq dramın qiymətli yekun səhnəsidir". Bu məsələyə də müasir müstəqil Azərbaycanın milli ideologiyasından münasibət bildirmək ədalətli olar. Yəni əsrin əvvəllərindəki "Bakı burjuaziyasının" heç də sovet dövründə şişirdildiyi qədər antimilli qüvvələr olmadığını zaman sübut etdi.
Qasım Qasımzadənin şairin bəşəri humanizmini SSRİ sərhədləri ilə məhdudlaşdırmaması təqdirə layiqdir. O yazır ki, "S.Vurğunun yaradıcılığındakı proletar beynəlmiləlçiliyi ideyası yalnız Sovet xalqlarının tarixi dostluğu və hazırda gündən-günə möhkəmlənən qardaşlığının təsvir və tərənnümü ilə məhdud deyildir". Bu fikirlərinə sübut üçün tədqiqatçı şairin "Qoca şərqə günəş doğur", "Yandırılan kitablar", "Körpünün həsrəti", "Zəncinin arzuları", "Berlin", "London qarısı", "Alman bənnası və sovet zabiti", "Rəssamın son əsəri", "Eduard Maze" və başqa əsərlərinə istinad edir. Həmçinin, "26-lar"da Şaumyan", "Ölüm kürsüsü"ndə Dmitrov, "Vaqif"də Şaliko, "Zəncinin arzuları"ındakı obrazların dünya xalqlarının münayəndəsinə insani münasibətin təzahürü olaraq yaradıldığını vurğulayır.
Bütün bunlarla yanaşı, məqalənin
sonlarında müəllifin Səməd Vurğunu dar çərçivəyə
sığışdırmaq cəhdi də diqqətdən
qaçmır: "S.Vurğunun bütün
yaradıcılığını beynəlmiləlçi-kommunist
yazıçının qələmindən çıxan bir
həyat kitabı, qəhrəmanlıq dastanı
adlandırmaq səhv olmazdı". Bu fikirlər öz
zamanı üçün səhv sayılmaya bilərdi, lakin
müasir ədəbi baxışla müşahidə
apardıqda "beynəlmiləlçi-kommunist" sözlərini
yaxın mənalı, hətta sinonim kimi yox, antonim kimi qəbul
etmək daha asan olur. Başa düşürük ki, məqalə
yazılan illərdə "kommunist" sözü hansı
zirvədə dayanırdı və alt qatlarında hansı bəşəriliyi
ehtiva edirdi. Lakin indiki zamanla həmin yaxın keçmişi
müqayisə edəndə sitatdakı hökmlə
razılaşmaq olmur. Səməd Vurğun
yaradıcılığını sadəcə "bir həyat
kitabı" adlandırmaq daha məqsədə müvafiq
olar.
Gülnar
SƏMA
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.23.