Rənglərinlə yoğurdum şeirimin hər sətrini...

 

Milyonlara müjdəsən Şah Xətai elindən,

Səni təbrikə gəldim Şəhriyarın dilindən.

Göylər əyilib öpür dalğalanan telindən,

Aypara azadlığın gülümsəyən dodağı,

Azərbaycan bayrağı!

Səni görmək eşqinə çox ümidlər qocaldı,

Bir canda ünvan etdin üç hikməti, üç adı.

Sən ucalan ucalıq şəhidlikdən ucadı,

Hürriyyət kitabımın ilk mübarək varağı,

Azərbaycan bayrağı!

Üç rənginlə Tanrıya üç köynək yaxın oldun,

Milyonları isitdi Ay hənirin, Gün odun.

Neçə adsız səhidin arzusundan doğuldun,

Sən bölünmüş yurdumun bölünməzlik sorağı,

Azərbaycan bayrağı!

Ey iman işığından köynək geymiş hilalım,

Sənin ucalığınla qanadlanır xəyalım.

Təbrizdən Dərbəndəcən arzulanan amalım,

Əbədiyyət ətirli həqiqətin duvağı

Azərbaycan bayrağı!

Zəngəzurun, Göyçənin yuxusunda dalğalan,

Qarabağsız həsrətin qorxusunda dalğalan.

Sən Şuşanın, Laçının qoxusunda dalğalan,

Ey milli qeyrətimin ən ovxarlı yarağı,

Azərbaycan bayrağı!

Rənglərinlə yoğurdum şeirimin hər sətrini,

Ürəyimdən asmışam hörmətini, xətrini.

Dalğalan, duysun ellər azadlığın ətrini,

Milyon-milyon diləkdə istiqlalın növrağı,

Azərbaycan bayrağı!

 

 

Balayar SADİQ

 

525-ci qəzet.- 2019.- 9 noyabr.- S.21.