Rüstəm Behrudinin özü
haqqında bilmədikləri
Ədəbiyyatımızda Rüstəm Behrudi adında
bir imza var. Bu imza ötən əsrin axırlarından bu
günə qədər yol gəlir və bundan sonra da
dayanmadan həmin yolu tutub gedəcəkdir. Bu yolun
başlanğıcı da Vətən, sonu da Vətəndir!
Rüstəm Behrudinin vətən, yurd sevgisinin zamanı
intəhasızdır, sonsuzdur. Qarşı yatan qara
dağdan başlayıb qara başın bu yol üstə
qurbanlığına qədər davam edir.
Şairin poeziyasında poetik zaman min illərlə
ölçülür. Ya hər şey min illərin arxasından
görünür, ya da qarşıda min ildir can verən məmləkət
var. Sevdanın dəli havası da min ildi başdan getmir. Daşlarda uyuyan tarix min ildi oxunmur. Dərd-qəm
min ildir ötüşmür, "Min ilin dərdi təzədən
oyanıb canımızda", "Qardaş,
ayrılığa min ildir tuşuq, Qəfəsə
salınmış bir qızıl quşuq", "Mən
min il özümdən uzaqlaşmışam, Min il getməliyəm
özümə sarı", "Bu yurdun min illik
ayrılıqları, Div kimi durubdu yolumun üstə",
"Min il ümid yedik, sözlə, şeirlə".
Şairin vətən, yurd sevgisi ləyaqətli vətəndaş
olmaqdan keçir, "Yurd yerimiz" şeiri əsl vətəndaşlıq
andıdır.
Rüstəm Behrudinin şeirləri vətəni sevməyə
və sevdirməyə gücü çatan poeziya nümunələridir. Çünki onun şeirləri
yalnız misradan, bənddən, qafiyə və bölgüdən
ibarət deyil, onların gözlə görünməyən
ruhu var. Rüstəm Behrudinin "Vətəndaş deyilik
qanana kimi" şeirinin heç bir misrasında "ruh"
sözü yoxdur, əvəzində isə
"ölüm", "gor", "qara daş" var,
amma şeir başdan-başa ruhani bir tülə
bürünüb:
Vətənsiz biz kimik, vətənsiz nəyik?!
Vətəndaş deyilik qanana kimi.
Vətən
bir ocaqdı, biz pərvanəyik,
Dolannıq başına yanana kimi.
Rüstəm Behrudi şeirləri ilə yol gedir. O, yüz illik, min illik yolun
yolçusudur. Bu yol Rüstəm Behrudinin qəlbindən
başlayır, onu yurd yerinə aparır, amma həmin yolun
üstündə Türkmənçay, Gülüstan,
Çaldıran var. Qardaş qovğasını yaşadan
tarixi yaddaş içində şairin "Beyrəyin köynəyini
qanlı-qanlı gəzdirmək" istəyi təbii və
inandırıcıdır. Çünki Rüstəm
Behrudinin yurd yerinə çatmaq istəyinin görk yeri
yalnız Beyrəyin köynəyi ola bilərdi.
Mövzu, ideya və bədii detal
arasındakı qırılmaz bağların təbiiliyinin
sübutu üçün şeir tariximizdə bundan gözəl
nümunə tapmaq çox çətindir. Rüstəm
Behrudinin poeziyasında tarixi məkanlar da - Təbriz, Dərbənd,
Ötükən; tarixi şəxsiyyətlər də -
Teymurləng, Xətai, İldırım Bəyazid, Sultan Səlim,
Qacar; mifoloji obrazlar da - Qorqud, Beyrək, Leyli, Məcnun,
Əsli, Kərəm həm poetik mətnin içinə daxil
olurlar, həm də müəllif ideyasının qavramına
təminat verirlər.
Rüstəm
Behrudinin vətən, yurd sevgisinin məkanı bugünkü
deyil, tarixi coğrafiyanın sərhədlərinə
dayanır: Qarayazı, Göyçə, Ərzurum, Kərkük
bu coğrafiyanın adi məkanlarıdır.
Şair bu yolu gedərkən Araz üstə körpü
olmaq istəyir. Bu yol çox uzundur, bəzən heç
axırı da görünmür. Amma o, öz yolundan
dönməzdir və dönməməkdə çox qərarlıdır:
Bəlkə
də, ölümə aparır məni,
Mənə gəl-gəl deyib yanan ocaqlar.
Yolumdan
dönmərəm, dönük şairin
Şerinə
od vurub yandıracaqlar.
Rüstəm
Behrudi bu yolun sonunda ölümə də hazırdır:
Bu yurdun
min illik ayrılıqları
Div kimi durubdu yolumun üstə.
Qoy
düşsün sonuncu döyüşçü kimi
Mənim qara başım qolumun üstə.
Şairin
poeziyasında həyatla ölüm bir yerdədir, vəhdətdədir,
ayrılmazdır:
Bir
ömürdüm, - sevinci az, qəmi
çox,
Necə
göynər könlümdəki yaram, ox!
Bu
dözümdən daha mənə haray yox...
Bax,
öldürüb: Başdaşımı ağlar hey!..
Bəs yurd yerinə çatan Rüstəm Behrudi kimdir? Bu sualın
cavabını o, özü vermişdi. "Şaman
nəvəsiyəm mən yurd yerində", - deyən
Rüstəm Behrudi heç vaxt özünü yurd yerinin
sahibi hesab etmir.
Qızğın, ehtiraslı romantik pafosun qanadlarında
onun özünü yurd yerinin ilk nümayəndəsi hesab etmək
istəyi təbii görünərdi. Şair bunu etsəydi,
hamımız inanacaqdıq. Amma Rüstəm Behrudi
poeziyası ayıq, aydın poeziyadır, hədəfi düz
nişan almağı bacaran şeir sənətidir:
İlk
yurd yerindəki ocaqdan öncə,
Dil
açıb danışan - mən deyiləm, yox!
Heç
zaman qəbrinə sığmayanların
Ruhudur,
danışır mənim dilimcə!
Müasir insanı öz əcdadı ilə birləşdirən
yeganə doğru yol ruhdan keçir. Bu ruh tarixi
yaddaşın da əzəli və əbədi məkanıdır.
Rüstəm Behrudi əqidəsi şairliyi ilə
harmoniya təşkil edir. Bu yolda ölmək də
var. Çünki bu yol şairin (həm də türkün!)
taleyidir.
Rüstəm Behrudi poeziyasında xalqdan və millətdən
ayrıca bir şair ömrü yoxdur. Şairin yaşadığı hiss
və duyğular millətin həyatı, xalqın taleyi ilə
vəhdətdədir. Onun
yaradıcılığında şair şəxsiyyəti ilə
millət obrazının birliyi yaranır. Bu
xətt Rüstəm Behrudi yaradıcılığını
fərqləndirir.
Mən kiməm? Özünə qılınc qaldıran,
Özündən
intiqam, qisas alan da.
Mənəm
Çaldıranda, mənəm Şuşada
Elə qalib gələn, məğlub olan da.
Rüstəm Behrudi özünü həm qalibin, həm
də məğlubun yerinə qoymaqla Füzulidən, Sabirdən
Məmməd Araza, Bəxtiyar Vahabzadəyə qədər
olan poeziyanın vətəndaşlıq qayəsinin müstəvisini
dəyişir.
Şəxsiyyət və millətin vəhdəti
özünü insanın fiziki simasında yox, ruhun ölməzliyində
təsdiq edir:
Bir vaxt
Ərdəbildən ərtək atlanıb,
Üz tutub bu yurda, üz tutub elə.
Özünə
qayıdan Şah İsmayılın
Sərgərdan ruhuyam gəzirəm elə.
Rüstəm
Behrudi Oljas Suleymənova açıq məktub yazır: "Hər
şey ayrılıqdan başladı". Şairə
görə, bu ayrılığın əvvəl nöqtəsi
kəhər atları cilovsuz qoymağımızdır. Əslində, Rüstəm Behrudinin şairliyi də
elə ayrılığın əzabını
yaşadır.
Ayrılıqdan
başladı
Olum da, ölüm də, doğum da.
Elə bu
ayrılıqdan başladı
Mənim şeir adlı yolçuluğum da.
Onun
ayrılığı şəxsi hiss və
duyğularından, sevgidən, məhəbbətdən
doğan ayrılıq deyil, vətən həsrəti və vətən
ayrılığıdır.
Ayrılıq Rüstəm Behrudinin
yaradıcılığı boyu onun yolu üstündə bir
div kimi dayanıb. Ayrılıq özü div boydadır, hətta
şairin sözlərinə sığışmır,
çünki sonda Vətən boyda ayrılıq var.
"Ayrılıq matəmgahı", "Alın
yazısı", "Mən haqqa sığınmış
qərib dərvişəm" şeirlərində bir-birini
tamamlayan ayrılıq ifadəsi üçün şair milli
folklorun qorxunc obrazını - Divi seçib.
Rüstəm Behrudi öz ruhunu dinləyən şairdir. O, ruhun söyləmədiyini,
yaşamadığını poeziyaya gətirmir. Şairin
ruhunda ayrılığın vüsala çevrilməyəcəyi
nisgili var:
Məni
öldürürlər, xəbəriniz yox,
Məni yandırırlar - koram tüstümə.
Yenə
tufan gəlir qarşı tərəfdən,
Yenə ayrılıqdı gəlir üstümə.
Qəriblik və ayrılığın acı bir
ağrısı illərlə şairin ruhunda yaşayandan,
qana hopandan sonra misralara çevrilir, yeni şeirlər
yaranır. "Boz qurd" şeirində həmin
ağrının misralara çevrilmək təbiiliyini şərtləndirən
ruh yuxu kimi seçilib. Şairin qələmində
yuxu keçmişə - tarixə baxışın bir
formasıdır. Məhz bu halda Rüstəm
Behrudinin şair obrazı yuxusuna gül-çiçək və
mələklər girən digər şairlərdən fərqlənir.
Nəticədə Rüstəm Behrudinin yuxusunda
"çadırı dağılmış, ocağı
sönmüş", "qara torpağına nə toxum əksən,
yenə də baharda ayrılıq bitirən" yurd yeri
görünür.
İnsan öz yuxusunu olduğu kimi
danışmağı, necə varsa, o cür təqdim etməyi
çətindir. Onun poetik mətn kimi yazıya
alınması daha çətindir. Hər
halda danışsan da, yazsan da qarşıdakını
inandırmalısan.
Rüstəm
Behrudi inandıra bilir, onun poeziyasında yuxu reallıqla
irreallığın qovuşuğudur:
Üstümə
qəm gələr əjdahalartək,
Yuxumda bir ağız qurd ular, keçər.
Nədənsə
həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər.
Əsl
yuxudur: burada xəyalla həqiqətin qovuşması var.
Şairin "Qara qazlıq atların kişnərtisi gəlir
misralarımdan" düşüncəsi də yuxudan
keçib gəldiyi üçün inandırıcı
görünür, poetik səslənir.
Rüstəm Behrudinin nağılı da yurd
haqqındadır, yurda bağlıdır. Bu
nağılın əsas obrazı da Qurddur - Boz Qurd. "Qurd və yaxud yurd nağılı"
şeirində Rüstəm Behrudinin arzuladığı
nağıl da bizim uşaqlıqdan eşitdiyimiz,
yaddaşımıza hopdurduğumuz nağıl deyil. Bu
nağılda göyçək Fatma, ağ atlı oğlan
deyil, Səttarxan var, orada mağara, yeraltı dünya yox,
Urmiya, Dərbənd, Altay var. Rüstəm Behrudi
yaradıcılığında folklor obrazları azdır,
amma bu yaradıcılığa xalq ruhu hakimdir.
Boz Qurd obrazı Rüstəm Behrudi
yaradıcılığında bədii mətnin ruhunun təminatçısıdır. Ona görə
də şairin şeirlərində Qurd özünə
rahatca yer tapa bilir. Onun poeziyasında Boz
Qurd ölməyib, diridir. Rüstəm
Behrudinin şeirlərində yalnız Boz Qurd ulamır, təkliyin,
tənhalığın, yalqızlığın
ağrısını yaşayan sözlər, misralar da
ulayır. Həssas oxucu Rüstəm
Behrudinin şeirlərində onun özünün Boz Qurd kimi
uladığını eşidə bilər.
Rüstəm Behrudi yaradıcılığında Boz
Qurd obrazı onun poeziyasını mifoloji düşüncəyə
söykəyirsə, Şaman obrazı bu poeziyanı İlahi
başlanğıca bağlayır. Bu poeziyada Şaman
ayrıca vəsf olunmur, onun şəninə söylənən
misralar yoxdur. Amma Şamana, onun duasına böyük
inam var. Bu inam Rüstəm Behrudi poeziyasının güc mənbəyidir,
oxucuda şairin duasının qəbul ediləcəyinə
böyük ümid yaradır:
Şaman
kimi sözlərdən
mən
tale toxuyuram,
Ürəyimdə
səksəkə,
ruhumda
bir zəlzələ...
Hər
gecə göy üzünə
mən
dua oxuyuram:
-
İlahi, bu mill əti
yox
olmaqdan hifz elə!
Şair tək-tənha, çarəsiz qalan insanın vəziyyətini
hay-küylə, ünvansız sözlərlə deyil,
psixoloji duyumla canlandırır. Bu canlanma oxucuya ümid və inam gətirir:
Min il pıçıltım da Tanrıya
çatdı,
İndi hayqırıram, özümə çatmır.
Bu gün
mən piyada, istəyim atlı,
Gör
necə tükənib, qüvvətim, gücüm,
Düşmənim
bir yana, sözümə çatmır.
Gör
necə qısalıb qollarım mənim
Doğma ocaqdakı sözümə çatmır.
Bu hələ
bir yana, dərdə bax, Allah!
Əllərim saçıma, gözümə
çatmır.
Bu misralar
Vətənlə, yurdla bağlı istəklərin həqiqət
ola bilməməsinin faciəsini
yaşadır. Bu misralar qeyzdən və qəzəbdən
param-parça olmuş bir ömrün zərrələridir.
Amma bu yerdə Şaman ruhu köməyə gəlir
və o bildirir ki, əgər arzularım həqiqət olmursa,
ağaca, daşa dönüb torpağa qarışmaq istəyirəm.
Bu, ruhun dincəlməsinin də ən qısa
yoludur.
Rüstəm Behrudi heç kəsi təkrar etmir. Əslində,
o, kimisə təkrar etmək istəsə belə bu,
mümkün deyil. Çünki Rüstəm
Behrudinin çapdığı atın meydanı başqa məkandır.
Bu məkanın bir tərəfində gün
batanda o biri tərəfində günəş yenidən
doğur. Onun poeziyasında özünəməxsus milli
hiss və duyğudan enerji alan daxili dinamizm
və səmimilik öz gücünü həmişə
saxlayır. Səmimiyyəti, məhrəmliyi
qoruyan və yaşadan poeziya isə oxucuya daha çox
doğmadır. Rüstəm Behrudinin
"Salam, Dar ağacı" şeirinin geniş
yayılmasının və müəllifinə şöhrət
gətirməsinin əsas səbəbi şeirin misralarına
hopmuş səmimilik və məhrəmlikdir. Oxucu eşitdiyi salamı ala-ala, ona "əleyküm-salam"
cavabını verə-verə özü də bilmədən
şeirin ruhuna uyur. Elə bil salam
oxucunu dalınca dartıb aparır.
Rüstəm Behrudinin Dar ağacı cəza
ağacı deyil ki, günahkarları asasan, ölümün
qınaq sahibi olasan. Rüstəm Behrudinin Dar ağacı əsr-əsr,
nəsil-nəsil bölünən bir xalqın dərdiylə
üz-üzə dayanan, Tanrının bəndədən
aralı düşməsinə şəhadət verən bir
ağacdır. Dar ağacına verilən salam
oxucuya verilən salama çevrilir, ağac da ruhən
yaxınlaşır, doğmalaşır.
Rüstəm Behrudi şeirində Dar ağacı oxucu yaddaşında qalan quru, günahkar ağac deyil. Rüstəm Behrudinin dilində bu ağac budağı, yarpağı olan həyat ağacıdır:
Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının,
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar
ağacı!
Əleyküm-salam.
Rüstəm Behrudi yağmalanan obalara, bölünən
ellərə, tapdanan torpaqlara, quruyan çaylara görə
Dar ağacı ilə haqq-hesab çəkməyə gəlib.
Amma bu haqq-hesab məqamında hakim olmaq iddiasında
deyil, o yaxşı bilir ki, haqq-hesab məqamı
Tanrının ixtiyarındadır. Rüstəm Behrudi Dar
ağacının hüzurunda dəli bir şair kimi
dayanır, heç Dar ağacının özünə də
qürrələnməyə imkan vermir:
Qəbul et, növbəti qurbanın mənəm,
Mənim
canım səndə, bil, canın mənəm,
Elə
qürrələnmə... hər yanın mənəm,
Salam, Dar
ağacı!
Əleyküm-salam.
Rüstəm Behrudinin şeirləri müasir şairlərin
heç birinin şeirlərini xatırlatmır. Bu fərqlilik
poetik novatorluğun şeirdə ifadə olunan fikirlərdən
qaynaqlanması, həmçinin, şeirin daxili hərəkətinin
tənzimləməsi ilə bağlıdır. Nümunələrdə rast gəlinən
"Tanrı öz yanından göndərib məni",
"Qurd kimi uladım gecələr elə", "Orda -
Tanrı dağda Gurşad gözləyir" kimi misralar bir bəndin
sonuncu, digər bəndin isə birinci misrasına çevrilməklə
dinamizm yaradır. Əslində isə
Tanrı, Boz Qurd, Gurşad adlarını içinə hopduran
həmin misralar şeiri ruh kimi dolaşır.
Rüstəm Behrudi yol gedir, bu yol heç kəsin
getmədiyi yoldur, ruhun yoludur. Bu yolun mənzili uzaqdı, mənzilinə
çatasan, şair!
Kamran
ƏLİYEV
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.19.