Günəşin Nurəngiz bənzəri
Elçin İsgəndərzadənin
"Günəşin elçisi" kitabını vərəqləyərkən...
"Şuşada
qoyub gəldiyim Günəşin bənzəridir Nurəngiz
xanım".
205 səhifəlik
esse-monoqrafiyada məni ən çox təsirləndirən,
olduğum yerdən alıb uzaqlara, lap uzaqlara aparan, kirpiklərimi
nəmləndirən cümlə idi bu... Elə oradaca
dayandım, düşündüm, heç vaxt görmədiyim,
şeirlərindən və dostlarının söhbətlərindən
tanıdığım o qadını- şeir qadını
düşündüm. Onun gözlərindəki günəş
işığı gəldi xatirimə. Şəkillərində
görmüşdüm.
Bəs
Şuşa, bəs Şuşanın Günəşi? Bircə
anda boşaldı əl-ayağım. Qəlbimi elə bir
çarəsizlik, elə müthiş hüzün
bürüdü ki... Görmədiyim Nurəngizi şəkillərdən
tanıyıramsa, görmədiyim Şuşanın görmədiyim
Günəşini hardan tanıyacaqdım? Yəqin yenə də
bizdən daha şanslı olan böyüklərimizdən.
Axı onlar görüblər. Elə biri Elçin İsgəndərzadə...
Bu sətirlərdən azca yuxarıda yazıb axı
Şuşanı da, onun Günəşini də:
"Şuşanın
Günəşi xatirimdə bir başqa qalıb.
Saçaqlı, gülümsər, təbəssümünü
sübh şəfəqləriylə dodaqlarımıza endirən,
könlümüzü isidən, bizi heç vaxt
üşüməyə qoymayan. Yayda da çox isti
olmasın deyə azacıq soyuyan Günəş. Bizim
doğma Günəşimiz bizə görə hər haldan
keçirdi, çünki biz onu sevdiyimiz kimi, o da bizi sevirdi.
İllər sonra bu qızı görəndə, sanki o
Günəşi gördüm, Şuşadakı Günəşi".
Günəşin
pərvanəsi... Günəşin elçisi... Günəşin
həmdəmi... Günəşin aşiqi... Elçin İsgəndərzadənin
gözəl şair, həssas ruhlu qadın Nurəngiz Günə
yaraşdırdığı adlardır bunlar. Onun 80 illik
yubileyinə həsr etdiyi "Günəşin
elçisi" adlı esse-monoqrafiyasından oxuyuram. Oxuduqca xəyallara
dalıram. Bir insanın başqa bir insana sonsuz məhəbbəti
heyrətləndirir, bu məhəbbətin indi sadəcə
kitab səhifələrində yaşaması təəssüfləndirir,
adicə sətirlərdən belə zərifliyi, gözəlliyi,
kövrəkliyi, sevəcənliyi ürəyimizi riqqətə
gətirən qadının amansız yoxluğu dərin
hüzünə qərq edir. Bəlkə bir də heç
zaman görmək imkanım olmayacağını bildiyimdən
daha çox sarılıram barmaqlarım arasındakı
kitaba.
Yaxşısı
başdan başlamaqdır...
***
Professor,
şair Elçin İsgəndərzadənin "Günəşin
elçisi" kitabı ötən il mərhum şair Nurəngiz
Günün 80 illik yubileyi münasibətilə çap
olunmuşdu. Kitabın redaktoru millət vəkili, akademik Nizami
Cəfərov, texniki redaktoru Şükufə Əhmədli,
Ön sözün müəllifi yazıçı Seyran Səxavətdir.
İndi
biriniz məndən soruşsa ki, yazı həsr etdiyin bu kitab
nədən bəhs edir, deyəcəm Nurəngiz Gündən.
Onda siz də haqlı olaraq, düşünə bilərsiniz,
yəqin bir şairin şəxsiyyəti və
yaradıcılığına həsr olunan adi monoqrafik
kitabdır. Yəni, elmi məqalə tipində yazı... Amma
yox, qətiyyən yox. "Günəşin elçisi"
Nurəngiz Gün haqqında deyil, Nurəngiz Gün sevgisi
haqqındakı essedir. Müəllif özü
kitabını esse-monoqrafiya adlandırıb. İlk səhifəsindən
son səhifəsinəcən sevgi yağır, sətirlərdən,
səhifələrdən, vərəqlərdən məhəbbət
süzülür insanın qəlbinə. Burada bir şeir
gözlü qadının həyata, dünyaya, insanlara,
varlığa, Tanrıya, ədəbiyyata, şeirə,
sözə sevgisiylə yanaşı, bir oxucunun şairinə,
bir tələbinin müəlliminə, bir insanın başqa
bir insana sevgisi də var. Nurəngiz Günün bütün
kainata sevgisi Elçin İsgəndərzadənin ona olan
sevgisiylə çuğlaşıb, ülvi bir vəhdət
yaradıb. Bu sevginin ilk işartılarını isə Seyran
Səxavət "Naməlum qadın" adını verdiyi
ön sözündə göstərir:
"Sevgi
adamın içində lövbər salıb uzun müddət
qalmamalı, ətrafındakı canlılar arasında, ana
südü halallığı ilə dədə malı kimi
bölünməli, parçalanmalıdır; əks halda adam
çatlaya bilər. Ətrafa ötürülməyən,
insanın içində daimi sakinə çevrilən sevgi, ən
yaxşı halda, adamın öz əllərilə öz
içinə basdırdığı mina kimi bir şeydir.
Bizim Nurəngiz də sevginin bu xasiyyətini duyduğuna
görə, ancaq özünəməxsus olan pak, şəffaf,
ilıq sevgisini dörd tərəfinə - insanlara, övlada,
valideynlərə, dostlara, ağaclara, günəşə, səmaya,
göyərçinə, pişiyə - bir sözlə,
gözünə görünənlərin hamısına ana
südü halallığı ilə dədə malı kimi
ötürürdü. Bax, bu yerdə bizim Nurəngiz
ildırımötürənə də oxşayırdı,
yox, oxşamırdı, elə ildırımötürən
idi - çünki ildırım sevginin xislətindədi, səni
elə vurar ki, tüstülənə-tüstülənə
qalarsan...
Bizim Nurəngiz
isə tüstüləməyi sevmir...
Baxmayaraq
ki, deyirlər yanan yerdən tüstü çıxar. Düz
deyiblər, böyük həqiqətdi. Ancaq bu böyük Həqiqətin
Nurəngiz Günə heç bir dəxli yoxdu: "yanan yerdən
tüstü çıxar". Bizim Nurəngiz də bəşəriyyətin
"yanan yeri"ndən biridi, əlli ildən çox
tanıdığım müddətdə onu həmişə
yanan görsəm də, tüstülənən görməmişəm
- bu gün də yanır, ancaq tüstülənmir...
Nurəngiz
həmişə qürurludu; ona görə də harda, necə,
nə üçün yandığını hamıdan gizlədib,
istəməyib heç kəs onun halına yansın - ona
görə də yananda heç vaxt tüstülənməyib,
axı, tüstülənən tonqal gendən
çağırar...
O,
poeziyasında da, həyatında da beləcə yanıb,
yanıb... ancaq yanıq yeri qalmayıb.
O,
poeziyasında da, həyatında da beləcə yanıb,
yanıb... ancaq yerində
külü qalmayıb.
Yanıq
yeri də, kül də o vaxt qalır ki, yanıb qurtarasan -
Nurəngiz Gün hələ yanır..."
Bu sətirlərdəki
sevgini Elçin İsgəndərzadə növbəti səhifələrdə
belə davam etdirir:
"Sanki
sevgidən yoğrulmuşdu. İnsanda insanlara, otlara,
ağaclara, hər bir canlıya, ya elə cansız şeylərə
də, məsələn adi qələmə, adi stula, bir
güllü nəlbəkiyə, bir xırda böcəyə
qarşı nə qədər mərhəmət olardı, nə
qədər qayğı olardı. Güllərlə
danışardı, divara sığal çəkərdi,
ağacları dinləyərdi, yağışı ovcuna
yığıb nəsə deyərdi.
Bir
çatlayan əşyaya ürəyi yanar, bir qırılan
stul ayağına ufuldayardı.
Yanından
ötdüyü adamları saxlamaq, niyə bikefsən, nə
dərdin var, soruşmaq istəyərdi. Əlindən gələni
edərdi hamı üçün, əlindən nə gəlirdisə
əsirgəməzdi.
Bir
ananın xəstə uşağına,
Bir
yaralı quşun qırıq qanadına,
bir kimsəsizə,
bir
işsizə,
bir
arxasıza arxa olmuşdu.
Hardanıydı
bu qədər sevgi, bu qədər mərhəmət...
Heç
özü də bilmirdi.
Amma bir
şeyi bilirdi ki, zəifə, imkansıza, gücsüzə,
kasıba mütləq kömək etmək, dərdini dinləmək,
söykək olmaq lazımdır".
***
Elçin
İsgəndərzadə Nurəngiz xanıma həsr
olunmuş televiziya proqramının birində belə bir ifadə
işlədib ki, sərbəst şeirimizin baniləri Nazim
Hikmət, Rəsul Rza, Mikayıl Rəfili və digərləri
olub. Ancaq şeirimizə sərbəstliyi Nurəngiz Gün gətirib.
Ondan sonra bütün ədəbiyyatşünaslar, tənqidçilər
doğru və yerində müşahidəyə heyrət edərək
onun bu fikrini təsdiqləyiblər. Bunu təkcə bu kitabda
oxumuruq. Nurəngiz xanımdan danışan hər kəs onun
ruhundakı azadlıqdan, sərbəstlikdən
ağızdolusu bəhs edirlər. Onun poeziyası da məhz
bu azadlığın vərəqlər üzərindəki təcəssümü
idi. Nurəngiz Gün ruhunu buxova ala bilən heç nə yox
idi. Ona görə şeirləri də heç bir buxova,
ölçüyə, vəznə sığmır, mövzu
məhdudiyyəti qəbul etmirdi. O və onun misraları
göylərin baş tacı Günəş qədər azad
və qənirsiz idi.
Hər kəs
Nurəngiz Günün azad ruhuna qibtə edərkən o,
türkiyəli şair Nazim Hikmətə vurğun idi. Onun
şeirlərindəki eşq, azadlıq yanğısı Nurəngiz
xanımın ruhunu titrədir, coşğun hisslərinin daha
da aşıb-daşmasına gətirib
çıxarırdı. Və əlbəttə Nazim Hikmət
taleyi... Bəli, azadlıq düşkünü qadının
Nazim Hikmət kimi bir şəxsiyyətin qollarına vurulan
qandaldan, ruhuna çəkilən buxovdan təsirlənməməsi
mümkün deyildi. O da təsirlənirmiş, hər dəfə
öz şairini ürəyinin ən dərinindən gələn
bir ahla yad edirmiş:
"Nazim
Hikmət sevgisi bir həsrət kimi keçirdi içindən.
O böyüklükdə şairin qədrini bilmədilər,
deyirdi və kədərlənirdi ki, o böyüklükdə
şairinə yiyə çıxmadı milləti. O gözəllikdə
şair vətənindən didərgin düşdü, zindanlarda
şeirlər yazdı, axırda da vətən həsrətiylə
qürbətlərdə öldü. Bu, çox
ağrıdırdı onu. Söhbətlərimizdə dəfələrlə
vurğulayırdı ki, Nazim Hikmət türk şeirinə
yeniliklər gətirdi, azadlıq uğrunda
çarpışdı, qeyri-adiliyi ilə seçildi, sevildi,
amma qürbətdə gözlərini yumdu, bax, bu, onu
ağrıdırdı".
***
Əlbəttə,
bu dünyada Nurəngiz Günü ən yaxşı
tanıyan, qəlbinin ən dərin məhrəmlərinə
bələd olan tək insan onun qızı Jalə Əliyeva
idi. Jalə xanım anasını həm bir övlad
hissiyyatı, həm də bir ədəbiyyatçı diqqətiylə
duyur, hiss edirdi. Nurəngiz xanım yazdığı bir
şeirin sevinciylə qanadlananda onunla birlikdə səmalara pərvazlanır,
hər kəsdən uzaqlaşıb, özünün dediyi
kimi "ev pərvanəsi" olanda dərdini dərdi bilir,
son günlərində Günəşə can atanda
gedişini baxışlarından oxuyurdu. Nurəngiz xanım həyatından
razı idimi, ona yazılan ömürdən məmnun idimi,
bilmirəm, amma məncə, onun bu həyatdakı ən
böyük şansı da məhz onu bu cür duyan, hiss edən
və özündən sonra da adını yaşadan bir
övlada sahib olması idi. Elçin İsgəndərzadə
esse-monoqrafiyada Jalə xanımın fikirlərinə tez-tez
yer verir. Həmin hissələrdən ən təsirlisi isə
bir övladın anasının yoxluğu haqqındakı
sözləridir:
"... onu qoruya bilmədim, saxlaya bilmədim, anam bir quş kimi uçub getdi. İndi mən həsrətini çəkirəm anamın, o günlərin, itirdiklərimin...
Doğmaların sırası azaldıqca qorxurdum, amma anamı itirə biləcəyimi ağlıma gətirə bilmirdim. Çünki bütün çəkdiyi ağrılara, həsrətlərə, əzablara rəğmən çox həyat dolu insanıydı anam, amma axır günlərində hiss edirdim ki, sanki yol üstədi və baxışları daha qala bilmirəm, getməyim gəlir, deyirdi...
Burax məni, burax, qardaş,
Gedim çatım o vadiyə;
baş qoyum çiçəklərinə,
bir az öpüm,
bir azca
yuyunum sərin şehində..."
***
Bəzən
Elçin İsgəndərzadə qələmindən Nurəngiz
Gün danışır bizimlə, hisslərini,
arzularını, yuxularını, eşqini, Günəş həsrətini
bölüşür. Bir yerdən sonra müəllif və
onun qəhrəmanı arasındakı hər cür sərhəd
uçub-dağılır, yox olur. O anda kitabın müəllifi
oxucuyla Nurəngiz arasında damla-damla əriyib yoxa
çıxır, ikisi arasında artıq heç bir maneə
qalmır və Nurəngiz xanım danışmağa davam
edir:
"Mən
yuxularda uçuram gecələr..."
... sanki
od-alovun içindən Günəşə yol arayıram,
amma tapa bilmirəm. Düşünürəm, bəs
qızılı arabayla Günəşə gedən
doğmalarım necə gediblər, bəlkə Günəş
onları yandırıb. O anda içimdə bir ümüd
yaranır, yox, Günəşə yol var, Günəşin sən
bilməyən tərəfi var, Ayın o biri üzü,
dünyamızın o biri dünyası olduğu kimi. Vaxtı
gələndə mən də o yolu tapacağam, Günəş
yolunu".
Və beləcə
o vaxt gəldi, o zaman yetişdi, Günəşin elçisi
Günəşə elçi düşdü. Yerdəki
Günəş göydəki Günəşin ağuşuna
qanad açdı:
Sonra da
nağıllara qarışdı,
Günəşli
nağıllara,
Günəşlə
birgə qüruba endi,
qüruba
endi ki,
nə
vaxtsa Günəşlə birgə doğsun.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.18.