Eyvaz Zeynalov: “Yazıçı
üçün müşahidə də vacibdir, mütaliə
də”
“Uşaq ədəbiyyatı yaratmaq
üçün uşaqların dünyasına daha dərindən
bələd olmaq lazımdır”
Neçə
vaxtdır ki, istedadlı yazıçı Eyvaz Zeynalovun
uşaqlar üçün yazdığı hekayələri,
nağılları oxuyur, zövq alır və onlardan öyrənirəm.
Bu yaxınlarda ədəbi mətbuatda "Məktəbli
forması" adlı bir əsərini də oxudum. Kiçik bir hekayədir, amma o qədər təsirlidir ki...
Eyvaz müəllim
Qarabağ müharibəsinin
şahididir. Yəqin elə buna görə də uşaqlar üçün
bu mövzuda qələmə aldığı
hekayələri daha təbii, təsirli və yaddaqalandır.
"O gün hamı xocalılı idi",
"Ən qiymətli",
"İntiqam", "Soyuq
konfet", "Qaçhaqaçda",
"Qarpız tumu"
kimi hekayələrində
birbaşa müharibə
hadisələri öz
əksini tapıb. "Baba və nəvə",
"Təbiətin dostları",
"Ovda", "Meşədən
qayıdarkən" hekayələri
didaktik xarakterlidir.
"Plastilin tülkü",
"Kimə lazımdı",
"Mərhəmət", "Bəsimdi" adlı nağılları da çox axıcı, oxunaqlıdır. Bunlardan
başqa, Eyvaz Zeynalovun uşaqlar üçün yazdığı
"Üç bacı",
"Sehrli çəkmələr"
adlı nağıl-povestləri,
"Qazı və nökər" adlı mənzum səhnəciyi də var.
E.Zeynalovun uşaqlar üçün
yazdığı əsərləri
2011-ci ildən orta məktəblərimizdə də
tədris olunur. 4-cü sinifin
"Azərbaycan dili"
dərsliyinə onun
7, 5-ci sinfin "Azərbaycan
dili" dərsliyinə
"Bozlar", "Ədəbiyyat"
dərsliyinə "Oğru"
adlı hekayələri
daxil edilib.
Yeri gəlmişkən,
Eyvaz müəllimin əsərlərinin çoxu
böyüklər üçündür. Onlar rus,
türk, alman, ingilis, qırğız, krım-tatar dillərinə
tərcümə olunub.
Kitabları bir sıra ölkələrdə çap
edilib. 2008-ci ildə
M.Kaşğari adına beynəlxalq hekayə müsabiqəsinin
qaliblərindən biri
olub. Başqa müsabiqələrdə də uğur qazanıb. Azərbaycan
Yazıçılar Birliyinin,
Gürcüstan Yazıçılar
Akademiyasının, Avrasiya
Yazarlar Birliyinin üzvüdür.
Uşaqlar üçün yazdığı
hekayələrini çoxdan
izlədiyim Eyvaz müəllimlə bu yaxınlarda qısa söhbətimiz oldu. Həmin söhbətdən
bir sıra məqamları diqqətinizə
çatdırıram. Deyim ki, yazıçı
kimi çoxdan tanıdığım E.Zeynalovun
bioqrafiyası ilə tanışlıq şəxsən
mənim üçün
çox maraqlı oldu:
"Ağdamın Qiyaslı
kəndində doğulmuşam. Atam da, anam da Qiyaslıdandı.
3 yaşım olanda şəhərə
köçmüşük. Ağdam şəhər 1
nömrəli orta məktəbini, keçmiş
Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirmişəm.
Əvvəl müğənni olmaq istəyirdim. 9-cu sinifdə bədii
yaradıcılığa həvəs
göstərdim. Həmin
il "Qəlibə
sal" adlı ilk hekayəm qəzetdə çap olunandan sonra nəsrə meylləndim. Povest və hekayələrdən
ibarət "Rəngsiz
yuxu" adlı ilk kitabım 1990-cı ildə
"Yazıçı" nəşriyyatında işıq
üzü görüb".
Yazıçı dedi ki, o zaman ədəbiyyata, yazıçılığa münasibət
indikindən xeyli fərqli, yəni üstün idi: "O vaxt ədəbi mühit daha tələbkardı. Çox
adam yazsa
da, ortada az imza görünürdü.
Yazı-pozu ilə məşğul
olanlar daha məsuliyyətliydilər. Elə uşaq ədəbiyyatında
da vəziyyət bu cür idi.
Uşaqlar üçün yazanlar daha peşəkardılar.
Çap
olunmaq çətin idi. Mənim uşaqlar üçün
yazdığım hekayə
və nağıllardan
ibarət kitabımı
"Gənclik" nəşriyyatında
1980-ci illərin axırlarına
yaxın plana salmışdılar. Uşaqlar üçün
jurnallarında, qəzetlərdə
vaxtaşırı çap
olunsam da, nəşriyyatda kitabın
çapını ildən-ilə
keçirirdilər. Əvəzində o hekayə və nağıllardan elə o vaxtlar həmin nəşriyyat dalbadal buraxdığı toplularının
birinə 5, o birinə
düz 11 hekayəmi salmışdı. Onda rayonda
müəllim işləyirdim,
indiki kimi internet-filan yox idi,
hər saat Bakıya gələ, nəşriyyatlarla əlaqə
saxlaya bilmirdim. Necə deyərlər, ismarıcla
da həcc qəbul olunmurdu".
Həmsöhbətimin fikrincə, yazıçı üçün
müşahidə də
vacibdir, mütaliə
də: "Hansının
daha önəmli olduğunu dəqiq deyə bilmərəm. Hər ikisi eyni dərəcədə
vacibdir. Bunlarla yanaşı,
istedad, zəhmət və təcrübə də çox mühümdü".
Xaraktercə səbirsiz, bir yerdə qərar tutmayan insan olsa da, Eyvaz
müəllim indiyədək
hara getsə, yazmaqdan, çap olunmaqdan qalmayıb: "Gəncliyimdə, demək
olar ki, bütün Sovetlər məkanını gəzib-dolaşmışam.
Hətta
bir neçə şəhərdə yaşamış,
həmin şəhərlərdəki
zavodlarda işləmişəm.
İndi də vaxt, imkan
tapdıqca gəzirəm.
Heç
zaman kitabdan, qələmdən ayrılmamışam.
Ukraynanın Zaporojye,
Donetsk şəhərlərində işləyərkən yerli
yazıçılarla sıx
əlaqə saxlayır,
hekayələrimi onlarla
bərabər rus dilinə çevirib, qəzetlərdə çap
etdirirdim. Gəzib-gördüklərim əsasında sonralar
bir neçə hekayə, iki roman yazmışam".
Yazıçının uşaq ədəbiyyatı və
uşaqlar üçün
nəşrlər barədə
də fikirlərini öyrəndim: "Bildiyimə
görə, Sovetlərin
dövründə Bakıda
çap olunan uşaq jurnalları, qəzeti yenə qalmaqdadı. Üstəlik, əlavə jurnallar
da fəaliyyət göstərir. Nəzərə almaq lazımdı ki, uşaqlar üçün yazılan
əsərləri bütün
qəzet və jurnallarda çap etdirmək olur, böyüklər üçün
yazılanların meydanı
bu baxımdan daha dardı. Ola bilsin, mətbu
orqanların indi tirajı azdı. Ona görə gözə çox dəymir. Bu da oxucusunun
azalması ilə bağlıdı. Sovetlərin dövründə
internet, indiki telefonlar
yoxdu. İnsanlar kitaba, mətbuata
acıydı. Tələbata görə, bədii jurnalların, kitabların
da tirajı nağılvariydi. Hər evə
çatırdı. Bir də,
kimin üçünsə
uşaq ədəbiyyatı
elə indi də öndədi".
E.Zeynalov
uşaqlar üçün
yazıb-yaradan həmkarlarından
Zahid Xəlilin, Qəşəm İsabəylinin,
Rafiq Yusifoğlunun yaradıcılığına daha
yaxından bələd
olduğunu dedi.
Son zamanlar mətbuatda seyrək görünməyinin
səbəbini isə
belə açıqladı:
"Son vaxtlar hekayədən
çox, irihəcmli yazılarım olur. Onları da mətbuatda hər saat çap
etdirmək olmur.
Üç ildir, Nadir şah
haqqında tarixi roman üzərində işləyirəm.
Əvvəl elə bilirdim,
bu janrda yazmaq asandı. Çox çətinmiş. Hələ də
çalışıram. İstəyirəm həm əsl
mənada, həm də Nadir şaha layiq tarixi roman olsun. Amma uşaqlar üçün
yazdığım hekayə
və nağıllarım
keçən il Bakıda "Bahalı şokolad qutusu" adlı kitabımda, bu il Türkiyə türkcəsində İstanbulda
iki, iki il əvvəl Almaniyada alman dilində bir kitabımda yayımlanıb.
Türkdilli yazarların
hekayələrindən ibarət
tərcümə və
tərtib etdiyim antologiya yenə keçən il
Bakıda çap olunub. Üç ay əvvəl İstanbulda
Türkiyə türkcəsində
"Qış günəşi"
kitabım çıxıb.
Bu ay İstanbulda "Moskva ekspresi" romanım yayımlanıb".
Görkəmli xanəndə, şəhid
sənətkarımız Şahmalı
Kürdoğlu ilə
eyni kənddə doğulmuş E.Zeynalov onun səsinin və sənətinin əsl vurğunudur: "Onun qədər səsinə heyran olduğum ikinci bir xanəndə olmayıb. Özünü çox görmüşəm,
söhbətlərinə, oxuduqlarına
heyranlıqla qulaq asmışam. Haqqında eşitdiklərim
də çoxdu.
İlk dəfə onu Ağdamda bir qohumumun toyunda Əhsən Dadaşovun müşayiəti ilə
məclis aparanda gördüm. Deyəsən, onda 10-cu sinifdə oxuyurdum. Bütün gecə səsi
qulaqlarımdan getmədi.
O vaxt ilk təəssüratımı
qaraladığım bir
hekayədə verməyə
çalışmışdım. Bir neçə il bundan qabaq çap
etdirdiyim "Alın yazısı" romanımda
(2016-cı ildə Almaniyada
alman dilində də çap olunub) Şahmalı Kürdoğlu haqqında bir neçə səhifə yazmışam".
Yazıçı cavan həmkarlarına tövsiyə kimi, uşaq ədəbiyyatı
yaratmaq üçün
uşaqları daha yaxından tanımağın,
onların dünyasına
daha dərindən bələd olmağın
zəruriliyini qeyd etdi. Onun fikrincə, uşaqlar
üçün yazmağı
böyüklər üçün
yazmaqdan daha çətin, daha məsuliyyətli olduğunu
mütləq nəzərə
almaq lazımdır.
Mina RƏŞİD
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.15.