Bir içim qadın - İradə Tuncay
Bir
gün yuxuda görüşdük İradəylə... Hə...
2004-ün dekabrında. Gördüm
üçümüz oturub çay içirik. İradə, Aqil, mən. Ayağa
dururuq ki gedək, görürük Aqilin iki ayağı kəsilib,
yoxdu, durub gedə bilmir. Dəhşət
içində axtarırıq ayaqlarını. Yuxudan hövlnak oyandım. İşə
çatan kimi gözüm qapıda, bir də saatda qaldı.
Gecikirdi İradə, bu əcaib yuxu da bir tərəfdən...
Zəng vurduq evlərinə. "Məmməd Araz dünyasını dəyişdi"
- dedilər. Bu, mənim olacağı
söyləyən ilk yuxum idi.
Böyük şairin səhhətindəki problem
üzündən İradə zatən kövrək idi,
atasının vəfatı qızı param-parça elədi. Uzun müddət
özünə gələ bilmədi İradə. Uzun müddət.
***
Mən onu görəndə... Hə... ilk dəfə ekranda görmüşdüm onu... AzTV-nin "Dalğa"sında. Ən çox da gözləri qalmışdı yadımda... Danışan, dipdiri gözlər. Türkan Şorayın gözlərinə bənzətmişdim, yadımdadı. Sonralar, çox sonralar - romanlarındakı daxili monoloqunda özü də məhz öz gözlərini vurğulayacaq, "Qumral gözlüm" deyəcəkdi özünə. O vaxta isə hələ vardı, hələ çox vardı.
Sizə danışıram bizim məkanın real, yəni qeyri-virtual olan zamanlarından. O zamanlar ki internet yeni-yeni yaranırdı, bugünkü qədər populyar informasiya mənbəyi deyildi. Və o vaxt ziyalı təbəqə qəzet jurnalistlərini televiziya jurnalistlərindən daha yaxşı tanıyırdı. Çünki nə myvideo vardı, nə youtube - proqram efirə gedən vaxt gördün, gördün, görmədinsə - efemer idi, uçub çıxıb gedirdi. Qəzetçilərinsə fəaliyyəti göz önündəydi, yazdıqları oxunurdu, bir neçə gün sonra belə oxunurdu, podşivkalarda qalırdı. Bəndəniz o zaman qəzetçi idi, qəhrəmanım televiziyonçu. O, mənim imzamı tanıyırdı, təbii, yazdığımı-pozduğumu, nə düşündüyümü bilirdi, mənim bildiyimsə sadəcə onun kimliyi və gözəl gözləri idi. Belə idi vəziyyət - mən onu görəndə - hesab onun xeyrinəydi: 1- 0.
***
Vəzifəsi olmayan naxçıvanlı. Özünə yarızarafat-yarıgerçək elə belə deyir. Romanında bu təyini bir az da dərinləşdirib - vəzifəsi olmayan naxçıvanlı elə filan (açıqlamır haranı nəzərdə tutduğunu) bölgəli kimi bir şeydi, - yazıb. Bu, onun özünə ironiyası və zəmanədən şikayətidi. Ki əslinə qalsa, heç zaman vəzifə-mənsəb dalınca qaçmayıb da qəhrəmanım. Kənardan öz faydalı işini görüb. Yazılarıyla ictimai rəyə təsir edib, düşünücə formalaşdırıb, azad, vətənçi düşüncə, hər publisistik yanaşmasında milli ideologiyanın konturlarını dəqiq göstərib - bunu eləmək üçün vəzifə səlahiyyətlərinin xeyri daha çox ola bilərdi təbii, amma vəzifə olmayanda belə (fakt bu ki yoxdur) millət üçün söylənilən mesaj zatən ünvana çatır, oxuyan oxuyur, maariflənən maariflənir, hər kəs payını götürür - bacardığı kimi və lazımi miqdarda. Bu da belə.
***
Adı çəkiləndə ilk yadıma düşən Məmməd Araz olur, bir də Tuncay (təkcə təxəllüsünə görə deyil həm də). Mavi gözlü Dev də düşür yadıma, cümhuriyyət çocuqları da, Arazın o tayı da (diqqətli oxucu bilir - sadaladıqlarım onun sevimli qəhrəmanları və işlədiyi mövzulardır).
Böyük Məmməd Arazın qızıdı qəhrəmanım. Bu gün tanınan yazıçı-publisist, müstəqilliyimizin yaşı qədər tarixi olan bir mətbu orqanının - "Ədalət"in baş redaktoru və mediadakı ən sevilən imzalardan biri. O zaman - mən onu Məmməd Arazın qızı və Aqil Abbasın xanımı kimi tanımışdım. Və o zaman qəribə bir romantik-nisgilli halı vardı İradənin - sonbeşiyini - Tuncayı Türkiyəyə göndərmişdi oxumağa, səhv eləmirəmsə, uşağın yaşı da az idi - 15-16 olardı, üstəlik, hərbi rejimli təhsil ocağındaydı. O aralar İradənin gözünün yaşı qurumurdu ki. Tuncay adını özünə təxəllüs seçməsi də içindəki o darıxmağıyla bağlıydı, bir də ki istəmirdi İradə, böyük şairin adının kölgəsində qalmaq istəmirdi deyə Məmməd Araz ismini daşımadı imzasında. Və doğru da elədi. Zaman göstərdi ki, böyük söz ustadının təsir arealından kənarda da özünü tapmaq, özünü qazanmaq, özünü sübut eləmək olur, bəli, olur.
"Space"in "Sabah" proqramında bərabər
çalışırdıq. Və mən onu
gün-gün, həftə-həftə kəşf etməkdəydim.
Mən onu oxuyanda, yazdıqlarını yox,
özünü oxuyanda bəlli qənaətə də gəlmişdim
- ədalətli, dərrakəli, məlumatlı gözəl
xanım idi qarşımdakı. Və
bizim cəmiyyətdəki stereotipə görə,
xanımın gözəl, həm də ağıllı
olması - nadir hadisə kimi dəyərləndirilir. Bax bu mənada da İradə hamıdan fərqli idi
- həm gözəl idi, həm də ağıllı. Vaxt keçdikcə İradə bir növ intellektual
hakimə çevrilirdi aramızda. Elm,
tarix, dilçilik, nə olur olsun - istənilən mövzuda
kimin nə mübahisəsi olurdusa - son söz kimi İradəyə
müraciət edirdi. İradə dedisə
düzdü, deməli, düzdü.
***
Oğlum Qaraqan aşağı siniflərdə oxuyanda
şeir yazmağa başladı. Birinci şeirini səksəkə
içində göstərdiyim ilk adam da
İradə oldu. Fatalistcə yazılmış
bir səhifəlik ağır bədbin bir mətn idi. "Qadağan edim, yazmasın? - soruşdum, - çox fəlsəfidi,
uşağın dəngəsi pozular". Arxayın
elədi ki, qorxma, istedaddı gələn, qabağın ala
bilməyəcəksən, bir şəkildə üzə
çıxacaq. Mən ona həm də səmimi
insan kimi bağlanırdım. Hesab bərabərləşirdi:
1-1 olmuşduq.
***
Təbiətdə
mimikriya adlanan bir hadisə var. Məsələn, gözəl
bir kəpənək qorunmaq üçün yarpağa,
budağa "bənzədir" özünü, yaxud yenə
də qorunmaq üçün ətrafındakıları
qorxutmaq "qərarına gəlir", əlvan
qanadının üstünə bir vahiməli göz
"çəkir". Ki "mənə
yaxın durmayın ha" deyir, təhlükəliyəm.
Bu priyoma insanlar da əl atırlar, bilmədən,
təbii. Bax mən onu tanıyanda İradə
Tuncay məlumatla, biliklə ləmələm doluydu, istənilən
məsələyə münasibəti, özəl
çözümü vardı, amma realizə imkanı -
sıfır. Və o çağacan
İradə zənnimcə - elə mimikriya ilə məşğul
idi. İki övlada analıq eləyəndə də, məşhur
kişinin xanımı kimi qır-qızılla, bər-bəzəklə
süslənib məclislərə gedəndə də o,
özü deyildi, potensialını üzə çıxara
bilmədiyinə görə duruxub qalan, içindəki
uşağı qorumaq istəyən BİR İÇİM
QADIN idi - əsəbi, narazı, öz məni ilə daim
savaşan, durumuyla barışa bilməyən, eyni zamanda, ailəsini
qucaqlayıb qoruyan, realizə olunmayan bir istedada sahib, qumral
gözlü, kədər baxışlı QADIN. Hə,
İradənin ilk həqiqi realizə haqqını tanıyan Etibar
Babayev oldu - beləcə "Space" kanalında müəllifin
"Bir içim insan"ı gəldi ekrana..
Çox sonralar Etibar müəllimə "Sarı
odalar"ını bağışlayanda "İradəni
Tuncay edən Etibar Babayevə" avtoqrafı ilə imzalayacaq
mənim qəhrəmanım. O vaxta isə hələ
vardı, çox vardı.
***
İradə Tuncayın Space TV-də efirə gedən
filmlərinin rejissoru Teymur Quliyev görün nələri
xatırlayır. Cümhuriyyətin xaricdə təhsil almağa göndərdiyi
100 tələbənin taleyi indi hər kəsə bəllidi,
o zaman çox az adam agah idi o hadisədən.
İradə Tuncayın "100 tələbə"
filmi o talesiz gənclər haqqındaydı. Filmin çəkilişləri zamanı o vaxt
Sarbonnada təhsil aldığına görə repressiya olunan
bir vətən aydınının diplomunu tapıb üzə
çıxardır İradə. Gətirir ki, repressiya
qurbanının qızına versin. Qadıncığaz
illərlə həsrətini çəkdiyi sənədi
görə bilmir amma, ikicə gün əvvəl itiribmiş
gözünün nurunu. Bu da İradəyə
bir dərd olur. Teymur deyir hər biri bir vətən
olan o filmləri təmənnasız işləyiblər, bir
çox hallarda da İradənin şəxsi vəsaiti
hesabına. Və deyir İradə indi də
nəsə çəkmək istəsə, tam məccani,
canla-başla "hə" deyərəm. "Qonorarsız?" soruşuram. Təsdiqləyir - İradəylə işləmək
zövqdü, zövq.
***
İradə "Space"dən gedəndə
yaradıcılığın elə mərhələsindəydi
ki, durub dayana bilməzdi. Bu dəfə jest Aqil Abbasdan gəldi - əziz
xələfi "Ədalət"i öz xanımına həvalə
elədi. Ürəkli jest idi -
razılaşaq. Amma "Ədalət"
də çətin durumda idi, həm qəzetlərin əvvəlki
gəlhagəl dövrü bitmişdi, həm də millət
vəkilliyi ilə qəzet redaktorluğunu eyni məsuliyyətlə
həyata keçirmək deputat bəyə asan başa gəlmirdi.
Bəlkə də "Ədalət"i əmin
əllərə ötürməsindən də məmnun idi
bu mənada. 90-lardan birinci səhifəsindəki
yumoristik atmacalardan tutmuş vurub-kəsən məqalələrinə
qədər hər gün gündəm yaradan kişiyana (oxu -
bəzən hətta lotuyana), döyüşkən (oxu - bəzən
davakar) bir qəzet çevrilirdi bir xanıməlinə -
İradə qəzetə başqa sima gətirirdi, daha
işıqlı, daha sanballı, daha ağırtaxta. Maskulinlik əriyirdi, amma əmələ gələn
tam feministlik də deyildi, peşəkarlıq idi hər
yazıda meydan sulayan. Yeni imza qəzetə
böyük oxucu kütləsi gətirdi. İradə
ayrı-ayrı şəxsiyyətləri zərrə-zərrə
xırdaladı - mavi gözlü Devdən, Çe Gevaradan,
Heydər Əliyevdən, İndira Qandidən yazdı. Ayrı-ayrı dövrlərə yazısıyla
körpü saldı - ta yunan mifologiyasından tutmuş öz
əsarət tariximizə qədər - olub keçənləri
xatırlatdı. Ki büdrəyən,
çaşan, duruxan oxucusuna dəstək olsun. Oldu da. Və daha bir məqam.
Söylədim ki, İradənin telejurnalist kimi
parlamasına imkan yaradan Etibar Babayev olmuşdu, sonradan - hər
ikisi kanaldan gedəndə həmin bumeranq geri qayıtdı, təbii
ki, yaxşı mənada. Bu dəfə İradə
Etibar müəllimin yazılarına tribuna verdi.
"Ədalət"in səhifələrində
sevdiyimiz imzalarla yanaşı, onun da imzasını
gördük. O aralar gizli təxəllüslə bəndəniz
də yazılar yazdı "Ədalət"
üçün. Olub, bu da olub.
***
Bu da yeni dönəmin İradə Tuncayı. “Facebook”a
məndən 2-3 ay sonra gəldi İradə. Qısa
zaman içində böyük bir elektorat topladı ətrafına.
Cəmiyyətə təsir edən hər
hansı hadisəyə operativ rəy, dürüst yanaşma,
doğru qiymət və hər dəfəsində də vətənçi,
vətənçi, vətənçi mövqe.
"Möhtəşəm yüzil"in populyar
vaxtlarıydı, sosial şəbəkədəki
heyranlarından ona "sultanım" deyə müraciət
eləyənlər vardı. Privat söhbətlərin birində
"Bu nədi, ay İra, - dedim, "sultanım" nədi -
ətin tökülmür?" "Neynim - dedi - özünəxas
yumorlu ədayla, - məni sevirlər də". Onu gerçəkdən sevirlər. Və bugün o, yeni mərhələnin - sosial
medianın, virtual dünyanın real qəhrəmanıdı.
Yüz il sonra Azərbaycan gerçəkliyini araşdırmaq
istəyən tədqiqatçılar tarix kitablarındansa
İradə Tuncayın FB statuslarını oxusalar, əminəm,
daha real, daha dəqiq məlumatlar əldə eləyəcəklər,
həm də son dərəcə vətənçi şərhlər,
səbəb-nəticə izahları, pesperktiv konturları ilə
bərabər. Bax bu məkanda da illərdi bərabərik.
İradə burada cəmiyyətin mini-modeli
üçün ictimai rəy formalaşdırır. Onu oxuyur, onu izləyir, bilgilərilə maariflənir,
qərarları ilə hesablaşır, azad və sərbəst
diskussiyalar aparır, ortaq məxrəcə gəlirlər.
Və adi ölərilər yox, gözəlim məmləkətin
sayılan-seçilən ağıllı-dərrakəli qafaları.
Bəli, təşkilatlandırmaq və yönləndirmək
qabiliyyəti də var qəhrəmanımın. Bunu da bilin, istədim.
***
İradə Tuncayı yazıçı və publisist kimi araşdırıb tədqiq edənlər çox olacaq - elə bu gün də, sabah da bu fenomeni şünaslarımız qiymətləndirəcəklər təbii. Mənim oxucu olaraq bir təsbitim var - İradə bir yazıçı kimi maraqlı, məlumatlı və çox səmimidir. İradəni oxuyanda elə bil özünlə söhbət edirsən, İradə faktları, tarixi hadisələri sadalayır, paralellər aparır və sonda oxucusuna onun eşitmək istədiyini - həqiqəti söyləyir. Eyni vətənçi və yaxşı mənada millətçi yanğını Üzeyir bəyin də publisistikasında görmüşük, Mirzə Cəlilin də. Bu mənada İradə ənənəni yaşadır, amma həm də tamamilə yeni söz deyir. İradənin mətni tam bir özümüzəironiyadır, özümüzütənqiddir. Gileyi də, narazılığı da, tərifi də, təsdiqi də yüzə-yüz obyektiv.
***
İradə Tuncaydan sitat: "Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan". Amma bəzən belə də olur, dostum. Bir dostunun yubileyinə yazı yazırsan. Nə yazacağını bilmədiyin halda bir də görürsən qəzet səhifəsi dolub. Bəlkə yazmalı olmadıqlarını da yazmısan. Eynən bu yazıdakı kimi.
***
Yadımdadı, Teodor Drayzerin "Dahi"sini oxuyurdum. Yaşım 13-14 olardı. Özüm özümlə oyun qurmuşdum. Kitabı hər səhər ayrı-ayrı yerlərdə elə gizlədirdim ki, yatmazdan qabaq oxumaq istəyəndə tapmayım. Sevimli qəhrəmanımla ünsiyyətimin vaxtı uzansın deyə. Romandan ayrılmamaq idi amacım. İradənin "Yol" romanını da elə o cür oxudum. Uzada-uzada... bitməsin deyə... daha uzunmüddətli təmas üçün. Bax burada hesab, heç şübhəsiz, yazıçının xeyrinədir. Və mən bir oxucu kimi İradə Tuncaydan yeni yollar gözləyirəm, yeni gedişlər, yeni romanlar. Və bir şey də keçir ağlımdan. Dostumuz Rəşad Məcidin başladığı maraqlı yeni bir janr var - fb statuslarının kitab halında çapı. Nola yubiley sonrası İradə Tuncay da eyni priyoma əl ata, statuslarından ibarət bir kitab çap edə. Əminəm - onun bir çox statusları şüura təsir gücü mənasında bir romandan bəlkə də çox olar ki, az olmaz.
***
Bu dünyadakı yolun uzun, zəngin,
işıqlı, fərəhli, rəvan olsun, İradə
Tuncay. Günün mübarək!
Afaq
VASİFQIZI
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.11-12.