Ağ adamın hədiyyəsi
Kəlbəcərdən
Laçına gedəndə Gəlin qayasını
keçəndən sonra
Yüzbulaq adlandırılan bir yaylaq var. Bu yaylaqda
bir-birindən bəzən on metr, bəzən əlli metr, bəzən bir az da
aralı göz yaşı kimi
bulaqlar qaynayır.
Axırıncı dəfə saymaq istədim,
görüm doğrudanmı burda yüz bulaq var, sayıb
qurtara bilmədim. Yoruldum. Dedim gələn dəfə sayaram, gələn dəfə də...
İnşallah, bir gün qismət olar, sevinc göz yaşlarımı o
bulaqların suyu ilə yuyaram.
Çox qəribədi ki, orda olmayanları inandıra bilmərəm
ki, hər bulağın öz dadı var. Dəniz səviyyəsindən
1500, 1700 metr
hündürlükdə olan yaylaqda bu bulaqların
qaynaması Tanrının möcüzəsidi. Yerin təkindən
daşları, qayaları, torpağı oya-oya və
saflaşa-saflaşa qaynayan
dupduru, gün işığı tək təmiz bulaqlar.
Əgər o bulaqların gözünə daş qoysan,
ağzını bağlasan, mümkün deyil, özünə
bir cığır tapıb gedib hardasa qaynayacaq.
İstedad da belədi. Nə qədər basdırmaq istəsən,
nə qədər
mane olmaq istəsən, ağzına daş bassan
da, mütləq qaynayıb çıxacaq. Özü də elə
istedadlılar da Yüzbulaqdakı
pinarlar kimidi. Hər istedadın
yaratdığı
əsərlərin
öz dadı, öz tamı, öz gözəlliyi,
öz saflığı, hətta öz duzu var.
Mən bir istedadı vaxtında qiymətləndirə
bilməmişəm, hətta mane olmuşam, Tanrı
günahımdan keçsin. Problemlər, uşaqlar, kirayə evlər...
Ağır
cehiz mebelini dostlarımla bu kirayə evdən o birisinə -
yeddinci mərtəbəyə, ordan endirib başqa bir kirayə
evin
dördüncü mərtəbəsinə, ordan
daha başqa bir kirayə evə
o qədər daşımışdıq ki, Vaqif Bayatlı
bir dəfə dedi:
- Bir-iki dəfə
də sənin bu mebellərini daşısaq, hamımız ştanqist
olajıyıx.
Sonra da Qarabağ müharibəsi. Bütün
günü çöllərdə, səngərlərdə.
Ailənin bütün yükü onun üzərində. İki nəfər də ipə-sapa
yatmayan ərköyün oğlan. Bir də elə mən boyda problem. Bax, beləcə
böyük bir istedadın önünü kəsmişdim.
Amma saf
daş suyu kimi olan bu istedad qaynayırdı və bir gün gün üzünə çıxmalıydı...
... Naxçıvandakı imkanlı qohumlarından qapılarını döyən çox idi. Amma o, məni seçdi.
Belə bir şeirim var, qızlara tövsiyəm budu ki, şairlərə ərə getməsinlər.
Getməyin şairə ərə,
Geyməyiniz şeir,
Yeməyiniz şeir,
İçməyiniz şeir,
Hətta ölməyiniz şeir.
Getməyin şairə ərə.
O, şairi seçdi. Özü də gözünün önündə dünyanın ən böyük şairlərindən birinin necə yaşadığını, hansı məhrumiyyətlər içində olduğunu, millətinin dərdindən sağalmaz xəstəliyə tutulduğunu görə-görə şairi seçdi.
Həmin
şeirdə bir yer də var:
Ümidini bağlayıb bir
ümidsizə
Taleyini,
şam
eləyib əritməyə dəyməzmiş.
Lap
Allahın özüylə də
bu kirəkeş
otaqlarda
gül
ömrünü çürütməyə dəyməzmiş.
O da
ümidini bir ümidsizə bağlamaqdan çəkinmədi.
Düzdü, mən Məmməd Arazın təbirincə desəm,
"gələcəyə inam sarıdan dünyanın ən varlı
adamıydım". O, bahalı villalarda yox, mənimlə kirəkeş
otaqlarda gül ömrünü
çürütməyi
seçdi. Mən də onun bu alicənablığının əvəzinə istedadına mane oldum. Amma, yuxarıda dediyim kimi, istedad həmin o Yüzbulaqdakı bulaqlar kimidi, xeyri yoxdu, bir gün qaynayacaq.
Ailə,
uşaq... bir müddət işsiz qaldı. Uşaqlar bir az gimrikləşəndən
sonra Az.TV-də
işə davam elədi. Məşhur
"Dalğa" proqramının həm
aparıcılarından, həm də redaktorlarından biri oldu.
Amma uzun
çəkmədi. Televiziyanın rəhbərləri
hər dəfə dəyişəndə ixtisara birinci onu
salırdılar. Məmməd Araza gücü
çatmayanlar, Məmməd Arazın kölgəsində qalanlar heyiflərini
onun övladından çıxırdılar.
Hətta bir dəfə məsələyə Ulu öndər Heydər Əliyev də qarışdı. Vay dədəm, vay, Az.TV-nin onu işdən çıxaran rəhbəri indi ilan dili çıxarıb yalvarırdı ki, geri qayıtsın. Qayıtmadı. Mən həyatımda belə tərs adam görməmişəm.
Sonra Etibar Babayev "Space"ə gəldi.
Və yenə televiziya. Bir-birinin ardınca "Bir içim insan"
rubrikası altında altı sənədli film çəkdi.
Təəssüf ki, müqəddəs yeddi rəqəmini
yaxalaya bilmədi.
Özü
də sənədli film ənənələrindən tamamilə
kənara
çıxdı. Çünki onun dünyaya da, ədəbiyyata da, sənətə
də, tarixi şəxsiyyətlərə də öz
baxışı vardı.
Əsrin əvvəlində
Azərbaycan Demokratik Respublikasının xaricə oxumağa göndərdiyi
gəncləri və onların
sonrakı talelərini, məhv
edilmiş talelərini ilk dəfə O,
araşdırıb arxivlərdən
çıxartdı. Lentə aldı, filmləndirdi,
milyonlara təqdim etdi. "Yüz cavan oğlan" filmi belə yarandı.
Məmməd
bəy Cavanşir Batmanqılıncın nəticəsi, alim və
ictimai xadim Əhməd bəy Cavanşirin qızı, Mirzə
Cəlilin xanımı, Qarabağ camaatının (təkcə
Qarabağ camaatınınmı?) güman yeri Həmidə
xanım Cavanşirin xalqın bilmədiyi xarakterini açan
bir film çəkdi. Həmidə
xanımın simasında keşməkeşli həyatı, fədakarlığı,
ötən əsrin əvvəllərində bütün çərçivələri
məhv etmiş möhtəşəm bir qadın obrazı yaratdı.
Pənah xanın kötükcəsi,
zəmanəsinin görkəmli
ziyalısı, Bayat bəylər
bəyi Kərim bəy Mehmandarovun heç kəsə məlum
olmayan tarixmizdəki
rolunu araşdırıb
çıxarıb filmdə əbədiləşdirdi.
"21 azəri"
filmi ilə Cənubi Azərbaycanda yaşadığımız faciələrin üstünə işıq saldı. XX əsrin
görkəmli şəxsiyyəti, alimi, dövlət xadimi Əziz
Əliyevin həmin proseslərdə
fəaliyyətini ortaya qoydu.
Mənə Cəfər Cabbarlının
ayağını qoyduğu kandarı öpdürdü. Böyük sənətkarın arxivlərdə hardasa gizlədilmiş
məktublarını belə
tapıb üzə çıxartdı.
Təbii
ki, atasını da
unutmadı. Amma həmin film təkcə atası
haqqında deyildi, həm də qədim
Naxçıvan torpağı, Araz çayı haqqındaydı. Belə demək
mümkünsə, Naxçıvan torpağı + sərt
iqlimi + Araz çayı = Məmməd Araz.
O filmlər "Youtube"də
var, izləyə bilərsiniz. Təkcə
"Yüz cavan oğlan"dan başqa. İtib.
Çox təəssüf ki, hələ özümüzdə
olan lent də iyirmi birinci dəqiqədən sonra
xarab oldu.
Televiziya rəhbərlərinin demək olar ki, çoxunda belə bir qısqanclıq var. Özlərindən əvvəlki rəhbərliyin dövrlərində çəkilən sənədli filmləri və ya verilişləri yenidən tamaşaçılara çatdırmağı sevmirlər. Bəzən də məcbur olub göstərirlər, tarixini silirlər. Etibar Babayevdən sonra bir daha o filmlər göstərilmədi. Bilmirəm, arxivlərində qalır, yoxsa yox. Bu filmləri, eləcə də başqa yaradıcı insanların çəkdiyi sənədli filmləri, hazırladığı verilişləri Etibar Babayev dədəsi şair Adil Babayevin xətrinə çəkdirməmişdi. Bu millətin, bu dövlətin, bu xalqın xətrinə çəkdirmişdi.
Etibar Babayevdən sonra O da istefa verdi. Və bir müddət işsiz qaldı. Sonra dedim ki, mənim həm işim çoxdu, həm də qəzet məni yorur, bəlkə qəzeti götürəsən? Razılaşdı. Qəzetə də, kabinetimə də bir əl gəzdirdi. Bir qadın səliqəsi, qadın təmizliyi gətirdi. Ədəbiyyata, incəsənətə daha çox yer verməyə başladı. Hətta mənim yazılarıma da senzura tətbiq etməyə başladı. Mən də əsəbləşib onun nömrədən çıxartdığı yazımın yerini ağ saxlayırdım.
Hələ televiziyada çalışarkən, eləcə də işsiz qalanda ölkədəki müxtəlif problemlərə həsr olunmuş məqalələrlə mətbuatda mütəmadi çıxış edirdi.
Ölkə üçün vacib olan sosial problemlərlə bağlı məqalələrində, ayrı-ayrı görkəmli şəxslərə həsr etdiyi oçerkvari (ona görə oçerkvari yazıram ki, ənənəvi oçerk janrından çox uzaqdı, ad tapa bilmədim) yazıların üslubu, dili, hadisələrə və şəxsiyyətlərə münasibəti, baxışı tam fərqlidi.
Şairlik hamının görmədiyini görmək, duymadığını duymaq, demək istəyib deyə bilmədiklərini demək, insanlara inam və sevgi aşılamaqdır. Onun məqalələri də elə əslində, şeir kimidi.
Mən tənqidçi deyiləm, onun yaradıcılığını təhlil etmək fikrim də yoxdu.
Bir əmim olub Hacı adında. Müharibədən əvvəl 24-25 yaşında Çində, daha dəqiq desək, Mancuriyada mühəndis işləyirdi. Şərqi Çin dəmiryolunu çəkirmişlər. Sonra gəlib Qusarda və Tərtərdə Su Elektrik Stansiyalarını tikib. Bir neçə dil bilirmiş. 27 yaşında Tərtər SES-i tikəndən sonra könüllü müharibəyə gedib və itkin düşüb. Əmimin diplomu, sənədləri, Çindən atama yazdığı məktubların bir hissəsi məndədi. Çox arzulayırdım ki, ondan bir yazı yazım, heç cür yaza bilmirdim. Bir də gördüm ki, qəzetdə əmim haqqında bir məqalə çıxıb: "Uzaq yollardan sizi öpürəm". İlahi, sanki əmimi məndən yaxşı tanıyırmış, məndən çox sevirmiş. Kövrəltdi məni. Kaş atam Onun əmim haqqında yazdığı məqaləni oxuyaydı. Atamın yanına gedəndə həmin qəzeti özümlə aparacam. İlahi, nə qədər xoşbəxt olacaq.
Ad günüm ərəfəsində bir də gördüm qəzetdə "A.A. - Ağ adam, Ağrılar adamı" adlı bir məqalə yazıb. Məndən yazıb. Mənim bilmədiyim Məndən. Elə nüansları, elə ağrıları tutub ki...
- Nə qədər yolumuz qalıb?..
- Ağdamdan Yevlağa qədər, yəni yetmiş beş kilometr.
- Nə qədər yolumuz qalıb?
- Ağdamdan Laçına qədər, yəni yetmiş üç kilometr.
- Həyatda nə qədər yolumuz qalıb?
- Ağdamdan Ağdama qədər.
Nə olsa mən həmişə Ağdamla müqayisə edərəm. Ağdam mənim qibləmdi, Məkkəmdi, Kərbəlamdı. O da bunları elə gözəl tutmuşdu ki, ağlatdı məni.
Hər dəfə "Yol romanı"nı oxuyanda kövrəlirəm. Vurğun Əyyubun ölümündən sonra oxuyanda isə ağladım.
O, bu romanda Qarsa Orxan Pamukun gözü ilə yox, öz gözü ilə baxmışdı. Qarsa Orxan Pamukdan fərqli yanaşmışdı.
Məqalələrində o qədər alt qatlar var ki, hər dəfə təkrar oxuyanda yeni nə isə tapırsan.
Etiraf edim ki, onun qədər mütaliəli deyiləm. Savadına, dünyagörüşünə, yaddaşına heyrət edirəm. Dostlarla oturub nəyisə müzakirə edəndə hansısa bir suala cavab tapa bilməyəndə, "dosta zəng": sənin 30 saniyə vaxtın var. Praqadakı o məşhur kilsənin ilk memarı kim olub, cavab dərhal hazırdı.
Səfərlərdə ekskursiyalarda gidlə gəzməkdən zəhləm gedir, hamı sürü kimi düşür gidin arxasınca. O, dinləmək istəyir, mən isə yalvarıram ki, gəl özümüz gəzək, gidin danışdıqları mənim üçün mənasızdı. Sən də bu şəhər haqqında, burdakı tarixi abildələr, heykəllər, körpülər haqqında ondan iki dəfə çox bilirsən.
- Bu kilsədən sağa dönək, burda Kafkanın heykəli olmalıdı...
- İki küçədən sonra bir kafe var, gedək
orda kofe içək. Vaxtilə Nazim Hikmət orda kofe içib...
- Bax, hər
daşı bir
zərgər işi olan bu kilsəni beş yüz ilə tikiblər...
O, mənim
elə həyatda da gidimdi, yol göstərənimdi.
Zövqümüzdə fərqliliklər var. Mən Qədir Rüstəmovu sevirəm, Rəmişi sevirəm, Akif İslamzadəni sevirəm, O isə Qədiri, Akifi sevir, Rəmişi sevmir. Mən deyirəm Füzuli, O deyir Nəsimi. Mən futbol xəstəsiyəm, O yox. Amma məcbur edirəm ki, axıradək oturub mənimlə futbola baxsın. Amma Bəşir Səfəroğlu demiş, deyəsən, son zamanlar azarlayıb. Birdən mənlə bir yerdə çığırır: "Ə, ver də topu, axşam evinizə aparacaqsan?!" Hələ futbolla bağlı statuslar da yazır.
Naxçıvandayıq. Qohumunun, o qohumunun ki vaxtilə ona çox elçi düşüb, çayın qırağında gözəl bir restoranı var. Eşidib ki, buralardayıq, restorana dəvət edib. Deyib-gülürük.
- Bax, bu qohumuna ərə getsəydin, kənddə yaşayırdın, restoranı da sənin adına keçirmişdi ki, Məmməd Arazın xətrinə, polis, vergi onu incitməsin.
O isə deyir:
- Ona ərə getsəydim, indi Bakıda yaşayırdı, özü də deputatıydı.
Bir rus
filmində rəfiqəsi generalın arvadına deyir ki, sənin nə
dərdin, ərin generaldı. Qadın da cavab
veir ki, mən ona ərə gedəndə leytenantıydı.
Ona da deyəndə ərin deputatdı. Deyir, mən
onu seçəndə "Elm və həyat" jurnalında
110 manat maaşa qulluq edən müxbir idi.
Mənim atamın
anası Pənah xanın
nəslindən Paşa bəy Cavanşirin
qızıdı. Anaları seyid olanlara cümə günü seyidlik
düşən kimi mənə də həftədə bir dəfə bəylik
düşür. Qəribə bir xasiyyətim var, bir daraq gəzdirmərəm, bir də
səhər cibimə qoyulan dəsmalı günortadan
sonra ayaqqabımı silib ataram.
Hərdən forslanıb
deyəndə ki, mən
xan nəvəsiyəm,
gülür:
- Burnunu
silməyindən bilinir.
Yəqin
ki, anladınız söhbət kimdən gedir: heç vaxt atasının
adının
arxasında gizlənməyən, atasının kölgəsinə
sığınmayan, müstəqilliyini heç kimə və
heç nəyə qurban verməyən, atası kimi bu millətin
sevdalısı İRADƏ TUNCAYdan!
İstədiyim kimi
yaza bilmədim, yəqin
heç xoşuna da gəlməyəcək
.
9 noyabr onun ad günüdü. Bu yazı da, bu
yazının
çap olunduğu
kitab da Onun ad gününə hədiyyəm, sürprizimdi. Nə
yazdığım məqalədən xəbəri vardı, nə
də çıxacaq yeni kitabından.
Bundan əvvəl
üç kitabı işıq üzü
görüb: "Sarı odalar", "Yol romanı",
"Müşfiq insanlar ölkəsi". "Yol
romanı" professor Seyfəddin Altaylı tərəfindən
türkcəyə uyğunlaşıb Avrasiya Yazarlar Birliyinin başqanı
Yaqub Öməroğlu tərəfindən də Ankarada
böyük tirajla çap olunub.
Naşir
Şahbaz Xuduoğluna da bu kitabı
oxuculara
çatdırdığına görə təşəkkür edirəm.
Xanımına
ad günü hədiyyəsi elədi:
A.A. -
AĞ ADAM, AĞRILAR ADAMI
Aqil ABBAS
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.10-11.