Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi yad olunub
Noyabrın 7-də Azərbaycan Bəstəkarlar
İttifaqının üzvləri
Fəxri xiyabana gələrək görkəmli
bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) doğum günündə
məzarını ziyarət
ediblər. Məzarın önünə tər
çiçəklər düzülüb,
ustad nəğməkarın
xatirəsi ehtiramla yad olunub.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən
bildirilib ki, anım mərasimində çıxış edən
qurumun rəhbəri Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın həyat
və yaradıcılığı
haqqında danışaraq
bildirib ki, Tofiq Quliyev Azərbaycan
musiqisində mühüm
xidmətləri olan sənətkarlardandır. T.Quliyevin Üzeyir
Hacıbəylinin təşəbbüsü
ilə təhsilini Moskvada davam etdirdiyini deyən F.Əlizadə qeyd edib ki, tələbəlik
illərində Bülbülün
təşəbbüsü ilə "Rast", "Zabul" muğamlarını
nota köçürüb. Azərbaycan Dövlət Konservatoriyasında
dərs deyən bəstəkar 1958-ci ildə
filarmoniyanın bədii
rəhbəri, sonradan
direktoru olub. O,
ilk caz orkestrinin yaradılmasında fəal
iştirak edib. Ümumilikdə 80-dən artıq filmə, 50-ə yaxın teatr tamaşasına musiqilər yazıb.
Bu musiqilər xalqımızın
yaddaşında silinməz
iş qoyub.
F.Əlizadə görkəmli bəstəkarla
davamlı ünsiyyətdə
olduğunu bildirib:
"Həyat elə gətirib ki, Tofiq müəllimlə uzun illər Bəstəkarlar İttifaqında
birlikdə çalışmışıq.
Mən onu Türkiyəyə
"Boş beşik"
baletinin premyerasına
dəvət edəndə
o, məmnuniyyətlə iştirak
etdi. O, hər zaman bəstəkarlara dəstək olmağa çalışardı. Ulu öndər
Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına böyük
qiymət verib. Hələ sovet dövründə bəstəkar
Əməkdar incəsənət
xadimi, sonrakı illərdə isə Azərbaycanın Xalq artisti adına
layiq görülüb.
Dəfələrlə təltiflərə
layiq görülən
sənətkarın yaradıcılığına
verilən ən ali qiymət
Ulu öndər Heydər Əliyevin bəstəkara xəstəxanada
olarkən təqdim etdiyi "İstiqlal" ordenidir. Bu gün
bəstəkarın xatirəsinin
əbədiləşdirilməsi istiqamətində müvafiq
addımlar atılıb.
Adına
musiqi məktəbi, küçə, yaşadığı
binaya xatirə lövhəsi vurulub.
Prezident İlham Əliyevin imzaladığı müvafiq
Sərəncamla bəstəkarın
100 illik yubileyi böyük təntənə
ilə dövlət səviyyəsində qeyd olundu. Tofiq Quliyev dövrünün
ən böyük ifaçı və şairləri ilə çalışıb, öz
musiqisi ilə əbədiyaşarlıq qazanıb".
Azərbaycan Bəstəkarlar İttifaqının
üzvləri görkəmli
bəstəkarla bağlı
xatirələrini bölüşüblər. Vurğulanıb ki, Tofiq Quliyevin
yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti
cəlb edib.
Qeyd olunub ki, Tofiq Quliyev
5 musiqili komediya bəstələyib, valslar,
fortepiano üçün prelüd,
variasiyalar yazıb. O, daha çox estrada
musiqisinin ustadı kimi tanınıb. Lirik, şux, nikbin və oynaq çalarlı
musiqiləri dillər
əzbəridir. Bununla yanaşı,
bəstəkarın "Bəxtiyar",
"Ögey ana",
"Nəsimi" və
bir çox filmlərə bəstələdiyi
musiqilər, həmin filmləri daha da baxımlı edib.
Tədbirin sonunda bəstəkarın oğlu, Xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, 1997-ci ildə bəstəkarın 80 illiyinə həsr olunan təntənəli yubiley mərasimində Ulu öndər Heydər Əliyev Tofiq Quliyevə xitabən deyib ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq onun musiqisi yaşayacaq. Bu gün həmin fikir öz təsdiqini tapmaqdadır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.13.