Sevməyə vaxtım yoxdur...

 

esse

 

 

 

... Anlayacaqsınız ki, siz heç zəif deyilsiniz. Özünüzə inam, gücünüzə etibar hissiniz xeyli artacaq. Düzdür, bəzi naxələf adamlar ucbatından geriləmələr olacaq, amma bu amil sizi əsas hədəfdən yayındırmayacaq.

 

Onu da unutmayın, əqrəbin hər zaman "hakimiyyətdə" olması sizi məhəbbət dəryasına atacaq. Necə deyərlər, subaylar yar tapacaq, nişanlılar evlənəcək, evlilər isə bir-birinə qarşı daha mərhəmətli olacaqlar.

 

Ulduzların düzümü sağlıq durumunuzun qənaətbəxş olacağını xəbər verir. Olsa-olsa, duzlaşmadan əziyyət çəkə bilərsiniz. Yeri gəlmişkən, bu il ən çox səfər səyahət edənlər arasında bürcünüz ilk yerləri tutacaq. Bu isə passivliyinizi, daxili sıxıntılarınızı azaldacaq. Əsası odur ki, 2019-cu ildən xoş təəssüratla, başlıcası, yeni sədaqətli dostlarla ayrılacaqsınız. Siz dəli kimi aşiq olacaqsınız.

 

Gözəl sözlərdir, elə deyilmi? Az qala, insanı göylərə uçurtsun. Amma mənim sevməyə vaxtım yoxdur axı...

Düşünürəm, bəzən bürclər qədər insanı heç motivasiya edə bilməz. Bürclər insanda elə inam yaradır ki, hərdən heç etməyib, oturub elə onların dediklərinin olacağını gözləmək gəlir içindən.

 

Amma zaman elə yetişib ki, aldadıcı bürclərin motivasiyası iki dəqiqə çəkir. Bu mənada hisslərə elə qapılmaq lazım deyil. Dünyanın "cikinə-bikinə" bələd olmaq, həyatın nəbzini tutmaq lazımdır. İnsan problemləri, məsuliyyətləri ilə çəkişərək bərkiyir.

 

Hamının həyatında çətin günlər olur. Bilirəm ki, onlar gələcək mükafatın sancıları kimidir. Güvəndiyim tək şey güzgüyə baxdığım zaman gözlərimdə gördüyüm işıltı, çiyinlərimdəki yükdür. Məni ayaqda saxlayan, güclü edən mənim  məsuliyyətimdir. Özümə vədlərim, verdiyim sözlərim var. Amma zamanla görürəm ki, dəyişirəm, böyüyürəm, daha çox öyrənirəm. Çılğın əsəbi xarakterimdən əsər-əlamət qalmayıb. Çünki yaşadığım illər tədricən məni səbirli dözümlü edib. Qarşımda duran illərin imkanları daha genişdir. Kifayət qədər ciddi sınaqlarla dolu illər. Amma bu zaman sevməyə, o saf, təmiz, əvəzsiz hissləri yaşamağa vaxtım qalmır.

 

Görünür, mən güclü qadın olmaq, cəmiyyətə yararlı insan kimi yetişmək istəyirəm. Güclü qadınlar isə çətin sevirlər. Güclü qadınlar üçün hörmət hər zaman ön plandadır. Güclü qadınlar hər işlərini özləri həll etməyə çalışırlar, öz pullarını özləri qazanmaq istəyirlər. Bir kişiyə məcbur qalmadan da həyatlarını davam etdirə bilirlər. Bütün işlərini özləri görürlər. Hətta ətraflarının yükünü öz üstlərinə götürürlər. Azadlığı sevirlər. Buna görə bir kişidə axtarılan xüsusiyyətlər bu qadınlarda dəyişir fərqliləşir. Eşqdə daha çox məntiq çərçivəsində yaşayırlar. Vəziyyət belə olanda eşq ümumi tərifindən uzaqlaşır. Tutqu dərin duyğular yerini güvənə hörmətə verir.

 

Cəmiyyətimizdə yetərincə güclü qadınlar var. İnanıram ki, bu qadınların da sevgi məsələsində bəxtləri gətirməyib.

 

Niyə axı biz sevə bilmirik. Bilirəm ki, mən tək deyiləm. Çoxları ya sevə bilmir, ya da sevməyə vaxt tapmır.

 

"Sevgi elə hissdir ki, dünyanın hansı nöqtəsində olursan ol, səni yenə tapacaq, qədər ondan qaçsan da, gəlib səni tapacaq" - bu sözlərə aldanıb, günü-günə satırıq. Başımız məsuliyyətimizə elə qarışıb ki, özümüzü unuduruq. Bir arxayınçılıq var. Sanki o vaxtsa gəlib səni tapacaq, özü səni sevəcək...

 

Axı sevgi nədir ki, onu yaşamaq üçün həmişə rahat vaxt axtarırıq. Sanki həyatımızın ən gözəl dövrünün məhz o vaxt olacağına inanırıq. Sevgi bir musiqinin sözləri sevməsidir. Sevgi şairin yazdığı şeirləridir, qələmin vərəqə olan hissləridir... Nədir sevgi? İzahı olmayan, rəngləri bir yerdə toplayan bir hiss. Sevgi sevirəm kəlməsini qəlbən deməkdir. Sevgi bu yazının təsirli olmasını istəməyimdir.

 

Sevgi... Bir çoxlarının özündə yoxdur deyə, inkar etdiyi, lakin daima yaşadığı bir hissdir. Yaza-yaza, deyə-deyə sevgini o qədər adiləşdirdilər ki... Yəqin ona görədir ki, indi az-az insanlar vaxt tapıb bu hissi həqiqətən yaşaya bilirlər.

 

 

Günel YAZ

 

525-ci qəzet.- 2019.- 13 noyabr.- S.24.