Yaqub Öməroğlunun "İki
çinar"ından boylanan hekayələr
Bugünlərdə Avrasiya Yazarlar Birliyinin sədri,
türkiyəli yazıçı Yaqub Öməroğlunun
kitabı Azərbaycan dilində çap olundu.
Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü
və dəstəyi ilə "Qanun" nəşriyyatında
işıq üzü görən kitabda Yaqub Öməroğlunun
müxtəlif zamanlarda yazdığı hekayələri
toplanıb.
Sadə insanın ağrılarını, hiss və həyəcanlarını
axıcı təhkiyəylə qələmə alan müəllif, bu hekayələrdə
yalnız öz ölkəsinin deyil, ümumilikdə bəşəri
problemlərə toxunur.
"İki çinar" Yaqub Öməroğlunun Azərbaycanda
ilk işıq üzü görən kitabıdır. Kitaba ön
sözün müəllifi yazıçı, dramaturq və ədəbiyyatşünas
Pərvindir. "Bizim Yaqub bəy... və bizim hekayələr"
adlandırdığı ön sözdə Pərvin
yazır: "Hər şeydən öncə milli dəyərlərə
sədaqət və türk dünyası təəssübkeşi
olması Yaqub bəyin istər yazılarında, istərsə
də çıxışlarında, fəaliyyətində nəzərə
çarpan məqamdır.
... Arabir "Qardaş qələmlər" dərgisində
yayımlanan tək-tək əsərləri hər zaman diqqət
çəkib. Görünür, bir az
özünə biganəlikdən, bir az da təvazökarlıqdan
Yaqub Öməroğlu bunları toplamaq, kitab halında nəşr
etmək istəməyib. Və bu da simvolik məqamdır ki,
bu hekayələr ilk dəfə Azərbaycanda Azərbaycan
türkcəsində kitab halında yayımlanır... Son vaxtlar tərcümə olunmuş nümunələrdən
bəziləri "525-ci qəzet"in səhifələrində
yer aldı. Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anarın hekayələr və
onun müəllifi haqqında söylədiyi bir fikri oxuculara
çatdırmaq istərdim: "Yaqub bəyi uzun illərdir
ki, tanıyıram. Onun ümumtürk mədəniyyəti, ədəbiyyatı
adına gördüyü işlər son
dərəcə dəyərlidir. Bu təmkinli, təvazökar
adamın hekayələr yazdığını bilirdim... İndi bu hekayələri oxuduqca Yaqub bəyin nə
qədər həssas, hətta kövrək olduğunu bir daha
gördüm. Yalnız çox həssas müşahidəçi,
çox ciddi qələm adamı belə maraqlı əsərlər
yaza bilər..." "525-ci qəzetin baş redaktoru,
şair Rəşad Məcid isə bu hekayələrin
şeir kimi oxunduğunu söylədi: "Yaqub bəy dinamik
həyatın içərisində olan, tədbirlər,
görüşlər, ədəbi-mədəni hadisələrlə
yaşayan insandır. Özüm də belə yaşadığım
üçün bu şəraitdə yaradıcılığa
köklənməyin, yazmağın necə çətin
olduğunu bilirəm. Amma işlərin
çoxluğuna rəğmən yaradıcılıq ilahi
hadisədir və mən Yaqub bəyin hekayələrində
onun bu işə, yazmağa xüsusi ayin kimi
yanaşdığını görürəm. Bəlkə
ona görə də hekayələr sanki bir poema, şeir təsiri
bağışlayır..."
Ümumiyyətlə, rahat təhkiyə ilə,
yüngül, qrafik təsvirlərlə yazılmış bu əsərlərin
hər birində ciddi və xeyli dərəcədə
ağrılı hadisələr əksini tapıb. Mən daha
öncə hekayələrlə Yaqub bəyin ictimai fəaliyyətinin
iç-içə olduğunu vurğuladım. Bu mənada "Qazax - gördüyün əzab"
hekayəsini xüsusi qeyd etməliyəm. Və
mənə görə bu hekayələrin müəllifi
bilinməsə istənilən türk ləhcəsində
orijinal təsiri bağışlaya bilər. Misal üçün, Azərbaycan atalar sözü
- "Ağacı qurd içindən yeyər" "İki çinar" hekayəsinin
sloqanı kimi qəbul edilə bilər. Yaxud
"Qayğanaq və bəhməz" hekayəsinin qəhrəmanı,
fədakar Məryəm ana müharibə vaxtı ailəsini
qoruyan, min bir üsulla ac qalmağa qoymayan nənələrimizə
necə bənzəyir? Və yəqin ki,
bu cür oxşar məqamları digər türkdilli oxucular
da tapa, görə bilərlər. Səbəb
isə çox sadədir - müəllif də, onun hekayələri
də ümumtürk mədəniyyətinin, dəyərlərinin
bir parçasıdır".
Kitabda yer
alan "İki çinar", "İki eyni fikirli",
"Qayğanaq və bəkməz", "Qazax,
gördüyün əzab", "On dollar", "Oxucunun
səssizliyi", "Kantın hekayəsi", "Afyon
qaymaq", "Palatada" və "Çətin anlar"
hekayələrini Eyvaz Zeynalov, Təranə Vahid, Afaq
Şıxlı, Narıngül, Şahanə Müşfiq və
Cavid Qədir tərcümə ediblər.
Yaqub Öməroğlunun hekayələri ümumtürk
bağrından qopub gələn, hər biri ayrı önəmli
mövzuları əhatə edən mühüm ədəbi
nümunələrdir. Onun hekayələrində ailə dəyərləri,
böyüyə hörmət, maddiyyatın insan xarakterinə
təsiri məsələləri ön plana çəkilir.
Yazıçı obrazlarına heç bir
müəllif müdaxiləsi etmədən, onları
olduqları kimi oxucuya təqdim edir. Onlara
qiymət vermək isə əlbəttə, oxucuların
öhdəsinə buraxılır.
Qəribədir ki, Yaqub Öməroğlunun hekayələrini
həm türkcə, həm də Azərbaycanca oxuyub eyni ləzzəti
almaq mümkündür. Çünki bu hekayələr təkcə
Türkiyəyə aid deyil. Müəllif
burada insanı baş qəhrəman edir. Ona
görə də insanın olduğu hər yerdə bu hekayələr
rahatlıqla oxuna bilər.
Müəllifi
əsas narahat edən məsələlər az
qala bütün cəmiyyətlərdə rast gəlinən
mövzulardır.
Məsələn, "İki çinar" hekayəsində
səlahiyyət sahiblərinin biganəliyi, problemlərin həllində
sadəcə sözlərə, yalançı vədlərə
yer verib, için icrasına vaxt gələndə gözdən
itməkləri qələmə alınıb. Təkcə
bir qocalmış çinara göstərilən biganəlik,
laqeydliklərin fonunda bütün cəmiyyətin həll
olunmayan problemləri, sağaldılmayan yaraları əks
olunub. Və təəssüf ki, sonda bu
problemlər ya həll olunmamış qalır, ya da yenə
sadə insanların öz gücünə aradan
qaldırılır.
Tərcüməçisi olduğum "Afyon qaymaq"
hekayəsi çox maraqlı və ibrətamis sujet xəttiylə
seçilir. Bir insanın yoxdan var oluş hekayəsini anlatan əsərdə
müəllif çox gözəl ədəbi priyomdan istifadə
edərək qəhrəmanın özünü
danışdırır. Özü də oxucu
üçün yox, pulsuzluqdan, işsizlikdən şikayətlənən,
az qala harınlamaq dərəcəsinə
çatan oğlu üçün. Atanın
keçdiyi çətin, ağrılı, əzablı
yollar bir oğulun gələcəyinə işıq olur.
İnanırıq ki, bu işıq təkcə
əsərin qəhrəmanının deyil, bu hekayəni
oxuyan bütün gənclərin düşüncəsində,
fikirlərində və sabaha baxışında yanacaq.
"Oxucunun səssizliyi" hekayəsində müəllif
mətbuat məsələlərinə toxunur ki, bu da
dövrümüz üçün ən aktual mövzulardan
biridir. Təəssüf ki, təkcə Azərbaycanda,
Türkiyədə deyil, bütün dünyada çap
mediası özünün durğunluq zamanını
yaşayır. Bəzən yazarlar
"oxucu yoxdur"-deyib gileylənirlər. Oxucu isə susmaqla kifayətlənir. Yaxşıya yaxşı deməkdən, təqdir
etməkdən çəkinir sanki. Və Yaqub Öməroğlu
hekayəsində oxucunun səssizliyini "xeyirə yozur",
əgər oxucu susursa, etiraz etmirsə, deməli hər
şey qaydasındadır deyir.
Bəli, çağdaş yazıçını həvəsdən
salan, növbəti yazıya, axtarışa olan
marağını söndürən oxucu səssizliyi, sən
demə, yaxşı əlamət imiş. Amma
doğrudurmu, buna yenə də oxucu özü qərar verəcək.
Növbəti tərcümə etdiyim hekayə
"Çətin anlar" adlanır. Pərvin
xanım bu hekayədə Yaqub Öməroğlunun
özünün mehriban, sayğılı ailəsini
gördüyünü deyir. Haqlıdır.
Həqiqətən də bir ailənin
düşdüyü çətin situasiyada bir-birinə necə
dayaq olması, vəziyyəti zarafatlarla bir-biri
üçün necə yumşaltmağa
çalışması, övladların valideynə, ərin
xanımına, xanımın ərinə olan hörməti,
sayğısı kiçik bir hekayədə
özünün ən gözəl əksini tapıb.
Başqa hekayələrində paxıllıq, həsəd, mənfəətpərəslik kimi insan xarakterinə naqislik gətirən xüsusiyyətlərlə yanaşı, sevgi, mərhəmət, hörmət, anlayış, xeyirxahlıq kimi gözəl cəhətlər də göstərilir, müəllif hər iki xüsusiyyətli insanları sanki bir-birinə qarşı qoyur, onların kənardan necə göründüklərini anlatmağa çalışır.
Yazıçı, şair Narıngülün "Səssiz hekayələr" məqaləsi isə kitabda Son söz əvəzi verilib. Məqalədə müəllif Yaqub Öməroğlunun hekayələrini ayrı-ayrı şərh edərkən, bu hekayələr və bu vasitəylə yazıçının yaradıcılığı haqqında da ümumi qənaətə gəlir:
"Yaqub Öməroğlunun hekayələrini oxuyarkən ağlımdan keçir ki, bu hekayələr doğrudan da, elə düz yazılardır. Onun hekayələri istər məzmun, istərsə də, forma baxımından düzdür, hamardır.
Əsas görünən isə budur ki, Yaqub Öməroğlunun hekayələri həyatın özüdür, bu hekayələrdə o, baş verənlərdən bir addım da kənara çıxmır. Hadisə personajın özüylə bir yaranır, özüylə yol gedir, çözələnir, hadisəçilikdən çıxır, müşahidəyə çevrilir.
Düşüncədə təhkiyə yaratmaq, yaxud düşüncənin gözüylə hadisələrə işıq salmaq, müəllifin diliylə hadisələri nəql etmək, bu hekayələrin yazı texnologiyasıdır.
Burda bir haşiyə çıxım ki, Yaqub Öməroğlunun hekayələrini Azərbaycan türkcəsinə çevirmək çox asandır.
Deyəcəksiniz ki, yaxın, qohum dildir, ona görə də asandır. Mənimsə öz rakursum var. Mənə elə gəlir ki, bu hekayələr bizə uzaq, yad olan bir dildə yazılsa belə, yenə də çevirmək işi bu qədər asan olacaqdı. Çünki məzmun, məntiq, psixoloji məqamlar oxucuya çox tanışdır. Məzmundakı yaxınlıq formadakı fərqi unutdurur.
Ədəbiyyatın ən sadə və çox yayılmış düsturu budur ki, əgər oxuduğun əsər oxucuya tanış gəlirsə, personajları özün kimi hiss edirsənsə, deməli, əsər alınıb. Yaqub Öməroğlunun hekayələrini oxuduqca hiss edirsən ki, müəllifin təqdim etdiyi obraz, yaxud xarakter sənə çox yaxındır, onun keçdiyi yol elə sənin keçdiyin yoldur, bəlkə də, bu obrazlar elə sən özünsən desək, daha doğru olar.
Yaqub Öməroğlunun hekayələrindəki xarakterlər bir-birinə oxşardır. Hekayələri oxuyarkən adama elə gəlir ki, bütün hekayələrin təhkiyəsi eyni adamın dilindən formalaşıb. Amma düşüncənin yaratdığı situasiya fərqlidir. Bu situasiya təbii insan xarakterini ortaya qoyur və bu insan bir az da praqmatik, bir az da vasvası, bir az da dünyanın işlərindən baş açmağa meylli insandır. Bu insan həm də ətraf mühitdə baş verənlərə qarşı çox həssasdır.
Ümumiyyətlə, Yaqub Öməroğlunun hekayələrini səssiz hekayələr də adlandırmaq olar. Bu hekayələrdə dialoqlara az rast gəlinir, yazılanlara eləcə gözünlə toxunursan, hər şey gözlərinin qarşısında film kimi canlanır. Hekayələrdəki obrazlar bir-biriylə ünsiyyətdə olmur, bu obrazlar birbaşa oxucunun özü ilə ünsiyyətdə olur. Müəllif hadisəçilikdən qaçaraq heç də düz, hamar olmayanları hamar bir üslubla oxucuya çatdırır".
Yaqub Öməroğlunun
"İki çinar" hekayələr kitabında nümunələrin
toplanması, tərcüməsi, redaktəsi, korrektəsi və
nəhayət, kitabın çapında bilavəsitə
iştirak edən biri kimi, bu prosesdən böyük zövq
aldığımı deyə bilərəm. Çünki
müəllifin özünün çox zaman gizlədiyi,
çapına həvəs göstərmədiyi bu hekayələrin
hər biri ayrılıqda bir insanlıq məktəbidir.
Yazıçının öz dünyasına xas gözəlliklərlə
süslədiyi hekayələrini azərbaycanlı oxucunun da həvəslə
və böyük sevgiylə oxuyacağına əminəm.
Yeni kitab münasibətilə müəllifi,
özümüzü və oxucuları təbrik edirəm!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 13 noyabr.- S.15.