Gitaranı muğam alətinə
çevirən Rəmiş
Təkrarolunmaz sənəti ilə ürəkləri fəth
edən Rəmişin
bu günlərdə
75 yaşı tamam olur. Mən də öz
adımdan və minlərlə Rəmişsevərlər
adından Rəmişi
yubileyi münasibətilə
təbrik edir və ona həyatda
ən gözəl nemət olan cansağlığı arzu
edirəm.
Məşhur gitaraçı, Azərbaycan
Respublikasının xalq
artisti Rafiq Hüseyn oğlu Hüseynov (Rəmiş)
1944-cü il noyabr ayının 13-də
Azərbaycanın "İsveçrəsi"
adlandırılan Ağdamın
Abdal-Gülablı kəndində
doğulub. İndi erməni işğalçılarının
tapdağı altında
qalan Abdal-Gülablı
kəndi mədəniyyətimizə
Aşıq Valeh, Qurban Pirimov, Sara Qədimova, Rəmiş, Səxavət Məmmədov,
Feyruz Səxavət, Güllü Muradova, Abdal Qəhrəman kimi sənətkarlar bəxş edib.
Görkəmli Alim Xudu Məmmədov
demişdir ki, keçmişini bilməyən
gələcəyini görməz. Hər dəfə
mən Rəmişi görəndə Ağdamı,
keçmiş günləri
xatırlayıram. Rəmişin
adı gələndə
qeyri ixtiyari Ağdam
yada düşür. Tək Rəmiş deyil, bir çox
ziyalılar - Xudu Məmmədov, Teymur Vəliyev, Adilə Namazova, Arif Babayev, Qədir Rüstəmov, Şahmalı
Kürdoğlu, Aqil Abbas, Habil Qurbanov,
Şahin Rüstəmov,
Mənsum İbrahimov,
Təyyar Bayramov və başqaları artıq Ağdamın simvoluna çevrilmişlər.
Ağdamı onlarsız təsəvvür
etmək çətindir.
Hər insanın
tanrı tərəfindən
verilmiş bir ömür yolu, bir yaşam tərzi var. Bu ömür
payları o qədər
müxtəlifdir ki, onların hamısını
təsvir etmək, hamısını qələmə
almaq, onların haqqında danışmaq qeyri mümkündür. Lakin öz
ömür payında
gitarası ilə, musiqimizdə bənzərsiz
çalğısı ilə
xüsusi yeri olan Rəmiş haqqında danışmamaq
mümkünsüzdür. Allah-təala ona elə bir fitri
istedad verib ki, o, qəlbləri fəth edən çalğısı ilə
minlərlə-milyonlarla insanların
sevimlisinə çevrilib.
Mənim
də bu yazıda məqsədim Rəmişi tərifləmək
yox (buna ehtiyac da yoxdur),
sadəcə olaraq onun barəsində bildiklərimdən bəzilərindən
qısaca bəhs etməkdi.
Rafiq Hüseynov 6 yaşında
olanda Ağdamda babası Yunis kişi onu
əzizləyərək Rəmiş
deyə çağırmağa
başladı. Elə o vaxtdan
bütün el-oba, qohum-əqrəba ona Rəmiş dedilər.
Rəmişin musiqiyə olan hədsiz həvəsini görən atası Hüseyn kişi
onu Ağdamdakı 1 saylı musiqi məktəbinin tar sinfinə
gətirir. Con müəllimin
sinfində tar təhsili
alan Rəmişin
fitri istedad olması tezliklə üzə çıxır.
Sonralar Rəmiş Qarabağın
musiqi beşiyi olan Ağdamda Üzeyir Hacıbəyov adına orta
ixtisas musiqi məktəbini bitirir. Rəmişin musiqi şöhrəti
bütün Qarabağa
yayılmışdır.
Xosrov Fərəcovun
rəhbərlik etdiyi Ağdamış "Şur"
ansamblında Rəmiş
konsertmeysterlik edirdi. O vaxtlar,
SSRİ dövründə "Şur" ansamblı öz müvəffəqiyyətli
çıxışlarına görə 15 qızıl
medal almışdı.
Öz fitri istedadı ilə hamını valeh edən Rəmiş az
bir müddətdə
məşhurlaşdı və
sevilən sənətkara
çevrildi. O vaxtlar Ağdama tez-tez gələn maestro Niyazi Rəmişi dinlədikdən
sonra onun çalğısını çox
yüksək qiymətləndirdi
və ona Bakıya gəlməsini məsləhət görmüşdü.
Bəs necə
oldu ki, Rəmiş tarı gitara ilə dəyişdi? Ağdam rayonundan Rəmişin pərəstişkarı və
həmyaşıdı olan
Nizami Ələsgərov
mənə bu barədə maraqlı bir əhvalat danışdı və o dedi ki, 60-cı illərin əvvəllərində
biz yay vaxtı həmişə Çaybaxça
deyilən yerə çimməyə gedərdik.
Rəmiş də ora gələrdi. Təxminən 1962 və ya 1963-cü illər olardı. Ağdama lap yaxın, Ağdamkənd deyilən qəsəbədə
möhtəşəm bir
çimərlik saldılar.
Bu çimərliyə azərbaycanlılarla yanaşı,
çoxlu ruslar da gəlirdi. Nizami Ələsgərov deyir ki, həmin çimərlikdə mən
özüm dəfələrlə
görmüşəm ki,
Rəmiş rusların
gitarasını alıb,
elə gözəl azərbaycan mahnıları
və muğamları
çalırdı ki,
hamı heyran qalırdı. Rəmişin də gitaraya həvəsi elə həmin vaxtlardan başladı. Bu bir həqiqətdir ki, gitaranı ilk "azərbaycanlaşdıran" Rəmiş
olmuşdu. Azərbaycan mahnıları
və muğamları
Rəmişin ifasında
gitarada çox möhtəşəm səslənirdi
və hamı tərəfindən sevilirdi.
Mən Rəmişi
ilk dəfə 7-8 yaşlarımda
Ağdam rayonunun Əhmədavar kəndində
evimizdə görmüşəm. Qardaşım Eldar Kərimovla musiqi məktəbində bir oxumuşdular və dostluq edirdilər. Bu dostluq Eldar dünyasını
dəyişənə qədər
də davam etdi. Rəmiş ilk gitarasını Eldara bağışlamışdı.
Azərbaycanda Rəmişdən sonra muğam və mahnılarımızı
gitarada ikinci ifa edən Eldar
Kərimov olmuşdu.
O, həmişə özünü
Rəmişin tələbəsi
hesab edirdi.
Ağdamda ən sanballı möhtəşəm toylara
Rəmişi dəvət
edirdilər. Dəfələrlə
mən Ağdamda o vaxtlar el şənliklərində Rəmişin,
Arif Babayevi, Qədir Rüstəmovu, Yaqub Məmmədovu, Şahmalı Kürdoğlunu
müşayiət elədiyini
görmüşəm.
Rəmişin ilahi istedadı onu bənzərsiz bir sənətkara çevrilmişdi. 60-cı illərin ortalarında Bakıya gələn Rəmişlə bir çox xalq ansambllarının rəhbərləri
maraqlanırdı. Rəmiş bu
ansambllardan Baba Salahovun
rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblını
seçdi. Həmin ansamblda
Süleyman Abdullayevin ifasında "Dəşti"
muğamı Rəmişin
müşayiəti ilə
lentə alındı.
Musiqidə öz yolu, öz
üslubu, təkrarsız
çalğısı olan
Rəmişlə artıq
radio, televiziya və mətbuat maraqlanmağa başladı.
Yaxşı yadımdadı ki, mətbuatda Rəmiş haqqında o vaxt ilk yazını yazıçı-publisist,
millət vəkili Aqil Abbas yazmışdı. Aqil Abbasın
"Ulduz" jurnalında
"Duya duya, yana-yana" məqaləsində
Qarabağın iki böyük sənətkarı
Qədir Rüstəmovun
və Rəmişin sənətinə ilk dəfə
qiymət verilmiş və onların sənətkarlığının bir yerdə vəhdət təşkil
etməsi göstərilmişdir.
Bu yaxınlarda Aqil Abbas Rəmişin
75 illik yubileyinə həsr etdiyi romanı tamamlayıb.
Rəmiş sənətinin böyüklüyü
ondadır ki, o, ifa etdiyi bir
əsəri ikinci dəfə tamamilə başqa bir tərzdə, başqa bir formada ifa
edir.
Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirov Rəmişin ifasında öz yazdığı "Ana" mahnısını dinləyərək heyran qaldığını bildirmiş və heyrətlə demişdir ki, bu, mənim yazdığım "Ana" mahnısı deyil, bu, Rəmişin barmaqlarından süzülən daha möhtəşəm, ürəkləri fəth edən tamamilə başqa bir əsərdir.
Azərbaycanın Xalq şairi, Prezident mükafatçısı Nəriman Həsənzadədən Rəmiş sənətinə münasibət bildirməsini xahiş etdim. Nəriman müəllim dedi ki, ayə o, dəryadır, o, dahidir, Rəmiş Avropada olsaydı, Paqanelidən də məşhur olardı. Rəmiş bir müddət SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışmış və dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdur. Zeynəb xanım da həmişə Rəmişin sənətini yüksək qiymətləndirmişdi.
Rəmişin bənzərsiz heyrətamiz çalğısını vaxtilə karifey sənətkarlarımız Habil Əliyev, Yaqub Məmmədov, Şahmalı Kürdoğluda yüksək qiymətləndirmişlər.
Qarabağ müharibəsi dövründə Rəmiş gitarasını silahla əvəz etmiş və Ağdamda Fred Asifin dəstəsində döyüşürdü. Rəmişin döyüşçülər arasında olması onlarda ruh yüksəkliyi yaradırdı. Açığını deyim, rəhmətlik Fred Asif və onun döyüş yoldaşları Rəmişi həmişə qoruyurdular və onu çox vaxt ön xəttə buraxmırdılar.
Cavan vaxtlarında Rəmişin keşməkeşli, acılı-şirinli həyatı, özünəməxsus ərköyünlükləri bir müddət onun həyat tərzinə çevrilmişdi. Hətta bu "dahi-dəli"ni bəzi ərkəsöyün hərəkətlərinə görə həbs etmək istəmişdilər. Amma sənətkarlara, mədəniyyət işçilərinə həmişə yüksək qiymət verən Ulu Öndərimiz o vaxt göstəriş vermişdi ki, Rəmişə toxunmayın, onu qorumaq lazımdır.
Rəmişin dolanışığı toylardan olmuşdu, amma o heç vaxt pulpərəst olmamışdır. Yaxın dostların, qohumların toylarından pul götürməzdi. Yaxşı yadımdadı, 2008-ci ilin noyabr ayı idi. Mən Məkkədə Cəbəllü-Nur dağını ziyarət edirdim. Yaxın bir qohumum zəng edib dedi ki, həmişə arzum olub ki, övladımın toyunu Rəmiş çalsın. Mən Rəmişə zəng edib bu barədə xahiş elədim. Sonralar mənə dedilər ki, Rəmiş gəlib həmin toyu çalıb və pul almadan çıxıb gedib. Rəhmətlik Qədir Rüstəmov deyərdi, Rəmişin barmaqları qızıldı, amma ağlı yoxdu, pul qədri bilən deyil.
Rəmiş həmişə dövlətimizdən, dövlət başçısından qayğı gördüyünü deyir və öz razılığını bildirir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə Rəmiş Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. Sənətinə verilən yüksək qiymət kimi, o, Prezident tərəfindən mənzillə də təmin olunmuşdur.
İllərillərin üstünə gəlir, yaş da öz işini görür, xəstəlik də öz fəsadını göstərir. Təngnəfəslik və boğulma Rəmişin səhhətinə pis təsir etdiyinə görə son vaxtlar o, toylara getmir və ona həmişəlik sadiq olan gitarası və Gülüsü ilə evdə qalır.
Mehriban xanımın prezidenti olduğu Heydər Əliyev Fondu daima Rəmişin qayğısına qalır.
Gözəl yaradıcılıq müvəffəqiyyətlərinə nail olan, efirlərin, el şənliklərinin yaraşığına çevrilən Rəmişin bu günlərdə 75 yaşı tamam olur. Bu "dahi dəli" yaşlansa da, onun gitarasının səsi həmişə cavan səslənir. Mən də onun sənətinin pərəstişkarı olan milyonlardan biri kimi ona sağlam ömür diləyirəm və arzu edirəm ki, Rəmişin gitarasının səsi tezliklə azad olunacaq Qarabağdan - Şuşamızdan, Xankəndindən, Ağdamımızdan, Rəmişi bizə bəxş edən Abdal-Gülablıdan gəlsin.
Şöhlət
KƏRİMOV
MAA-nın "Hüquqşünaslıq"
kafedrasının dosenti, hüquq
üzrə fəlsəfə doktoru,
"Qızıl qələm" mükafatı laureatı
525-ci qəzet.- 2019.- 13 noyabr.- S.14.