Dekartın qərarı

 

 Esse

 

 

 

Dünya fəlsəfə tarixində dərin iz qoymuş, XVII əsrdə "modern fəlsəfənin atası" kimi yeni bir cığır açan fransız mütəfəkkiri, filosof Rene Dekartın bu gün də dillər əzbəri olanheç zaman yaddaşlardan silinməyəcək bir tezisi var: "Düşünürəmsə, deməli, varam". Nə qədər qəribə səslənsə də, üç kəlməlik fikrin həm heç bir şərhə ehtiyacı yoxdur, həm də əksinə, bu haqda bir xeyli danışmaq olar. Sadə görünən kəlamı ürəyin istəyən kimi, o tərəf-bu tərəfinə çevir, neçə-neçə yozumlar, mənalar çıxart.

İnsanı insan edən, az-çox başqa canlılardan fərqləndirən onun düşünmə qabiliyyətidir. Gərək hər addımda, yeri gəldi-gəlmədi, bir daxili istək, ya nizamlanmaz şövq hesabına düşünmək üçün bəhanə tapasan. Sözün həqiqi və məcazi mənasında hər şey haqda fikirləşəsən. Daim beyində nəyisə çək-çevir etməyin nə zərəri var ki? Bu, insanın həyatdakı varlığını duyması, inandırıcı görünməsə də, yaşamdan zövq alması üçün çox önəmlidir. Yoxsa birbaxacaqsan ki, tezisdə deyildiyi kimi, mövcudluğunu itirmisən, qaz plitəsinin üstündə qaynayan su kimi buxarlanıb yoxa çıxmısan.

Bu məqamda qədim Çin mütəfəkkiri Lao-Tzının aforizmini yada salaq: "Minlərlə kilometrlik səfər belə, tək bir addımla başlayır". Amma addım atmaqdan ötrü də əvvəlcə düşünmək, fikri beynin dərinliklərində bir yerdə yaradıb üzə çıxarmaq lazım deyilmi? Məsələyə bir başqa rakursdan baxanda görürük ki, ilk addım saydığımız düşünməyə başlamaq üçün, həm də qərar verilməlidir. Düşünməli olduğumuza qərar verilməli...

Bütün hadisələrin nüvəsində iç-içə keçmiş şəkildə düşünmə və qərar vermə prosesləri dayanır. Kitab oxumağa, filmə baxmağa, alim, yazıçı, yaxud da filosof olmağa qərar vermək! Kiçik məsələlərdən tutmuş dünyaya səs salan fundamental işlərə - elmi nəzəriyyələrin, texnoloji yeniliklərin kəşfinə kimi, həmişə düşünülüb-daşınılıb, müəyyən qərarlar çıxarılıb. Heçgöz açıb-yumunca baş vermir. Hər şey sadədən mürəkkəbə doğru sonsuz bir yoldadır.

Bəs çox qeyri-adi, bəzənsə tarixin yönünü dəyişən fövqəlbəşər ideyalar ağlımıza necə gəlir? Ümumiyyətlə, bu mexanizm nədən ibarətdir? Göylərdən səslərmi eşidirik, ya cinlər-əcinnələr qulağımıza nələrsə pıçıldayır? Biz isə, Arximedin vannada suyun daşdığını görüb "Evrika!" qışqırması kimi, yerimizdən sevincək dik atılırıq. Hardansa səs eşitməyimizə inanmaq gülüncdür, sözsüz ki.

Başqa bir sual: görəsən, dünya yaranandan insanın öz müstəqil düşüncəsi olubmu? Hələ antik dövrdən qalma bir fikir var: bizim düşüncə və qavrayışlarımız görmə, eşitmə, dadbilmə, iybilmə, toxunma kimi duyğu üzvlərindən gələn informasiyalara əsaslanır. Digər tərəfdən, ağlın da rolu var. Zəkamız dünyanı nə cür qavrayır, ötürülən məlumatlar beyində necə analiz edilir? Axı, təhliletmə qabiliyyəti də bəlli bir sərhəddədir. Bəlkə də, ən düzgün yanaşmanı Kant verib: gərək hissi qavrayışlarla ağıl, yəni empirizmlə rasionalizm ortaq məxrəcdə birləşdirilsin.

Hər kəs həyatla bir cür tanışlıq imkanı qazanıb, fərqli görüşlərə yiyələnir, dolayısıyla, adamın öz sərbəst fikri olmur. Ayrı-ayrı baxışlar formalaşdığından "mütləq həqiqət" deyilən şey dünyagörüşümüz çərçivəsindəki məfhuma çevrilir. Hər adam bir yol tutub gedir. Eyni cığırda birləşənlər də olur, yönünü dəyişib yoldaşlarından ayrılanlar da. Bəzi şeyləri dərk etdikcə isə bir çox məsələləri yenidən qiymətləndirməli oluruq. Qısası, ən cılızından həyati önəm daşıyanına kimi, ağla gələn hər fikrə bir sıra şərtlər təsir göstərir: öyrəndiklərimiz, təfəkkür və idrak.

Qərar vermək məsələsində düşünərək doğru yolu tapmaq əvəzinə, çox vaxt tələm-tələsik hökm çıxarmağa can atırıq. Axı zaman qıtlığı yoxdursa, niyə dəqiqələr, saatlar, hətta günlərlə düşünüb-daşınmayaq? Atalarımızın gözəl misalı var: "Yüz ölç, bir biç". Emosiyaların önə çıxıb bizi yönləndirməsindənsə, ağlın hökmü altına girməyimiz daha doğru deyilmi? Elə üstünlük də ağlıyla ağlına güc gələnlərdədir. Bununla dönüşü olmayan səhvlərdən özümüzü qaçırdarıq. Məşhur kəlamda deyildiyi kimi: hamı hər şeydən şikayətlənir, amma ağlının azlığındansa narazı olan yoxdur.

Minilliklər boyunca insan irqi - Homo sapiens bir çox şeylər kəşf edib. Bu günə kimi insanlığa məlum şeyləri açıb oxumaq, bilgilərimizi artırmaqdansa, anlayışımız olmayan mövzularda fikirlərimizi yeritmək istəyirik. Özünü hamıdan ağıllı göstərməyin mənası var? Hələ bir fikir bildirməmişdən öncə nəyin olduğunu öyrən, anla, gör söhbət nədən gedir. Necə deyərlər, bir kitabı oxumamış orda yazıldığını haradan bilə bilərsən axı?!

Elə mətləblər var ki, qədər əlləşib-vuruşursan, heç alınmır. Məsələn, Xeyirin yaxşı, Şərin pis olduğu hamıya məlumdur. Amma bu anlaşılmaz dünyada kimin Xeyir, kimin Şər olduğunu necə tapasan? rənglə qaranın arasında gözümüzə boz gələn çaları hansı tərəfə aid etməli? Xeyirlə Şəri tapmayanda isə adam hara gedəcəyini bilməz, bir baxıb görərik ki, yolu azıb qalmışıq. Qəliz şərtlərlə atıldığımız bu həyat oyunundan baş çıxarmaq gərək.

Şahmatda uduzduğunu görüb daşları dağıdan cırnağan uşaq kimi şuluq salmamalıyıq. Süst oturub əlimizi ağdan qaraya vurmamaq - çalışmamaq, oxumamaq, düşünməməklə əldə etmək olar ki? Hər şeyi taleyin boynuna yıxmaq, metafizikayla əlləşməkdənsə, bir az da dönüb özümüzə baxaq, səhvi özümüzdə axtaraq.

Çoxları həyatda təkcə şansa, bəxtə arxalanır, bunun isə kökündə axtarış dayanır. Sən şansını yaxalamaq üçün pusquda durub fürsət güdmürsənsə, onun gələcəyinə necə ümid bəsləyə bilərsən? Nəyə diqqət ediriksə, onu da görürük. Şans deyilən şey həmişə var, hər an çevrəmizdə hərlənir. Sadəcə, kimisi fikri ala dağda, qara dağda ola-ola yolu keçir, kimisi şans qabağına çıxan kimi göydəcə qamarlayır.

Daim nəsə düşünüb müəyyən nəticələrə gəlmək, doğru-düzgün qərarlar çıxarmaq, bəlkə də, həyatın əsas mənasıdır. Şüurun dərinliklərindən saysız fikirlər çıxır, gərək onları ağılla redaktə edib təkcə keyfiyyətlilərini ortaya qoyasan. Onda Dekart kimi, üstündən əsrlər keçsə də, unudulmayan biri olacaqsan. Dekart tam dəqiqliklə dediyi fikri tapmaq, insan haqda belə bir qənaətə gəlməkdən ötrü çox çalışmış, əlbəttə ki, çox fikirləşmişdi. Təkrar da olsa, xatırlatmağın yeri var: "Düşünürəmsə, deməli, varam".

 

 

Simran QƏDİM

 

525-ci qəzet.- 2019.- 13 noyabr.- S.21.