Süveydaya məktublar

 

 kitabdan parçalar

 

Nəsr

 

 

20-ci məktub

Yanğınım olsan belə, odunda üşüyürəm!

Bəzən ürəyim bir quş olur və Everestin zirvəsin-dən daha çox yüksəklərdə, adı müəyyən olmayan bir dağın zirvələrindən qarışqadan qırğıya; atlardan delfinlərə və ya bütün insanlara qədər hər varlığa tamaşa edir.

Baxdığım hər şeydə sən varsan, Süveyda. Sənin eş-qinlə yoğrulmuş hər şey; bütün bitkilər və məxluqat.

Dörd fəslin adını dəyişdirsəm və hamısına birdən Süveyda adını versəm və hər nəfəsdə səni udsam, yenə də səndən doya bilmərəm, Süveyda.

Bu eşq deyilən şirin bəla elə bir şeydir ki, tərifi imkansız bir xoşbəxtliklə sərxoş halda bütün bülbüllərin səsi səsimdə, bütün aşiqlərin eşqi içimdə toplanar və bil ki, sənə olan eşq bəstəmi bütün kainat diqqətlə dinləyər.

Sənə elə alışdım ki, Mövlana üçün Şəms nədir-sə, mənim üçün də sən eləsən.

Varlığından və sevgindən xəbərsiz olduğum anları yaşanmamış sayır; sənsiz keçən günlərimi an-lamsız bir heç kimi başa düşürəm.

Mən sənə qədər heç bir şeyin mübtəlası olmadım; eşqə aclığım əslində, o qədər böyükmüş ki, sənin məhəbbətin qəlbimi ələ alana qədər bu həqiqətdən və ruhumun əskikliyindən xəbərsiz idim.

Atəşi yandıran bir köz varmış; atəşin içində də yandıqca böyüyən və böyüdükcə külə dönən, lakin külləndikcə çoxalan bir xar varmış.

Mən əşyanın və maddənin özünə; görünən və görünməyənə sənin eşqinlə çatdım. Sadəcə səni görüm və beynim yalnız səni əzbərləsin və ya o bənzərsiz gözəlliyini seyr edim, yetər mənə.

Biz bir atomun nüvəsindəki proton və ney-tronuq, Süveyda.

Ətrafımızda bizə sirayət etməyə çalışan və həsədindən çatlayan hər şey elektronlardır. Sənlə biz bir olduqca mümkün olmayan nə varsa həqiqətə çevrilir və bizi ayırmağa çalışan hər nəfəs, hər səs təsirsiz bir elektrona dönür.

Dünya və kosmosda dayanmış kimi görünən hər şey əslində, ilahi bir güclə, sevgiyə sədaqət və inamla, mənim sənin ətrafında etdiyim təvafa bənzər şəkildə fırlanır.

Mən sənin peykin kimiyəm; cazibənə girdim bir kərə, orbitim də sənsən, mərkəzim də...

Bəzən mən göy üzü oluram; sənsə yerüzü.

Mənsiz səni, sənsiz məni düşünmək mümkün deyil, tək başına biz bir heçik. Heçdən də o tərəf, yox olmağa məhkum yetim və mənasız bir boşluğuq.

Bəzən də sən bir vulkansan; mən də içindəki lava.

Tam bir təzad əmələ gətirəcək, amma səndən əvvəl mən, hara getdiyini bilməyən başdan-başa sü-kutdan hörülmüş bir böyük buz parçasıydım.

Mənə təkan verən və alovlandıran sənsən; ancaq sənlə mənim bir anlamım ola bilər; ancaq sənin atəşin və sevgin məni əridə bilər.

Əridikcə sənə qarışan ruhum, ancaq sənin yanğı-nında isinə və bir mənaya çatar; ancaq sənə qarışanda rahatlıq tapa bilərəm.

Könlümü yandıran odun, mənliyimi sarıb ruhumu yavaş-yavaş isitmədikcə, titrəmə növbələri içində üşüdükcə, üşüyürəm.

Bu vəziyyətdən şikayətçi deyiləm; lakin məni başdan-başa örtən və iliklərimə qədər sənin sükut dolu alovunu hiss edə bilsəm - bir çınqıl daşı kimi - sonsuzadək üşümək nədir bilməyəcəyəm.

Süveyda, səni gördüyüm andan etibarən sevda dənizinin dərinliklərinə düşən bir dəniz ilbiziyəm.

Məhəbbət yağışı hər zaman yağmaz sevgili; ağzım açıq bir şəkildə sənin məhəbbət dənizinə qayı-dacağım anı gözləyirəm.

Bir damcı şəklində məhəbbət dənizinə düşdü-yündə bütün dərya sən olacaq.

Mən hər nəfəsdə görünən kiçik, amma ölçüləri təxmin edilməyəcək qədər böyük olan qəlbimlə bərabər, hər gün artan bir istəklə sənə və gəlişinə dair xəyallar qururam.

Mənim vəzifəm sevgimlə daima səni parlatmaq və kainatın ən nadir incisi halına gətirməkdir. Onsuz da səndən əks olunan ziya hər kəsi kor edə biləcək qədər təsirlidir.

Süveyda, mən səni görməsəm də, səsini eşit-məsəm də, hansı qitədə olursan ol; mən səni qoxun-dan, mən səni təsvirə gəlməz bir hal ilə ürəyinin döyüntüsündən tanıyaram; çünki sən mənim ruh yoldaşımsan və ürəklərimiz saniyəsinə kimi eyni anda vurur.

Sən hansı meridianda, hansı paraleldə və ya hansı məkanda olursan ol; mən sənin nə düşündüyünü hiss edirəm.

Mənim saatım sənə qurulmuşdur, Süveyda; sən məni çağıranda sənə doğru işıq sürətindən daha sü-rətli yol alacaq məhəbbət qayığım, məhəbbət dənizi-nin kənarında hər an hazırlıqlı gözləməkdə.

Sən yetər ki, məni çağır, sən yetər ki, məni düşün; eşq yanğınında üşüyən qəlbim bir sürət şəklində də olsa, ancaq səni görəndə isinir.

Lütfən, Süveyda, sükut edib gizlənmə, zaman ölümə qaçır.

Yanğınım olsan belə, atəşində üşürüm,

Sükut edib gizlənmə, gözləmək zatən ölüm.

21-ci məktub

Bu yoxluğunda gülüstan da inan ki səhra, ey gözəl!

Limanlar nə üçün darıxır, dalğaların gətirdiyi səs kimə çatır?

Səssizliyi parçalarkən birdən ortaya çıxan və bağırtını, qışqırığı xatırladan qaynağı qeyri-müəyyən eşq fəryadlarını, gecələr mənim kimi duyan başqa könüllər varmı?

Saatın tıqqıltılarıyla pozulan gecənin sükutu içində, əqrəbləşən hicran və vüsal yelqovanı arasındakı qaçdı-tutdu görən nə vaxt bitər?

Yuxular, kabuslar və özləmlər...

Gecənin ardından səhərə qalan hüznlə məst olmuş gözlərimiz günəşin ilk işıqlarıyla xoşbəxtliyi, əmin-amanlığı və sabaha açılan ümid qapısını axtarmazmı hər şəfəqdə?

Həyat adı verilən çayımızın ölüm dənizinə hər saniyə və hər gün axdığını bildiyimiz halda, xoşbəxtliyi görəcəyimizə olan inamımız deyilmi bizi ya-şadan?

Üzməyi bilsək də, ölüm dəryasından qorxan yoxdurmu içimizdə; ya da ölümü "Şəbiarus" olaraq görənlərimiz.

Nədənsə, bu gecə özümlə bir hesablaşmanın eşiyindəyəm, Süveyda.

Bəlkə də səssizliklə yorulan qəlbim ziddiyyət bataqlığından gələn peşmanlıq həşəratlarının biri tərə-findən sancıldı və sənlə bağlı həsrətim təkrarlandı bu gecə.

Məni ayaqda tutan sənə olan sevgim, sevgimin böyüklüyü və səbrimin sonsuzluğu qarşısında fələyi bir gün məğlub edəcəyimə inamımdır.

Özümü bəzən "Doqquzuncu hariciye koğuşu" romanındakı platonik bir eşq yaşayan xəstə uşaqla bir tutduğum vaxtlar olur, amma mənim sevgim ondan çox böyük və bizim sonumuz onlar kimi olmayacaq.

O, Nüzhetini itirmişdi, Nüzhet onu deyil, bir başqasını seçmişdi, amma mən səni hər nə şəkildə olursa olsun tapacağam və sənin qəlbini qazanacağam.

Məndən xəbərdar olduqda sənə olan məhəbbə-tim, sevgim və hörmətim qarşısında bəlkə də təəc-cüblənəcəksən, lakin mən sənin hər tərəfi möhkəm qala divarlarla əhatəli könül qalanı mütləq fəth edəcəyəm.

Bu an hicran cəhənnəmində səssizliyə məhkum olsam da, bir gün mütləq vüsal cənnətinin sə-rinliyini sənin məhəbbətinlə hiss edəcəyimə olan inamım bütövdür.

Süveyda, belə gecələrdə hicranın yorduğu ruhumu sakitləşdirmək üçün özümü Divan şairlərinin beytləriylə ovudaraq, şeirin qucağında ağlamağı adət etməyimin çox faydasını gördüm.

Divanlar və beytlər arasında dolaşarkən, eşqə dair deyilmiş hər misrada səni və məni tapdım.

Nə qədər vaxt keçdi, neçə il oldu bilmirəm, amma səni axtarışım başqalarının düşüncəsinə görə məni həlak etdi.

Onlar sevgidən nə anlar, Süveyda? Mən səni tapsam da, həlak olmuşam, tapmasam da.

Bax, məhz bunu düşünərkən, Vasifin yazdığı "Səni görsəm, həlak olaram, görməsəm həlak" misrası ilə eşq qılıncımı bir dəfə daha sancdım və ancaq dəliliyə məruz qalmışların cəsarət edərək girdiyi eşq çölünə doğru Məcnuna yoldaşlıq etmək üçün yola çıxdım.

Biz Məcnunun dəli olduğunu bilir, amma onun eşqinə heyranlığımızdan yenə də ona hörmət edərik, Süveyda.

Mən də bir dəliyəm bəlkə, sevgin mənim içimdə minlərlə Məcnunu dilləndirir hər gecə.

Söylə Süveyda, sənsiz gül bağçasını neylərəm?

Sən güllərin sultanıykən və mənim könül bağçamda açmışkən; mən səhrada Məcnun kimi avara dolaşsam da, sən qəlbimdə olduğun müddətcə hər yer mənə gülüstan deyilmi? 

22-ci məktub

Leyla adı dilində gəzənlər çoxaldı.

Səni sevdiyimə, sənin uğrunda həyatımı fəda etməyimə heç vaxt peşman olmadım və olmayacağam, Süveyda.

Əksinə, sevgin mənim üçün bir nemətdir.

Aşiqlər ensiklopediyasında peşmanlıq deyə bir maddə yoxdur.

Hər nə şəkildə olursa olsun, peşmançılıq yaşa-yan aşiq, cünun mərtəbəsindən keçib fənafillaha, dolayısıyla vüsal vadisinə çatmaz.

Özümü seçilmiş bir aşiq kimi görür və Allahın bu qədər bəndəsi arasında qəlbimin sənə təslim olmasıyla "məndən içəri olan mən"i tapdığım üçün özümü şanslı sayıram.

Eşqimi gərəksiz görənlər yanılır, Süveyda; mənim dərdim olsa yalnız Füzuliyə bənzər olar.

Taledən yeganə arzum, axtarışımın sonunda taleyin səni qarşıma çıxarması və məhəbbətimi sənə açmaq xoşbəxtliyini nəsib etməsidir.

Allahın təqdir etdiyi zaman və məkanı Züleyxa səbriylə gözlədiyimi bil və məndən əmin ol yetər, Zü-leyxam.

Tək qorxum sənə olan sevgimi analada bilmədən axirətə köçmək.

Hərçənd, səni bu dünyada tapa bilməsəm də, ruhum üsyandan çox uzaqdı; qiyamət günü hər kəs öz dərdində olarkən mənim tək dərdim və qayğım olacaq, ilk axtaracağım sən olacaqsan.

Məhşərdə səni tapana qədər danışmaq haramdı mənə.

Süveyda, bu aralar dilimdən düşməyən şeir, mənimlə eyni taleyi yaşadığına inandığım Füzulinin o məşhur beyti:

Qamu bimarına canan, dəvayi-dərd edər ehsan.

Neyçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Sevgili, əgər sevgimdən xəbərdar olsaydın, mənim kimi gecələr yuxusuz qalır və olduğun yerdə inan ki, dayana bilməzdin.

Bəlkə də bir çox aşiqin oldu, amma mənim kimisi yoxdur dünyada.

Hicrana mənim qədər vərdiş olanı varmı? Sev-gilini tapsa belə, ona toxunmadan məhşərə qədər gözləyəcək; hər gecə, hər dəfə ayrılığın xəyali vüsal şorbasına hüznü əlavə edib, başqa bir şey yemədən idarə edə biləcək varmı?

Sevgilinin səsini eşidəndə lal kəsiləcək; ruhuyla onun ruhunu örtə biləcək və bədəninə deyil, sadəcə, ruhuna toxunaraq yaşayacaq məndən başqa bir aşiq varmı?

Bunlar bir iddia deyil, həqiqətdir, Süveyda.

Zamanımızda, Leyla adı dilində gəzənlər çoxaldı; sevgi və eşq məhrəm bir duyğunkən, hər şey açıq formada ətrafa saçıldı.

Dövrümüzdə Züleyxalar çoxaldı, Yusiflər azaldı və eşqi şəhvətdən ibarət görənlər o qədər dəyərsiz ki; eşqə bir əmanət kimi sahib çıxıb qoruyanların demək olar ki, nəsli tükənib.

Sevirəm kəlməsi o qədər çox istifadə edilən bir cümlə, bir maddə, bir material oldu ki, dillərdə, mahnılarda dolaşır və sevginin müqəddəsliyinə inanmayıb bu həqiqətdən bixəbər olanlar onu ayaqlar altına alır.

Mən zamanımızdakı o saxta aşiqlərdən deyiləm, Süveyda; mənim məhəbbətim həqiqi və mən də sənin qədər həqiqətəm.

Mən gecənin şeir və nəsrindən sevgi südünü içə-cək qədər sənin eşqinə bürünmüş, sənin qoxunu və nəfəsini bir paltar kimi üstümə geyinmişəm, Süvey-da.

Səndən gələcək hər şey qəbulumdur; sən istə səhralarda dörd mövsüm yağış yağdırım; sən istə göy üzündə hər an göy qurşağı olum.

Sən mənim gözümdə nə Leylasan, nə Züleyxasan, nə də Şirin; sənin mənim könlümdəki yerin inan ki, hamısından dərin.

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2019.- 13 noyabr.- S.19.