Bu sevda nə sevdadır...
Xatirə-hekayə
Səhər oyananda gecə gördüyüm yuxunun təsiri
altında idim.
Yuxuda bibimi görmüşdüm. Üzündə yenə də həmin doğma,
ilıq, xoş təbəssüm.
- Necəsən,
bibi?
Qucaqlayıb üzümdən öpmüşdü. Sonra qəhərli səslə:
- Sənin
nə yaşın var, ay bala, - demişdi - saçın nə
yaman ağarıb?
-
Artıq mən də qocalmışam, bibi...
Və yuxudan oyanmışdım.
Bibim on beş ildir ki, rəhmətə gedib. Bu gün şənbədir. Sentyabrın
21-i. Artıq payız özünü göstərir. Külək əsir. Qərara gəldim
ki, qəbiristana gedib bibimin məzarını ziyarət edim.
Qəbrinin üstündə "Yasin"
oxutdurum.
***
Bibimin keşməkeşli bir taleyi olub. 1941-ci ilin may ayında kəndlərindən
olan Abdulhəsən adlı bir nəfərə ərə
gedib. İyun ayında müharibə
başlayıb. Elə müharibə
başlayan ilin avqustunda Abdulhəsəni müharibəyə
aparıblar. 1942-ci ilin martında bibimin bir
oğlu dünyaya gəlib. Sevincək cəbhədəki
həyat yoldaşına məktub yazıblar. "... Bir oğlun oldu. Adını Vahid qoyduq..." Az keçmiş Abdulhəsəndən cavab məktubu
gəlib. "... Vahid niyə? Siz hardan
bilirsiniz ki, o, tək böyüyəcək, vahid olacaq?.."
Uşağın adını dəyişib Zakir
qoymuşdular.
Evimizdə həmin məktubu tez-tez xatırlayırdılar. Amma bibimin
yanında yox. Bu haqda bizə, mənim
kövrək anam danışardı. Və
həmişə də qəhərli səslə, bibimin
ünvanına "yazıq Minayə" deyərdi.
1943-cü ildə bibimin həyat yoldaşı itkin
düşür. Məktubları kəsilir. Nə öldüsü, nə qaldısı bilinir.
Elə o vaxtdan da bibim və oğlu atamın himayəsində
yaşayırlar.
***
Bibim oğlu Zakir məndən 17 yaş
böyükdür. Şəxsən mən özüm on (bəlkə də
bir az artıq) yaşıma qədər elə
bimişəm ki, Zakir mənim əmimdir. Elə
bacı-qardaşlarım da mənim kimi. Biz
gözümüzü açandan ona əmi demişik. İndiyə qədər də əmi deyirik. Əslinə qalanda, o, bizə elə əmi kimi olub.
Uşaqlıqda bibim bizim yanımızda Abdulhəsəndən
danışmazdı. Mənim mərd bibim hisslərini büruzə
verməyi sevməzdu. Oğlu Zakir onun həyatı
idi. İndi özüm babayam. Xeyli yaşım var. Çox hadisələr
görmüşəm. Amma bibimin oğluna
olan ana sevgisini, ana məhəbbətini bu vaxta qədər hələ
heç kəsdə görməmişəm. Bu sevgini yalnız təsəvvür eləmək
olar, ifadə etmək isə qeyri-mümkündür.
Eyni zamanda, bibim bizi - qardaşının
balalarını da çox istəyirdi. Mehrini bizə
salmışdı.
Böyük yazıçılardan biri
"uşaqlıq itirilmiş cənnətdir" deyir. Amma mənə
görə uşaqlıq itirilmiş yox,
yaşanılmış cənnətdir. Yaşa
dolduqca uşaqlıq illəri xatirələrə
çevrilir. Xatirələr isə itmir.
Yaddaşa köçür. Mən tez-tez bibimlə bağlı olan o unudulmaz illəri
xatırlayıram.
... Gecədir. Biz uşaqlar iri stolun ətrafına
yığışmışıq. Bibim
bizim üçün "Koroğlu" dastanını
oxuyur. Bu, günlərlə davam edir.
Allah bilir, gecənin düşməsini necə
böyük səbirsizliklə gözləyirdik. Sonra Sabirin "Hopopnamə"sini oxuyur bibim.
Sonra Jül Vernin "80.000 km su altında"
romanını...
Bibim dərslərimizə nəzarət edir, tərbiyəmizə
özünü cavabdeh kimi bilir, təmizliyimizə fikir
verirdi. İslamın təməl qanunlarını da bibimdən
öyrənmişik. Yatmamışdan əvvəl
hər birimizə bir-bir kəlmeyi-şəhadəti
dedizdirirdi.
Anama da böyük bacı kimidir.
Ən böyük andı da atamın canına
içdiyi anddır.
Bütün uşaqlar kimi, biz də dəcəllik
edirik. Bəzən sözlərinə qulaq asmırıq.
Anam onsuz da sakit təbiətli qadındır.
Zabitəli bibim isə bizim bütün
şıltaqlıqlarımıza dözür. Bir dəfə də olsun bizə qarşı səsini
qaldırmır.
***
Yavaş-yavaş yaşa doluruq. Yeniyetməlik
yaşına çatırıq. Artıq
bibimin taleyindən xəbərdarıq. Cəmi
üç ayın gəlini olduğunu bilirəm. Qohumlarımızın, qonşularımızın
bibimin dəyanəti, dözümü, səbri, mərdliyi...
barədə söhbətlərini dinləyirəm.
Saçının birini qara, birini də ağ
hörən bibimin dəyanəti kiçik qəsəbəmizdə
hamıya məlum idi. Ümumiyyətlə, o
keşməkeşli illərdə ərləri müharibədə
həlak olan, itkin düşən dul qadınların
böyük əksəriyyəti elə bibimin taleyini
yaşadılar.
Bibimin taleyi, ömür yolu yazıçı
Süleyman Rəhimova da məlum idi. Süleyman Rəhimov keçən əsrin
70-ci illərində, bibimə
bağışladığı bir kitabın üzərinə:
"Vaxtı ilə dəyanətinə,
qoçaqlığına görə Həcər
adını verdiyim Minayə xanıma" sözlərini
yazmışdı. Bibim o kitabı qoruyurdu və
məşhur yazıçının ona verdiyi dəyərlə
haqlı olaraq fəxr edirdi.
O vaxtlar,
yəni uzaq yeniyetməlik illərində fikirləşirdim: əgər
bibimin bu boyda dərdi varsa, bibim bütün bunları niyə
dilinə gətirmir? Niyə bu barədə bir kəlmə də
söz demir? Bir dəfə də olsun
ağladığını, sızladığını
görməmişdim bibimi.
Amma... Mən yeniyetməlik yaşlarımda iki-üç
ay yuxusuzluqdan əziyyət çəkdim. Atam həkimdən soruşmuşdu, həkim də bu
vəziyyətn tədriclə keçib gedəcəyini
demişdi. Gecə təxminən 2-də,
ya 3-də yuxuya gedərdim. Hamı
yatmış olurdu. Təkcə bibimdən
başqa. Bizim evdə bibimlə bibim oğlunun yataq
otaqları ayrı idi... Həmin yuxusuz gecələrdə
bibimin tez-tez ah çəkdiyini eşidirdim. Həmin günlərin birində yata bilmədiyimi
görüb çəkdiyi ahlardan yatmadığımı
bildiyim bibimin yanına getmək istədim. Otağının qapısı azca açıq idi.
Onun yatdığı otağa keçəndə
hıçqırıq səslərinin gəldiyini
eşitdim. Bibim idi. O, məni
görmürdü. Sakitcə, kiminsə eşidəcəyindən
qorxurmuş kimi xısın-xısın ağlayırdı.
Mən geri qayıtdım. Çarpayıma
uzandım və bu barədə heç kəsə bir kəlmə
də demədim.
Artıq yeniyetmə yaşlarına gəlib çatandan, necə deyərlər, ağlım kəsəndən evimizdə, bibimlə bağlı davamlı olaraq bir hadisənin də baş verdiyinin şahidi olurdum. O vaxtkı SSRİ-nin müharibə gedən şəhərlərinin, rayonlarının hərbi komissarlıqlarına yazılan məktubları deyirəm. Bu məktubları adətən rus dilini yaxşı bilən Zakir əmim yazırdı. Bibimin adından. Düzdü, bibim özü bu haqda heç nə deməsə də, bu məktublar ən çox onun, dilə gətirmədiyi istəyi ilə yazıldığını bilirdik. Məktublar bibimin həyat yoldaşı Abdulhəsən Nuruş oğlu Sayılovu soraqlayırdı. Bibim onun öldüyünə heç vəchlə inanmırdı. Qəribə bir sadəlövhlüklə ərinin yolunu gözləyirdi.
***
Digər tərəfdən də müharibədən sonra bibimin əri kimi itkin düşən, yaxud hətta ölüm xəbəri gələn neçəsi geriyə - evlərinə qayıtmışdı. Məktublar yazılandan sonra, bibim o məktubların cavabını necə böyük intizarla, ümidlə gözləyirdi? - Bir özü, bir də Allahı bilir. Gözlədiyi məktublar isə adətən bu cavablarla gəlirdi: "Sizin axtardığınız Abdulhəsən Nuruş oğlu Sayılov bu şəhərdə (rayonda) yaşamır".
Bir dəfə də qəribə bir hadisə baş vermişdi. Guya kimsə müharibədən sonra, bibimin ərini Rusiyanın hansı şəhərindəsə görmüşdü. Həmin xəbəri gətirən qadın, evimizin ən əziz adamına çevrildi. Həmin şəhərin bir neçə təşkilatına təcili məktublar göndərildi. Amma yenə də məlum cavab... O "xoş xəbəri" verən qadın isə qəfil peyda olduğu kimi qəfil də yoxa çıxdı.
Bir hadisə də yadımdan çıxmır. Qonşu rayondan, atamın yaxın dostlarından birinin anası Zərnişan xala tez-tez bizə qonaq gələrdi. Xanım-xatın, kübar bir arvad idi. Zərnişan xalanın qəribə fala baxmaq üsulu var idi: Bir nəlbəki suya bir 15 qəpiklik (yalnız 15 qəpiklik!) atar, pulu atan kimi nəlbəkidəki suyun üzərində 3, ya 4 kiçik qabarcıq əmələ gələrdi (Sonralar bir neçə dəfə nəlbəki dolu suya 15 qəpiklik atsam da, bir qabarcıq belə olmurdu). Zərnişan xala diqqətlə o qabarcıqları izləyir, izlədikcə də bibimə Abdulhəsəndən danışardı: sağ-salamatdı, evlənməyib, gəlmək istəyir, amma... bax, bunu görürsən? - Qabarcıqlardan birini göstərirdi, - bir maneə var, o maneə Abdulhəsəni gəlməyə qoymur... Amma Abdulhəsən əvvəl-axır gələcək. Özü də gəlməyinə çox qalmayıb.
Zərnişan xala indiki falçılar kimi baxdığı falın müqabilində pul almırdı. İndi başa düşürəm ki, o, bununla bibimin inamını qoruyurmuş. Bibim də deyəsən, onun müqəddəs yalanlarına inanırdı, yaxud da özünü inanmağa məcbur edirdi.
***
Beləcə illər keçdi. Bibim oğlu evləndi. Evləndikdən sonra ailəmiz böyük olduğundan, bibim, oğlu və gəlini öz yeni mənzillərinə köçdülər. Sonra bibimin nəvələri Güntəkin, Aytəkin dünyaya gəldi. Bibimin sonuncu nəvəsi oğlan oldu və təbii ki, həmin uşağın adını Abdulhəsən qoydular.
***
Həkim işləyən Zakir əmim artıq özü də yaşa dolduğuna baxmayaraq, bibimin gözündə həmişə uşaq idi. Əmim işdən bir qədər gec gələndə bibimin düşdüyü vəziyyəti görəydiniz. Evdə oturmağa hövsələsi çatmazdı. Küçəyə çıxardı. Biz yanında olanda, bizi əmimin iş yerinə göndərərdi. Əmim gəlib çıxana qədər hövsələsi bir tikə olardı. Son gününə qədər bu xasiyyətindən əl çəkmədi.
***
Bibimin həyat yoldaşının cəmi bir fotosu var. Müharibədən göndərmişdi. Sonralar, rəssamlıq qabiliyyəti olan atam o şəklin əsasında qara qələmlə Abdulhəsənin böyük bir portretini çəkmişdi. Şəklin altında da dörd misralıq şeir yazmışdı:
Dünyaya gələndən nə çəkmədin sən,
Amansız taleyin tərs gərdişindən.
Əziz övladını, sorma, necədir,
Onu gözüm üstə saxlayıram mən.
Atamın çəkdiyi həmin portreti bibim bizimlə yaşayanda yataq çarpayısının baş ucuna vurmuşdu. Yeni evə köçəndən sonra da həmin şəkli yenə də öz çarpayısının baş ucuna vurdu.
***
Bibim 81 il yaşadı. Sağlığında bir kəsə zərrə qədər də olsun əziyyət verməyən bibimin ölümü də əziyyətsiz oldu. Gecə yatdı... və səhər oyanmadı. Heç bir əzabsız, əziyyətsiz. Şeirlərdə deyildiyi kimi: quş kimi uçub getdi.
***
Onu dəfn edən gün fikrimdə aramsız olaraq "Sarı gəlin" mahnısının bir misrası səslənirdi. Bu bircə misra həmin gün sanki fikrimi zəbt eləmişdi:
Bu sevda nə sevdadır...
Bu sevda nə sevdadır...
Bu sevda nə sevdadır...
***
Bibim bütün həyatını - 17 yaşından vəfat etdiyi günəcən - cəmi-cümlətanı 3 ay birlikdə yaşadığı əri Abdulhəsəni gözləməklə keçirdi. Bir an da olsun, gözlərini yollardan çəkmədi... Doğrudan da bu sevda nə sevda idi...
***
Bibimin vəsiyyəti var imiş. Bunu bibimi dəfn edən gün bizə əmim Zakir dedi. Bu, elə bir vəsiyyətdir ki... Bibim sinə daşına dörd misralıq bir şeirin yazılmasını istəyib. Şeiri də öz əli ilə yazmışdı. İndi mən bilmirəm, bu şeir ruh etibarı ilə şair olan, amma ömründə bir şeir yazmayan bibimin özünündür, yoxsa hansısa bir şairin. Amma bu şeir parçası özündə bibimin bütün həyatını ehtiva edir. Həmin dörd misralıq şeir belədir:
Ölüm, sağ görüb məni
Atma mənə pəncəni.
Mən 41-də ölmüşəm,
Naləm aldadıb səni.
İkinci vəsiyyəti daha duyğulandırıcı idi. Bibim baş daşına öz şəkli ilə yanaşı, həyat yoldaşı Abdulhəsənin də şəklinin vurulmasını istəmişdi. Bibimin Abdulhəsənlə birlikdə şəkli yox idi. Abdulhəsənin isə, dediyim kimi, cəmi bir şəkli qalmışdı. Əsgər gimnastyorkasında, 24 yaşında, həyat dolu bir gənc. Bibimin isə 17, 18, heç 20, 24 yaşında belə şəkilləri yox idi. Ümumiyyətlə, bibim az şəkil çəkdirmişdi. Amma ortada vəsiyyət vardı. Zakir əmim bibimin, ölümündən 10 il əvvəl çəkdirdiyi şəklini seçdi. Bibim 71 yaşında çəkdirib o şəkli. Baş daşına bibimin 71 yaşındakı şəkli ilə Abdulhəsənin 24 yaşında çəkdirdiyi şəkli yanaşı vurdular. Elə bil yanaşı dayanıb çəkdirmişdilər. Baş daşındakı şəkilləri ilk dəfə görərkən keçirdiyim hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Qəribədir, şəkildəkilərin yaş fərqi bilinmir. Həm yeni ailə qurmuş gənclərə bənzəyirlər, həm də ömürlərinin pir yaşına çatmış nurani qocalara. Və ən ümdəsi, hər iki halda onlar xoşbəxt görünürlər.
Etibar ƏBİLOV
21 sentyabr 2019.
525-ci qəzet.- 2019.- 13 noyabr.- S.18.