Yaxşılıq etmək
üçün dünyaya gəlmiş insan: professor
Əlövsət Abdullayev
Kim nə
deyir desin, sovetlərin də yaxşı qaydası çox idi. Mən 1961-1964-cü illərdə
Rusiyanın Kamçatka deyilən uzaq bir vilayətində
sovet ordusunda xidmət etmişəm.
Sovetlərin
dediyim yaxşı qaydalarından biri bu idi ki, əgər əsgər
ali təhsil almaq istəsəydi, əsgərlik
müddətinin sonuncu - üçüncü ilində ona qəbul
imtahanı üçün xüsusi icazə verilirdi. Avqust ayında qəbul imthanı verirsən, qəbul
olsan, ordudan təxris edilirsən, qəbul olmasan, geri
dönüb ordu müddətini başa vurursan. Mənim o uzaq Kamçatkadakı "urus"
komandirlərim 1964-cü ilin qəbul imtahanlarına xüsusi
səylə hazırlaşdığımı bilirdilər və
mənə bu imtahanlar üçün icazə vəd edirdilər.
Və mən sənədlərini
yığıb Bakıya - Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Filologiya
fakültəsinə göndərdim. Universitetdən
bu sənədlərin poçtdan
alınıb-alınmaması cavabı çox çəkdi
və nəhayət, Universitetin yerləşdiyi o zamankı
Kommunist küçəsindəki ADU-nun qarşısında
olan o poçtdan mənim üçün ağır bir xəbər
gəldi. Poçta mənə teleqram vurmuşdu: "Azərbaycan
Dövlət Universitetindən sizin sənədlərinizi gəlib
aparmırlar". Bu, mənim üçün ağır xəbər
idi, ona görə ki, sənədlərimin qəbul
olunmaması məni ən azı bir il geri
salırdı. Mən universitetə belə bir teleqram vurdum:
"Sizdən acizanə xahiş edirəm ki, mənim sənədlərimi
Universitetin qarşısındakı rabitə şöbəsindən
qəbul edəsiniz". Bircə gün keçdi və mənə
həmin poçtdan yeni bir teleqram gəldi: "Universitet sizin
sənədlərinizi apardı". Əlbəttə,
bu, bir xoşbəxtlik idi. Amma
Kamçatkanın yay zamanı idi və əsgər
üçün təyyarəyə bilet tapılmadı.
Əgər gəmi ilə Vladivostoka, oradan
qatarla Bakıya gəlsəm, bu, təxminən 22-23 gün
vaxt aparardı. Deməli, mənim qəbul
imtahanına çatmağım mümkün olmayacaqdı.
Əlacsız qalıb gəmi ilə altı günə Vladivostoka gəldim və bu
şəhərin aeroportunda bilet satan cavan bir qız mənim
yalvarışımdan sonra mənə Vladivostok - Sverdlovsk -
Bakı reysinə bilet verdi. On bir saatın
müddətinə Bakıya düşdüm. Və səhərisi gün həvəslə
Universitetə gəldim. Ona görə həvəslə
ki, əsgərə verilən 22 günlük yolu on bir saata gəlmişdim,
indi iyulun 11-i idi və mən arxayınca qəbul
imtahanlarına bir az da hazırlaşa bilərdim...
Univeristetin idman zalında hələ sənəd qəbulunun
qızğın bir çağı idi və Filologiya
fakültəsinin Jurnalistika şöbəsinə sənəd
qəbul edən gənc bir qız - sonralar mənə dərs
deyəcək Ceyran Əbdürrəhimova mənim uzaq
Kamçatkadan gələn əsgər oğlan olduğumu bilən
kimi: - Ay oğlan -
dedi - qaç Filologiya fakültəsinin
dekanının yanına, bizə tapşırıb ki, sən
gələn kimi onun yanına gedəsən.
Sənədlərin qəbulu "Nizami-49"da,
Filologiya fakültəsi "Kommunist" küçəsində. Axtarıb
tapdım o fakültəni. Onda mən
universitet strukturu deyilən heç nə bilmirdim, bircə onu
bilirdim ki, "dekan" böyük adamdır. Və mən bu "böyük" adamı
görmək həvəsilə binanın küçəyə
açılan qapısından içəri girirəm,
axtarıb dekanlığı tapıram. Qəbul
otağında yaşlı bir qadın oturub, qədim makinada nəsə
yazır və əsgər
paltarında olan bu cavan oğlanı görən kimi:
- Olmaya o
Kamçatkadan sənəd göndərən oğlansan? - deyə soruşdu.
- Mənəm
- dedim.
Qadın əlinin
altındakı kağızlardan birindən nəsə oxuyub
bir də mənə sarı:
- Əlövsət müəllim - sənə görə
bizi bərk danlayıb - dedi - sənin sənədlərini
poçtadan almağı gecikdirmişdik. Biləndə ki, sən
Kamçatkadan bura sənəd göndərmisən və biz
o sənədləri hələ gedib almamışıq, bizi
tüccar elədi - qadın mənim mat-mat
baxdığımı görüb gülümsədi və
sözünə davam etdi:
- Əlövsət müəllim bizə
tapşırmışdı ki, sən gələn kimi onun
yanına gedəsən. Məncə, qəbul imtahanında sənə
kömək etmək istəyirdi. Amma bəxtin
gətirmədi. Dekan təcili Moskvaya
ezamiyyətə gedib, imtahanlara çatmayacaq.
- Eybi
yoxdur - dedim - imtahandan sonra gələrəm onun yanına.
Otaqdan çıxdım və bəxtimdən gileylənə-gileylənə
o isti avqust günlərinin imtahanlarını özüm
verdim. I kursun
lap ilk həftəsində o yaşlı qadın Nadya xanım
bir gün gəlib müəllimdən icazə alıb məni
dekanın - Əlövsət müəllimin
yanına apardı. Dekan cavan bir adam idi. Nurlu sifəti, işıqlı, gülümsər
gözləri, sakit hərəkəti. Məni öz
masasının qarşısındakı stula dəvət
etdi, üzümə baxıb dilləndi:
- Yaman
uzaqda qulluq eləmisən - dedi - o boyda yolu gəlməyə
oğul istəyir.
Sonra mən
bu cavan dekana (öyrəndim ki, onun 44 yaşı var) hərbidə
necə qulluq etdiyimi, o yolları necə gəldiyimi, qəbul
imtahanlarını necə verdiyimi, universitet yataqxanasında
yer aldığımı danışdım.
- Sənə
qəbulda kömək etmək istəmişdim, ancaq təəssüf
ki, burda olmadım. Sənədlərinə
baxdım, imtahanlardan yüksək qiymətlər almısan.
Ədəbiyyat yazıdan, şifahidən "əla"
almısan, görünür, yaxşı
hazırlaşmısan, problemin olsa, utanma, düz yanıma gəl
- dedi və biz xudahafizləşdik...
Filologiya emləri doktoru, professor, fakültənin o
zamankı dekanı Əlövsət Abdullayevlə ilk
tanışlığım belə başladı. Azərbaycan dilçilik
elminin korifey siması,
Filologiya fakültəsinin sayılıb-seçilən
professoru Əlövsət Abdullayev öz insanlıq ləyaqəti
ilə hər kəsin hörmət etdiyi bir insan idi. Belə böyük bir alim, belə böyük bir
insan şəhərə düşdüyüm o ilk qərib
günlərimdən mənə atalıq əlini uzatdı.
Əlövsət müəllim əslən
şamaxılı idi. 1920-ci ildə Şamaxının qədim
Məlikçobanlı kəndində doğulmuşdu. Ömrünün uzun illərini Bakıda yaşasa
da, doğma kəndinə, bu kəndin sadə adamlarına
çox bağlı idi. Sonralar mən bir
neçə dəfə əziz müəllimimlə bu kəndə
gəlmişəm və bu kəndin camaatının -
uşaqdan böyüyə hər kəsin onu məhəbbətlə
qarşıladığının şahidi olmuşam.
Əlövsət müəllim belə anlarda bir az kövrələrdi, ürəyindən
keçəni dilə gətirərdi:
- Bu kəndin
camaatı böyük-kiçik sayan, kəndə əli
çatmayanları görəndə məhəbbətlə
qarşılayan, bir-birinə kömək əli uzadan
insanlardı - və sonra kövrək bir səsilə: -
uşaqlıq illərimin çətin anlarını
keçirdiyim, elə uşaqlıq illərindən
üzübəri həmişə sevgilərini
gördüyüm bu adamların dərdinə qalmaq,
ehtiyacları olan köməyi etmək keçir ürəyimdən
- dedi - amma neyləyəsən ki, hər köməyin, hər
problemin həlli əlimdə olmur axı...
Bu sözlər doğulduğu, böyüdüyü,
dağlı, dərəli bu yaşıl kəndə əziz
müəllimimin ürəkdən gələn sevgisinin ifadəsi
idi. Və
hiss edirdim ki, Əlövsət müəllim, onsuz da bu kəndə
əlindən gələn köməyi heç vaxt əsirgəməyib.
Əlövsət Avdullayev iki ünvanda - Məlikçobanlıda
və Ucarın Yuxarı Şilyan kəndində orta məktəbdə
oxumuşdu. Çox qəribədir, Ucarın Şilyan kəndini
mən də yaxşı tanıyıram. Keçmiş
tələbələrimdən bir neçəsi bu kəndin
adamları olub. Bu kəndin adamları
haqqında həmişə yaxşı fikirlər
eşitmişəm. Sonra mən
Əlövsət müəllimin orta məktəbi bu kənddə
bitirdiyini onun bioqrafiyasından biləndə ağlıma qəribə
bir fikir gəldi. Tanrı Əlövsət
müəllimin taleyinə - uşaqlıq, gənclik
dövrünə ağır müharibəli illər salsa da,
o, həmişə yaxşı adamların əhatəsində
olub. Deməli, Tanrının sevgisi həmişə
mənim müəllimimin üstündə olub.
Əlövsət Abdullayev lap orta məktəbdən ədəbiyyata,
doğma dilə sevgi hissi ilə yaşayıb və elə bu
duyğular onu əvvəlcə Şamaxı Pedaqoji Texnikumuna
gətirib. Buranı bitirəndə ədəbiyyatımıza
və dilimizə o böyük sevgisi onu Azərbaycan Dövlət
Universitetinə, sonralar bütöv bir ömür həsr
etdiyi Filologiya fakültəsinə gətirir. Amma o zaman "Böyük Vətən müharibəsi"
dediyimiz o dünya savaşı tələbə Əlövsətin
təhsilini yarımçıq qoyur. O, müharibəyə,
döyüş cəbhəsinə yola düşür. Müxtəlif cəbhə xətlərində
döyüşən 22 yaşlı bu əsgər savaşdan
ciddi yara alır və ordudan təxris olunur. Ancaq nə qədər çətin olsa da,
yaraları sağalan kimi yenidən kəndə qayıdır.
1942-1946-cı illərdə dörd il
doğma Məlikçobanlı kəndində bir vaxtlar
şagirdi olduğu məktəbə direktor təyin edilir. Ancaq ədəbiyyatımıza, dilimizə olan sonsuz
marağı Əlövsəti yenidən ADU-da təhsilini
davam etdirməyə çağırır. Və o, 1950-ci ildə artıq Filologiya fakültəsinin
məzunu olur. Elə həmin il
aspiranturaya qəbul olur və bundan sonra onun elmi-pedaqoji fəaliyyəti
başlayır.
Əlövsət Abdullayevin elmi-pedaqoji fəaliyyəti
Azərbaycan dilçiliyi ilə bağlıdır. Həmişə
şahidi olmuşuq ki, bu filoloq dilçiliyin ən çətin
sahəsinin tədqiqini öz üzərinə
götürüb. Dilçiliyin az
qala bütün sahələri Əlövsət müəllimin
tədqiqat obyektidir. Onun dissertasiya
mövzuları - həm namizədlik, həm də doktorluq
mövzuları fundamental xarakter daşıyır.
Aspiranturada oxuduğu üç il ərzində
"Müasir Azərbaycan dilində xüsusiləşmələr"
kimi indiyədək heç kimin qələm
vurmadığı mürəkkəb, orijinal və aktual bir
mövzuda dissertasiya müdafiə edir. Müdafiədən cəmi
bir neçə il sonra - 1962-ci ildə bu
alim - pedaqoqu Universitetin ən qədim fakültəsinə -
Filologiya fakültəsinə dekan seçirlər. Bütün universitetin etimadını doğruldan bu
cavan oğlan 1963-cü ildə dilçilik elminin daha bir aktual
mövzusunda - "Azərbaycan dilində tabeli mürəkkəb
cümlələr" mövzusunda doktorluq dissertasiyası
müdafiə edir. Əlövsət müəllimin
bu əsərləri sonralar ayrı-ayrı dərslik və dərs
vəsaitləri kimi nəşr olundu və bu kitablar tələbələrin,
müəllimlərin bütöv bir nəslinin elmi sahəsinə
çevrildi. Beləliklə, Əlövsət
Abdullayevin özünəməxsus dilçilik məktəbi
yarandı. Onunla bir dövrdə filologiya
elminin ən çətin sahələrini tədqiq edən
akademik Ağamusa Axundov Əlövsət müəllimi
"çətin mövzular tədqiqatçısı"
adlandırırdı. Azərbaycan filoloji elminin
böyük alimləri - akademik Tofiq Hacıyev, akademiyanın
müxbir üzvü, ləyaqətli, orjinal alim Yaşar
Qarayev, yeni nəslin nümayəndələri İsmayıl Məmmədov,
Kamil Vəli Nərimanoğlu, Elbrus Əzizov... kimi alimlər
Əlövsət Abdullayevi özlərinə məktəb
sanırdılar.
Əlövsət Abdullayev 1962-1997-ci illərdə
Filologiya fakültəsində dekan işlədi. 1972-1976-cı
illərdə Azərbaycan Dövlət Universitetinin prorektoru
oldu. 1967-1985-ci illərdə isə
ömrünü həsr etdiyi Azərbaycan dilçiliyi
kabedrasının müdiri oldu.
Mən bu tarixləri dəqiqliyi ilə niyə yadda
saxlamışam? Çünki o, dekan olanda mən Filologiya
fakültəsindəki Jurnalistika şöbəsinə qəbul
olmuşam. Azərbaycan dilçiliyi
kafedrasında onun öz tövsiyəsi ilə mətbuat dili
ilə bağlı namizədlik dissertasiyası işləyib,
müdafiə etmişəm. O, Universitetin prorektoru olanda
mənim talismanın, Jurnalistika fakültəsinin dekanı
Şirməmməd Hüseynovun təklifi ilə
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasına birbaşa baş müəllim keçmişəm
(Baş laborantlıqdan birbaşa baş müəllim
keçmək hər kəsə nəsib olmurdu). Qalan bütün dövrdə güclü bir himayədarım
kimi ona və Şirməmməd müəllimə arxayın
olmuşam.
Əlövsət
Abdullayev çox insanpərvər adam idi.
Müxtəlif yüksək vəzifələrdə
çalışdığı Bakı Dövlət
Universitetində heç kim, heç vaxt
onun əsəbiləşdiyini görmədi. O, ən mürəkkəb
münaqişəli pöroblemlərdən tutmuş hər
şeyi səbirlə, təmkinlə həll etməyə
çalışardı. O zaman Filologiya fakültəsində
özündən deyən, iddialı, tələbəyə təmənnalı
münasibətləri ilə hamının yaxşı
tanığdığı "müəllimləri" də
yola verməyə, onları düz yola çəkməyə
çalışırdı. Heç vaxt yadımdan
çıxmaz: O zaman tələbələrdən biri dərs
zamanı iddialı bir
müəllimin cümlə təhlillərindəki
səhvlərinə bir neçə dəfə düzəliş
etdiyinə görə həmin müəllim imtahan vaxtı
onu gözümçıxdıya salmışdı. Halbuki əgər həmin tələbə bu müəllimin
iddialı olduğunu bilməyib (I kursda) ona düzəlişlər
edirdisə, deməli, savadlı tələbəydi və ona
ancaq gizli intiqam hissilə qeyri-kafi qiymət verilmişdi.
Onda mən həmin iddialı müəllimin
işlədiyi kafedranın müdiri Əlövsət
Abdullayevə özüm müraciət etdim, məsələni
ona danışdım. O da tələbəni qəbul
edib dedi: Get bir az da hazırlaş, səndən
imtahanı özüm qəbul edəcəm. Və bir
neçə gündən sonra Əlövsət Abdullayev o
iddialı müəllimi necə başa salmışdısa,
o müəllim əvvəlcə qeyri-kafi yazdığı tələbəyə
birbaşa əla qiymət verdi.
Əlövsət müəllimi mənə
doğmalaşdıran daha bir fakt var və bu fakt mənim
üçün çox qiymətlidir. Əlövsət
müəllimin qardaşlarından biri - Şakir Abdullayev Azərbaycan
jurnalistikasında misilsiz yeri olan "Bakı" axşam qəzetində
şöbə müdiri vəzifəsində
çalışırdı. Bu qəzetin
baş redaktoru Nəsir İmanquliyev Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsində hələ
1940-cı illərin sonundan müəllim işləyirdi.
O, 1964-1968-ci illərdə mənim ən sevimli müəllimim
olmuş, 1968-ci ildən isə mən onunla bir kafedrada işləmişəm.
Nəsir müəllim "Bakı" axşam
qəzetində bizə əsl praktik jurnalist dərsi keçib
həyata hazırlamışdı. İntensiv
şəkildə əməkdaşlıq etdiyim bu qəzetdə
mənim Şakir Abdullayev kimi bir ustadım var idi. Onun mənə hörmət və
qayğısı, əlbəttə, daha çox Əlövsət
müəllimə görə idi.
Şakir Abdullayev məşhur felyeton ustası idi və
jurnalistika sahəsində sayılıb-seçilən
peşakar kimi tanınırdı. Mən Şakir müəllimi
böyük qardaşım, ustadım kimi bu gun də minnətdarlıqla
xatırlayıram.
Əlövsət müəllimin daha bir qardaşı -
Əlikram Abdullayev Azərbaycanın ünlü politoloq alimləri
sırasındadır. O, 1967-ci ildə Azərbaycan Dövlət Universitetində
müəllim kimi işə başlayanda ilk dəfə
Jurnalistika şöbəsində bizim kursa dərs dedi. Biz onunla müəllim-tələbə dostluğu
edirdik və bu dostluğun xətrinə mən elə o
zamanın özündə də heç kimə yaramayan
"Elmi kommunizm" fənnini əməlli-başlı
öyrənmişdim. O vaxtdan əziz dostum olan Əlikram
müəllim bu gün Azərbaycan Respublikasının
Prezidenti yanında Ali İdarəetmə Akademiyasında
prorektor vəzifəsində çalışmaqdadır.
Əlövsət müəllimin daha bir qardaşı -
Əbülhəsən Abdullayev uzun illər BDU-nun Mikrobiologiya
kafedrasının dosenti kimi çalışıb. Bu da bizim eyni
təhsil müəssisəsindəki işbirliyimiz. Bu
gün də iş yoldaşları Əbülhəsən
müəllimi ən əziz xatirələrlə yad edirlər.
Bu gün Universitetin Filologiya fakültəsində vaxtilə
Əlövsət müəllimin müdiri olduğu kafedraya
onun qızı Sənubər xanım rəhbərlik edir. Mən hər
dəfə bu isredadlı xanımı - filologiya elmləri
doktoru, professor Sənubər xanımı görəndə
sanki əziz, doğma müəllimimi görürəm.
Bu da bir tale qismətidir. Əlövsət
müəllimin varisi Universitetimizin dəhlizlərində hər
görüşdə bizə onu xatırladır və biz bu
istedadlı xanımın varlıından təsəlli
tapırıq.
Əlövsət müəllimi bu gün də
Universitetin Filologiya fakültəsində sevgi və hörmətlə
xatırlayırlar. Akademik Nizami Cəfərov onun haqqında dərin
hörmət və minnətdarlıq hissilə
danışır: "Əlövsət müəllim bu
dünyaya ancaq yaxşılıq eləməyə gəlmişdi.
Fakültədə və Universitetdə
yaşlı nəsildən elə bir insan tapmaq çətindir
ki, onun haqqında söhbət düşəndə ürək
sözlərini deməsin. Əlövsət
müəllim Azərbaycan dilçiliyinə təkcə bir
alim kimi deyil, həm də bir vətəndaş kimi xidmət
edirdi. Onun alimlik və vətəndaşlıq
ləyaqətini bütün Universitet qiymətləndirirdi".
Mənə elə gəlir ki, təkcə
dilçiliyimizin inkişafı sahəsində deyil,
bütövlükdə Azərbaycan və habelə türk
dünyası ictimai fikrində elmi ictimaiyyətin hörmətlə
qarşıladığı Nizami Cəfərov kimi bir alimin
yetişməsindəki roluna görə də Əlövsət
müəllimin qiymətini vermək olar.
Azərbaycan dilçilik elmində öz dəsti-xətti
olan, Azərbaycan dilçiliyi kafedrasının dosenti
İsmayıl Məmmədov mənim tələbəlik illərimin
dostudur. Mən Universitetin birinci kursunda oxuyanda o da
üçüncü kursdaydı və biz yataqxanada bir otaqda
qalırdıq. İsmayıl elə həmin
vaxtda Əlövsət müəllimin elmindən,
insanlığından, tələbəyə qayğısından
ağız dolusu danışardı. İsmayıl
müəllimlə bizim dostluğumuz bu gün də elə o
zamankı kimi davam edir və onun Əlövsət müəllim
haqqında fikirləri çox maraqlıdır.
İsmayıl müəllim deyir: "Mən Universiteti bitirəndə
təyinatla Şamaxı məktəblərindən birinə
müəllim getdim. Amma Əlövsət müəllim
mənim dilçiliyə marağımı yaxşı
bilirdi deyə cəmi iki ildən sonra məni Filologiya
fakültəsinə, özünün rəhbərlik etdiyi
kafedraya müəllim dəvət etdi. Mən
o gündən bu günə- yəni düz əlli ildən
çoxdur ki, həmin kafedranın əməkdaşıyam.
Əlövsət müəllim həyatımı
qurmağımda mənim dayağım olub. İndi də
biz bir iş görəndə əvvəlcə
düşünürük:
Əlövsət müəllim buna necə baxardı? O,
bizə güclü bir kömək əli idi, məsləhət
yeri idi".
Mən
Universitet həyatımda qəribə bir hissə malikəm:
Əlövsət müəllimə hörməti olan hər
kəs mənə doğma və əzizdir.
Faktlardan da göründüyü kimi, məni əziz və
doğma Əlövsət müəllimlə min bir tellər
bağlayır. Bu tellər heç vaxt köhnələ
bilməz, qırıla bilməz, çünki o tellərin
bünövrəsini ömrümdə əbədi izi qalan
Əlövsət müəllim özü qoyub. Mən
bu gün onun ruhu qarşısında baş əyirəm və
övladlarıma, nəvələrimə, yaxınlarıma
qürurla bildirirəm: bu dünyada yaxşı nəyim varsa,
hamısına görə doğmalarımla, müqəddəslərimlə
birlikdə üç böyük insana borcluyam. Əlövsət
Abdullayevə, Nəsir İmanquliyevə və Şirməmməd
Hüseynova!
Cahangir MƏMMƏDLİ
BDU Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müdiri, filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 13 noyabr.-
S.16-17.