Tarixlər yaşıdı cavan Siyəzən
Araşdırıcılar,
tədqiqatçılar Siyəzən sözünün
etimologiyasını yüz yerə yozsalar da, axır fikirləri
bir olub: söz bütövlükdə "qara su"
anlamını bildirir ki, bu da həmin ərazidə
çıxarılan neftə işarədir...
Tarixi mənbələrdə Azərbaycanın şimal
hissəsində neft barədə ilk məlumat orta əsrlərin
erkən çağına - V əsrə gedib
çıxır.
Tarixin ən qədim dövrlərindən insan məskəni
olmuş bu yerlərdən kimlər gəlib keçməmişdir? Sasani şahları - Qubad,
İsfəndiyar - Nuşirəvan, ərəb sər-kərdələri
Mərcan, Cora, səlcuq türkləri Qara Tegen, Sultan Mahmud,
Çingiz xanın qoşunları, Toxtamış, Teymurləng,
Giray xan, çərkəzlər, rus Stepan Razinin quldur dəstəsi.
Bu torpaqda
başdan-binədən yurd-yuva salmış yerli sakinlərin
ocaqları, yanan çıraqları dəfələrlə
sönsə də, xalqın qəhrəmanlığı,
döyüşkənliyi, əlbir mübarizəsi
işğalçıları, qəsbkarları doğma yurddan
qovub çıxartmış, özlərinin milli dövlətlərini
- kaspilərin, massagetlərin, Şirvanşahların, tarixin
sonrakı dövrlərində səfəvilərin, əfşarların,
qacarların dövlətlərini yaratmışdır.
***
Siyəzən rayonu müstəqil Azərbaycanın
tarixi Şirvan bölgəsinin Xızı-Bərmək
mahalı ərazisində yerləşir. Bir inzibati rayon olaraq Siyəzən
rayonu ilk dəfə 1940-cı il
fevralın 11-də təşkil edilmişdir. Ərazisi və
əhalisi əsasən Xızı-Bərmək mahalından
olan Siyəzən rayonu 1959-cu il dekabrın
4-də keçmiş Dəvəçi rayonu ilə birləşdirilmişdir.
Siyəzən
rayonu 1992-ci il fevralın 2-də yenidən
bərpa edilmişdir. Siyəzən rayonu Samur-Dəvəçi
ovalığında, Xəzərin sahilindədir. Sahəsi
703,4 kv. km, əhalisi təxminən
40 min nəfərdir. Rayonun mərkəzi
1909-1913-cü illərdə tikilmiş, vaxtilə təkcə
Qızılburun adlı dəmiryolu stansiyasından ibarət
olan indiki Siyəzən şəhəridir.
Kəşfiyyat xarakterli arxeoloji qazıntılar
zamanı Siyəzən yaxınlığında, Xəzər
dənizi sahilində orta əsrlərə aid qədim
Qızılburun yaşayış məskəninin xarabalıq
qalıqları, daş qutu qəbirlər, XI-XII əsrlərə
aid çoxsaylı saxsı məmulatlar aşkar edilmişdir. "Qızılburun"
sözünün mənşəyi buradakı insan burnuna bənzər
qırmızı süxurlu təpələrlə əlaqədardır.
Siyəzən şəhəri 1941-1954-cü illərdə
şəhər tipli qəsəbə olaraq rəsmən
Qızılburun adlandırılmışdır. Hazırda Bakı-Rostov-Don dəmiryol xəttinin Siyəzən
şəhərində yerləşən stansiyası yenə
Qızılburun adlanır. Siyəzən
adlı dəmiryol stansiyası isə cənubda - 10 km
Bakıya tərəf olan Beşdam kəndindədir. Siyəzən
şəhərində Ulu Öndər Heydər Əliyevin,
dahi sənətkarımız Cəfər Cabbarlının
heykəli, nakam şairimiz Mikayıl Müşfiqin
büstü, Böyük Vətən Müharibəsində
(1941-1945) həlak olan və Qarabağ uğrunda şəhid
düşən həmyerlilərimizin xatirəsinə abidələr
ucaldılmışdır.
***
Azərbaycanın
xəritəsində yüksək dağ zirvəsi
Dübrardan Xəzər dənizinə qədər dilim şəklində
uzanan Siyəzən bölgəsinin hər cür təbii zənginliyə
malik iqlimi və torpaqları var. Məhz elə bu çox əlverişli
təbii şəraitinə görə də Siyəzən ərazisində
ən qədim insan məskənlərinə, ilk orta əsrlərin
şəhər və qalalarına, bu yaşayış məntəqələrini
qoruyan müdafiə istehkamlarının, sədlərin,
divarların qalıqlarına rast gəlmək olar.
Qozağacı taxtasında bir vaxt üzüm
bağları salarkən kotanın torpağı çevirdiyi
şumun içərisindən daş çapacaq və
boyunbağı muncuqlar tapılmışdır.
Xələc kəndinin qəbiristanlığı
yanında Altıağac yolunu genişləndirərkən
çapılan qayadan islamdan əvvəlki dövrlərə
aid daş hörmə və üstü qapaqlı qəbirlər
aşkar edilmişdir.
Taxtakörpü
ətrafında ibtidai icma yaşayış məskənləri
olan yeraltı daxmalardan və onun
yaxınlığındakı çınqıl karxanası
boyu ərazilərdən qədim Alban küp qəbirlərinə
bənzər dibi enli, ağızı dar olan quyu qəbirlər
də bu bölgənin uzaq keçmişindən, ulu tarixindən
bu günümüzə gəlib çatan maddi mədəniyyət
nümunələrindəndir.
***
Rayonun ərazisindəki ən maraqlı arxeoloji abidələrdən
biri "Beşbarmaq"dır. Xəzər dənizi sahilində, Dəvəçi-Bakı
dəmiryolunun sağ tərəfində yerləşən və
beş çılpaq zirvədən ibarət olan bu abidəyə
xalq arasında "Xıdırzində baba" və yaxud
"Xıdırzində dağı" da deyirlər.
Abbasquluağa
Bakıxanov öz məşhur "Gülüstani-İrəm"
əsərində yazır ki, "Quranda adı çəkilən
Məcməülbəhreyn, yəni iki dəniz
qovşağı Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi
(qayası) da ordadır. Adına və əlamətlərinə
görə bu qaya Xıdırzində ola
bilər". A.Bakıxanov öz fikrini şərh
edərkən başqa müəlliflərin də bu barədəki
elmi mülahizələrinə əsaslandığını
qeyd edir.
İfadənin tərkibindəki "zində"
sözü tat dilində "sağ", "diri" mənasını
verir. Bu da qədim Şərq folklorunda adı tez-tez
çəkilən "abi-zəmzəm" - "dirilik
suyu" içmiş Xıdır (Xızır) peyğəmbərə
işarədir. Ona görə də bəzi
tarixi məxəzlərdə Beşbarmaq zirvəsi
"Xızır peyğəmbərin səxrəsi"
(qayası) adlanır.
Abidə ətrafında aparılan arxeoloji
qazıntılar onun tarixini IV-VII əsrlərə aparıb
çıxarır. Azərbaycan Sovet Ensiklopediyasında Beşbarmaq səddi
haqda oxuyuruq: "...Təqribən dördüncü - yeddinci əsrlərə
aid müdafiə səddi. Beşbarmaq
dağının ətəklərindən Xəzər dənizinə
qədər uzanırdı. Səddin bir
hissəsi qalır. Dağın ətəyində
daşlardan, düzənlikdə iri çiy kərpicdən
tikilmiş sədd bir-birindən iki yüz metr aralı iki
divardan ibarət idi. Alban tarixçisi
Movses Kalankatlı Beşbarmaq səddinin Sasani padşahı Yəzdegirdin
dövründə (438-57) çəkildiyini göstərib.
Beşbarmaqda qala və karvansara da olmuşdur..."
Dövrünün tanınmış alimi, XVI əsr
Almaniyada olan xırda feodal dövlətlərindən birinin -
Holştiniya hersoqunun sarayında çalışan Adam Oleari
1636-cı ildə qırx dəvə, otuz araba, səksən
atdan ibarət böyük bir karvanla Dərbənddən
Şamaxıya gedərkən karvan yolunun üstündə
olan "Barmax" dağı haqqında çox maraqlı məlumat
verir. Səyyah göstərir ki, dekabrın 24-də
Beşbarmaq qayasının yaxınlığına
çatdıq. O, buradakı orta əsr
karvansarasını nəzərdə tutaraq yazır ki, biz bura
çatan kimi dağın dibindəki "açıq həyətə
daxil olduq". Adam Oleari yerli əhalinin "karvansara",
"sığınacaq" adlandır-dıqları bu
cür "həyətlərin" və
sığınacaqların bu ölkədə lap çox
olduğunu göstərir. Səyyah yazır ki,
"bu karvansara kvadrat şəkilli böyük daşlardan
tikilmiş çox qədim binadır. O, dördkünc
formada tikilib və hər divarın uzunluğu 42
addımdır".
Ertəsi gün əcnəbi qonaq bir neçə
yoldaşı ilə Beşbarmaq dağına qalxır. Bununla əlaqədar
olaraq səyyah ilk əvvəl bu dağın adının mənasını
açmağa səy göstərir. Dağın
Xəzər dənizindən iki muşket gülləsi məsafədə
olduğunu qeyd edir. Yazır ki,
"dağdakı köhnə divar uçuqlarının
xarabalarına əsasən belə bir qənaətə gəlmək
olar ki, burada güman ki, əla bir bina və yaxşı
istehkam varmış. Uca Barmaq qayasının ətəyində
əlli kvadrat
sajen böyüklüyündə düz bir yer var
ki, buranı qalın divarlar və dörd qüllə əhatə
edir. Bu yerin ortasında daşdan hörülmüş
çox dərin bir quyu, onun da yanında üstü
böyük dairəvi daşlarla örtülmüş iki qəbir
var..." Səyyah "deyilənlərə"
əsasən Beşbarmaq qalasının Böyük İskəndər
tərəfindən tikildiyini, Teymur tərəfindənsə
dağıldığını göstərir. Rəsm çəkmək qabiliyyətinə malik
olan Adam Oleari Beşbarmağın təsvirini yaratmış və
öz səyahətnaməsinə daxil etmişdir.
***
Qara-Dundur istehkamının inşası isə Teymurləngin
Azərbaycana istilası ilə bağlıdır. Bu istehkamlardan
işğalçı qoşunlar mühafizə qalaları
kimi istifadə edirlərmiş. Hazırda
istehkamın dörd metr hündürlükdə divarları
salamat qalıb.
Tarixi əhəmiyyətli
abidələri: Gilgilçay və leksik kökü
"Baş Bərmək" söz birləşməsindən
olan Beşbarmaq (Xızırzində) müdafiə sədləri
(IV-VII əsrlər), orta əsrlərə aid qəbiristanın,
xırman yerlərinin, təsərrüfat quyularının və
s. tapıldığı Dərəzarat kəndindəki
yaşayış məskəni (XII-XV əsrlər), karvansara
qalıqları (XV-XVII əsrlər) və sair.
Uzun
divarlar - ulu daşlar
Qədim,
ulu tariximizin bütün dövrlərində şahlar,
hökmdarlar bir vaxtlar Quzğun dənizi adlanan Xəzərlə
dağlar arasındakı dar keçidləri bağlamaq
qayğısına qalmış, ölkəni şimaldan
gözlənilən hücumlardan qorumaq məqsədi ilə
bu yerlərdə möhkəm-ləndirilmiş qalalar,
istehkamlar tikdirmişlər. Onları qədim
romalılar Kaspi qapıları adlandırmışlar.
Dəmirqapı
Dərbəndin daş divarları, Dərbəndqala, Samur
torpaq səddi və Torpaqqala, Gil-gilçay səddi və
Çıraqqala, Beşbarmaq səddi və Bacarvan qala tikililəri,
Bakı, Abşeron qalaları Odlar yurdunun daş
yaddaşıdır.
Qafqaz Albaniyası zamanında Dərbənddən Giləziyə
qədər bir neçə müdafiə sədləri
tikilmişdir.
Qədim müəlliflər bu sədlərə
Kaspi qapıları adı ilə yanaşı, Dəniz
qapıları, Dərbənd qapıları da deyiblər.
Daranın oğlu Qıştaspinin (Quştəsbi) (bizim
eradan əvvəl 549-555-ci illər) vaxtında 11-ci dairəyə
bölünmüş vilayət Kaspiana adlanırdı. Herodot göstərib
ki, farsların hakimiyyəti Qafqaz dağlarına -
Beşbarmağa qədər çatırdı. Professor D.Axundovun yazdığına görə, hələ
Əhəmənilər dövründən İran
özünün şimal sərhədlərini, ilk növbədə
Kaspi keçidlərini möhkəmlətmək qeydinə
qalmışdı.
Qədim
yunan alimi Qatsit Kaspi keçidlərini "Kaspival" (sədd)
adlandırır və göstərir ki, bu keçidlər il boyu keçilməz olur.
Roma imperatoru Neron Kaspi sədlərini keçmək məqsədi
ilə hücuma hazırlaşıb. Tarixi mənbələr
göstərir ki, Makedoniyalı İskəndər də
şimala - Kaspi sahillərinə hücum etmək niyyətində
imiş.
Gilgilçay səddi Dərbənd keçidində
tikilmiş "Uzun divarlar" adlanan müdafiə
istehkamlarından ən əhəmiyyətlisidir.
Ümumi
uzunluğu 120 km, divarlarının qalınlığı bəzi
yerlərdə 8 metrə çatan "Uzun divarlar" tarixdə
məşhur Çin səddindən sonra ən böyük
müdafiə istehkamı hesab olunur.
Gilgilçay
səddi
Erkən feodalizm dövründə Qafqaz Albaniyasında
köçərilərin hücumlarının
qarşısını almaq üçün müdafiə sədləri
tikilirdi. Həmin sədlərdən ən möhtəşəmi
indiki Siyəzən rayonu ərazisindəki Gilgilçay
müdafiə istehka-mıdır.
Şərqi Avropadan Ön Asiyaya, Azərbaycana, İrana
və başqa cənub ölkələrinə yeganə əlverişli
quru yol Azərbaycanın şimal-şərqində - Xəzər
dənizi ilə Qafqaz dağları arasındakı dar düzənlikdən
keçir.
Tarixi mənbələrin verdikləri məlumata görə,
bu yoldan köçərilərin hərəkəti və
ticarət mübadilələri eramızdan əvvəl I
minillikdən başlayıb. Odur ki, yerli əhali ən
qədim zamanlardan başlayaraq dənizlə dağlar
arasındakı dar keçidləri bağlayıb
dağıdıcı basqınların
qarşısını almağa
çalışmışdır.
Gilgilçay səddi dənizdən başlayaraq
Gilgilçay körpüsünə və oradan Eynibulaq kəndinə
qədər 23 km uzunluqdadır. Sədd çiy kərpicdən
hörülmüşdür.
Bu
müdafiə istehkamı haqqında ilk məlumat verən ərəb
tarixçisi Əl-Bəlazuri (IX əsr) "Kitab Fütuh əl-Buldən"
("Ölkələrin fəthi") adlı əsərində
yazır ki, Sasani şahı Firuzun oğlu Qubad onlara (xəzərlərə)
qarşı iyirmi min döyüşçü göndərdi,
sonra Qubad özü də onlara qoşuldu və Şirvanla
Arran vilayətlərinin qapısı arasında çiy kərpicdən
sədd tikdirdi.
A.Bakıxanov məşhur "Gülüstani-İrəm"
kitabında qeyd edir ki, bu sədd "dənizdən
başlayıb Əlixanlı - ehtimala görə, əslən
Alğonlu olmuş - kəndinin üst tərəfindən
keçərək Çıraq qalasına bitişir. Oradan da üzərində
böyük bir şəhərin xarabası olan Ata
dağından keçərək, Qonaqkəndin üstündən
Baba dağına doğru gedir".
Fransız rahibi Vilhelm Rubruk (XII əsr) Gilgilçay səddi
haqqında yazır ki, "biz oradan (Şabrandan) keçərkən
dağlardan dənizəcən enən səddi
gördük".
Ərəb müəlliflərindən İbn Xordadbeh
xatırladır ki, Şirvan ölkəsində hələ I
Kavaddan (488-531-ci illər) əvvəl də Kaspi sahili
müdafiə sədləri olub. Bərmək səddindən
23 kilometr şimala Abzud Kavad adlanan divarlar Gilgilçay boyunca
uzanıb gedir. Bunların yanında
Şaporan (Şabran) şəhəri yerləşirdi. Əvvəllər sasanilər I Şahpurun
(241-274-cü illər) hakimiyyəti dövründə möhkəmləndirilmiş
həmin rayonlara gəlmişlər. Bu barədə Nəqşi-Rüstəm
lövhələrində də yazılıb: "Şahlar
şahı I Şahpurun adamları və atları Alban
qapılarına gəlib çatmışdı".
Tədqiqatçı alim Əsgər Əliyev öz
araşdırmalarında tarixçi K.V.Treverə əsaslanaraq
qeyd edir ki, Gilgilçay müdafiə səddi II Yezemgerdin (II
Yezdəgird) vaxtında tikilmişdir. Bəlkə də
şahənşah Perezun (459-484-cü illər) vaxtında
tikilib başa çatdırılmışdır. Babadağa qədər sədd divarlarının
hündürlüyü 5-7 metr, bəzi yerlərdə 7-11
metr, eni isə 30-35 metrə qədərdir.
Faktiki olaraq bu sədd şimaldan cənuba keçilməsi
mümkün olan bütün keçidləri
bağlayırdı.
Bu böyük uzun səddin mərkəzində iki
böyük şəhər - qala yeri diqqəti cəlb edir.
Gilgilçay səddi dörd hissədən ibarət
olmuşdur. Hər 30-35 metr məsafədə bürc və ya
qüllə ucaldılmışdır. Səddə ən
böyük bürcün hündürlüyü 4,7 metr, eni isə 7,2 metrdir. Bürc
və divarlar əsasən, yonulmamış daşlardan
tikilmişdir.
Bu sədd haqqında məlumatlar və arxeoloji tədqiqatlar
göstərir ki, kaspi və alban tayfaları çox
böyük miqyaslı belə tikilini on illər, bəlkə
də yüz illər boyunca tikib başa
çatdırmışlar. Bu istehkamın inşasında minlərlə
adam məhv olmuşdur. Ölənlərin
cəsədlərini divarlara hörürmüşlər.
Alxanlı kəndi ilə üzbəüz qayaların
uçulan yerlərindən divarın içərisində adam kəlləsi, sümüklər aşkar
edilmişdir.
Bacarvan
şəhəri
Erkən orta əsrlər tarixi mənbələrdə
adı çəkilən Bacarvan şəhəri
Xızır haqqında rəvayətlə əlaqələndirilərək
xatırlanır.
IX əsrdə
yaşamış məşhur ərəb
coğrafiyaçısı İbn Xordadbehin "Kitab əl-məsalik
və-l-məmalik" kitabında Musa və Xıdır
(İlyas) tərəfindən söylənilən sözlər
nümunə gətirilir: "Yadında saxla, Musa o zaman öz
nökərlərinə nə demişdi: "İllər
keçsə də, mən iki dəniz qovşağına
çatmayınca dayanmayacağam...
... Həmin qaya - Şirvan qayasıdır, dəniz - Xəzər dənizidir, kənd isə Bacarvandır."
XII-XIII əsrlər ərəb səyyahı və coğrafiyaçısı Yaqut Əl-Həməvi isə "Mücəm Əl-Buldan" kitabında yazır ki, "Bacarvan Şirvan yaxınlığındakı Bab Əl-Əbvab vilayətində şəhərdir".
Bu şəhərin yaxınlığında İlyas peyğəmbər (Ona salam olsun) tərəfindən tapılmış dirilik suyu yerləşir. Bəziləri deyirlər ki, Bacarvan həmin kənddir ki, Musa və İlyas peyğəmbərlər (hər ikisinə salam olsun) oranın sakinlərindən yeməyə bir şey istəmişlər.
Bacarvan əslində, möhkəm müdafiə olunan qala idi. Adi orta əsr şəhərləri kimi iki hissəyə - Narınqala və Bayırşəhərə bölünmüşdür.
Çox hündür divarlarla dövrələnən Narınqala Beşbarmaq qranit qayasına birləşdirilmiş, qayanın özündən müdafiə məqsədilə istifadə edilmişdir.
Qaya orta əsr feodal qəsrini əvəz etmişdir. Şəhərin məhv olunmasından 7-9 əsr keçməsinə baxmayaraq, Bayırşəhər daşdan tikildiyi üçün evlərin qalıqları və küçələrin yeri indi də aydın bilinir.
Sonrakı dövrlərdə şəhərgahın yuxarı hissəsində şəhər qalasının içərisində salınmış "Qala Şıxı" adlı kənd də olmuşdur. Ola bilər ki, şəhərgaha sonra köçənlər öz kəndlərinə "Şah qalası" adını vermişlər.
Görkəmli Azərbaycan səyyahı Əbdülrəşid əl-Bakuvi yazır ki, "Quranın "Əl-Kəhv" (Mağara) surəsində söhbət açılan Musa və Xızır peyğəmbərlərə aid hekayət bu yerlərdə baş verib. Musanın xidmətində olan Yuşə ibn Nusun yeməyə götürüb yaddan çıxartdığı balıq iki dənizin qovuşduğu bu yerdə suya atılıb dirilmişdi...
Xəzər dənizinə aid Kataloniya (İspaniyada tarixi vilayət) xəritəsində (1375-ci il) "Beşbarmaq" - Barmaq, dövrünün tanınmış alimi, XVI əsr Almaniyada olan xırda feodal dövlətlərindən birinin - Holştiniya hersoqunun sarayında çalışan Adam Olearinin xəritəsində isə "Barmax" kimi göstərilir.
Xıdırzində baba dağı müqəddəs ziyarətgah olmaqla yanaşı, ulu, şanlı tariximizin ən qiymətli yadigarlarındandır. Həm də elə buna görə də bu yerlər müqəddəsdir...
Oğul atanın, nəvə babanın "qulluğunda"
Şeyx Cüneydin oğlu Şeyx Heydər atasının Azərbaycanı vahid bir dövlətdə birləşdirmək siyasətini davam etdirmək uğrunda 1488-ci ildə şirvanşahlarla döyüş meydanında həlak olmuş, müridləri tərəfindən xəlvəti Beşbarmaq dağının arxasında dəfn edilmişdir. Uzun zaman yeri gizli qalan bu məzarı sonralar oğlu Şah İsmayıl Xətai Şirvan yürüşləri zamanı axtarıb taparaq üzərində türbə tikdirmişdir.
Türbə üzərindəki daş kitabə tarixçilər tərəfindən maraqla qarşılanmışdır. Əhəngdaşı üzərində üç sətirlik kitabədə süls elemetli nəsx xətti ilə bu cümlə həkk olunub: "Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolu yolçusunun qəbri hikmətli Quran dininin həqiqət adlanan şeyxi Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir".
Yazılı ağır daş təqribən
150 metrə qədər dərinliyi olan bir dərənin
uçurumunda, qayanın üzərində
hörülmüşdür. Şah İsmayıl türbəyə
xidmət etmək məqsədi ilə Zərgərli
tayfalarından buraya Şeyx və xidmətçilər
köçürüb gətirtmişdir, bu şeyxlər
nəsillikcə türbənin saxlanmasına xidmət
etmişlər. Şah İsmayıl tərəfindən burada
salınan kənd elə o vaxtdan Şıxlar adlanır.
Aydın
TAĞIYEV
AYB
Şabran bölməsinin rəhbəri
525-ci qəzet.- 2019.- 13 noyabr.- S.10-11.