Bu dünyada
xoşbəxt olmağın özü də
bir bədbəxtlikdir...
Esse
Ətrafında bir belə bədbəxt
insan varkən öz səadətindən
utanarsan. Məsələn, dərs dediyin
sinifə "Ana müqəddəs
varlıqdır" adı
esse yazmağı tapşırarsan, bir şagird ayağa qalxıb utana-utana, "Müəllim, mən ata haqda yazsam,
olar?" - deyə soruşar. Təəccüblənərsən.
- Olar... Amma sən niyə
ana haqda yazmaq istəmirsən ki?
- Elə!
Elə acıqlı və sərt deyər ki, artıq sual verməyə çəkinərsən...
Bayaqdan maraqla sizi izləyən
uşaqlar günahkarmışlar
kimi başlarını
aşağı salarlar...
"Mən xoşbəxtliyi
nədə görürəm?"
inşasında xoşbəxtliyi
öz ailəsinin bütövlüyündə gördüyünü
yazan şagirdin tənəffüsdə döyüldüyünün
şahidi olarsan. Ata-anası
ayrı yaşayan günahkarı taparsan, niyə döydüyünü
soruşarsan...
- Yaxşı oğlan elə inşa yazmazdı - deyər hikkəylə.
- Oğlum, axı o, öz ailəsi haqda həqiqətləri yazıb, - deyərsən təəccüblə.
- Siz bilmirsiniz, o, bizə - Əliyə,Vəliyə, Pirvəlyə,
sinifdəki 11 nəfər
ata-anası ayrı yaşayan uşaqlara söz soxub...
Ah...
Tənəffüsdə pəncərədən çölə baxan bir qız görərsən. Gözləri yaşarıb. Üzündə elə acı bir ifadə var ki... Heyrətlənərsən - bu qədər qatı kədəri bu zərif çöhrə necə daşıyır, nə yaxşı bu acı kədərdən qopub-tökülmür bu zərif çöhrə?!
- Sənə nə olub, qızım?
- Heç nə...
Sərt şəkildə inkar edər, amma gözləri "soruş, soruş" - deyər...
Oğlunu boynuna salıb:
- Mənə deyə bilərsən, - deyə pıçıldayarsan...
Bala quş kimi sığınar sənə, ağlayar... Boş bir otağa apararsan onu, istəməzsən kimsə görsün ağladığını...
- Ananı istəyirsən... Çoxdan görmürsən... Çox darıxmısan...
Daha çox sıxılar sənə. Onun göz yaşını silərsən, öz gözlərin yaşarar.
- Mən sənin anan, qızım da yoxdur...
Göz yaşlarını silə-silə
gülümsünür:
- Kaş mənim anam elə siz
olaydınız...
Bu qədər ağrılı
kəlmə eşitməmisən,
ürəyin cııızz
eləyir...
Hər gün dərsə gələndə
də, evə gedəndə də sənə qısılıb
ayrılar. Hərdən fikirli olub görməyəndə
həmin zərif toxunuşa səksənib baxarsan: "Ölmə səni, qorxdum" sözünə elə xoşbəxtcəsinə gülümsəyər
ki...ürəyin parçalanar...
"Babanıza təbrik
məktubu yazın"
tapşırığını verib əyləşərsən. Biri sənə yaxınlaşıb
pıçıldayar:
- Müəllim, Solmaz ağlayır eee.
- Niyə ağlaylrsan, Solmaz?
- Mənim babam yoxdur.
- Sən də nənənə yaz.
Daha şiddətlə ağlayır:
- Nənəm də yoxdur...
Xocalıdandırlar...
- Sənin də nənən mən. Sən məktubu mənə yaz...
Əlinin dalıyla gözlərini silib oturur.
Kimsə
yerindən dillənir:
- Müəllim, mən də sizə yazım.
- Yox, mən ancaq
Solmazın nənəsiyəm...
Elə xoşbəxtcəsinə
gülümsəyir ki,
Solmaz. Bəlkə də, bu gülüş hopur onun məktubuna. Odur ki, onun
məktubu ən təsirli məktub olur...
Çox
mühüm mövzu işlədiyimiz vaxt arıq, sapsarı bir uşaq yaxınlaşar
sənə:
- Müəllim, mənə
icazə verə bilərsiniz evə gedim?
- Yox, olmaz, valideynsiz
heç olmaz.
- Müəllim, mən həmişə tək gedirəm, anam işdə olur.
- Olmaz, qızım, olmaz.
Səs tövrünü pozmadan:
- Müəllim, olar, qulağınıza deyim?
- De.
Əyilərsən bu sısqa qızın hüzurunda:
- Müəllim, mən qan xəstəsiyəm. Bu gün mütləq
qan vurdurmalıyam.
Heyrətlənərsən:
- Sən özün? Tək?
- Bəli, müəllim. Anam işdə olur...
Hayqırmaq istəyirsən, uşaqlardan
qorxub səsini boğursan. Səsin çilik-çilik olub tökülər içinə. İçin yanar, gözlərin yaşarar.
Çantasını yığışdırıb qarşında dayanan bu sısqa qızın
yenə nəsə deyəcəyini düşünüb
əyləşərsən. Səni öpüb
gedər. Dodaqları
dəyən yerə od basdılar
sanarsan.
Özünə gəlincə dəqiqələr
keçər. Başqa vaxt fürsətdən
istifadə edib dəcəllik edən uşaqların üstünə
su ələnib elə bil, hamısı
sus-pus oturub. Süni bir gülüşlə:
- Hə, uşaqlar... deyərsən.
Yenə qırışığı açılmaz
uşaqların.
Dərsin alınmaz. Sinifdən çıxanda: "Bütün
qaydaları təkrar edin" deyə bilərsən ancaq.
Proloq...
- Niyə dava edirsiniz? Niyə dalaşırsan, ay oğul?
- Mənim atam narkomandır deyə, heç kim
məni çox istəmir...
***
- Niyə qışqırırsan,
ay bala? Həm günahkarsan, həm
də hay-küy salırsan. Sakitləş, üzr istə,
qurtarsın da.
- Yox, atama deyəcəksiniz,
o da məni öldürəcək...
***
- O, ağıllı, savadlı,
mədəni oğlandır,
niyə döyürsünüz
onu axı hər dəfə?
- O çox xoşbəxtdir, fora verir bizə...
Xatirə
RƏHİMBƏYLİ
525-ci qəzet.- 2019.- 13 noyabr.- S.17.