Yağışdan sonra
Esse
Evdən tələsik çıxdığından
havaya fikir verməmişdi. Narın çiskinin başladığını
görüb, çətiri
götürmək, ya
da gödəkçəsinin
papağını taxmaq
üçün geri qayıtmaq istədi.
Saata baxdı. Gecikdiyi üçün yoluna davam elədi.
Addımlarını yeyinlətdi. Əslində, buna yerimək demək olmazdı, az
qala qaçırdı.
Dayanacağa lap az qalmış yolunun üstündə uşaq arabasını sürən
cavan qadınla rastlaşdı. Deyəsən, arabanın təkərində
nasazlıq var idi. Araba çətin gedirdi.
Ötüb getmək istədi.
Bir anda arabada rahatca
oturan, gözləri ulduzlar kimi parlayan,
qıvrımsaçlı balaca
ilə göz-gözə
gəldi. Balaca şirin
təbəssümüylə ona baxırdı. Bu gözəlliyə biganə qalmaq üçün daş heykəl olmaq lazım idi. Balacanın üzü günəş
kimi işıq saçırdı. O da
özündən biixtiyar
balacaya gülümsədi
və yoluna davam etdi.
Bir-iki addım
getmişdi ki, dayandı. Gəldiyi yolun üstündəki
pilləkənlərdən birinin daşının laxladığını xatırladı.
İçindən bir
səs "geri qayıt və kömək et", dedi. Gecikməsinə baxmayaraq, geri
qayıdıb arabanı
pilləkənlərdən düşürməyə kömək
etdi. Qadın gülümsəyərək razılığını bildirdi.
O da başı ilə sağollaşıb
uzaqlaşmaq istəyirdi
ki, balaca bir anda öz
bapbalaca əli ilə onun baş
barmağından yapışdı.
Bir anda duruxdu. Sanki həyatında ilk dəfə
özü ilə bir balacanın ölçü fərqini
hiss etdi. Onun balaca əlindən
bütün bədəninə
qəribə, xoş cərəyan yayıldı.
Balaca qığıldayıb gülməyə
başladı. Elə ürəkdən
güldü ki, bir anlıq ona, yağışlı havanı, narahat vəziyyətini, hətta
gecikməsini belə unutdurdu. Lakin içindəki başqa
səs "tez ol, sağollaş, gecikirsən", deyəndə
elə bil şirin yuxudan oyandı. Balacanı incitmədən barmağını
onun əlindən çıxarmağa çalışdı.
Balaca mızıldandı. Deyəsən, sağollaşmaq fikri yox idi. Ana tez vəziyyətə
müdaxilə edərək
onları araladı və sağollaşıb
arabanı sürdü.
O da addımlarını
yeyinlətdi. Nədənsə bir ani dəqiqəlik
geri döndü.
Bir an əvvəl
ayrıldığı ana
ilə balacadan əsər-əlamət yox
idi. Əti ürpəndi. Arabanın təkəri nasazkən bu qədər tez getmələrinə çox təəccübləndi.
Lakin gecikdiyi üçün bu qarışıq fikirləri bir kənara qoyub tələsik ordan uzaqlaşdı.
Dayanacağa çatdı, amma avtobusa çata bilmədi. Çünki avtobusun qapıları
artıq bağlanıb,
təkərləri çevrilib,
yola düşürdü.
Növbəti avtobusu gözləməli
olacaqdı. Başqa çarəsi
yox idi. Əslində isə çarə
hər zaman var. Lakin həyəcanlı vəziyyətdə insan məntiqli düşünə
bilmir. Artıq saata baxmasa da, tamam gecikdiyini
bilirdi. Ayaqqabıları da palçığa
bulaşmışdı. Özünü bir anda çox çarəsiz hiss etdi. "Niyə bütün
bunlar mənim başıma gəlir",
deyə öz-özünə
gileyləndi. Hər kəsə,
hər şeyə acıqlı idi. Üzünü, üstünü
isladan yağışa,
yolda vaxtını alan uşaqlı
qadına, "insafsız"
sürücüyə, yağışdan
qorunmaq üçün
böyründən dayanacağa
keçən insanlara,
keçərkən istəmədən
də olsa ona toxunaraq keçmələrinə.
Əslində, bəlkə də
o, özü düzgün
yerdə dayanmamışdı.
İnsanlara keçməyə mane olurdu. Lakin o, özünü günahkar hiss etmirdi.
Özünü zərər
çəkmiş kimi
hiss edirdi.
Növbəti avtobus gəldi. O, acıqlı
halda mindi. Bu avtobusun bayaqkı
ilə arasında elə də böyük vaxt intervalı yox idi. Sadəcə gecikdiyi üçün
ona o bir neçə dəqiqə
çox uzun gəlmişdi. Əslində, hər zaman elə olur. Gözlədiyimiz anda bizə
elə gəlir ki, hər dəqiqə
bir saata bərabərdir.
Avtobus yola düşəndə sərnişinlər
itələyə-itələyə onu düz avtobusun
ortasına qədər
pəncərəyə doğru
gətirib çıxardılar. Artıq səbir
kasası dolurdu.
Özünü zorla saxladı.
Narazı halda üzünü
pəncərəyə çevirdi.
Barmaqları ilə islanmış
saçlarını arxaya
doğru apardı.
Yağış narın-narın yağıb pəncərənin şüşəsini görünməz hala gətirmişdi. Gödəkçəsinin qolu ilə pəncərənin şüşəsini azacıq sildi. Növbəti dayanacağa çataçatda yolun kənarında bayaq minməyə çatmadığı avtobusu dayanan gördü. Deyəsən, sərnişinlər bir az təlaş içində idilər. Bəziləri deyinə-danışa o olan avtobusa mindi. Minənlərdən məlum oldu ki, sürücü sərrast tərpənərək avtobusu qəza vəziyyətindən qurtarıb. Bir anda çaşqınlıqdan donub qaldı. İlk olaraq şirin təbəssümlü balaca gözünün özünə gəldi. Əlində onun balaca əlinin hərarətini hiss etdi. Sanki barmağının ucundan bütün bədəninə bayaqkı qəribə cərəyan yayıldı. Avtobusa çata bilmədiyi üçün yol boyu ürəyində deyinməsinə utandı. Yanaqları pörtdü. Ona elə gəldi ki, hamı ona baxır. Amma heç kəsin onunla işi yox idi. Necə deyərlər, "hərə öz hayında idi".
Deyəsən, yağış kəsirdi. Buludların arasından isə
qızılsaçlı günəş boylanırdı. Gecikdiyini bilsə də, üzündə qəlbindən
axıb gələn bir rahatlıq ifadəsi
vardı. Yaşadıqları, hiss etdikləri
qarşısında aciz
qalmışdı. Olanların tam
izahını tapa bilməsə də, bu gün olanlardan
sonra, qarşılaşdığı
heç bir maneənin
səbəbsiz olmadığını, kimin
kimə kömək etdiyinin yalnız mənzil
başında məlum olduğunu və hər
yağışdan sonra mütləq
günəşin çıxdığını
anlamışdı.
Fidan MALİK
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.16.