Ana vətən, ana topraq

 

 

1971-ci ildə Zənganın Qarapüşlü mahalında yerləşən Bayrambəy kəndində dünyaya göz açıb.

 

İlk müəllimləri bölgədə tanınmış təhsil ustadları - rəhmətlik Mirzə Şəntiya, Hacı Mirzə Əli və şairin əmisi rəhmətlik Mirzə Şəban olub.

 

Şair uşaqlıq illərini doğulduğu kənddə - Kiti dağının ətəyində ustadlarından dərs alaraq keçirib. Umud on iki yaşında ailəsi ilə birlikdə Zəngan şəhərinə köçüb və təhsilini Zəngan məktəblərində davam etdirib.

 

Bir sıra çətinliklərə görə, o, yalnız orta təhsilini başa vurub, ancaq yazıb-oxumaqdan bir an belə əl üzməyib.

 

Lap gənc çağlarından Azərbaycan ədəbiyyatına çox maraqlı olduğundan yaradıcılığı da ana dilindədir.

 

Şairin bir neçə şeiri Zənganın türkdilli nəşrlərində yayımlanıb. 2015-ci ildə "Qaçaq Nəbi" və "Elə bağlıyam" adlı şeirləri Quzey Azərbaycanın gündəlik nəşrlərində dərc olunub.

 

Qucağın açıqdır həmişə sənin,

Basmağa bağrına can verənləri.

Yaradan Tanrıdı, yaşadan Tanrı,

Bağışlama yersiz gül dərənləri.

Gözümüz doyunca səndən su içib,

Yad əli gülləri kökündən biçib,

Kim sənə yar olub canından keçib?

Boya çatdırmısan çox ərənləri.

İlk yataq, son yataq sənin qucağın,

Al canı sönməsin sənin ocağın,

Paksan, müqəddəsdir hər dörd bucağın,

Dar gözlər görməzlər sən görənləri.

Vətən deyim sənə, ya deyim ana?

İnankı yolunda qıyaram cana,

Umudam can istə, bələnim qana,

Yaşat sinən üstə can sərənləri.

 

Hay düşüb

 

Xəbər verin Qarabağdan,

səsdir yenə, dağlar.

Hay düşübdür hər tərəfə,

Atəş istir sönə, dağlar.

Qarabağdan xəbərsizik,

Ayrılıqdan yanan bizik,

Bakı, Şəki, biz Təbrizik,

Ana vətən sinə dağlar.

Ay ilk bahar ağlar, gülər,

Xocalıdan xəbər gələr,

Ağdam, Laçın bayram eylər,

Xalq yurduna dönə, dağlar.

 

Kəlbəcərdən gələn yoxdur,

Füzulinin sözü çoxdur,

Cəbrailə dəyən oxdur,

Ermənidən kinə dağlar.

Umud gedir Xankəndinə,

Daşnak düşə kəməndinə,

Bir-bir çəkə öz bəndinə,

Şuşa çıxa günə, dağlar.

 

Nədi çaram?

 

Qanad səndən, uçmaq məndən,

Hara desən, uçaq gedək.

Ayaq səndən, qaçmaq məndən,

Hara desən, qaçaq gedək.

Səndən gələn quru səsdir,

Tut əlimdən son nəfəsdir,

Dünya mənə dar qəfəsdir,

Hara desən, açaq gedək.

Bir çara tap, nədir çaram,

Qaçmağıla yoxdur aram,

Umud, ölüm vardır haram,

Qoç Nəbitək qoçaq gedək.

 

Qarabağım

 

Qarabağım yanıb bar itirmişəm,

Yoxluq qazanmışam, var itirmişəm,

Sazım kökdən düşüb, tar itirmişəm,

Ölürəm, ölürəm, ölürəm daha.

qədər bağırram duyanım olmur,

Doluram yağıram doyanım olmur,

Çığraq çağırıram duyanım olmur,

Ölürəm, ölürəm, ölürəm daha.

Kar olub dünyanın qulağı bizə,

Yanan yox Kəlbəcər, Şuşa, Təbrizə,

Ədalət vardısa, hansı bir sözə,

Ölürəm, ölürəm, ölürəm daha.

Demirəm bir günah yoxumuş bizdə,

Qalmayıb tarixdə bir nişan, iz ,

Əməlsiz hamılar çalışır üzdə,

Ölürəm, ölürəm, ölürəm daha.

Doğranıb vətənim bölüm-bölümdür,

Bu təhər yaşamın sonu ölümdür,

Ağdamda saralan mənim gülümdür,

Ölürəm, ölürəm, ölürəm daha.

Yoruldum mən "Araz, Araz" deməkdən,

Gözyaşı tökməkdən, hey dərd yeməkdən,

Özgəyə göz tikib yol gözləməkdən,

Ölürəm, ölürəm, ölürəm daha.

Azərbaycan yenə oyanmalıdır,

Öz haqqın almağa dayanmalıdır,

Babəklər qanına boyanmalıdır,

Ölürəm, ölürəm, ölürəm daha.

Umudam umudum qalmayıb əsla,

Yardım əl, qapımı çalmayıb əsla,

Kimsə məni yada salmayıb əsla,

Ölürəm, ölürəm, ölürəm daha.

 

Qoçaq Nəbi

 

Gərəkdir Nəbinin izin izləmək,

Hədərdi özgədən yardım gözləmək,

Ölümdür vətəndə vətənsizləmək,

Gözlərdən od alan, ay qoçaq Nəbi,

Sənsizləyib vətən, ay Qaçaq Nəbi.

Yayılıb şöhrətin bütün ellərə,

Yazılıb dünyada, düşüb dillərə,

Adın zəxmə vurur sazda tellərə,

Zəfər nəğməsisən, ay Qaçaq Nəbi,

Həcəri özündən, ay qoçaq Nəbi.

Açdığın yol bağlanmayıb, hardasan?

Türk xalqımız hardasa, sən ordasan,

Azərbaycan bəsləyir səni burdasan,

Doğul gəl yenidən, ay qoçaq Nəbi,

bu xalqı dardan, ay Qaçaq Nəbi.

Həcər xanım Umud verir elinə,

Nəbi sayaq qalxar boz at belinə,

Türk qızıdır silah alar əlinə,

Dillər əzbərisən, ay Qaçaq Nəbi,

Ölməzsən, dirisən, ay qoçaq Nəbi.

 

Umud ZƏNGANLI

 

 

525-ci qəzet.- 2019.- 15 noyabr.- S.15.