Kiçik hekayələr
Nəsr
YARIŞ
Əsərlərində
atı sonsuz bir məhəbbətlə təsvir edən
yazıçı-publisist Novruz Nəcəfoğluya
Hələ onda on altı-on yeddi yaşlarımda idim. Bağda-bostanda
olandan-olmazdan yığıb atımıza yükləyər
və qoşulardım qəsəbə bazarına gedənlərə.
Atımızın bir qırmızı qulunu
vardı. Haçan ki, bazara gedirdim, qulunu
tövləyə salıb ağzını bağlayardım.
İstəmirdim ki, əl-ayağa dolaşsın... Onu da deyim
ki, atla bazara gedənlərin sayı ən azı yeddi-səkkiz
nəfər olardı...
Apardığımız
pomidoru, əriyi, şaftalını, gilənarı, bir
sözlə, hər nə vardısa, hamısını
satıb qurtarandan sonra yenidən kəndə üz tutarduq...
Bu zaman aramızda at yarışı başlayardı... Şərtimiz
də bu olardı ki, görək kim
birincilik qazanacaq... Hamımız da atların
başını buraxardıq. Özgə vaxt
qaçmağa elə də üzü olmayan atımız
özünü kəndə birinci çatırardı...
Bir
gün bazara gedərkən bir də gördüm ki, qulun
anasının böyrüncə yortur... Tələsdiyimdən
tövlənin ağzını yaxşı çəkib
bağlamamışdım. Artıq yolu
yarılamaqda idim. Qulunu geri qaytarıb yenidən
tövləyə salmağım çox uzun çəkərdi.
Bununla da bazarı əldən vermiş
olardım. Əlacsız qalıb yoluma davam etdim...
Apardıqlarımızı satıb-sovduqdan sonra yenidən
kəndə üz tutduq. Həmişəki kimi yenə də at yarışı
başladı... İndi atımızın
qaçışı məni məyus etdi... Başını
ha buraxsam da, qamçını başı üzərində
ha fırlatsam da, atımız canıdildən qaça bilmədi...
Həmin gün yarışda ən axırıncı yeri
tutdum...
... Bunun səbəbini mən bilirdim. Başımı aşağı
salmışdım. Öz-özümə
düşünürdüm: "Görəsən, rəqiblərim
də bunu bildilərmi!?"
BOŞ PARTA
Bir
gün müəllim dərs dediyi dördüncü sinif
şagirdlərinə ev
tapşırığı verdi:
-
Uşaqlar, evdə hər bir kəs atasının hansı
bölgədə döyüşdüyü haqda öz təəssüratlarını
yazsın... Sabah yoxlayacağam...
Məktəbdən
evə qayıdan Nazilə atasından soruşdu:
- Ata, sən
hansı bölgədə döyüşmüsən?
Ata bir anlıq tərəddüd keçirdi. Sonra qızının bunu nəyə
görə soruşduğunu öyrənib acı bir təbəssümlə
dilləndi:
-
Qızım, mən Rusetdə...
Nazilə
hövsələsini basa bilmədiyindən atasının
sözünü tamamlamağa imkan vermədi:
- Ora da
döyüş bölgəsidir ki?..
- Yox,
qızım, həmin vaxtlar sizə çörək
qazanmağa getmişdim...
Nazilə
daha heç bir söz demədi...
Səhəri
gün şagirdlərin hər biri atasının hansı
bölgədə döyüşdüyü və göstərdiyi
igidliklərlə bağlı təəssüratlarını
yazıb gətirmişdi... Müəllim
şagirdləri bir-bir lövhə qarşısına
çağırıb həmin təəssüratları
oxudurdu. Təəssüf ki, bu gün partalardan biri
boş qalmışdı...
"TFU!.."
("Nizibala Doymazlı"
serialından)
Nizibala Doymazlı dodaqlarını çeynəyə-çeynəyə
əlindəki məktubu dönə-dönə nəzərdən
keçirdi. Stola bərkidilmiş düyməni baş
barmağı ilə basdı. Köməkçi
bir göz qırpımında özünü içəri
salıb əmrə müntəzir bir görkəm aldı.
Nizibala
başını qaldırmadan öz
tapşırığını verdi:
- O
Qüdrətdir, nədir, onunla əlaqə saxla. Təcili bura
gəlsin, qəbuluma!..
Günortaya
yaxın Qüdrət kişi Nizibalanın
kabineti qarşısında göründü. Köməkçinin
işarəsindən sonra o, kabinetə daxil oldu. Nizibala
üz-gözünü turşudub, verilən salamı da
almadan birbaşa mətləbə keçdi:
- Qüdrət
kişi, bu nədir yazmısan?..
- Nə
yazmışam ki? Yoxsa səhv-zad eləmişəm?..
- Əlbəttə,
yazırsan ki, "Dost darvazası" restoranı mənimdir...
- Məgər
sizin deyil?
- Xeyr, mənim
deyil, bacarırsan sübut elə, başqasının
adınadır.
- Yəqin
ki, deyəcəksiniz Dördyoldakı mebel mağazası da
sizin deyil...
- O da mənim
deyil... Bir maraqlan gör kimindir də?
- Cənab
Doymazlı, o qırx hektarlıq nar bağı da sizin deyil?
- Necə
başa düşməz adamsan, mən dəliyəm ki,
adıma da nar bağı olsun?
- Yəqin
deyəcəksiniz ki, o özəl avtovağzal da,
böyründəki o bina da sizin deyil!..
Nizibala
tamam hövsələdən çıxdı və
özündən asılı olmayaraq qəzəbli bir
görkəm alıb hikkəylə əlini stola
çırpdı:
- Qüdrət
kişi, heç cızığından
çıxıb-eləmə. İstəyirsən get əlindən
gələni beş qaba çək... Mənim adıma bu rayonda nə bir obyekt var, nə də
torpaq sahəsi. Mən hərif deyiləm ki, sənin
yazdıqların da adıma ola... Hər
işi ehtiyatla görən adamam!..
Heç arvadım da öz adıma deyl, davernusla
almışam...
Qüdrət
kişi bu həyasız məmura deməyə
daha bir söz tapmadı. Heyrət dolu bir baxışla onu
süzdü və sonsuz bir nifrətlə "Tfu!.." - deyib kabineti tərk
etdi...
YARIMÇIQ DƏFN
Musa
müəllim ortaboylu, asta yerişli, ilk baxışda
mülayimliyi və mehribanlığı ilə diqqəti cəlb
edən bir adam idi. Amma onun içərisindən
üzünə kimi olan məsafəni qət etmək elə
də asan bir iş deyildi. Sanki bu məsafədə
bir Bermud üçbucağı yerləşirdi. O
nöqtəyə gəlib çatan hər kəsin fikri, xəyalı
bircə anın içində yoxa çıxırdı...
Sonra fikrindən, xəyalından bir iz də belə
tapılmırdı...
Musa
müəllim, işlədiyi institutda bütün müəllimləri
bir-birinə qırdırar, sonra da öyüd-nəsihətlərilə
girərdi araya: "Ay balam, heç ayıb deyilmi, bəs bu
ziyalılıq harda qaldı?.. Heç
olmasa, şərəfli müəllim adına
hörmətlə yanaşın!"
Amma elə
ki, tutaşanların hər birini təklikdə çənəsinin
altına salardı, başlayardı, hər birinə od vurmağa: "Qardaş, yaxşıca səbrin
varmış, bu qədər haqsız iradlara dözdün! Sənin
yerinə kim olsaydı indi öz prinsipi
üçün canından da keçərdi... "
Musa müəllim ali dərəcəli bir araqarışdıran kimi rektorla prorektoru da üz-üzə gətirməyi bacarırdı. Sivişib rektorun qapısından içəri keçən kimi başlayardı: "Mənə çörək vermisiniz. Bunları sizə bildirməsəm, o çörək məni tutar. Prorektor hazırlaşır sizin yerinizə keçməyə!" Girəvələyib prorektorun otağına girəndə isə valın tərs üzünü çevirərdi: "Qardaş, fil qulağında yatmısınız... Rektor bir yerdə ağzından qaçırıb ki, prorektoru başımdan əkəcəm. Özünüz də yaxşı bilirsiniz ki, o, çox qarayaxa adamdır... Bir yaxanı ki tanıdı, kor yapışdığından buraxmayan kimi əl çəkən deyil... "
İnstitut dəyirdi bir-birinə. Çəkişmələr, intriqalar baş alıb gedirdi. Musa müəllim toru hörümçək kimi elə ustalıqla hörürdü ki, özündən başqa heç kəs onun əməllərindən baş açmırdı... Onun əməllərindən təkcə rektor şübhələnirdi... Ancaq onun da əlində bir tutalğac yox idi...
Günlərin birində Musa müəllim gözlənilmədən infarkt keçirdi və tezliklə dünyasını dəyişdi. Həmin günlərdə rektor qısamüddətli məzuniyyətdə olduğundan prorektor dəfn komissiyasının sədri seçildi və Musa müəllim şərafətlə dəfn olundu. Rektor məzuniyyətdən qayıtdıqdan bir neçə gün sonra elmi şuranın yığıncağı keçirildi. Bu yığıncaq da əvvəlkilər kimi səssiz-küysüz ötüşmədi... Yenə də dartışma, yenə də çaxnaşma, yenə də çarpışma...
İclasdan sonra rektor evə yorğun gəldi. O, tərəddüdlər
içərisində qalmışdı. Axı
Musa müəllim bir aydan artıq idi ki, dünyasını dəyişmişdi.
Bəs görəsən, institutda bu
nığnığanı törədən indi kimdir belə!?
O, elə bu düşüncələrin qoynunda da yuxuya getdi.
Yuxuda gördü ki, iş
başındadır. Köməkçisi
içəri keçib bildirdi ki, Musa müəllim qəbulunuza
gəlmək istəyir. Rektor heç özündən
asılı olmadan və fərqinə varmadan: "Burax, qoy gəlsin"
- dedi. Musa müəllim içəri girərkən sanki
rektor indi hiss etdi ki, bəs Musa müəllim bir aydan
artıqdır ölüb, bu nə olan şeydir... Musa müəllim
salam verib rektorun qarşısında
müntəzir dayandı. Rektor tərs-tərs onun üzünə
baxıb dilləndi:
- Musa
müəllim, siz ki bir aydan da artıqdır vəfat
etmisiniz...
- Hörmətli rektor, bəs bilmirsiniz, mən özüm boyda da yerin altdayam!? Yerin üstdəki hissəmi dəfn elədilər... Mənim yerin altdakı hissəm qaldı. Özünüz də yaxşı bilirsiniz ki, dəfn komissiyasınin sədri prorektorumuz idi. İndi ondan şikayətə gəlmişəm. Niyə məni yarımçıq dəfn etdirib?..
Rektor düyməni basıb prorektoru kabinetə çağırdı. Prorektor içəri girər-girməz rektor qəzəblə onun üstə çığırdı: - Sən necə dəfn komissiyasının sədri idin ki, Musa müəllim yarımçıq dəfn olunub!? Kişinin dəfninin ikinci hissəsini də təcili təşkil etməlisən! Mən də deyirəm ki, bu institutda nığnığa niyə hələ də kəsilməyib!..
Rektor yumruğunu stola möhkəm vurub, qəzəblə prorektorun üstə necə qışqırdısa, öz səsinə yuxudan oyandı və yerindən dik atıldı...
ZƏHƏRLİ
DİŞ
Hələ milli münaqişələr baş qaldırmamışdı. Ermənilərin torpaq iddiası açılıb-ağarmamışdı...
İrəvanın beş addımlığındakı azərbaycanlı kəndlərindən birində yaşayan Nurəddin kişigilə Azərbaycandan tez-tez qonaq-qara təşrif buyururdu. Üç-dörd gün olardı ki, Gəncədə yaşayan nəvəsi Sədaqət də onlara gəzməyə gəlmişdi. Bir səhər Nurəddin kişi dişi bərk ağrıyan Sədaqəti də götürüb İrəvandakı mərkəzi diş poliklinikasına gətirdi. Həkim Karapet qızın dişini nəzərdən keçirib çəkilməli olduğunu bildirdi. Tibb bacısı Silva qızın damağına iynə vurdu. Beş-on dəqiqə keçəndən sonra Karapet maqqaşı əlinə götürdü... Dişi yavaş-yavaş sağa-sola oynatdı... Bu zaman Silva ermənicə yavaşca: "Hələ bir az eş, çıxarmağa tələsmə" - dedi... Karapet dodaqaltı mızıldandı: - "Özüm yaxşı bilirəm... "Tibb bacısının dediyi sözləri və həkimin him-cimini yaxşı anlayan Nurəddin kişi birtəhər səbrini basıb gözlədi.
O, ermənilərin əhatəsində yaşadığından onların dilini az-çox başa düşürdü... Karapet elə bir ucdan azərbaycanca deyinirdi: "Ara, bu dişin kökü qarmaq kimi əyilib... Qoy görüm neyləyirəm... "
Karapet əlindəki maqqaşı sağa-sola oynatdıqca Sədaqət ah-uf eləyir, gözlərindən yaş axırdı. Nurəddin kişi isə beynində nəyisə ölçüb-biçir, çətinliklə də olsa səbrini cilovlayırdı.
Karapet daha işin ağ olacağından ehtiyat edərək çox da uzatmadı. Dişi çəkib çıxartdı və yerinə yod da vurmadan, quruca pambıq basdı...
Nurəddin kişi stomotoloji kreslonun qarşısında dayanıb həkimin yaxasından yapışdı:
- İndi sən əyləş kresloda!..
- Ara, mən nəyə?..
- Mən də sənin dişini çəkəcəyəm!
Özü də zəhərli dişini... Siz ilan kimi bir məxluqsunuz... Zəhərli dişiniz çəkilməsə,
sizə öhdə olmaz!
Arıq-uruq erməni həkimi çabalayıb Nurəddin
kişinin əlindən çıxmaq istədi. Nurəddin kişinin vitrindən
əlinə götürmüş olduğu yekə
maqqaşı görüb daha da vahimələndi... Bir anlıq yerində donub qaldı və birdən
balıq kimi çabalayıb Nurəddin kişinin əlindən
çıxaraq özünü bayıra atdı. Dəhliz
boyu: - Ara, bu türk məni öldürdü, köməyə
gəlin! - deyə
çığırmağa başladı...
Nurəddin
kişi onun arxasınca nifrət dolu nəzərlərlə
baxırdı... Dəhlizin başına çatmaqda olan
Karapetin şalvarı islanmışdı...
Ələsgər ƏLİOĞLU
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.13.