Bələdiyyə Teatrının səhnəsindəki
"Nəsimi"
"Nəsimi ili"nin
son aylarını yaşadığımız
zamanda ictimaiyyətin dahi şair və mütəfəkkir
İmadəddin Nəsimi
irsinə marağı,
diqqəti qətiyyən
azalmır. Hər kəs il
tamam olmadan şairin adını əbədiləşdirmək və
bu ilə öz töhfələrini
vermək üçün
çalışır.
Daha bir töhfəni noyabrın
12-də Bakı Bələdiyyə
Teatrı təqdim etməyə çalışdı. Belə
ki, həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə
"Nəsimi ili"
elan olunması münasibətilə hazırladığı
"Nəsimi" bədii-fəlsəfi
dramının premyerası
keçirildi. Tamaşanın bir özəlliyi də o idi ki,
bu, Bakı Bələdiyyə Teatrının
50-ci tamaşası idi.
Təəssüf ki, yenə də öz doğma məkanlarından uzaqda, qonşu teatrın səhnəsində qonaq qismində...
Həmçinin, "Nəsimi" Bakı Bələdiyyə Teatrının
Xalq artisti Amaliya Pənahovadan sonrakı ilk premyerası idi. İstər tamaşanın hazırlığı
vaxtında, istərsə
də premyerada mən də daxil olmaqla, hər birimizin gözləri yenə də Amaliya xanımı axtarırdı.
Tamaşa Xalq yazıçısı
İsa Hüseynovun (Muğanna) "Məhşər"
romanının motivləri
əsasında Akademik
Milli Dram Teatrının
ədəbi hissə müdiri, teatrşünas
Çingiz Ələsgərlinin
səhnə versiyası
üzərində hazırlanmışdı.
Hələ hazırlıq prosesində
istər rejissor, istər pyesin müəllifi, istərsə
də aktyorlar tamaşaçını tamamilə
ayrı bir Nəsimin gözlədiyini
iddia edirdilər.
Həmişə alışdığımız
şair, filosof, mütəfəkkir Nəsimidən
başqa, bu dəfə insan, şəxsiyyət Nəsimini
görməli idik.
Tamaşadan öncə səhnəyə
çıxan Mərahim
Fərzəlibəyovla Çingiz
Ələsgərli qonaqları
salamladıqdan sonra səhnə əsəri haqqında ümumi məlumat verdilər. Yuxarıda yazdıqlarımızdan
əlavə, heç
nə deməyib, vaxtı uzatmadan yeri tamaşaya verdilər.
Əsərə keçməzdən öncə qeyd edək ki, tamaşada
əsas rollarda Tural Əhməd (Nəsimi), Aydın Əliyev (Nəimi), Hüsniyyə Mürvətova
(Fatma), İlqar Musayev (Əmir Teymur), Rafiq İbrahimov (İbrahim şah), İsmayıl Atakişiyev (Şeyx Əzəm), Toğrul Rza (Gövhərşah), Zülfiyyə Qurbanova (Zəhra), Ülviyyə Rza (Əzra), Mehman Abdullayev (Yusif) və Əhməd Salahov (Həmzə) çıxış
edirdilər.
Səhnə dekorasiyası sadə olmaqla bərabər, maraqlı idi. Hər iki
tərəfdən əski
əlifba ilə Nəsiminin qəzəlləri
asılmışdı. Tamaşanın əvvəlində də aktyorlar əllərində Nəsimi
qəzəlləri ilə
qonaqları salamladılar.
Keçək əsas məsələyə...
Etiraf edim ki, tamaşadan gözləntilərimiz olduqca
yüksək idi. Ən azından
bu tamaşanı Amaliya Pənahova məktəbinin istedadlı
tələbələri və
peşəkar kollektiv
hazırlamışdı. Bakı Bələdiyyə Teatrının
aktyorlarının istedadı,
peşəkarlığı heç kimə sirr deyil. Amma...
Birinci "amma"
əsərin quruluşundadır. "Nəsimi"
filmindəki səhnələrdən
qaçmağa çalışan
müəlliflər tamaşaya
hər şey qatmışdılar, yenilik,
təzə obraz, özünəməxsus baxış
bucağı, Nəsimi
şəxsiyyəti... Amma
canlılıq, dinamika
qatmaq unudulmuşdu, təəəsüf ki...
Uzun-uzadı monoloqlar, dialoqlar
əsərin tempini aşağı salır, insanın tam mənasıyla
olayların içinə
girməyinə mane olurdu.
Tural Əhmədin yaratdığı Nəsimi həqiqətən də yeni idi. Ancaq burada ikinci "amma" çıxır qarşımıza. O da aktyorun Nəsimini baş obraz, əsas qəhrəman səviyyəsinə qaldıra bilməməyidir. Tural Əhmədin Nəsimisi üsyankar deyil, sakitdir, sakitlik tərəfdarıdır, nə o üsyan var gözlərində, nə o inadkarlıq. Baxmayaraq ki, dilindən od tökülürdü. Amma sözünə, mövqeyinə bəlkə Əmir Teymuru, Fatmanı, tərəfdaşlarını inandırır, amma zaldan onu izləyən tamaşaçını inandıra bilmir. Nəsiminin səhnəyə çıxışı ilə xəyallarımız suya düşdü deyə bilərəm. O vüqar, o əzəmət, o zəhm yox idi.
Son sözləri Nəimi obrazı üçün də deyə bilərik. Aydın Əliyevin Nəimisi də təriqət başçısı kimi deyil, mülayim, sevgi dolu, incə ruhlu qoca kimi qarşımızdadır.
Nəsimiylə Fatmanın məhəbbətinə filmdən daha çox yer verilmişdi. Bu da bayaq qeyd etdiyimiz kimi, müəlliflərin Nəsimini şəxsiyyət, aşiq kimi təqdim etmək məqsədlərindən irəli gəlirdi.
Əməkdar artist Hüsniyyə Mürvətovanın Fatması da maraqlı obrazlardan biri idi. Ancaq təəssüf ki, Nəsimiylə Fatmanın eşqlərini bir-birinə izhar etdikləri səhnədəki uzun-uzadı, yorucu dialoqlar çox idi. O ülvi eşqi uzun sözlərdə deyil, hərəkətlərdə, baxışlarda, iki sevgilinin bir-birinə münasibətində görmək, məncə, daha təsirli və tutarlı ola bilərdi. Həmin səhnədə Nəsiminin sönüklüyü Hüsniyyə Mürvətovanın alovlu ifasının da tamaşaçılara tam çatmasına mane olurdu.
Sonrakı səhnələrdə isə aktrisa Fatmanı tamamilə əlinə aldı. Artıq Fatmanın eşqi, ata məhəbbəti, təriqətə sadiqliyi, Allah inancı ən incə zərrəsinə qədər ötürülürdü. Eyni zamanda, biz bu tamaşada Hüsniyyə xanımı fərqli aspektdən tanıdıq. Öyrəndik ki, sən demə, Əməkdar artistin çox gözəl səsi, məlahətli ifası da varmış. Onun Nəsiminin “Hardasan” qəzəlini möhtəşəm ifası nəhayət ki, o eşq acısını hiss etməyimizə şərait yaratdı.
Və təbii ki, sonluq... Son səhnələrdə Fatmanın həm sevdiyi adam, həm də atası üçün qopardığı fəryad, tökdüyü göz yaşları tamaşaçıları da ağlatmağa, o ağrını öz ürəklərində hiss etməklərinə yetdi.
Nəsiminin Əmir Teymurla görüşdüyü səhnə nisbətən maraqlı idi. Əmir Teymuru canlandıran İlqar Musayev bu obrazı fərqləndirməyi, özününküləşdirməyi bacarmışdı. Tural Əhməd də sanki bu səhnədə daha çox "Nəsimiləşmişdi". Nəhayət ki, ondan gözlədiyimiz ifanı burada ala bilməyin sevinci ilə tamaşaya daha çox adaptasiya olmuşduq.
Aktrisa Zülfiyyə Qurbanovanın canlandırdığı Zəhra obrazı müəlliflərin uğurlu tapıntısı idi. Nəsimiyə aşiq olan, ona pərəstiş edən bu gənc qız həmin dövrün eyni hissləri birləşdirdiyi gənc qızların ümumiləşdirilmiş obrazı kimi xarakterik idi.
Görülən hər işdə çatışmazlıqlar olduğu kimi, burada da vardı. Amma tamaşanın əyir-əskiklərini ilk premyeranın həyəcanına, xofuna yozmaq olar, məncə. Ümumi şəkildə çəkilən zəhmət və dahi şairə olan fərqli baxış bucağı təqdirəlayiq, ümidvericidir. Yəqin ki, gələcək aylarda bu tamaşa bir daha nümayiş olunsa, məmnuniyyətlə, gedib yenidən baxacağam və bu dəfə sadaladağımız çatışmazlıqların aradan qalxacağına da əminəm. Çünki yaradıcı heyət ayrı-ayrılıqda peşəkarlardır. Və elə məsələ də budur ki, peşəkarlardan gözlənti daha böyükdür. Kollektivə uğurlar arzulayırıq!
P.S. Sonda bu il ərzində fikrimdən çıxmayan və həmin tamaşa günündən bu yana da hər an məni məşğul edən sualla yazıma nöqtə qoyuram: Biz doğrudan da Nəsimini yetərincə tanıyırıqmı?
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.12.