Ədəbi mühitimizin
"Kitob Dunyosi"ndəki mənzərəsi
"525-ci
qəzet"in yaxın
tərəfdaşı, Daşkənddə
çıxan "Kitob
dunyosi" qəzeti Azərbaycanın ədəbi-mədəni
həyatını mütəmadi
olaraq işıqlandırır,
ədiblərimizlə müsahibələr
dərc edir, ölkəmizdə gedən
ədəbi proseslər,
yeniliklər barədə
məlumatları öz
oxucularına çatdırır.
Qəzet özünün 12 noyabr tarixli son sayında "Xəmsə" indi Azərbaycan dilində"
sərlövhəli bir
yazı dərc edib. Həmin yazıda
deyilir: "Həzrət
Əlişir Nəvainin
zəngin ədəbi
irsinin öyrənilməsi
hər bir milli ədəbiyyatın əsas meyarı hesab edilir. Eləcə
də beş
dastandan ibarət
"Xəmsə"nin şöhrətinin
bütün yer üzünü bürüməsi,
gündoğardan günbatara,
məşriqdən məğribə
yayılması da bir həqiqətdir. Bütün türk xalqları, şübhəsiz ki, Nəvai tərəfindən
yaradılan əsərləri
öz mirası və sərvəti kimi qəbul edir.
Bu günlərdə aldığımız
xoş bir xəbər köksümüzü
dağ tək qabartdı. Müasir Azərbaycan ədəbiyyatının
tanınmış tərcüməçisi,
ədəbiyyatşünas alim, yazıçı Ramiz Əskər söz mülkünün sultanı həzrət Nəvayinin beş dastandan ibarət "Xəmsə" əsərinin
"Heyrət ül-əbrar",
"Səddi-İskəndəri",
"Fərhad və Şirin", "Leyli və Məcnun" kimi dörd dastanını Azərbaycan
dilinə tərcümə
etmişdir. Tərcümə, əlbəttə, uğurlu alınmışdır.
Tərcüməçinin məlumatına görə,
bugünlərdə beşinci
dastan - "Səbayi-səyyar"
tərcüməsi üzərində
iş başa çatmaqdadır. Tərcüməçi Azərbaycan dilində Nəvai əsərlərinin
lüğətini də
tərtib etmək niyyətindədir. Ramiz Əskər
Zəhirəddin Məhəmməd
Baburun həyatı və yaradıcılığı
haqqında yazdığı
elmi işləri və mətbuatdakı çıxışları ilə
özbək oxucularına
yaxşı tanışdır.
O, Babur adına beynəlxalq mükafat laureatıdır. Özbək və
Azərbaycan ədəbiyyatı
arasındakı ədəbi
əlaqələrin möhkəmlənməsinə
xüsusi töhfə
verən ədəbiyyatşünas,
Özbəkistanın Nəvai
şəhərinin fəxri
vətəndaşı Ramiz
Əskərə gələcək
fəaliyyətində müvəffəqiyyətlər
arzulayırıq!"
Qəzetdə Ramiz Əskərin şəkli, yazıda adı çəkilən
dörd poemanın üzqabığının fotosu
verilib. Qəzet həmin günlərdə
qeyd edilən "Özbək dili" bayramı münasibətilə
xalq şairi Erkin Vahidovun Ramiz Əskər tərəfindən tərcümə
edilmiş "Özbəyim"
qəsidəsini də
Azərbaycan dilində
dərc edib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.9.