Etiraf fəlsəfənin təməl
şərti kimi
Esse
Həyatın bütün sahələrinə
aid edilən bir fikir var: Uğur
qazanmaq istəyirsənsə,
özün ol. Bu, uğurun düsturudur.
"Özün ol" ifadəsi çox zaman "olduğun kimi görün"lə eyniləşdirilir.
Amma "özün ol"un alt qatında
yatan daha dərin məna var - etiraf.
Özü kimi görünmək və özü olmaq üçün insan mütləq nələrisə etiraf etməlidir. Bu etiraflar
onun özü, daxili ilə bağlı olmalıdır.
Yalnız bu halda uğur qazanmaq və sözün əsl mənasında insan olmaq mümkündür.
"Etiraf bütün
sahələrdən seçilən
fəlsəfədə də
keçərlidirmi?" sualına
cavab vermək üçün 1885-1962-ci illər
arasında yaşamış
yaponiyalı ekzistensialist
filosof Hajime Tanabenin düşüncələrinə nəzər salmaq lazımdır. Tanabe deyirdi
ki, hər bir insan düşünür,
amma fəlsəfə
ortaya qoymaq üçün etiraf etməliyik. Yalnız
bu şəkildə filosof olmaq olar. Bu zaman ikinci sualla qarşılaşırıq:
Nəyi və necə etiraf etməliyik?
Bu suala Hajime Tanabe fəlsəfənin
şərq və qərb qollarını ortaq bir nöqtədə
birləşdirməklə cavab verir. Əgər söhbət
etirafdan və fəlsəfənin qərb
qolundan gedirsə, o zaman mütləq Sokratı xatırlamalıyıq.
Fəlsəfə tarixində ilk etiraf
etmiş odur. Belə ki, Delfili rahib
Sokratın Afinada ən ağıllı insan olduğunu deyir. Sokrat bunu yoxlamaq üçün qarşısına
çıxan insanlara
müxtəlif suallar verir. Heç bir şey bilməmələrinə rəğmən
suala cavab verən insanları görəndən sonra Sokrat həqiqətən də Afinanın ən ağıllı insanı olduğunu qəbul edir. Çünki o, heç bilmədiyini etiraf etmişdi: "Bircə onu bilirəm ki, heç nə bilmirəm". Bu etiraf onu dövrünün ən böyük düşüncə
insanına çevirmiş
və dolayı yolla olsa da,
edamına belə səbəb olmuşdu.
Tanabe şərq fəlsəfəsi
dedikdə isə Mahayama buddizm məktəbinin "Təmiz
torpağın buddizmi"
qoluna mənsub olan rahib Sinranın
düşüncələrini nəzərdə tuturdu. Tanabe də Sinran kimi insanın öz gücü ilə aydınlana bilməyəcəyinə inanırdı.
Lakin mütləq şəkildə
aydınlanmalı olan
insanın bu halda bir yolu
yolu qalırdı - öz bilgisizliyini və sərhədlərini
etiraf etmək. Etirafı insan özü etsə də, bu, "başqa güc" olur. Rahib Sinran üçün
bu "başqa güc", digər adı ilə isə etiraf Budda Amitabhadır. Tanabe etiraf məsələsində
rahib Sinran ilə raşılaşsa
da, onun üçün "başqa
güc" mütləq
heçliyə və
bundan yola çıxaraq da şəxsi aydınlanma və müdrikliyə bərabər idi.
Fəlsəfə Tanabe üçün zirvə deyil, əksinə, o, həyatın təməlidir. "Etiraf edən insan fəlsəfəyə
ehtiyac duymaz" deyir Tanabe. Fəlsəfə aydınlanmaya, müdrikliyə
gedən yolda keçilməli olan mərhələdir. Tanabe burada Martin Haydeqqerin fikri ilə ifadə edir düşüncəsini: "Fəlsəfə
öz varlığımızla
münasibət qurmaq prosesidir".
Hajime Tanabenin ekzistensialist
olaraq fəlsəfəsinin
təməlində dayanan
öz varlığını
dərk etmək düşüncəsidir. Bu isə sadəcə etiraflarımız ilə reallaşa bilər. Sokratın etirafından fərqli olaraq Tanabenin nəzərdə tutduğu
etiraf forması özünü başqa gücə tabe etməkdir. Elə buna görədir
ki, o, qərb fəlsəfəsi ilə
yanaşı, şərq
fəlsəfəsinə və
dini təlimlərinə
qədər gedib çıxır. Xatırladım ki, xristianlıqdakı günah çıxarmaq da bir növ
etiraf etməkdir.
Tanabenin də dediyi kimi, daimi etiraflar
bizə öz sərhədlərimizin harada
başlayıb, harada bitdiyini göstərir.
Öz sərhədləri içində
olan insan isə varlığını
dərk etməkdə
çətinlik çəkmir.
Tanabeni etiraf düşüncəsi üzərində
bu qədər israrla dayanmağa sövq edən İkinci Dünya müharibəsinə şahidlik
etməsi və ölkəsinin bu müharibədən ağır
məğlubiyyət və
itkilərlə çıxması
idi. Etirafdan uzaq olan, hər şeyi bildiyini zənn edən və bildiklərinin mütləq
şəkildə doğruluğuna
əmin olan insanlar həm ölmüş, həm də öldürmüşdü.
"Nəyi və
necə etiraf etməli?" sualının
cavabı isə təbii ki, fərddən fərdə
dəyişir. Hər kəsin sərhədləri
və bu sərhədləri müəyyən
edən fəaliyyətlər,
hadisələr, yaşadıqları,
düşüncələri müxtəlifdir. Nəyi və
necə etiraf edəcəyiniz sizə bağlıdır. Çünki siz istəməlisiniz sərhədlərinizi tanımağı,
varlığınızı anlamağınızı və
insan olmağı.
Bu etirafla elə
bir sirrinizi verməlisiniz ki, onunla birlikdə yaşadığınız kimi,
onsuz da yaşa biləcəksiniz.
Bəs sizin sirriniz
nədir?!
Taleh
EMİNOĞLU
525-ci qəzet.- 2019.- 16 noyabr.- S.23.