gündə dünyaya gələn şair...

 

 Şamxal Rüstəmin xatirəsinə

 

 

Bu gecə sosial şəbəkəni, saytları ələk-vələk elədim, sözünü, söhbətini, şeirlərini axtardım. İllərdi səndən, həyatın eniş-yoxuşlarında yaşadığın özəl həyatından xəbərsizdim.

 

İldırım sürətilə ötən amansız zaman içində əriyib gedən unudulmaz tələbəlik çağlarımızın xəyalımda həsrətlə izlədiyim bütün kadrlarında həyəcanla, narahat bir ovqatla səni axtardım, Şamxal. Asta, sakit, bəzən lap pıçıltılıya bənzər səsini eşitmək istədim. O bəxtəvər çağımızda gözdə-könüldə sevgi duyğuları oyadan, ruhumuzu buludların arasında gəzdirən bənövşə ətirli şeirlərini elə öz ifanda xatırlamağa çalışdım... Tanrı sənə vəhy təki, işıq təki poetik dil, təfəkkür bəxş etmişdi. Bizlər sənin sevgilə süslənmiş çöl-çəmən ətirli, bir az da qəmgin ovqat yaradan (belə ovqatın da öz ruhsallığı var), ürəyimizi əsdirən, sızladan şeirlərinin havasından ayrıla bilmirdik...

Birdən-birə çəkildin, yox oldun, narahat qaldıq. Elə hamımız səni axtarırdıq, bir-birimizdən səni soruşurduq: vaxtdı Şamxaldan xəbər yoxdu, səsi gəlmir, haralardadı görən? Başımızdan yağış təki axıb-tökülən, ürəyimizdən yük kimi asılan qayğıların içində çabalayır, ömür sürürdük. Daha hal-vaxtmı vardı Şamxalı axtarmağa... Amma bu axşam, bir neçə saat əvvəl sənə bolluca əziyyətlər yaşadan, ədəbi yüksəlişini, sevincini əlindən alan həyatdan köçdüyünü eşidəndə varımdan oldum. Yox ki sən, ya hansı birimizsə bu dünyanı dördəlli tutub-duracaqdıq. Məni yandıran o idi ki, Tanrının ürəyinə, çiyninə qoyduğu missiyanı daşımağa gücün yetmədi. Bəlkə kimsə səni "qarğıdı", hansı qüvvəsə işığını, coşqunu, səyini aldı, həvəsini öldürdü, bu dünyaya niyə gəldiyini sənə unutdurdu? İndi məni korun-korun yandıran, sızladan da bunlardı, bəxtikəmliyindi, qardaş...

Amansız qəddar zaman bir göz qırpımında "oğurladı" hər şeyimizi, göz açıb-yumunca ötən günlərimizi, yaşadığımız təravətli, qaynar çağlarımızı itirdik. Amma Tanrıya asi olmadıq, hər halımızda da şükür etdik. Şamxal da hardasa taleyinin kəmliyindən, amansızlığından, heç bəlkə rəncidə deyilmiş, özəl həyatını birtəhər yaşayırmış. Amma Fələk bu birtəhər yaşamını da ona çox gördü...

Bu gecə xəyalımda Lirik düşüncələrilə qaranlıqda donub-qalmış Şamxalın obrazını axtardım. Onu aydınlıqda görmək, təsvir etməkdən ötrü gəncliyimizə boylandım. Yoxsa, bu səssiz gecədə nəmin bəbəklərimə pərdə çəkdiyi anlarda sinəmdə alışıb-yanan kədərimlə söz-zözə, göz-gözə dayanıb özümə suallar yağdırmazdım ki! Əlataşda, vaxtilə çox az sayda mətbuata verdiyi müsahibələri, bir neçə il əvvəl tələbə yoldaşımız Səməd Məlikzadənin haqqında yazdığı (bəlkə bu yazıdan heç özünün xəbərin olmadı)  çox yanğılı, ürəyimi oyan esse-məqaləni həyəcan içində oxudum...

İndi qəlbimin sızıltısı yandırıb-yaxır məni, hələ ki kədərimin canı istidi, onçun da aldığım acı xəbərə heç vəchlə inanmaq istəmirəm, uşaqtək aldadıram, daha doğrusu, aldatmaq isəyirəm özümü...

Onu bilirəm ki, elə pərakəndə yaşamısan ki, bu dağınıqlıqda ədəbi varidatın da it-bata düşüb. yaxşı ki, vaxtilə radioda çalışmısan, orada şeirlərin səslənib, sözlərinə yazılmış mahnılar "qızıl fond"da saxlanılır. Bir yaxşı ki, şeirlərinin bir qismi dildə-ağızda oxunaraq yaddaşlardan yaddaşa keçib, sevilərək oxunub, yaşayıb, unudulmayıb. Yuxarıda adlarını çəkdiyim şeirlərin vaxtilə (elə indi !) şox populyar olub, sevgililər bir-birinə göndərdiyi gül ətirli məktublarında sənin məhəbbət şeirlərinlə ruhlarını alışdırıblar...

Şamxalın "Tələbə" şeiri o illərdə  radioda "Tələbə-gənclər" proqramında verilişə giriş kimi hər gün səslənirdi. İndi o şeirdən iki misra hələ yaddaşımdan silinmir, hərdən xəyalən tələbəlik çağlarıma qayıdanda yaddaşımda ilk olaraq bu misralar közərir: Tələbəyəm, hələ mehəm, Bu günümə, sabahıma cavabdehəm...

O illərdə Şamxalın şeirləri, sözlərinə bəstələnmiş mahnılar könülləri duyğulandırb, ehtizaza gətirdiyindən hamı onu görmək, yaxından tanımaq istəyirdi. Amma Şamxal utancaq davranışı ilə bir daldaya çəkilir, göz qabağında olmaq istəmirdi. Qızlarla salamlaşıb, hal-əhval tutanda da elə astadan, sakitcə dillənirdi ki, sanki salamını, sözünü pıçıltı ilə deyirdi. Abrına, həyasına söykənən, az danışan bir oğlan idi. Mühazirələrdə arxa sıralarda əyləşər, sanki gözlərdən gizlənər, diqqəti cəlb etmək istəməzdi. İndi düşünürəm ki, həmin vaxtlarda o, ruhunu sarmış poetik aləmindən qopa bilmirmiş...

Adını anmadığım babamın, nənəminmi,

Oduna yanmadığım qonşu qız Sənəminmi,

Eh, qəlbini qırdığım bilim, yüzmü, minmi? -

Bircə biləydim məni kimin qarğışı tutdu.

Yetməmişəm çətində çox doğmamım dadına,

Çoxunu unutmuşam, çoxu gəlmir yadıma,

Bir quzu kəsilibmiş doğulanda adıma,

Bircə biləydim məni kimin qarğışı tutdu.

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,

Xəta hər ömrə gəlməz, bəla hər başı tutmaz.

Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,

Bircə biləydim məni kimin qarğışı tutdu.

Taleyimiz bir alın yazısıdı, qardaş. Amma o da var ki, özündə bir ruh düşkünlüyü, ovqat acılığı oldu. Bu halından qopa bilmədin, bir vaxtlar şeirlərindən ürək dolusu zövq alan ustad qələm dostların da səni küskünlüyün havasından almadılar, sənə sahib şıxmadılar. O zaman sevənlərin könül dəftərində qızılgül rəsmləri ilə haşiyələnmiş belə bir şeirin dillər əzbəriydi: "Belə qəmli dayanma..." Hər dəfə bu mahnını eşidəndə içimdə acı bir həsrət alışır:

Görüşünə gəlmişəm,

Sən ey gözü bənövşəm.

Gözü nəmli dayanma,

Belə qəmli dayanma...

Var soyuğu, var odu

Bu yol sevgi yoludu.

Ürək sözlə doludu

Belə qəmli dayanma... 

Hansı birini xatırlayım, hansından söz açım... Şeirlərinin toplusu, bir kitabın da olmadı ki, onların ideyasından məzmun-mahiyyətindən sevərək bəhs edim. Səni yaddaşlarda közərdim, tanımayanlara tanıdım... Eh, dünyaya gəlişi " günə" düşən qara tale yaşayarmı...  Bəs deyirdin "Siz məni heç yana tələsdirməyin..."  

Vaxtında gəlibdi ürəyə ağrı,

Saçımın dəni vaxtına düşüb.

Dünyada heç nədən gileylənmərəm,

Dünyaya gəlişim günə düşüb -

Siz məni heç nəyə tələsdirməyin...

Heyif səndən, Şamxal Rüstəm... Çox istedadlı şair idin. Şeirlərin ötən əsrin 70-ci illərində radio dalğalarında tez-tez səslənir, gənclərin dilindən düşmürdü. Xüsusən "Tələbəyəm", "Elə qəmli dayanma", "Bircə biləydim...", "Siz məni heç nəyə tələsdirməyin", "Quşlar çöp daşıyır yuva qurmağa", "Bu dünyanın ölümü var min cürə", "Niyə qopdu tufan", "Torpaq" ... yadıma düşəndə indi ruhum alışır... Hamımızın sakin olacağımız dünyaya sən bəlkə daha çox ağrılarla getdin. Həyatda o qədər acılar, uğursuz tale yaşadın ki... Ədəbi mühitin söz-ixtiyar sahibləri sənə yiyə durmadılar. Poetik incilərinə yol açmadılar. Bu dar macalda böyük Mirzə Cəlilin o zaman çoxdan səsi-sədası gəlməyən Əli Nəzmidən nigaran qaldığından: "Molla Nəsrəddin"də "Sijimqulu"nu axtarıram..." deyib haray çəkdiyi yadıma düşür... Səni isə axtarmadılar. Amma qəm, bilirəm ki, Ana torpaq bəxtikəm övladını nəvazişlə isti qucağına aldı. Rahatlıq tapdınmı, qardaş?..

Daha heçyaza bilmirəm, bayaqdan gözlərimdə torlanmış nəm, indi aramsız damcılara dönüb yanaqlarımı yandırır... Allah sənə rəhmət eləsin, ağrı-acılarını, iztirablarını, bütün uğursuzluqlarını - bir şələ mənəvi yükünü ürəyinə, çiyninə alıb əbədi evinə köçdün. Ruhun şad, yerin behişt olsun. Yeni mənzilin mübarək, Şamxal Rüstəm!..

 

Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 16 noyabr.- S.23.