Yeni dövrün mətnləri:
"Qələmsiz
yazılanlar"
Esse
Sənət yaratmaq günün həqiqətlərini gələcəyə
simvollarla çatdırmaq cəhdidir. Borxesin bütün
zamanlar üçün öz isbatını tapmış bu
fikri zəmanəmizdə - kompüter erasında necə,
aktual olaraq qalırmı? Yəni bu gün
həqiqətləri gələcəyə ötürmək
üçün sənət yaratmağa ehtiyac varmı?
Sürətli zamanın tələskən fərdinin
vaxtını alacaq, başını qatacaq o qədər
çox şey var ki, yüzlərlə səhifəlik
kitabı oxumaq, ondan informasiya almaq, hələ bir də müəllifin
fərdi üslubunu, estetikasını kəşf etmək həvəsi
absurd görünürdü. Texnologiyanın inkişafı ədəbiyyatşünaslarda
bu fikri konkretləşdirmişdi: "Şeirin
aktuallaşması üçün münbit şərait
yarandı, nəhayət". Çünki hər kəs
inanırdı ki, gününün təxminən üç
saata yaxınını internetdə, sosial şəbəkə
platformalarında keçirən, tıxaclarda gecikən,
növbələrdə gözləyən, fiziki
yorğunluğu fəsfud və qısa yuxularla kompensasiya edən
cəmiyyət beş yüz səhifəlik
romanı və ya hekayələr toplusunu
populyarlaşdırmayacaq. O, yenidən şeirə, lakonik ifadələrə
qayıdacaq. Belə olmadı. Ədəbiyyatın ən qalın romanları, ən
oxunaqlı mətnləri sosial şəbəkələr
dövründə yarandı, şeir isə öz qürubunu
yaşamağa davam etdi. Roman janrı sənətə
çevrildi və öz strukturunda, konsepsiyasında şeiri,
esseni, qısa hekayəni, publisistikanı, azad jurnalistikanı,
reportajı, müsahibəni eyni anda istifadə etməyə
imkan verdi. İzmlər isə
bu imkanı daha da genişləndirdi. Karnavalvari
mətnlər sürət dövrünün oxucularını
yormadı. Əksinə, tənqidçilər
ifrat roman sevgisinin standartlaşmaya, ucuz bazara çevriləcəyindən
ehtiyat etməyə başladılar. Bununla
belə, yenə də elektron imkanların kitabı və bədii
mətni sıradan çıxaracağına hələ də
"ümid" var.
"Qələmsiz yazılanlar" kitabının
çap olunması xəbəri mətbuatda
yayılar-yayılmaz müəlliflə müsahibə etmək
qərarını aldım. "Feysbuk mənim iş yerimdir..."
başlıqlı müsahibədə Rəşad Məcid
suallarımdan birini belə cavablandırmışdı:
- Gələcəkdə
insan lazımsız bir məhfuma çevriləcək. Sanki bizi öz yaratdıqlarımızdan heç nə
xilas edə bilməyəcək. İnsanın ən ali üstünlüyü
duyğularıdır, onu da əlimizdən alsalar, heç nə
olacağıq. Buna görə narahat oluram bəzən.
Deməli, öncə bu kitaba bir
yazıçının ədəbiyyatı texnologiya
dövründən "xilas etmək" cəhdi kimi
baxacağıq.
Ədəbiyyatın
özülü - insan və hisləri
Nizami və
Füzulini müqayisə edən Məmməd Qocayev Nizami
haqqında bəlkə də bütün ədəbi mətnlərə
aid edəcəyimiz fikri səsləndirir:
- Onun əsərlərinin
mərkəzində insan dayanır. O, insandan yazır...
Ədəbiyyat (onun simasında bütün sənət
növləri) insanın etirazını,
sıxıntısını, məna axtarmaq
çabalarını ifadə edir. İnsan əzab
çəkmirsə, narahat deyilsə, xoşbəxtdirsə,
yaradıcılıq potensialı sıfıra
yaxınlaşır. Tərs mütənasib
bir asılılıq var bu işdə. Sənət
dünyanı xilas etmək üçündür. Bəli. Bu ifadə hər gün bir az da özünü tam
çılpaqlığı ilə sübut edə bilir. Şeirin, hekayənin, romanın, ümumən mətnin
alt qatında etiraz edən müəllif yoxdursa, bədii
atmosferdən, ədəbi həllini tapan yazıdan söhbət
gedə bilməz. "Qələmsiz
yazılanlar" sosial şəbəkə müstəvisində
(2015-2019-cu illərdə yazılan statuslarda daha aydın ifadə
olunur) cəmiyyətin müəyyən
çatışmazlıqlarına, anlaşılmazlıqlara
edilən ictimai qatda etirazdır. Əlbəttə,
müəllifin ictimai-sosial statusu, mövqeyi bəzən (bəzi
illərin ən aktual problemlərinin qabardılmasında)
öz mahiyyətini büruzə verir. Bununla
belə, yazarın ironiyası özünü çox
gözlətmir və ədalətli cinahda öz yerini tutur.
Bir qədər melanxolik, nostalji, həsrətli
statusların lirik esse gücü bəllidir. Əbəs
yerə kitabın içindəkilər status-esse
adlandırılmayıb. Rəşad Məcidin
müsahibədə vurğuladığı narahatlıq
özünü statuslarında gizləmir. Və bir başa hansısa lirik esseyə, qısa
hekayəyə və yaxud elə şeirə kiçik
giriş verir. Bunu hamımız edirik, bilirəm.
Ancaq feysbukda yazdıqlarınızı bədii
mətn kimi akademikin, yazarların rəyi ilə oxucuya təqdim
etmək artıq başqa mərhələdir və bu mərhələdə
kitabın (bədii mətnin) texnologiyaya
uduzmadığını müdafiə edə bilirik. Bütünlükdə özünü assosial
("sosial şəbəkə" ifadəsi ilə ziddiyyət
təşkil edir) fərdə çevirmək, texnoloji kəşflər
üzərində həyatın inşasını qurmaq
qorxuncdur. Yazar öz xatirələrini,
anlarını, səfər təəssüratlarını
yazmaqla bunu ifadə etmək istəyir. Assosial
fərd deyəndə yadıma məşhur "Her" filmi
düşdü. Bir insanın ünsiyyət
proqramına aşiq olması və cəmiyyətdən tədrici
sonda psixoloji travmaya gətirib çıxarır. Film haqqında danışmağa davam etsək,
mövzu uzanacaq. Ona görə,
baxmağınızı məsləhət görüb yenidən
kitaba qayıdıram.
Duyğular, çağırışlar, etiraflar müxtəlif yaş qruplarına aiddir. Məsələn, gənc yazarlar haqqındakı statuslar. Zərif cinsə iltifatlar. Anonim şəxslərin sosial davranışlarına münasibətlər. İctimai xadimlər haqqında fikirlər. Vəzifənin öhdəliklərindən doğan təkliflər və sair. Və bütün bu mövzular bölmələr olmadan, bir-birinin içində verilib. Kitabı hansı səhifədən açıb oxusan həmin səhifədə fərqli mövzular və dairələrə aid azı beş-altı status-esse görürsən. Bir növ karnavalvari quruluşdadır.
İroniya
Kitabın ön sözünün müəllifi, akademik İsa Həbibbəyli "Qələmsiz yazılanlar"ı sosial şəbəkə ədəbiyyatının başlanğıcı kimi təqdim edir. "Sosial şəbəkə ədəbiyyatı" ifadəsi iki cür yozula bilər. Birincisi, sosial şəbəkənin ədəbiyyata da təsiri nəticəsində yaranan mətnlər. İkincisi, ədəbiyyatın sosial şəbəkələrə təsiri nəticəsində yaranan bədii mətnlər. Elektron inqilabın tərəfində durub birinci yozumu dəstəkləmək olar. Ancaq məsələnin və İsa Həbibbəylinin istifadə etdiyi terminin mahiyyətinə varanda sosial şəbəkələrin ədəbiyyatın sadəcə bir mərhələsi kimi görə bilirik. Hegemon olan ədəbiyyatdı. Dominantlıq bədii mətndədir. Məsələn, saray ədəbiyyatı, sufi ədəbiyyatı, müharibə hekayələri, absurd romanlar və sair kimi ifadələrin yanına Rəşad Məcid sosial şəbəkə ədəbiyyatını da əlavə edir. Əslində, sosial şəbəkələr dövründə ədəbiyyat mövzusunda həm xarici müəlliflər, həm də yerli müəlliflər (məsələn, Qismətin "Qələmsiz yazılanlar" kitabı haqqındakı essesi) yazıblar. Yenidən o mövzuya qayıtmayaq. Bu mətnlərin bədii həllini verən bir detaldan danışaq. İroniya. Müəllifin publisistikasındakı yumor, ironiya, sarkazm bu kitabda da özünü bir nömrəli oyunçu kimi aparır. Yeri gələndə vurduğu qollar, bəzən də sosial problemlərə ötürdüyü paslar oxucunu kitaba bir az da bağlayır. Feysbukun özünə də ironiya var, müəllifin özünə də.
"Sosial şəbəkələr bütün üstünlükləri və yaxşı cəhətləriylə bərabər, həm də bir oyun və yarışdır. Kim finişə tez çatacaq?! Kim daha çox bəyəniləcək?! Kimin nəfəsi daha tez təngiyəcək?! Kim daha tez yorulacaq?!"
"Hamının əlində əzizlədiyi telefonlar birdən yoxa çıxsa, nə baş verər?!"
"Keçmişlə yaşamayın, nostalji adamı qocaldır. Gənc qalın..."
"Bir adamın yubileyində neçə dəfə iştirak məqbuldur?!)"
İroniya
mətnə can verir, ruh üfürür. Yazının
bədii atmosferini yaradan ilkin amil yumordur. "Qələmsiz
yazılanlar"da ironiya troll səviyyəsindən daha
yüksək səviyyədə təmsil olunur. Ciddidir. Hansısa məsələnin
şərhində doğur.
Yeni
üslub
Son vaxtlar "Dünya ədəbiyyatı nədir?"
mövzusunda oxuduğum məqalələr istər-istəməz
mətnlərə olan baxışımı dəyişir, fərqli
pəncərədən baxmağıma səbəb olur. Ədəbiyyatın
gələcəyi və keçmişi dünya ədəbiyyatı
ifadəsində özünü gizli saxlayır. Bu ədəbiyyatın əsas şərtlərindən
biri müəllifin yerli, lokal dildən yox, beynəlxalq səviyyədə
tanınan dildən - ingiliscədən istifadə etməsidir.
Və ya mətnlərin bu dilə çevrilməsidir.
Tərcümə prosesində bədii mətn
öz ana dilindəki sehrini qoruyub saxlaya bilmir. Çox nadir hallarda fikrin bədii ifadəsi
bütün dillərə eyni cür yansıyır. Vahid dilli ədəbiyyatın yaranacağı
gümanı ifadə tərzini dəyişir. Azərbaycan
ədəbiyyatının siması hesab olunan mətnlərə
diqqət etsək, bolluca sifətləri, beş
mərtəbəli cümlələri, kənd estetikasında
ifadələri, hadisələri, lokal problemləri sonsuzadək
sadalaya bilərik. Çağdaş nəsr isə
daha sadə, daha ümumişlək, daha lakonik ifadələr
tələb edir. Bu baxımdan
yazdığımız statuslar, mesajlar, bildirişlər
beş-altı cümlədən, iki-üç xəbər
üzvündən ibarətdir. Hisslərimizi
ən sadə və ən tez oxunacaq yolla çatdırmaq istəyirik.
Dünyada populyar olan qısa hekayə janrı məhz
bu konteksdə çox uğurlu kəşfdir. Eyni zamanda da, internet platformalarındakı mətn qəlibləri.
Rəşad Məcid bu qəliblərin
eksperimentini edir. Özündən əvvəlki
nəsildə belə klişe əhvalı oyadan mətn
strukturuna etiraz edir. Status və sms-lərin
kitab kimi təqdimatı yeni üslubu təsdiqləməyin
birinci mərhələsidir. Bir növ
kitab bu cür olmalıdır demək istəyir. Zəncirlənmiş, ardıcıl qoşulmuş mətn
yox, tamamilə müstəqil, bir-birini məzmunca tamamlayan,
amma estetik fərqlilik yaradan yazı sistemi çağdaş
oxucu üçün daha maraqlıdır. Kitabın başlanğıcı və sonu yoxdur.
Məzmun etibariylə "Qələmsiz
yazılanlar" kitabı Rəşad Məcidin şəxsi
Feysbuk profilində davam edir. Kitab
eksperimental cəhd olmaqla yanaşı, həm də tənqid
olunacaq məziyyətlərdən də yayına bilir. Şəxsi sosial şəbəkə
hesabınızda yazdığınız hansısa fikrə
görə kimsə sizi qınaya və ya tənqid edə bilməyəcəyi
kimi. Kifayət qədər azad və
müəllifi oxucudan bir pillə üstün, eyni zamanda
yan-yana tutan yazı sistemidir.
Bu cür mətnlərin təməli Qobustan
daşlarından Misir ehramlarına qədər gedib
çıxır. Kitabın ön sözündə bu barədə
yetərli məlumat var. Bəs "Qələmsiz
yazılanlar" ədəbiyyatı hara aparır? Bu axının
mənsəbində nə dayanır? Bədii zövq
aşılamağa çalışan sənətin populist
imkanları, yoxsa Borxesin dediyi kimi, günün həqiqətlərini
elə günün bədii standartları ilə növbəti
zamana ötürmək?!
Rəvan
CAVİD
525-ci qəzet.- 2019.- 16 noyabr.- S.21.